Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2692/2023 11.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “pensiya təyin edildikdən sonra fərdi hesabında xx.xx.2019-cu il tarixədək toplanmış pensiya kapitalı əsasında qulluq stajına görə əlavələr azaldılmamaqla pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.2008-ci il tarixdə pensiya təyin edilmişdir. Pensiya təyin edilən zaman təqdim edilmiş 59511 nömrəli “hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsi” əsasında iddiaçının pensiyası vəzifə maaşı 265 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə 25 faizlə 98,75 manat, ərzaq payı əvəzində kompensasiya 64 manat olmaqla, 71 faizlə cəmi 624,00 manat hesablanmışdır. İddiaçının pensiyası xx.xx.2013-cü il tarixdə yenidən hesablanmış, vəzifə maaşı 360 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə 122,50 manat, ərzaq təminatı 64 manat, cəmi 766,50 manat təminat xərcliyinin 71% faizi – 544,22 manat məbləğində pensiya hesablanmışdır. İddiaçı daha sonralar yenidən cavabdehə müraciət edərək işlədiyi dövrlərdə fərdi hesabında qeydə alınmış pensiya kapitalının əmək pensiyasının üzərinə əlavə edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-A-59143/2023 nömrəli məktubda bildirmişdir ki, vaxtilə iddiaçıya sonuncu xidmət keçdiyi orqan tərəfindən xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 828,22 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib:-əmək pensiyasının sığorta hissəsi - 242,03 manat; -qulluq stajına görə əmək pensiyanıza əlavə - 586,19 manat. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına əmək pensiyanın yenidən hesablanması ilə bağlı 31 may 2022-ci il tarixindəki iddiaçının müraciətilə əlaqədar əmək pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonra topladığı pensiya sığorta kapitalına görə həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanıb. Belə ki, əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış 7448,96 manat pensiya sığorta kapitalı əsasında "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci və 29.2-ci maddələrinə uyğun olaraq əmək pensiyanın sığorta hissəsi yenidən hesablanıb. Nəticədə hazırda iddiaçının əmək pensiyasının sığorta hissəsi 291,69 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 536,53 manat təşkil edir. Göründüyü kimi, müvafiq pensiya sığorta kapitalı müraciətə əsasən istifadə olunub. Buna görə də, toplanan pensiya sığorta kapitalına görə Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyanın təkrar olaraq yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Eyni zamanda bildirilmişdir ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. X2 mövcud olan məlumatlara əsasən iddiaçı əmək pensiyaçısı kimi işləməyə davam etdiyi üçün, yəni işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyindən əmək pensiyasının topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablanması mümkün deyil. Əmək pensiyasının müraciətdə qeyd olunan əsaslarla yenidən hesablanması məsələsinə yenidən işlədikdən sonra iddiaçı işdən azad olduğu təqdirdə və ya işləyən əmək pensiyaçısı kimi pensiyanın topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablandığı tarixdən (29 aprel 2022-ci il) 6 il keçdikdən sonra baxıla bilər. Əlavə olaraq bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 911,04 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 1044,96 manata artırılaraq ödənilir. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş məktubdan müəyyən olunur ki, yuxarıda qeyd olunanlar təkrarlanmış və əlavə olaraq bildirilmişdir ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabın sığorta hissəsində 7448,96 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Qeyd olunanları nəzərə alaraq, 7448,96 manat pensiya sığorta kapitalını "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının ikinci cümləsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 150 (7448,96:150 (65 il-58 il 06 ay=78 ay+(144 ay-72 ay)=49,66 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (242,03 manat) üzərinə əlavə olunmaqla pensiyanın sığorta hissəsi 291,69 (242,03+49,66) manat müəyyən edilmişdir. Eyni zamanda sözügedən Qanunun xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuş 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənizin məbləği (586,19 manat) həmin artım qədər (49,66 manat) azaldılıb. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 291,69 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 536,53 (586,19-49,66) manat təşkil edir. Əlavə olaraq bildirilir ki, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə iddiaçıya "Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinizin 10 faizi-82,82 manat maddi yardım ödənilir. İddiaçı cavabdehə qarşı əvvəl iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək pensiya təyin edildikdən sonra fərdi hesabında xx.xx.2019-cu il tarixədək toplanmış pensiya kapitalı əsasında qulluq stajına görə əlavələr azaldılmamaqla pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2008-ci ildən Azərbaycan Respublikasının silahlı qüvvələrindən xidmət müddəti başa çatdığına görə təqaüdə çıxmış və 2012-ci ilin fevral ayından Rayon Təhsil Şöbəsində əmək fəaliyyətini davam etdirir. Cavabdehə pensiya kapitalına yığılmış 7448,96 manatı yenidən pensiyanın üzərinə hesablanması barədə ərizə ilə müraciət etmişdir. Lakin cavabdehdən gələn məktubda bildirildi ki, pensiya yenidən hesablandı və məbləğdə heç bir dəyişiklik olmadı. Kapitala yığılan 7448,96 manat fond hesabından istifadə olunaraq silindi. İddiaçı hesab edir ki, bu qanunsuzdur və onun üzərinə pensiyanın yenidən hesablanması öhdəliyi qoyulmalıdır. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edərək xx.xx.2023-cü il tarixli, 3-17-1/2-170992/2023 nömrəli etirazında imtinadakı əsasları təkrarlamışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanları müdafiə etmiş və iddianın rədd olunması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına iddiaçının pensiya işi materialları əlavə edilmiş və həmin icraat materiallarına istinad edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Hazırkı mübahisə “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2019-cu il tarixədək qüvvədə olan 29.2, 37.3.1, 45-ci maddələrinin müddəalarına müvafiq pensiyanın sığorta hissəsinin, ona pensiya təyin edildikdən sonrakı dövr üzrə fərdi şəxsi hesabında toplanan sığorta kapitalı əsasında yenidən hesablanması ilə bağlıdır. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçıya Müdafiə Nazirliyi tərəfindən məlumat vərəqəsi verilmiş, iddiaçıya ilkin olaraq xidmət illərinə görə xx.xx.2008-ci il tarixdə pensiya təyin edilmişdir. İddiaçı həmin vaxtdan sonra əmək fəaliyyətini davam etdirmiş və fərdi şəxsi hesabında 7448,96 manat pensiya kapitalı yığmışdır. Əmək pensiyasının yenidən hesablanması haqqında qərara əsasən iddiaçıya güzəştli şərtlərlə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası yenidən hesablanmış, hesablamaya qədər pensiya məbləği 536,53 manat təşkil etmişdir “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait - pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir. Pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğini nəzərdə tutur. Əmək pensiyasının sığorta hissəsi isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləği ehtiva edir. Əmək pensiyasının yığım hissəsi dedikdə, fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğ başa düşülür (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.10, 1.0.12 və 1.0.13-cü maddələri). Gözlənilən pensiya ödənişi müddəti əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstərici olmaqla, mövcud qanunvericiliklə 144 ay (12 il) müddətində nəzərdə tutulmuşdur (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.14 və 45-ci maddələri). Həmin Qanunun 1.0.15-ci maddəsinə əsasən, əmək pensiyasının müəyyən edilməsi dedikdə, əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçid nəzərdə tutulur. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarına dair müddəalar "Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Bu norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir. Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək pensiyaçısı işləməyən əmək kateqoriyasına keçdikdə, yaxud pensiyaçı işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən, pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yasından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində bəzi kateqoriyadan olan şəxslərin əmək pensiyası hüququnun yaranmasında və hesablanmasında müəyyən güzəştlərin tətbiq olunması nəzərdə tutulmuşdur. Həmin Qanunun 9-cu maddəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər sadalanaraq, hərbi qulluqçular da (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) belə hüquqa malik şəxslərin dairəsinə aid edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsinə görə, hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və ' hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Hərbi qulluqçulara münasibətdə dövlət qarşısında xüsusi xidmətləri olan şəxs kimi həm pensiya yaş həddində, həm də pensiya məbləğində müəyyən güzəştlər tətbiq edilir. Pensiya məbləğində müəyyən olunan güzəşt “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə uyğun olaraq əmək pensiyasına dövlət büdcəsinin vəsaiti hesabına qulluq stajına görə əlavələrin tətbiq edilməsini ehtiva edir. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi zamanı şəxsin tutduğu vəzifədəki son 12 və ya 24 ayın və ya istənilən ardıcıl gələn 60 ay üzrə əmək haqqının yaxud dövlət məvacibinin orta aylıq məbləğinin (və ya son təminat xərcliyinin) 50-100 faiz həcmində onun pensiyasına qulluq stajına görə əlavə edilir. Təminat xərcliyi dedikdə, hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ başa düşülür (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsi). Beləliklə, hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsində isə əmək pensiyası təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydası müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Qeyd edilməlidir ki, Qanunun həm 9.6, həm də 37.3.1-ci maddələrinin müddəalarında pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin deyil, məhz əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur. Qulluq illərinə əlavənin hesablanması qaydası isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” ilə tənzimlənir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi - bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının hüququ yarandığı dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli Qanunu ilə 29.2-ci maddədə “2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu” sözləri “Bu” sözü ilə əvəz edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır. Bundan başqa, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2017ci ildən xx.xx.2022-ci il tarixinə qədər qüvvədə olan 2-ci cümləsinə əsasən bu Qanunun 9cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. İşin faktiki hallarına əsasən də, iddiaçıya xx.xx.2008-ci il tarixdə pensiya təyin edilmiş, o, həmin vaxtdan sonra əmək fəaliyyətinə davam etdirmiş və fərdi şəxsi hesabında pensiya kapitalı yığmışdır. İddiaçının pensiya hüququ 2017-ci il iyulun 1-dək yaranmış və “Əmək pensiyaları haqqında” qanunun 29.2-ci maddəsinin qeyd edilən yeni redaksiyası məhz qüvvəyə mindiyi xx.xx.2019-cu ildən tətbiq oluna bilər. Həmin tarixədək iddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablandıqda qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılması qanuni hesab oluna bilməz. Odur ki, iddiaçının xx.xx.2019-cu ilədək toplanmış pensiya kapitalına əsasən (pensiya hüququ 2017-ci il iyulun 1-dək yarandığı üçün) əmək pensiyasının sığorta hissəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın qeyd edilən normalara əsasən pensiyanın yenidən hesablanmaması nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə işləyərək qazandığı və xx.xx.2019-cu ilədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının sığorta hissəsi qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2692/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2692/2023
11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver