Məhkəmə qərarları › İş №2-1(114)-3209/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3209/2024

26.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3209/2024 26.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdehnə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X3 Cavabdehnə qarşı 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə Cavabdeh nəzdində yaradılmış komissiyanın 08 may 2024-cü il tarixli 2 nömrəli protokol-qərarının X4 münasibətdə ləğv edilməsi və müsahibə qaydalarının tələblərinə əməl edilməklə X3 barəsində yenidən müsahibə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Cavabdeh 329-31/3-2-25F/2024 nömrəli 02 may tarixli əmri ilə yaradılmış komissiyasının 8 may 2024-cü il tarixli 2 nömrəli protokolundan çıxarışdan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə müsahibədə iştirak etmiş və komissiya tərəfindən nəticəsi qeyriməqbul hesab edilmişdir.

2. X3 qanuni nümayəndəsi İddiaçı apellyasiya şikayəti əsasında apellyasiya komissiyası tərəfindən xx.xx.2024-cü il tarixdə baxılmış və apellyasiya komissiyanın qərarına əsasən əvvəlki müsahibə nəticəsi (“qeyri-məqbul”) qüvvədə saxlanılmışdır.

3. X3 qanuni nümayəndəsi İddiaçı müsahibə qaydalarının tələblərinə əməl edilməklə oğlu X3 yenidən müsahibə keçirilməsi ilə bağlı Cavabdehnə etdiyi müraciətə, həmin İdarənin xx.xx.2024-cü il tarixli 3-29-31/2-C-122-4/2024 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, "Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilirlər. Azərbaycan Respublikası elm və təhsil nazirinin müvafiq əmrinə əsasən 2024-2025-ci tədris ili üzrə tədris digər dillərdə aparılan İ siniflərə uşaqların qəbulu üçün şifahi nitq bacarıqlarının yoxlanması məqsədilə müsahibələr keçirilmişdir. Şəffaflığın təmin olunması və apellyasiya müraciətlərinə baxılması məqsədilə müsahibə prosesinin video çəkilişi aparılmışdır. X2 xx.xx.2024-cü il tarixdə müsahibədə iştirak etmiş və komissiya tərəfindən nəticəsi qeyri-məqbul hesab edilmişdir. Onun apellyasiya müraciətinə və müsahibənin video görüntüsünə yaradılmış apellyasiya komissiyası tərəfindən baxılmış və apellyasiya komissiyanın qərarına əsasən əvvəlki müsahibə nəticəsi qüvvədə saxlanılmışdır. X2nun təhsilini təmin etmək üçün Azərbaycan bölməsi üzrə sorğusunun yerləşdirilməsi tövsiyə olunur.

4. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-29-31/2-801/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, apellyasiya komissiyası ilkin müsahibənin videogörüntüsü əsasında qərar verir.

5. Məhkəmənin sorğusu əsasında Cavabdeh tərəfindən təqdim edilmiş müsahibənin keçirilməsi ilə bağlı videogörüntülərə dair yaddaş kartından məlum olur ki, komissiya üzvləri tərəfindən X4 rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi istiqamətində verilən sualların əksəriyyətini cavablandıra bilməmiş, özü haqqında qısa məlumatın verilməsində çətinlik çəkmişdir. Cavablandırdığı suallar isə “hə” (“да”) və yaxud tək bir sözlə ifadə şəklində olmuş, bütöv cümlə (ən azı isim və feldən ibarət sadə cümlə) quraraq sualları cavablandırması halı görüntüdə aşkar edilməmişdir. Komissiya üzvləri X3 rus dilində cavab verməyə çətinlik çəkdiyi bəzi sualları təkrarən azərbaycan dilində vermiş və sonuncu onu cavablamışdır. II. Məhkəmədə icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, müsahibənin nəticəsi barədə qiymətləndirməyə dair protokolun dəyişdirilməsi və nəticəsindən asılı olaraq xx.xx.2017-ci ildə anadan olmuş oğlu X3 1-ci sinif rus bölməsinə qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci ildə anadan olmuş oğlu Cəfərov Təhməz llyas oğlunun 7 yaşı tamam olmuşdur. Bu tədris ilində 1-ci sinif rus bölməsində təhsil alması üçün keçirilən müsahibə nəticəsinə görə oğlu 1-ci sinif rus bölməsinə qəbul olunmamış, oğlunun təhsilini təmin etmək üçün Azərbaycan bölməsi üzrə sorğusunun yerləşdirilməsi tövsiyyə olunmuşdur. Müsahibənin nəticəsindən narazı qaldığı üçün apellyasiya müraciəti etmişdir. Müraciətinə apellyasiya komissiyası tərəfindən baxılaraq əvvəlki müsahibə nəticəsi qüvvədə saxlanılmışdır. Hesab edir ki, oğlu verilən suallara mahiyyəti üzrə doğru-düzgün cavab vermişdir. Oğlunun həm birinci müsahibədə, həm də apellyasiya komissiyasında verdiyi cavabların doğru olub-olmamasının müəyyən edilməsi üçün ekspertiza təyin edilib rəy alınmalı, rəyin nəticəsindən asılı olaraq oğlu 1-ci sinif rus bölməsinə qəbul edilməlidir. Bildirir ki, ailələri rusdilli ailədir, onların evində uşaqla rus dilində ünsiyyət qurulur. O, özü Qazaxıstan Respublikasında Universiteti rus dilində bitirmişdir. Hazırda da onların yenidən Qazaxıstana köçüb yaşamaq planları vardır. Belə olan halda oğlu təhsilini Qazaxıstanda ancaq rus bölməsində davam etdirə bilər. Ona görə də bu gün oğlu Təhməzin rus bölməsinin 1-ci sinfinə qəbul olunmasına çox böyük ehtiyacları vardır. Onlar uşağın hətta Gəncə ətrafı rayonlarda - Göygöldə, Daşkəsəndə, Şəmkir, Samux, Goranboy və sair rayon məktəblərinin birində də rus bölməsində təhsil almasına razıdırlar. Ona görə də keçirilmiş ekspertizanın rəyindən asılı olaraq müsahibənin nəticəsi barədə qiymətləndirməyə dair protokolun dəyişdirilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Oğlunun artıq 7 yaşı tamam olmuşdur. Əgər o, oğlunu gələn tədris ilində məktəbə qoyarsa, bu hal gələcəkdə oğlunun hərbi xidmətə vaxtında getməsinə maneçilik yarada bilər.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

9. Məhkəmənin hüquqi yardımından sonra İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında onun əsl iddiaçı X5, cavabdehin əsl Cavabdeh ilə əvəz edilməsi barədə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə Cavabdeh nəzdində yaradılmış komissiyanın 08 may 2024-cü il tarixli 2 nömrəli protokolqərarının X4 münasibətdə ləğv edilməsi və müsahibə qaydalarının tələblərinə əməl edilməklə X3 barəsində yenidən müsahibə keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin eyni tarixli qərardadı ilə ərizələr icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

11. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-ə görə: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

12. Hazırkı işdə mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərti kimi müdətlə bağlı şərt də ödənilmişdir. Belə ki, iddiaçı Cavabdeh nəzdində yaradılmış komissiyanın 08 may 2024-cü il tarixli 2 nömrəli protokol-qərarından verdiyi şikayətə apellyasiya qaydasında xx.xx.2024-cü il tarixdə baxılaraq “qeyri-məqbul” qərarı qüvvədə saxlandıqdan sonra xx.xx.2024-cü il tarixdə, yəni 30 günlük müddət daxilində hazırkı iddianı qaldırmışdır.

13. Cavabdeh orqanın yerləşdiyi yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

17. Tərəflər məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

18. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

19. İddiaçının qanuni nümayəndəsi İddiaçı məhkəmə iclasında iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunlu izahat verərək, əlavə olaraq onu qeyd etmişdir ki, ilkin müsahibə zamanı övladı Təhməz xəstə olduğundan sualları yaxşı cavablandıra bilməmişdir. Lakin apellyasiya zamanı ona yenidən suallar verilmiş və yaxşı cavab vermişdir. Odur ki, iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

20. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, Təhməz ümumiyyətlə bağçaya getməmişdir. Lakin rus dilini öyrənməsi üçün onu kursa yazdırmışdır. Hazırda yoldaşı, yəni Təhməzin atası Bakı şəhərində işləyir. Qazaxıstanda onların iş yeri və yaşayış yeri hələki mövcud deyil, lakin gələcəkdə ora köçməyi nəzərdə tutmuşlar.

21. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaya etiraz edərək, bildirmişdir ki, 2024/2025-ci tədris ilində birinci sinif üzrə rus bölməsinə qəbul üçün keçirilən müsahibə nəticəsinə görə 1000 nəfərə yaxın uşaqdan 200 nəfəri zəif cavab verdiyinə görə kəsilmişdir. Keçirilən müsahibələrin məqsədi rus dilində anlayan, həmin dildə ünsiyyət qura bilən, yəni gələcəkdə tədris rus dilində aparılan zaman təhsil almaqda çətinlik çəkməyəcək uşaqların rus bölməsinə seçilməsidir. İddiaçı Təhməz Cəfərov da rus dilində verilmiş sualları cavablandıra bilmədiyindən Komissiya tərəfindən düzgün olaraq onun nəticəsi mənfi qiymətləndirilmiş və qeyri-məqbul hesab edilmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

22. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, Apellyasiya Komissiyasının iclasında uşaq və valideynin iştirakı nəzərdə tutulsa da, yenidən müsahibə götürülmür. Yəni, Komissiya şikayətə baxan zaman yenidən sual-cavab etmir, yalnız ilkin müsahibənin videogörüntüsünə baxaraq, qərar qəbul edir. Ona görə də, həmin iclasın videogörüntüsü mövcud deyildir. Müsahibə prosesində psixoloqun iştirakı mütləq olduğu üçün iddiaçının müsahibəsində də psixoloq iştirakı təmin edilmişdir. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

23. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Cavabdeh 329-31/3-2-25F/2024 nömrəli 02 may tarixli əmri ilə yaradılmış komissiyasının 8 may 2024-cü il tarixli 2 nömrəli protokolundan çıxarışı; - Cavabdeh 329-31/3-2-25F/2024 nömrəli 02 may tarixli əmri ilə yaradılmış komissiyasının 29 may 2024-cü il tarixli 2 nömrəli protokolundan çıxarışı; - Cavabdehnə etdiyi müraciətə, həmin İdarənin xx.xx.2024-cü il tarixli 3-29-31/2-C- 122-4/2024 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusu əsasında Cavabdeh tərəfindən təqdim edilmiş müsahibənin keçirilməsi ilə bağlı videogörüntülərə dair yaddaş kartı; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-29-31/2-801/2024 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

25. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə əsasən: İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İİ. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. İV. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. V. Dövlət minimum təhsil standartlarını müəyyən edir.

26. Azərbaycan Respublikasının “Təhsil haqqında" Qanununa görə: Maddə 2.1. Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, "Məktəbəqədər təhsil haqqında", "Ümumi təhsil haqqında", "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının qanunlarından, təhsil sahəsinə aid olan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 5.4. Dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir. Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. Maddə 7.1. Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir. Maddə 7.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası tədris olunmalıdır. Maddə 7.3. Tədris dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunur. Maddə 14.5.2. ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, lisey, gimnaziya, inteqrasiya təlimli ümumtəhsil məktəbi, xüsusi ümumtəhsil məktəbi, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi və digər məktəblər) təhsil müəssisələrinin tiplərinə aiddir. Maddə 19.1. Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir. Maddə 19.14. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir. Xüsusi proqram əsasında təhsilverən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, şagirdlərin sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 36.1. Dövlət təhsilverənlərin sosial müdafiəsinə təminat verir. Təhsil müəssisələrində təhsilverənlərin sosial müdafiəsi bu Qanunla, "Ümumi təhsil haqqında", "Peşə təhsili haqqında", "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər qanunları ilə, həmçinin təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Təhsil işçilərinin əmək haqqı və vəzifə (tarif) maaşları işçilərin funksional öhdəlikləri, peşə xüsusiyyətləri, ixtisas dərəcəsi və iş stajı nəzərə alınaraq təyin edilir.

27. "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. ümumi təhsil - təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edən təhsil pilləsi; 1.0.3. ümumi orta təhsil - ümumi təhsilin icbari hesab olunan və məzunlarına təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan səviyyəsi; Maddə 6.1. Ümumi təhsil müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir. Maddə 6.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq, ümumi təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər. Maddə 6.4. Dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilirlər. Maddə 6.5. Azərbaycan dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunur. Maddə 13.14. İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir. Maddə 13.22. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, şagirdlərin sinifdənsinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 22.2. Ümumi təhsil sahəsində təhsilalanların aşağıdakı hüquqları vardır: 22.2.2. təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdənkənar məşğələləri (fakültativ kursları) sərbəst seçmək;...

28. Sadalanmış qanunvericiliyin müddəalarından göründüyü kimi, hər bir vətəndaş konstitusiya hüququ baxımından təhsil almaq hüququna malikdir. Təhsil qanunvericiliyində təhsilin formaları və növləri müəyyən edilmişdir ki, onlardan biri də ümumi təhsil hesab olunur. Bu təhsil pilləsində təhsilalanlar elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını öyrənirlər. Ümumi təhsilin birinci səviyyəsini ibtidai təhsil təşkil edir ki, bu təhsil səviyyəsinə uşaqlar 6 yaşları tamam olduqda qəbul olunurlar.

29. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericilik təhsilalanlara ümumi təhsil sahəsində təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdənkənar məşğələləri (fakültativ kursları) sərbəst seçmək hüququnu vermişdir. Lakin ümumi təhsil sahəsində tədris dilini seçmək təhsilalanın sərbəst seçimi olsa da, qanunvericilikdə, dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilməsi imperativ qaydada nəzərdə tutulmuşdur. Bu müsahibənin keçirilməsi qaydası isə müvafiq olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən olunur.

30. Azərbaycan Respublikası Elm və Təhsil nazirinin “2024/2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə” 17 aprel 2024-cü il tarixli 3-29/3-2-190F/2024 nömrəli əmrinə əsasən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə tapşırılmışdır ki: 3.1. 2024/2025-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu üçün uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə peşəkar və səriştəli müəllimlərdən ibarət müsahibə və apellyasiya komissiyaları təşkil etsin; 3.2. şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələrin keçirilməsini təmin etsin.

31. Həmçinin, həmin əmrlə Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün hazırlanmış meyarların təsdiq edilməsi və Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə uşaqların qəbulu müsahibə komissiyalarının müsbət yazılı rəyi əsasında aparılması qərara alınmışdır.

32. Cavabdeh 01 may 2024-cü il tarixli 3-29-31/3-2-23F/2024 nömrəli əmri ilə Birinci siniflərə şagird qəbulu ilə bağlı təşkilati işləri həyata keçirmək və bütün kommunikasiya kanalları vasitəsilə daxil olan vətəndaş müraciətlərinin çevik və operativ cavabdlandırılması məqsədilə işçi qrup yaradılmış və işçi qrupa İdarənin tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun qaydalara uyğun həyata keçirilməsini təmin etmək tapşırılmışdır.

33. Həmçinin, həmin əmrlə Cavabdeh tabeliyində olan ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu üçün uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə peşəkar və səriştəli müəllimlərdən ibarət müsahibə və apellyasiya komissiyaları təşkil edilməsi; şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələrin keçirilməsinin təmin edilməsi; Cavabdeh tabeliyində olan ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə uşaqların qəbulunun müsahibə komissiyasının müsbət yazılı rəyi əsasında aparılması əmr edilmişdir.

34. Cavabdeh 02 may 2024-cü il tarixli 3-29-31/3-2-25F/2024 nömrəli əmri ilə 2024/2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı uşaqların rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün 2 (iki) müsahibə və apellyasiya komissiyalarının yaradılmışdır.

35. “2024/2025-ci tədris ili üzrə müsahibələrin keçirilməsi barədə Təlimat”a görə: - Müsahibələrlə bağlı regional təhsil idarələri tərəfindən aşağıdakı işlər görülməlidir: - RTİ-nin müvafiq əmri ilə vahid müsahibə və paralel olaraq apellyasiya komissiyaları yaradılmalıdır. Müsahibə komissiyasınn tərkibi müsahibə aparılan dildə tədris aparan, təcrübəli, pedaqoji bacarıqları yüksək, yaradıcı, səbrli, nəzakətli, uşaqlarla işləmə bacarığı olan 2 nəfər müəllimdən və rus dili biliklərinə malik 1 nəfər RTİ əməkdaşından ibarət olmalıdır. Həmçinin müsahibə prosesində rus dilli psixoloqun (qiymətləndirmədə iştirak etmir) da iştirakı mütləqdir. - Müsahibənin vaxtı 10 dəqiqədən artıq olmamalıdır. - Hər bir komissiya üçün ayrıca 1 otaq, videoçəkiliş üçün avadanlıq, hard disk, 1 ədəd notbook və uşaqların marağını, sərbəstliyini təmin etmək üçün müxtəlif ləvazimat və əşyalar (rəngli rəqəmlər, həndəsi fiqurlar, əvvəlcədən hazırlanmış rəngli şəkillər, yumşaq və bərk oyuncaqlar və s.) RTİ tərəfindən təmin edilməlidir. - Videoçəkiliş TEAMS platforması ilə yanaşı, videokamera ilə aparılmalı, hər bir uşağın müsahibə videosu yaddaşa yazılmalıdır və video yazılar arxivdə saxlanılmalıdır. Müsahibə videosu olmayan uşağın nəticəsi etibarsız hesab ediləcək.

36. Göründüyü kimi, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin “2024/2025ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə” 17 aprel 2024-cü il tarixli 3-29/3-2-190F/2024 nömrəli əmrinə əsasən Cavabdeh 01 may 2024-cü il tarixli 3-29-31/3-2-23F/2024 nömrəli və 02 may 2024-cü il tarixli 3-29- 31/3-2-25F/2024 nömrəli əmrləri qəbul edilərək, Cavabdeh tabeliyində olan ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu üçün uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə peşəkar və səriştəli müəllimlərdən ibarət 2 (iki) müsahibə və apellyasiya komissiyalarının təşkil edilməsi; şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələrin keçirilməsinin təmin edilməsi; Cavabdeh tabeliyində olan ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə uşaqların qəbulunun müsahibə komissiyasının müsbət yazılı rəyi əsasında aparılması əmr edilmişdir.

37. Həmin mübahisə komissiyası tərəfindən təlimat əsasında Cavabdeh tabeliyində olan ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə uşaqların qəbulu üzrə iddiaçının sual-cavab şəklində müsahibəsi həyata keçirilmiş, müsahibə iddiaçının qanuni nümayəndəsi olan anasının iştirakı ilə aparılmışdır.

38. Müsahibənin nəticəsində iddiaçı Komissiya tərəfindən "dinlədiyi anlama", "ünsiyyət qurma", "öz fikrini sadə formada bildirə bilmə", "söz və ya söz birləşmələrin tələffüzü", "özü və ailəsi haqqında qısa məlumat vermə" meyarları üzrə mənfi qiymətləndirilmişdir.

39. Məhkəmə xüsusilə qeyd edir ki, təhsil almaq istəyən şəxsin rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid məsələ olmuşdur.

40. İnzibati Prosessual Məcəlləyə görə: Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.

41. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

42. Bununla yanaşı, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir ("İnzibati icraat haqqında" Qanunun 16.2-ci maddəsi).

43. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.

44. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir.

45. Məhkəmə qeyd edir ki, təhsil almaq istəyən şəxsin birinci sinifə qəbul edilməsi üçün rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi xüsusi sferaya aid olan şəxslər tərəfindən həyata keçirilir ki, onlar pedaqoji təcrübəyə malik olan peşəkar şəxslərdir.

46. Məhkəmə tərəfindən müsahibənin keçirilməsi ilə bağlı videogörüntülərə iclas zamanı tərəflərin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, X1 üzvləri tərəfindən rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi istiqamətində sullar verilmiş (özü haqqında qısa məlumat, səhər yeməyi barədə, yay fəslində geyinilən geyimlər barədə, dostları ilə keçirdiyi vaxt barədə, canlılar barədə s.), lakin iddiaçı sualların cavablandırılmasında çətinlik çəkmiş, bəzi sualları isə ümumiyyətlə cavablandırmamışdır. Cavablandırdığı suallar isə “hə” (“да”) və yaxud bir sözlə ifadə şəklində olmuş, bütöv cümlə quraraq (ən azı isim və feldən ibarət sadə cümlə qurması) sualları cavablandırması halı görüntüdə aşkar edilməmişdir. Komissiya üzvləri X3 rus dilində cavab verməyə çətinlik çəkdiyi bəzi sualları təkrarən azərbaycan dilində vermiş və sonuncu onu cavablamışdır.

47. Bu səbəbdən də işçi qrupu tərəfindən iddiaçının rus dilində beş meyar ("dinlədiyi anlama", "ünsiyyət qurma", "öz fikrini sadə formada bildirə bilmə", "söz və ya söz birləşmələrin tələffüzü", "özü və ailəsi haqqında qısa məlumat vermə") üzrə qiymətləndirilməsi mənfi rəy ilə nəticələnmişdir.

48. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan öz səlahiyyətləri çərçivəsində qiymətləndirmə aparmış və apardığı qiymətləndirmə zamanı diskresion səlahiyyətini düzgün həyata keçirmişdir.

49. İddiaçının mövcud dil biliklərinə uyğun olaraq birinci sinif üzrə rus dili bölməsinə qəbulu, həm rus dili bölməsində iştirak etmək hüququna malik olan və rus dili biliyi daha yetərli olan şagirdlərin təhsil hüququnun reallaşdırılması üzrə fəalliyyətinə, şagirdlərə dərs deyən müəllimin pedaqoji fəaliyyətinə mənfi təsir edə bilər. Belə ki, hazırkı halda şagirdin hər hansı dərsdə geri qalmasından yox, tədris edilən dil üzrə biliyə malik olmamasından gedir ki, həmin halın tədris proqramından şagirdlərin geri qalmasına, müəllim heyətinin isə tədris proqramına uyğun dərs verilməsinə təsiri danılmazdır. Bu zaman nəzərə alınmalıdır ki, pedaqoji fəaliyyəti həyata keçirən müəllim öz fənni üzrə dərs demək əvəzinə, dərs dediyi sahə üzrə şagird və ya şagirdlərə hər hansı sözləri tərcümə etmək vəzifəsi daşımır və tədris fənləri üzrə müəyyən saat qrafikində aparılmalı olan tədris vaxtının bir hissəsi məhz tərcüməyə ayrılmamalıdır. Bu zaman, cavabdehin müsahibənin keçirilməsi ilə əlaqədar tədbirlər həyata keçirməməsi isə rus dili bölməsinə daxil olan, lakin dili kifayət səviyyədə bilməyən şagirdlərə dərs deyilməsinə səbəb ola bilər ki, bu zaman ibtidai sinif müəllimin dil müəllimindən fərqi olmaz.

50. Məhkəmə hesab edir ki, hazırkı iddianın təmin edilməməli olması təkcə tədris proqramından digər şagirdlərin və müəllimin geri qalmasının qarşısının alınmasına xidmət etmir, eyni zamanda ibtidai sinif üzrə təhsil almalı olan şagirdin maraqlarına da xidmət edir. Belə ki, ibtidai sinif üzrə tədrisdə iştirak edən şagird ibtidai sinif üzrə təhsil fənnlərini keçmək əvəzinə, faktiki olaraq həmin fənnlər üzrə istifadə olunacaq sözlərin Azərbaycan dilində tərcüməsini mənimsəməklə vaxt itirəcəkdir.

51. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat düzgün aparıldığından, həmçinin cavabdeh tərəfindən qiymətləndirilmə onun diskresion səlahiyyətləri çərçivəsində aparıldığından, iddiaçının tədrisi rus dilində aparılan bölməyə qəbulun həyata keçirilməsi mümkün deyildir.

52. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının birinci sinif üzrə rus dili bölməsinə qəbulu ilə bağlı cavabdeh inzibati orqan tərəfindən inzibati icraat aparılması zamanı qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilmədiyinə görə iddia tələbi təmin edilməməlidir.

53. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

54. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar