Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2750/2025 28.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “medalla təltif olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şuşa şəhərinin erməni işğalçılarından azad olunmasında iştirakını nəzərə alıb “Şuşanın azad olunmasına görə” medalının ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2012-ci il 140 saylı əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmət vəzifəsini yerinə yetirdikdən sonra 01 iyul 2012-ci il tarixdə ehtiyata buraxılmışdır. xx.xx.2020-ci ildə Daşkəsən rayon Hərbi Komissarlığı tərəfindən səfərbər olunmuş və N nömrəli hərbi hissənin tərkibində xx.xx.2020-ci il tarixə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etmişdir. 10 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ona “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi” iştirakçısı medallarına layiq görülmüşdür. İddiaçı MN-nin N nömrəli hərbi hissəsinin tərkibində Şuşanın azad olunmasında iştirak etmiş və buna dair hərbi biletində hərbi hissə komandirinin möhürü ilə təsdiq edilmiş qeyd aparılmışdır. Lakin, indiyə kimi “Şuşanın azad olunmasına görə” medalı ona verilməmişdir. Məlumdur ki, Müdafiə Nazirliyi tərəfindən “Şuşanın azad olunmasına görə” iştirakçıların siyahısı təqdimatla Prezident Aparatına və yaxud Nazirlər Kabinetinə təqdim olunmuşdur. Onun adının həmin siyahıya daxil edilib-edilməməyi barədə iddiaçıda hər hansı bir məlumat yoxdur. Yuxarıda göstərilənlərə əsasən, o, xx.xx.2024-cü il tarixdə Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək Şuşa şəhərinin erməni işğalçılarından azad olunmasında iştirakını nəzərə alıb “Şuşanın azad olunmasına görə” medalının ona verilməsinə dair köməklik göstərməsini xahiş etmişdir. Müdafiə Nazirliyi xx.xx.2024-cü il tarixli imtina məktubu ilə ona rəsmi cavab vermişdir. İmtina məktubunda cavabdeh orqan qeyd etmişdir ki, o, “xidmət etdiyi hərbi hissə tərəfindən daxil olmuş təltif sənədlərinə əsasən, Azərbaycan Respublikasının Prezidentinin və Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalları ilə təltif olunmuşdur. İddiaçının əlavə olaraq hər hansı bir medalla təltif olunmağı barədə Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə təqdimat daxil olmamışdır. İddiaçı hesab edir ki, cavabdehin imtina etməsi tam əsassız və qanunsuzdur. Belə ki, o, MN-nin N nömrəli hərbi hissəsinin tərkibində Şuşanın azad olunmasında iştirak etmiş və buna dair hərbi biletində hərbi hissə komandirinin möhürü ilə təsdiq edilmiş qeyd aparılmışdır. Onun Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etməyi təsdiq edilir. Lakin, buna baxmayaq əsas hüquqmüəyyənedici sənədi (hərbi bileti) nəzərə almayan cavabdeh bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh tərəfindən iddiaya qarşı məhkəməyə yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə iclasa gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İşin halları İ-19538 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2711 nömrəli Sərəncamı ilə İddiaçı “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İ-24271 nömrəli Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə İddiaçı “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı xidmət etdiyi hərbi hissə tərəfindən daxil olmuş təltif sənədlərinə əsasən, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikasının medalları ilə təltif olunmuşdur. Onun əlavə olaraq hər hansı bir medalla təltif olunmağı barədə Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə təqdimat daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 109. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Azərbaycan Respublikasının Prezidenti: 23) dövlət təltifləri ilə təltif edir; Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə Maddə 1. Təltif edilən şəxslər “Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir. Maddə 2. Təltif edən orqan “Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2004-cü il tarixli, 223 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimat - Silahlı Qüvvələrin hərbi qulluqçularının Azərbaycan Respublikası orden və medalları ilə təltif olunması Azərbaycan Respublikasının ordenlərinin statusuna və medalları haqqında əsasnamələrə uyğun olaraq (Əlavə №1) hərbi borcu yerinə yetirərkən göstərilən fədakarlıq və rəşadətə, döyüş hazırlığında əla göstəricilərə, yeni hərbi texnikanı əla mənimsəməyə qoşunlara (hissələrə, bölmələrə) nümunəvi rəhbərliyə, Silahlı Qüvvələr və dövlət qarşısında digər mühüm xidmətlərə görə həyata keçirilir. - Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının müvafiq orden və medallarla təltif olunması, onlara Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi və fəxri adlarının verilməsi barədə təqdimatlar Azərbaycan Respublikası müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin icra Aparatına göndərilir. X1 səlahiyyətində olan medallar üçün təqdimatlar isə müdafiə nazirinə təqdim olunur. - Bütün təltif sənədləri "Silahlı Qüvvələrin şəxsi heyətinin təltif olunması və fəxri adlara təqdim edilməsi üzrə komissiyada baxıldıqdan sonra Azərbaycan Respublikasının müdafiə nazirinə təqdim olunur. ...hərbi hissə, birlik, birləşmə, idarə, müəssisə və təşkilatların hərbi qulluqçuları, fəhlə və qulluqçuları üçün tərtib olunmuş təqdimat birbaşa rəislərin rəyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarının (rəislərinin), Müdafiə Nazirliyinin idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinin rəyi üçün onlara göndərilir. ...təqdimat bilavasitə rəislərin rəylərindən sonra Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinə təqdim edilir. ...kadr orqanları Azərbaycan Respublikasının orden və medalları ilə təltifə təqdim olunmuş şəxslərin fərdi uçotunu aparır. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
Məhkəmənin mövqeyi
Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iddia tələbi ilə iddiaçı “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunma öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Qanunvericilikdə nəzərdə tutulan qaydada, “Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə müvafiq olaraq Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif edilirlər. Göründüyü kimi, “Şuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə təltif etmə səlahiyyəti Azərbaycan Respublikasının Prezidentinə məxsusdur. Başqa sözlə hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi qeyd olunan medalla təltif etmə səlahiyyətinə malik deyil. Məhkəmə hesab edir ki, həmçinin cavabdeh orqanın Silahlı Qüvvələrin hərbi qulluqçularının medallarla təltif olunması barədə Azərbaycan Respublikası Prezidentinin icra Aparatına təqdimat vermək səlahiyyəti ilə bağlı aşağıdakılar qeyd edilməlidir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının orden və medalları ilə təltif etmə, fəxri adlar və mükafatların verilmə qaydaları haqqında” Təlimatda qeyd edildiyi kimi, Silahlı Qüvvələrin hərbi qulluqçularının, fəhlə və qulluqçularının müvafiq orden və medallarla təltif olunması, onlara Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi və fəxri adlarının verilməsi barədə təqdimatlar Azərbaycan Respublikası müdafiə naziri tərəfindən Azərbaycan Respublikası Prezidentinin icra Aparatına göndərilir. Bütün təltif sənədləri “Silahlı Qüvvələrin şəxsi heyətinin təltif olunması və fəxri adlara təqdim edilməsi üzrə komissiya”da baxıldıqdan sonra Azərbaycan Respublikasının müdafiə nazirinə təqdim olunur. Təqdimat birbaşa rəislərin rəyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarının (rəislərinin), Müdafiə Nazirliyinin idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinin rəyi üçün onlara göndərilir. Təqdimat bilavasitə rəislərin rəylərindən sonra Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinə təqdim edilir. Cavabdehin iddiaçıya ünvanladığı məktubdan göründüyü kimi iddiaçının sözügedən medalla təltif olunmağı barədə Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə təqdimat daxil olmamışdır. Digər tərəfdən müvafiq təqdimatın yuxarı icra orqanına verilməsi bilavasitə cavabdeh orqanın mülahizəsindən asılı olmaqla sonuncunun diskresion səlahiyyətinə aiddir. İnzibati orqanın üzərinə belə vəzifənin qoyulması cavabdeh inzibati orqanın birbaşa diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “medalla təltif olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “medalla təltif olunma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruhiyə Tağıyeva