Məhkəmə qərarları › İş №2-1(114)-3143/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3143/2025

12.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3143/2025 12.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona orqanizm funksiyalarının 35-60% pozulmasına görə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respubikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olaraq 44 günlük vətən müharibəsində hərbi əməliyyatlarda iştirak edərkən xx.xx.2020-ci il tarixində Şuşa rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən atılan iri çaplı mərminin partlaması nəticəsində ərizədə qeyd etdiyi ağır dərəcəli xəsarətlərlə bağlı əlilliyinin təkrar verilməsini cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdə başlayan hərbi əməliyyatlara qatılaraq 44 günlük vətən müharibəsində iştirak etmişdir. 44 günlük müharibə müddətində o N nömrəli hərbi hissənin tərkibində işğaldan olan rayonların geri qaytarılması uğrunda hərbi əməliyyatlarına könüllü olaraq qatılaraq yaxından iştirak etmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022- ci il tarixli 250s nömrəli Sərəncamı ilə "Vətən Müharibəsi iştirakçısı", Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2358 nömrəli sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə "Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2362 nömrəli sərəncamı ilə "Füzulinin azad olunmasına görə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2712 nömrəli sərəncamı ilə "Xocəvəndin azad olunmasına görə" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 0253t nömrəli sərəncamı ilə "Hərbi Xidməti Yüksək Peşəkarlıqla Fərqlənməyə görə 3-cü (üç) dərəcəli Medalı", "Müdafiə nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2021-ci il tarixli 2323 nömrəli məktubunu nəzərə alsaq Şuşanın azad olunmasına görə medalı" və "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və konistitusiya quruluşunun müdafiəsi və Xidməti vəzifələrini yüksək peşəkarlıqla yerinə yetirməyə görə" medalları ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təltif olunmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və əməliyyatlarda iştirak edərkən xx.xx.2020-ci il tarixində Şuşa rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən atılan iri çaplı mərminin partlaması nəticəsində "Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, Davranış pozuntusu. İki tərəfli xroniki koxlear nevrit, İki tərəfli neyrosensor ağır eşitmə, pıçıltı nitqinin sağ qulaqda 1 (bir) metr, Sol qulaqda 2 (iki) metr məsafədən eşitməsi ilə Veqatativ damar davamsızlığı Diaqnozları ilə xəsarət almış və aldığı xəsarətlərə dair xx.xx.2022-ci il tarixdə 818 nömrəli, Travma haqqında arayışına təqdim edilərək. xx.xx.2022-ci il tarixli 01 nömrəli göndərişinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının Ştatlı Hərbi həkim Komisyasının 2735 nömrəli şəhadətnaməsindəki qərarı ilə "Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, Davranış pozuntusu. İki tərəfli xroniki koxlear nevrit, İki tərəfli neyrosensor ağır eşitmə, pıçıltı nitqinin sağ qulaqda 1 (bir) metr, Sol qulaqda 2 (iki) metr məsafədən eşitməsi ilə Veqatativ damar davamsızlığı" "Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Almışdır" inusilindən asılı olmayan şəkərli diabet tip 2 (ikinci), yüngül dərəcə subkompensasiya mərhələsində, 2 (ikinci) dərəcəli alimentar- konstitusional piylənmə" diaqnozları ilə xəsarət aldığı qeyd edilmişdir. İddiaçının yuxarıda qeyd etdiyi xəsarətlərlə bağlı müalicə almağını sübut edəcək sənədləri ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikasının Müdafiəsi zamanı xx.xx.2020-ci il tarixdə Şuşa rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən xəsarət almağı nəticəsində mütamadi baş ağrıları ürək bulanması əsəb pozuntusu görmə zəifliyi və psixoloji hallar baş vermişdir. (Əsas N nömrəli hərbi hissənin təqdim etdiyi xx.xx.2022-ci tarixli 812 nömrəli Travma haqqında arayış). Dövlət Tibbi Sosial Ekspertiza Müayinəsindən çıxarış (əsas müayinə nömrəsi xxxxxxx0002) 3 cü (üç) dərəcəli əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və konistitusiya quruluşunun müdafiəsi ilə əlaqədar sağlamlıq funkusyasının pozulmasına görə 35 (otuz beş) faiz.Üzvü mənşəli şəxsiyyət pozuntusu. Qayıdan depresiv pozuntu. Posttravmatik stress pozuntusu iki tərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə. İnsulindən asılı olmayan şəkərli diabet diaqnozu ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək əmək qabiliyyətsizdir kimi əlilliklə təmin edilmişdir. xx.xx.2024-cü il tarixdə vəziyyəti ilə əlaqədar olaraq ağırlaşma qeyd olunduğu üçün əlilliyin gücləndirilməsi istiqamətində yenidən Forma 88 (E00189344DFJ) kodu dolduraraq müraciət etdi və xx.xx.2024-cü il tarixə əyani müayinəyə dəvət olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında halı pisləşərək epilepsiya qic olma tutması olmuşdur, maddi sübüt kimi video göruntülərini ərizəsinə əlavə ediləcək. Gücləndirilmiş əlilliyinin müraciəti zamanı əlilliyinə imtina olunmuşdur. Müayinənin bitmə xx.xx.2024-cü il tarixdə olduğu təqdirdə pensiya və əlilliyin qanunsuz olaraq dayandırılmışdır. Təkrar əlilliklə bağlı xx.xx.2024-cü il tarixdə (H00212479HEC) nömrəli Forma 88 kodu ilə müraciət etsədə dəvət olunmadan imtina olunmuşdur. xx.xx.2024-cü il tarixdə təkrar əlillikə bağlı (R00225126FNN) nömrəli Forma 88 kodu ilə müraciət etsədə yenə dəvət olunmadan imtina edilmişdir. xx.xx.2024-cü il tarixdə təkrarən əlillikə bağlı (U00233333İNG) nömrəli Forma 88 kodu ilə müraciət etsədə xx.xx.2025-ci il tarixdə əyani komisiyyaya dəvət olunmuş və ümumi müayinələrdən keçmiş, keçdiyi müayinəyə dair sənədi maddi sübut kimi ərizəsinə əlavə ediləcəkdir. Lakin (***-***-**-** nömrəsinə xx.xx.2025-ci il tarixdə saat 13:16 radələrində sms bildiriş daxil olmuşdur.) xx.xx.2024-cü il tarixdən "Diaqnoz Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma verən nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş dekompensasiyalarla. Posttravmatik epilepsiya, tez tez baş verən qıcolma tutmaları ilə (ayda 7-8 dəfə). Kəllə daxili travmaların nəticələri. QKBT qalıq əlamətləri İnsulindən asılı olmayan şəkərli diabet tip 2, yüngül dərəcə subkompensasiya mərhələsində. İİ dərəcəli alimentar konstitusional piylənmə. İkitərəfli İV dərəcə neyrosensor tip ağır eşitmə. Eşitmənin protezləşməsi tövsiyə olunur". Diaqnoz öz təsdiqini tapmaması barədə imtina edilmişdir. Ondanda əlavə döyüş tapşırığını yerinə yetirən zaman aldığı xəsarətlərlə bağlı müalicə və müayinə olduğu xəstəxanalar tərəfindən verilmiş əlavə ekipiriz və tibbi rəylər və yuxarıda göstərdiyi əsassız imtina ilə bağlı müayinə kağızları mövcudur ki, onları da ərizəsinə əlavə olunmuşdur. O döyüş zamanı düşmən tərəfindən atılan iri çaplı mərminin partlaması nəticəsində yuxarıda qeyd etdiyim ağır dərəcəli xəsarətlərlə bağlı əlilliyinin təkrar alınması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasına dəfələrlə müraciət etsədə onlar hər dəfəsində onun müraciətinə müxtəlif bəhanələr gətirərək imtina edərək onun hüquqlarını pozmuşlar. Döyüş zamanı qeyd etdiyi tarixdə mərminin partlaması nəticəsində olduğu bölüyün bir çox hərbiçiləri şəhid olmuş və onunla birgə səfərbərlikdən gedənlərdən yaralanaraq qazi olaraq əlillik dərəcələrini də almışlar ancaq bu vaxta qədər onun təkrar əlillik dərəcəsi cavabdeh təyin etmir. Bu səbəbdəndə onun cavabdeh tərəfindən kobudcasına pozulan hüququnun bərpa edilməsi üçün Məhkəməyə müraciət etməyi qərara almışdır. Bu səbəbdəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən dəfələrlə pozulan hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyi qərara almışdır. Gəncə İnzibati Məhkəməsinin 12 yanvar 2026-cı il tarixli 2-1(114)3143/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və həmin tarixdən ona orqanizm funksiyalarının 35-60% pozulmasına görə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 2 il müddətinə “Üzvi mənşəli şəxsiyyət pozuntusu ...” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, orqanizm funksiyalrının 35 faiz pozulmasına görə əlillik təyin edilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 02 mart 2022-ci il tarixli, 2735 nömrəli qərarından görünür ki, İddiaçı qoyulmuş “Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, davranış pozuntusu. İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqını sağ qulaqda 1 (bir) metr, qulaqda 2 (iki) metr məsafədən eşitməsi ilə. Vegetativ damar davamsızlığı” diaqnozu "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” səbəb əlaqəsi ilə təsdiq olunur. xx.xx.2024-cü il tarixli 3204№-li həkim psixiatr komissiyasının rəyində görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı "Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə" əmrinə uyğun olaraq İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez tez baş verən dekompensasiyalar, funksional tutmalarla F 07.0 xx.xx.2024-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür: Göndərişi verən müəssisə - Gəncə Psixiatriya xəstəxanası Xəstəliyə görə ambulator müraciətlər - F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu ... Stasionar müalicə aldığı müəssisələr: Gəncə Psixiatriya xəstəxanası - daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Bakı Respublika psixiatriya xəstəxanası publik hüquqi şəxs - daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2024, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Bakı Respublika psixiatriya xəstəxanası publik hüquqi şəxs - daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Gəncə Psixiatriya xəstəxanası - daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz F07.0 Üzvi mənşəli şəxsiyyət pozğunluğu Həkim müayinəsinin nəticəsi: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, F07.0-F33.3 - Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla. Psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli depressiv epizod, özünə qəsd cəhdləri ilə. TSEK-ə göndəriş zamanı diaqnoz - Əsas diaqnoz T90.5 Kəllədaxili travmaların nəticələri, Kəllə daxili travmaların nəticələri. QKBT qalıq əlamətləri - Ağırlaşma F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İl Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş veren dekompensasiyalarla Ağırlaşma F33.3 Qayıdan depressiv pozuntu, psixotik əlamətlərlə müşahidə olunan ağır daracali növbəti epizod, Psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli depressiv epizod, özünə qəsd cəhdləri ile. xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Diaqnoz öz təsdiqini tapmaması səbəbi ilə, “Diaqnozun təsdiqlənməməsi” barədə qərar qəbul edilmişdir. SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə xx.xx.2025ci il tarixdə “İddiaçı üçün verilmiş xx.xx.2024-cü il tarixli göndərişə Diaqnoz öz təsdiqini tapmaması səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığınız təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz” məzmununda SMS göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 2283 saylı ekspert rəyindən görünür ki, İddiaçı hal hazırda "Üzvi (İl Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyat pozuntusu, tez tez baş verən dekompensasiyalar, funksional tutmalarla (F07.0) aşkar olunur. Əsaslandırma hissəsi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, cavabdehin imtinasının olması, həmçinin iddiaçının iddia müddətinə riayət etməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddia mümkün olduğundan iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini iş materialları ilə əlaqəli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona xx.xx.2024-cü il tarixdən orqanizm funksiyalarının 35-60% pozulmasına görə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya qurluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsidir. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2-ci maddəsinə görə, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.5.1-ci bəndinə görə, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsas şərtlərdən biridir. Qeyd olunan Qaydaya 2 nömrəli əlavəyə əsasən, təkrar əlillik müraciətləri üçün son 1 (bir) ildə tələb olunan minimal müalicə müddəti F07.0 kodu üzrə stasionar müalicə müddəti - 10 gün, ambulator müalicə müddəti – 2 dəfədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.5.2.1-ci bəndinə görə, şəxsin əlilliyinin səbəblərindən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədardır. “Əlilliyin müəyyən olunması meyarları”nın 7-ci bəndində psixi və davranış pozuntuları, 7.6.2-ci yarımbəndində üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 nəzərdə tutulmuşdur. Qeyd olunan meyar üzrə qiymətləndirməyə əsasən, əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) – orqanizmin funksiyalarının 35-60% pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir (7.6.2.1-ci yarımbənd). İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 2 il müddətinə “Üzvi mənşəli şəxsiyyət pozuntusu ...” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, orqanizm funksiyalarının 35 faiz pozulmasına görə əlillik təyin edilmişdir. xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində iddiaçı barəsində “Diaqnoz öz təsdiqini tapmaması səbəbi ilə, “Diaqnozun təsdiqlənməməsi” barədə qərar qəbul edilmişdir. Gəncə Psixiatriya xəstəxanası tərəfindən verilən xx.xx.2024-cü il tarixli Forma 88 haqqında məlumat qrafikindən görünür ki, iddiaçı təkrar əlillik üçün tələb olunan son bir il ərzində ambulator və stasionar müalicələr almış və göndəriş zamanı həkim müayinəsinin nəticəsi F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, F07.0-F33.3 - Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla. Psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli depressiv epizod, özünə qəsd cəhdləri ilə olmuşdur. Qeyd olunan tibbi göndəriş haqqında məlumata əsasən, iddiaçıya “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İl Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş veren dekompensasiyalarla” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 2283 saylı ekspert rəyindən görünür ki, İddiaçı hal hazırda "Üzvi (İl Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyat pozuntusu, tez tez baş verən dekompensasiyalar, funksional tutmalarla (F07.0) aşkar olunur. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya 2022-ci il tarixdə eyni xəstəliklə əlillik təyin edilmişdir. İddiaçı qanunvericilikdə nəzərdə tutulan qaydada müalicə almasına baxmayaraq orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit psixi pozuntuları qalmaqda davam edir. İddiaçının orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddətinə gəldikdə aşağıdakılar qeyd edilməlidir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 02 mart 2022-ci il tarixli, 2735 nömrəli qərarından görünür ki, iddiaçıya qoyulmuş diaqnoz “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının əlilliyinin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müəyyən edilməlidir. İddiaçının hazırda davam edən xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci yarımbəndinə uyğun gəlir. Belə ki, iddiaçıya orqanizmin funksiyalarının 35-60% pozulmasına görə əlillik təyin edilməlidir. İddiaçı orqanizminin funksiyalarının pozulması müddətinə gəldikdə isə məhkəmə qeyd edir ki, Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci yarımbəndində əlilliyin müddəti 2 il nəzərdə tutulmuşdur. Ona görə də iddiaçıya 2 il müddətinə əlillik təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddiaçıya həmin tarixdən orqanizmin funksiyalarının 35-60% pozulmasına görə, iki il müddətinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.2, 73.1, 68.1, 68.2 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Əjdər Ənvər oğluna əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci yarımbəndinə uyğun olaraq orqanizmin funksiyalarının 35-60% pozulmasına görə, iki il müddətinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əliliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar