Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3102/2024 17.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi və 2023-cü il mənfəət vergisi üzrə xx.xx.2024-cü il tarixli **********508100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh orqan 2023-cü il mənfəət vergisi üzrə xx.xx.2024-cü il tarixli **********5008100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə 2313604.41 manat əlavə vergi məbləğləri hesablamışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Hesab edirlər ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş qərar ləğv edilməlidir. Belə ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərarda hesablamanın xərci təsdiq edən sənədlərin olmamasına əsasən aparılması qeyd edilmişdir. İddiaçı tərəfindən xərclərin təsdiq edilməsi barədə sənədlər vergi orqanına təqdim edilmişdir. Vergi orqanı tərəfindən ünvanlanmış uyğunsuzluq məktubuna iddiaçı tərəfindən cavab olaraq qeyd edilmişdir ki, vergi orqanı tərəfindən tələb edilən elektron alış aktları, elektron qaimə fakturalar və digər xərc sənədləri faktiki olaraq AVİS altsistemində mövcuddur. Həmin sənədlər faktiki olaraq vergi orqanı tərəfindən qeydiyyata alınır və elektron olaraq qeydiyyat nömrəsi təqdim edilir. Müvafiq sistemlər vergi orqanının bazasında mövcuddur. Həmçinin, vergi orqanı tərəfindən eyni səbəb ilə, yəni xərc sənədləri nəzərə alınmadan 2022-ci il mənfəət vergisi üzrə kameral vergi yoxlaması həyata keçirilmiş və müəssisəyə həmin dövr üzrə əlavə hesablamalar aparılmışdır. Həmin qərar iddiaçı tərəfindən Gəncə İnzibati Məhkəməsində mübahisələndirilmiş, iddia tələbi təmin edilmişdir. İş üzrə vergi orqanı tərəfindən təqdim edilmiş apellyasiya şikayəti də təmin edilməmiş, iddia tələbinin təmin edilməsi barədə qərar dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh orqan təkrarən şikayətlərə məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul etmişdir. İddiaçı bununla əlaqədar vergi orqanına dəfələrlə müraciət etmiş, lakin müraciət cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləğləri azaldılmamışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-3102/2024 nömrəli qərardadı ilə iddia tələbi “cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********508100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. Cavabdehin etirazı Cavabdeh Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və İddiaçı iddia tələbinin əsassız və qanunvericiliyin tələblərinə tam zidd olduğuna görə rədd edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş cari mənfəət vergi bəyannaməsində (Hesablama metodu ilə təqdim edilmiş bəyannamənin) “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “ Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10-cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12ci), “Reklam xərcləri” (221.14-cü), “Bilavasitə malların təqdim edilməsi işlərin görülməsi, xidmətlərin göstərilməsi ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), “Nəqliyyat xərcləri” (229-cu), və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi 74.892.325,97 manat məbləği ilə əvvəlki il üzrə təqdim edilmiş “Mənfəəət vergisinin bəyannaməsi”-nin 1 nömrəli Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği (0.00 manat), cari il ərzində elektron əldə edilmiş e-qaimə-fakturaların (riskli eqaimə-fakturaların məbləği (0.00) istisna olmaqla) və alış aktlarının məbləği 1.779.897,33 manat, cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların 55480,00 manat məbləği, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyanamələri”-nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) və 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0.00 manat) cəmi məbləğindən 1.835.377,33 manat bəyannamənin 1 nömrəli Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin 2.724.949,00 manat çıxılması nəticəsində yaranan (0 manat) məbləğin müqayisəsi nəticəsində 74.892.325,97 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi 77258765,20 manat bəyannamənin aid olduğu ilin müvafiq idxal edilmiş 55480.00 manat, elektron-qaimə fakturalar (riskli e-qaimə fakturalar üzrə alınmış mallar (0.00 manat) istisna olmaqla) 732432,50 manat və alış aktları 658355.00 manat əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan cəmi 1446267.50 manat məbləğdən - ********.70 manat fərqli olduğu üçün kənarlaşma yaranmışdır. Yaranmış kənarlaşmalarla bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********548300 nömrəli uyğunsuzluq məktubu göndərilmiş lakin, kənarlaşmalar aradan qaldırılmadığı üçün, kameral vergi yoxlaması ilə əlavə vergi hesablanaraq idarənin xx.xx.2024-cü il tarixli **********5008100 nömrəli qərarı vergi ödəyicisinə göndərilmişdir. Araşdırmalara əsasən vergi ödəyicisi tərəfindən 2023-cü il ərzində 75.548.153,15 manat dəyərində mallar ixrac edilmiş və malın dəyəri olaraq 74.533.816,20 manat əks etdirilməsinə baxmayaraq xərc sənədləri baza məlumatlarına əsasən öz əksini tapmamışdır. Bu səbəbdən xərclər Nazirlər Kabinetinin 55 nömrəli qərarına əsasən 62.965.794,17 (75.548.153,15*5/6) olaraq qiymətləndirilərək xərc kimi nəzərə alınmışdır. İddiaçı tərəfindən 03 yanvar - 13 fevral 2023-cü il tarixlər arası vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktı 11 yanvar-21 fevral 2023-cü il tarixlər arası ləğv edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, lakin iddiaçının nümayəndəsi gəlməmişdir. İddiaçının nümayəndəsi-vəkil Nümayəndə məhkəməyə ərizə göndərmiş, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etirazının olmadığını bildirmiş və nəzərə alınmağını xahiş etmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianın təmin olunmamasını xahiş etdi. İddiaçı MMC-nin nümayəndəsi-vəkil Nümayəndə əvvəlki məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin halları Hüquqi şəxs haqqında məlumat vərəqinə əsasən, İddiaçınə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə, xx.xx.2022-ci il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı MMC tərəfindən 14 saylı Ərazi Vergilər İdarəsinə 2023-cü ilin mənfəət vergisi üzrə dəqiqləşmiş bəyannamə verilmişdir. xx.xx.2024-cü il tarixli, **********548300 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubdan görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixdə vergi orqanına təqdim olunmuş bəyannamədə kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Bununla əlaqədar olaraq dəqiqləşmiş bəyannamənin təqdim edilməsi tələb olunmuşdur. 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********508100 saylı qərarına əsasən, İddiaçı MMC-yə 2023-cü ilin mənfəət vergisi üzrə 2.313.604,41 manat məbləğində əlavə vergi hesablanmışdır. İddiaçı MMC tərəfindən təqdim edilmiş elektron alış aktlarına əsasən 03.01.xx.xx.2023-cü il tarixləri arasındakı elektron alış aktları təhvil verən və təhvil alan tərəfindən imzalanmış, İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir. 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim edilmiş malların alış aktı barədə məlumat cədvəlində İddiaçı 03.01.-xx.xx.2023-cü il tarixləri arasındakı alış aktlarının ləğv edildiyi qeyd edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Vergi Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 6. Dövlət vergiləri 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.2. hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); Maddə 12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. 12.2. Vergi müəyyən edildikdə, bu Məcəllə ilə nəzərdə tutulan əsaslarla vergi güzəştləri müəyyənləşdirilə bilər. 12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. 12.4. Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir. Maddə 15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.7. vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək; 15.1.8. vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək; 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək; 15.2. Vergi ödəyicisinin hüquqları və qanuni maraqları qanunvericilik normaları ilə təmin edilir. Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; 16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; Maddə 23. Vergi orqanlarının hüquqları 23.1.Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan , o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara , habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 23.1.5. qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək; Maddə 24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 32. Vergi nəzarəti və onun formaları 32.1. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. 32.3. Vergi nəzarəti vergi orqanlarının və gömrük orqanlarının, onların vəzifəli şəxslərinin səlahiyyətləri hədlərində bu Məcəlləyə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirilir. 32.4. Vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 71-2. Malların alış aktı 71-2.1. Bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 71-2.2. Elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. 71-2.3. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. 83.3. Vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır (bu maddə 5 dekabr 2023-cü il 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir). Maddə 103. Vergi ödəyiciləri 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Maddə 108. Gəlirin əldə edilməsi ilə bağlı xərclər 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Maddə 130. Gəlirin və xərcin uçotu qaydası 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Resbublikasının Qanunu Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47. Sübutların qiymətləndirilməsi 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydaları
1. Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin, o cümlədən idman mərc oyunlarını həyata keçirən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. 6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. 6.1.4. Vergi ödəyicisinin mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən, çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi” Qaydaları 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-2.2-ci maddəsinə əsasən hazırlanmışdır və elektron alış aktının tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edir. 1.2. Elektron alış aktı bu Qaydalara uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir. 1.3. Bu Qaydalara uyğun tərtib edilməyən elektron alış aktı mal alışının rəsmiləşdirilməsinə əsas vermir. 2.1. Elektron alış aktı malı alan vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında (bundan sonra – İnternet Vergi İdarəsi) yaradılmış “elektron alış aktı” altsistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi İnternet Vergi İdarəsinə daxil olaraq elektron alış aktını hazırlayır və gücləndirilmiş elektron imza vasitəsilə imzalayaraq təsdiq edir. 3.1. Vergi ödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktlarını və malların alışı tarixindən 5 (beş) gün müddətində elektron alış aktını tərtib edir. 3.2. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. 3.3. Çap edilmiş elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandıqdan sonra vergi ödəyicisində saxlanılır. 3.4. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktında göstərilən məlumatlar ilkin uçot sənədləri (kağız daşıyıcıda olan malların alış aktı, malların təhvilqəbul aktı və digər ödəniş sənədləri) üzrə məlumatlarla uyğun olmadıqda və ya əməliyyat qismən ləğv edildikdə, o cümlədən mallar qismən geri qaytarıldıqda, vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsindən müvafiq düzəlişi etməklə elektron alış aktında düzəliş aparır. 3.5. Əməliyyatın tam ləğv edilməsi və eyni əməliyyat üzrə elektron alış aktının təkrar tərtib edilməsi hallarında vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində müvafiq elektron alış aktını ləğv edir.
İnzibati Prosesual Məcəllə Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin iddiaçı tərəfindən iddia müddətinə riayət olunması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddiaçı hazırkı iddia tələbi ilə cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli **********508100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsini xahiş edir. İş materialları ilə müəyyən olunur ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********508100 saylı qərar ilə cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsi İddiaçı MMC-yə 2023-cü ilin mənfəət vergisi üzrə 2.313.604,41 manat məbləğində əlavə vergi hesablamışdır. Cavabdeh inzibati orqan qeyd olunan qərar üzrə əlavə vergi məbləğinin hesablanmasının əsası kimi qeyd etmişdir ki, iddiaçı MMC-nin 2023-cü ilin mənfəət vergisi üzrə təqdim edilmiş bəyannamədəki xərclərini təsdiq edən sənədlər mövcud deyil. Belə ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında dövr üzrə alış aktları İddiaçı MMC tərəfindən ləğv edilmişdir. Ona görə də Vergi Məcəlləsinin 83.9-cü maddəsinə əsasən hazırlanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı tətbiq edilməklə hesablama aparılmışdır. İddiaçı MMC-nin nümayəndəsi isə tələbinin əsaslandırması kimi tərəflərindən xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında dövr üzrə alış aktlarının ləğv edilmədiyini, həmçinin cavabdehin mübahisələndirilən qərarı qəbul edən zaman Vergi Məcəlləsinin 83.9-cu maddəsinin qüvvədə olmadığını, buna görə də həmin qərarı tətbiq etməyin qanunsuz olduğunu qeyd etmişdir. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarının 1-ci bəndində qeyd edilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin, o cümlədən idman mərc oyunlarını həyata keçirən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Həmin Qaydaların 6.1 və 6.1.3-cü bəndlərinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) müəyyən edir. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Vergi Məcəlləsinin 83.9-cu maddəsi 5 dekabr 2023-cü il 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmiş və həmin Qanun 28 dekabr 2023cü il tarixdə qüvvəyə minmişdir. Məhkəmə əvvəla iddiaçının cavabdeh tərəfindən qərar qəbul edilərkən Vergi Məcəlləsinin 83.9-cü maddəsinin qüvvədə olmaması əsası ilə bağlı qeyd edir ki, vergi orqanı tərəfindən hazırda mübahisələndirilən qərar xx.xx.2024-cü il tarixdə qəbul edilməsinə baxmayaraq mənfəət vergisi dövrü 2023-cü ili əhatə edir. Ona görə də məhkəmə hesab edir ki, Vergi Məcəlləsinin 83.9-cu maddəsi maddi hüquq norması olmaqla 2023-cü ilin mənfəət vergisi hesablanarkən tətbiq edilə bilər. Lakin bununla yanaşı məhkəmə cavabdeh tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən iddiaçı tərəfindən 03.01.-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə alış aktlarının ləğv edilməsinə-iddiaçının xərclərini təsdiq edən sənədlərin olmamasına əsaslanmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarının tətbiq edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Vergi Məcəlləsinin 71-2.2-ci maddəsinə görə, elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi” Qaydalarına əsasən, elektron alış aktı bu Qaydalara uyğun olaraq vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxsdən malların alışı zamanı elektron formada tərtib edilməklə hazırlanan və təsdiq edilən ilkin uçot sənədidir. Bu Qaydalara uyğun tərtib edilməyən elektron alış aktı mal alışının rəsmiləşdirilməsinə əsas vermir. Elektron alış aktı malı alan vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında (bundan sonra – İnternet Vergi İdarəsi) yaradılmış “elektron alış aktı” altsistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi İnternet Vergi İdarəsinə daxil olaraq elektron alış aktını hazırlayır və gücləndirilmiş elektron imza vasitəsilə imzalayaraq təsdiq edir. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Çap edilmiş elektron alış aktı vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandıqdan sonra vergi ödəyicisində saxlanılır. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktında göstərilən məlumatlar ilkin uçot sənədləri (kağız daşıyıcıda olan malların alış aktı, malların təhvil-qəbul aktı və digər ödəniş sənədləri) üzrə məlumatlarla uyğun olmadıqda və ya əməliyyat qismən ləğv edildikdə, o cümlədən mallar qismən geri qaytarıldıqda, vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsindən müvafiq düzəlişi etməklə elektron alış aktında düzəliş aparır. Əməliyyatın tam ləğv edilməsi və eyni əməliyyat üzrə elektron alış aktının təkrar tərtib edilməsi hallarında vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində müvafiq elektron alış aktını ləğv edir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş elektron alış aktlarından görünür ki, 03.01.-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə elektron alış aktları təhvil verən və təhvil alan tərəfindən imzalanmış, İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir. Məhkəmə həmçinin, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim edilmiş malların alış aktı barədə məlumat cədvəlinə münasibət bildirirərək qeyd edir ki, həmin cədvəldə İddiaçı 03.01.-xx.xx.2023-cü il tarixləri arasındakı alış aktlarının ləğv edildiyinin qeyd edilməsinə baxmayaraq, həmin sənədlərlə alış aktlarının İddiaçı MMC tərəfindən ləğv edilməsi təsdiq olunmur. Belə ki, yuxarıda qeyd olunan Qaydaların tələbinə görə, alış aktları ləğv edilərkən də vergi ödəyicisi tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə imzalanmalıdır. Lakin göründüyü kimi həmin cədvəldə alış aktlarının ləğv edilməsinin iddiaçı tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə imzalanması əks olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Resbublikasının Qanununun tələblərinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********508100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 32.1, 70.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı MMC tərəfindən verilmiş iddia təmin edilsin. Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********508100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva