Məhkəmə qərarları › İş №2-1(114)-2789/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2789/2023

19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2789/2023 19.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı ticarət məqsədilə köşkün qoyulmasına icazə verilməsi ilə bağlı inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2023cü il tarixdə məhkəməyə müraciət edərək, Gəncə şəhərində hər hansı bir yerdə ticarət məqsədilə köşkün qoyulmasına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının 19 yanvar 1996-cı il tarixli 3058 saylı sərəncamı ilə iddiaçıya "Karuselin yeri" adlanan ərazidə nəzərdə tutulmuş ticarət obyektləri cərgəsində 2.0x3.0m ölçüdə torpaq sahəsi ayrılmış və həmin ölçüdə yüngül konsruksiyadan, yüksək memarlıq üslubunda hazırlanmış müvəqqəti ticarət köşkü quraşdırılmasına icazə verilmişdir. İddiaçı tərəfindən qeyd edilən torpaq sahəsində köşk qoyulmuş və həmin köşk onun tərəfindən uzun müddət istifadə edilmişdir. İddiaçı İ Qarabağ müharibəsinin iştirakçısıdır, Qarabağ əlilidir, səhhətimdə baş verən problemlərlə əlaqədar köşkdə işləməyə gedə bilməmişdir. Uzun müddət yataq xəstəsi olaraq yaşamış, səhhəti normallaşanda köşkün yerindən götürüldüyünü və torpaq sahəsinin başqa şəxslərə verildiyini bilmişdir. Buna görə Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edərək, yenidən köşkün qurulmasına icazə verilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan qeyd edilən torpaq sahəsinin başqa şəxslərin istifadəsində olmasını bildirərək məhəkəməyə müraciət etməli olduğunu bildirmişdir. Halbuki, iddiaçı qeyd edilən torpaq sahəsində deyil, hər hansısa bir torpaq sahəsində köşk qoyulması üçün müraciət etmişdir və onun ilkin müraciəti də bu mövzuda idi. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “Gəncə şəhərinin hər hansı bir yerində ticarət məqsədi ilə köşkün qoyulmasına icazə verilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 5-1/2-03/2173/2023 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə görə köşk quraşdırılması icra hakimiyyətlərinin səlahiyyəti xaricindədir. Əlavə olaraq qeyd edilir ki, iddiaçıya məxsus hər hansı tikilinin sökülməsi ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən qərar verilməmişdir. Odur ki, Gəncə Şəhər İcra Hakimiyyətinin hər hansı bir hərəkəti və ya hərəkətsizliyi nəticəsində İddiaçı zərər dəymədiyindən iddiaçının tələbinin rədd edilməsi barədə qərar çıxarılması xahiş olunur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 3058 nömrəli sərəncamından görünür ki, 1-ci mikrorayon, 1№-li evin 19-cu mənzilində yaşayan 2-ci qrup Qarabağ əlili İddiaçı 19.12.95-ci il tarixli ərizəsinin nəzərə alınması və ona "Karuselin yeri" adlanan ərazidə nəzərdə tutulmuş ticarət obyektləri cərgəsində 2.0 x 3.0 m ölçüdə torpaq sahəsi ayrılması və həmin ölçüdə yüngül konstruksiyadan, yüksək memarlıq üslubunda hazırlanmış müvəqqəti ticarət köşkünün quraşdırmasına icazə verilməsi qərara alınmışdır. -işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2023-cü il tarixli, 5-1/2-03/2173/2023 nömrəli məktubdan görünür ki, ticarət məqsədilə köşkün qoyulmasına icazə verilməsi ilə bağlı İddiaçı müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 3058 nömrəli sərəncamı ilə iddiaçıya müvəqqəti ticarət köşkünün quraşdırmasına icazə verilmişdir. İddiaçı ona verilmiş ərazidən hazırda başqa şəxslər istifadə etdiyindən Gəncə şəhərinin hər hansı bir yerində ticarət məqsədi ilə köşkün qoyulmasına icazə verilməsini cavabdehdən xahiş etsə də, cavabdeh belə bir səlahiyyətinin olmadığını bildirərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” təsdiq edilmişdir. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin:- -1.1-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılır. -1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin İ hissəsinə uyğun olaraq, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. -1.3-cü bəndinə əsasən yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar. -1.4-cü bəndinə əsasən yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar. -4.11.14-cü bəndinə əsasən müvafiq ərazidə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq səyyar (mövsümi) ticarət və xidmət yerlərinin müəyyən edilməsinə görə icazə, onların dublikatlarını və əlavələrini vermək, həmin icazələri yenidən rəsmiləşdirmək, dayandırmaq, bərpa və ya ləğv etmək, icazə şərtlərinə riayət olunmasına nəzarəti həyata keçirmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. -6.8-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. -6.9-cu bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı qəbul edilən normativ xarakterli və qeyri-normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun:- -20.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. -24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -28-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin ərizəsi inzibati icraatın başlanması üçün əsaslardan biridir. -57.4-cü maddəsinə əsasən bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: -61.1-ci maddəsinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Beləliklə yuxarıda istinad olunan “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.14-cü bəndinə əsasən müvafiq ərazidə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq səyyar (mövsümi) ticarət və xidmət yerlərinin müəyyən edilməsinə görə icazələrin verilməsi yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Qeyd olunan normaların məzmunundan göründüyü kimi inzibati orqan şəxsin müraciətinə əsasən inzibati icraat başlamalı, müraciəti ətraflı araşdırmalı və müvafiq qərar qəbul etməlidir. Buna baxmayaraq hazırki iş üzrə cavabdeh qeyd edilən tələblərə zidd olaraq heç bir araşdırma aparmadan iddiaçıya qısa məzmunlu məktubla cavab vermişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına, iş materiallarına və öz daxili inamına əsaslanaraq hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Gəncə şəhərinin hər hansı bir yerində ticarət məqsədi ilə köşkün qoyulmasına icazə verilməsi ilə bağlı inzibati aktın qəbul edilməsi vəzifəsi Gəncə Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətindəGəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar