Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2766/2025 26.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı hərbi xidmətə yararlı olması ilə bağlı şəhadətləndirilməsinə dair qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı cavabdehin onun hərbi xidmətə yararlı olması ilə bağlı şəhadətləndirilməsinə dair qəbul etdiyi qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin onun hərbi xidmətə yararlı olması ilə bağlı şəhadətləndirilməsinə dair qəbul etdiyi qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, boynunun sol tərəfli anadan gəlmə əyriliyindən əziyyət çəkir. Bu xəstəliklə bağlı hərbi xidmətə dair çağırışla bağlı vəzifəsinin yarandığı dövrdən tibbi müayinələrdən hər il keçmişdir. Keçirilmiş tibbi müayinələr zamanı da müəyyən edilmişdir ki, onun boynu əyriliyi ilə bağlı hərbi xidmətə yararlı olmağı istisna edilir. Lakin sonuncu dəfə hərbi çağırışla bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi- Həkim Komissiyasının göndərişi ilə cavabdeh tərəfindən tibbi müayinə aparılarkən onun hərbi xidmətə yararlılığı ilə bağlı qərar qəbul edilmişdir. Bununla bağlı cavabdehə müraciət edərək keçirilmiş tibbi müayinəyə dair qərarın qanunsuz olması ilə bağlı müraciət etsə də, barəsində aparılmış tibbi müayinəyə dair qərardan məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Həmçinin cavabdehin keçirdiyi tibbi müayinənin nəticəsində qəbul edilmiş qərarın əsasında onun hərbi xidmətə yollanmağı ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi tərəfindən ona bildiriş göndərilmişdir. Ona aid bütün tibbi müayinə ilə bağlı hərbihəkim komissiyasının apardığı müayinələrə aid sənədlər Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzində şəxsi işinin içərisinə əlavə edilmişdir. Həmin sənədlərdən də görünür ki, cavabdehin onun hərbi xidmətə yararlılığı ilə bağlı qəbul etdiyi qərar qanunsuzdur.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
4. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2025-ci il tarixdə sərəncam göndərilərək, cavabdeh qismində göstərdiyi Azəbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin hərbi xidmətə yararlığıyla bağlı şəhadətləndirilməyinə dair qəbul etdiyi qərarın ləğv edilməsi üçün səlahiyyətli orqan olmadığı, səlahiyyətli orqanın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin olduğu və cavabdeh qismində həmin orqanın qeyd edilməli olduğu bildirilmiş və sadalanan xətaların aradan qaldırılması üçün xx.xx.2025-ci il tarixədək müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
Əsaslandırma hissəsi:
5. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
6. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.
7. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı onun hərbi xidmətə yararlı olması ilə bağlı şəhadətləndirilməsinə dair qəbul etdiyi qərarın ləğv edilməsini xahiş etmişdir.
8. Halbuki, cavabdeh qismində göstərdiyi Azəbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi hərbi xidmətə yararlığıyla bağlı şəhadətləndirilməyinə dair qəbul etdiyi qərarın ləğv edilməsi üçün səlahiyyətli orqan deyildir, səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsidir və cavabdeh qismində həmin orqan qeyd edilməlidir.
9. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya iki dəfə sərəncam göndərilərək, iddia ərizəsində yol verilmiş xətalar (bu Qərarın 4-cü bəndində qeyd edilənlər) ətraflı şəkildə izah edilmiş və yol verilən xətanın aradan qaldırılması üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.
10. Lakin verilmiş müddət daxilində iddiaçı sərəncama əməl etməyərək, xətaları aradan qaldırmamışdır.
11. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.
12. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
13. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva