Məhkəmə qərarları › İş №2-1(114)-3336/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-3336/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3336/2024 05.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı imtahan nəticələrinin ona münasibətdə ləğv edilməsi tələbinə dair iş üzrə . Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və onun vəkil olan nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı xx.xx.2024-cü il tarixdə ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması üçün Tovuz rayonu Nəsrəddin Tusi adına təbiət və texiki təmayüllü məktəb-liseydə keçirilən təkrar sertifikatlaşdırma imtahanının nəticələrinin ona aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Sertifikatlaşdırma məlumatları barədə elektron çıxarışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilmiş təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 29 bal toplayaraq test imtahanından müvəffəqiyyət əldə etməmişdir.

2. İddiaçı təhsilverənlərin təkrar sertifikatlaşdırılma imtahanının nəticələrinin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə etdiyi müraciətə (şikayətə) həmin Nazirliyin xx.xx.2024-cü il tarixli VM24011396 nömrəli cavab məktubunda bildirilmişdir ki, üzürlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1(bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

3. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/2- 1130/2024 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı 08 iyun 2024-cü il tarixdə təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 29 bal toplayaraq uğur qazanmamışdır. II. Məhkəmədə icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixdə ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması üçün Tovuz rayonu Nəsrəddin Tusi adına təbiət və texiki təmayüllü məktəb-liseydə keçirilən sertifikatlaşdırılma imtahanının nəticələrinin İddiaçı aid hissədə etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1964-cü il tarixdə Qazax rayonunun Əli Bayramlı kəndində anadan olmuşdur. 1986-1991-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Ümumi texniki fənlər və əmək" ixtisası üzrə təhsil almışdır. 1990-cı ildən Qazax rayonu Aslanbəyli kənd tam orta məktəbində əmək fəaliyyətinə başlamış, 1992-ci ildən isə həmin məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyətini davam etmişdir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 2023-cü ildə ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması ilə əlaqədar olaraq imtahana dəvət olunmuşdur. Kənd ümumi təhsil müəssisələrinin şəhər ümumi təhsil müəssisələri kimi texniki invertarlarla təmin olunmaması və kənd yerlərində komputer, internet avadanlıqlarının nisbətən zəif inkişaf etməsi, eyni zamanda mənimdə komputerlə işləmə bacarıqlarının yaxşı olmaması səbəbindən suallarda olan düzgün variantların seçilməsi və digər səbəblərə görə ilk imtahanda uğur qazana bilməmişdir. Təkrarən kurslara qoşulub komputerlə işləmə bacarıqlarını yaxşılaşdırmışdır. Belə ki, 2024-cü ildə 60 yaşının tamam olmasına baxmayaraq razılığı olmadan 08 iyun 2024-cü il tarixdə yenidən təkrar imtahanda iştirak etmək üçün yenidən cavabdeh tərəfindən bildiriş göndərilmişdir. 08 iyun 2024-cü il tarixdə ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması üçün Tovuz rayonu Nəsrəddin Tusi adına təbiət və texniki təmayüllü məktəb-liseydə keçirilən imtahanda onun üçün müəyyən edilmiş yerdə əyləşmişdir. İmtahan başladıqda digər imtahan iştirakçıları FİN kodlarını yazaraq imtahan prosesinə başlasalar da, onun FİN kodunu sistem qəbul etməmişdir. Həmin vaxt nəzarətçilərin köməkliyinin də hər hansısa bir faydası olmamışdır. Daha sonra imtahan nəzarətçisi mərkəzlə danışaraq şəxsiyyət vəsiqəsinin şəklini çəkib mərkəzə göndərmış, təxminən 15-20 dəqiqə keçdikdən sonra nəzarətçiyə məlumat verildikdə onun FİN kodunu imtahan zalında olan başqa bir komputerdə sistemə daxil edərək imtahana başlamışdır. Həmin vaxt orda olan şəxslərdən biri ona məlumat vermişdir ki, onun 60 yaşı tamam olduğu üçün əvvəlcədən razılıq məktubu olmalı idi. Olmadığına görə yenidən qeydiyyata alıb onu imtahana qoşmuşlar. İlk imtahanda komputerlə işləmək bacarığının yaxşı olmaması səbəbindən nəticə əldə edə bilmədiyinə görə növbəti imtahanda da, yenidən komputerdə yaranmış texniki problem onsuzda həyəcanlı vəziyyətini daha da artırmışdır. İkinci imtahanda isə 29 bal toplaya bilmişdir. Belə ki, imtahan müddəti 120 dəqiqə, imtahan suallarının sayı isə 60 sual olaraq yəni 1 sual üçün 2 dəqiqə vaxt müəyyən edilmişdir. Onun da 29 bal toplamağını nəzərə alarsaq həmin 10 sualı cavablandıra bilsəydi təbii ki, keçid üçün müəyyən edilmiş 30 balı keçmiş olardı. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə imtahanın nəticələri ilə bağlı 11 iyun 2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Cavabdeh tərəfindən göndərilmiş 13 iyun 2024-cü il tarixli formal xarakter daşıyan məktubda qeyd edilmişdir ki, "üzürlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdir. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmada bu qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir". Bildirmək istəyir ki, cavabdehin məktubu ümumi xarakter daşıyan, standart cavabdır. Cavabdeh ondan asılı olmayan səbəblərə görə imtahanda yaranmış texniki qüsura, 60 yaşının tamam olması səbəbi ilə imtahanda könüllü iştirak etmək məsələsinə münasibət bildirməmişdir.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

7. İddiaçının vəkil olan nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2024-cü il tarixdə ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması üçün Tovuz rayonu Nəsrəddin Tusi adına təbiət və texiki təmayüllü məktəb-liseydə keçirilən sertifikatlaşdırılma imtahanının nəticələrinin İddiaçı aid hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

8. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

9. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

10. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən müraciətin təmin olunmasından imtina edilmişdir.

11. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Qazax rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

12. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış yerinin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

13. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

14. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq digər prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

15. İddiaçı və onun vəkil olan nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir.

16. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

17. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

18. İddiaçı və onun vəkil olan nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsində qeyd edilənlərlə eyni məzmunlu izahat verərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

19. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Sertifikatlaşdırma məlumatları barədə elektron çıxarış; - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə etdiyi müraciətə (şikayətə) həmin Nazirliyin xx.xx.2024-cü il tarixli VM24011396 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/2- 1130/2024 nömrəli məktubu. Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 2023-cü ildə ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması ilə əlaqədar imtahanda 22 bal toplayaraq, uğur qazana bilməmiş və bu səbəblə təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinə cəlb olunaraq, xx.xx.2024-cü il tarixdə keçiriləcək test imtahanına bildiriş vasitəsilə dəvət olunmuş və həmin imtahanda iştirak etməklə, 29 bal toplayaraq test imtahanından müvəffəqiyyət əldə etməmişdir.

22. İddiaçı təhsilverənlərin təkrar sertifikatlaşdırılma imtahanının nəticələrinin ona münasibətdə ləğvi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə etdiyi müraciətə (şikayətə) həmin Nazirliyin xx.xx.2024-cü il tarixli VM24011396 nömrəli cavab məktubunda bildirilmişdir ki, üzürlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

23. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddiaçının tələbini əsassız hesab edir.

24. Belə ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 1.0.6-1-ci maddəsinə görə sertifikatlaşdırma – dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na görə: Bənd 1.4. Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər: 1.4.1. hamilə qadınlar; 1.4.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 1.4.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 1.4.4. azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. Bənd 1.5. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür (Bu bənd 20 may 2024-cü il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 may 2024-cü il, “Xalq” qəzeti, 24 may 2024-cü il, № 108) ilə “Qayda”ya əlavə edilmişdir). Bənd 3.1. Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir. Bənd 3.8. Sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri) aid 60 (altmış) sual təqdim edilir. Bənd 3.9. Test mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir. Proqram təminatı hər bir təhsilverənə fərdi test variantı təqdim edir. Bənd 3.10. Sertifikatlaşdırmanın test mərhələsinə 120 dəqiqə vaxt ayrılır. Bu zaman fasilə verilmir. Bənd 3.11. Test mərhələsində hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. Bənd 3.12. Sertifikatlaşdırmanın test mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri test mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir. Bənd 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Bənd 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Bənd 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

26. İddiaçı iddia ərizəsində sertifikatlaşdırma imtahanının nəticələri ilə razılaşmamasını iki halla əlaqələndirir: 1) İmtahan zamanı komputerdə yaranmış texniki qüsur səbəbi sualları vaxtında və tam cavablandıra bilməməsi; 2) 60 yaşının tamam olması səbəbi ilə imtahanda könüllü iştirak etməli olmasına baxmayaraq, bu barədə razılığının alınmaması.

27. İddiaçı birinci halı onunla əsaslandırır ki, 08 iyun 2024-cü il tarixdə ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması üçün Tovuz rayonu Nəsrəddin Tusi adına təbiət və texniki təmayüllü məktəb-liseydə keçirilən imtahanda onun üçün müəyyən edilmiş yerdə əyləşmişdir. İmtahan başladıqda digər imtahan iştirakçıları FİN kodlarını yazaraq imtahan prosesinə başlasalar da, onun FİN kodunu sistem qəbul etməmişdir. Həmin vaxt nəzarətçilərin köməkliyinin də hər hansısa bir faydası olmamışdır. Daha sonra imtahan nəzarətçisi mərkəzlə danışaraq şəxsiyyət vəsiqəsinin şəklini çəkib mərkəzə göndərmış, təxminən 15-20 dəqiqə keçdikdən sonra nəzarətçiyə məlumat verildikdə onun FİN kodunu imtahan zalında olan başqa bir komputerdə sistemə daxil edərək imtahana başlamışdır. Həmin vaxt orda olan şəxslərdən biri ona məlumat vermişdir ki, onun 60 yaşı tamam olduğu üçün əvvəlcədən razılıq məktubu olmalı idi. Olmadığına görə yenidən qeydiyyata alıb onu imtahana qoşmuşlar. İlk imtahanda komputerlə işləmək bacarığının yaxşı olmaması səbəbindən nəticə əldə edə bilmədiyinə görə növbəti imtahanda da, yenidən komputerdə yaranmış texniki problem onsuzda həyəcanlı vəziyyətini daha da artırmışdır. İkinci imtahanda isə 29 bal toplaya bilmişdir. Belə ki, imtahan müddəti 120 dəqiqə, imtahan suallarının sayı isə 60 sual olaraq yəni 1 sual üçün 2 dəqiqə vaxt müəyyən edilmişdir. Onun da 29 bal toplamağını nəzərə alarsaq həmin 10 sualı cavablandıra bilsəydi təbii ki, keçid üçün müəyyən edilmiş 30 balı keçmiş olardı.

28. Məhkəmə iddiaçının həmin dəlillərini əsassız sayır. Belə ki, məhkəmə tərəfindən həmin halların araşdırılması məqsədilə xx.xx.2024-cü il tarixdə keçirilmiş test imtahanı mərhələsinin video-görüntülərini özündə əks etdirən CD-disk cavabdeh orqandan əldə edilərək, iclas zamanı tədqiq edilmiş və müəyyən edilmişdir ki, imtahan 10:00-da başlanmasına baxmayaraq İddiaçı imtahana 6 dəqiqə gec qoşulmuş (10:06:46), lakin “Təlimatı təsdiq et və İmtahana başla” düyməsini sıxdıqdan sonra (görüntünün 00:56:04cü saniyəsi) imtahan üçün ayrılmış 120 dəqiqə başlamış və iddiaçı imtahanı 12:05:00-də, yəni imtahan üçün ayrılmış 120 dəqiqənin 118 dəqiqəsində bitirmişdir.

29. Görüntüdə iddiaçı zal nəzarətçilərinə 6 dəqiqə vaxtının boşa getdiyini bildirmiş, nəzarətçilər tərəfindən isə “İmtahan başla” düyməsini sıxdıqdan sonra ona ayrılmış vaxtın başlayacağı bildirilmişdir.

30. İddiaçı ayrılmış 120 dəqiqə vaxtdan 02:24 dəqiqə vaxtı qalmış (görüntünün 02:53:39-cu saniyəsi) “İmtahanı bitir” düyməsini sıxmış və ona verilmiş 60 sualın hamısını cavablandırmışdır.

31. İddiaçı suallardan 29 düz, 31 səhv cavab qeyd etməklə, 29 bal yığmış və imtahan nəticəsi ekranda əks olunmuşdur (görüntünün 02:54:20-ci saniyəsi).

32. Göründüyü kimi, iddiaçı imtahana 6 dəqiqə gec başlasa da, bu onun üçün ayrılmış 120 dəqiqə vaxta təsir etməmiş, iddiaçı “imtahana başla” düyməsini sıxdıqdan sonra imtahana başlamış və ayrılmış həmin vaxt daxilində 60 sualı cavablandırmışdır.

33. Yəni, iddiaçının əvvəlki əyləşdiyi masada komputerlə bağlı yaranmış hal onun uğursuz nəticəsinə təsir göstərməmiş, iddiaçı ayrılmış vaxtdan tam şəkildə istifadə etmişdir.

34. İddiaçının mübahisələndirdiyi ikinci məsələ isə, 60 yaşının tamam olmasına baxmayaraq, imtahana cəlb edilməsi və bu zaman könüllü iştiraka dair yazılı razılığının alınmaması ilə bağlı olmuşdur.

35. Məhkəmə iddiaçının bu barədə dəlillərini ona görə əsassız sayır ki, xx.xx.2024cü il tarixdə keçirilmiş sertifikatlaşdırma imtahanı ilkin deyil, təkrar sertifikatlaşdırma imtahanı olmuşdur. Belə ki, iddiaçı 2023-cü ildə (59 yaşında) ilkin olaraq sertifikatlaşdırma imtahanında 22 bal toplayaraq uğursuz nəticə əldə etdiyindən 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olmuşdur.

36. Yəni, məhkəmənin qənaətinə görə, iddiaçı 60 yaşı tamam olduqdan sonra ilkin sertifikatlaşdırmaya cəlb olunacağı halda, ondan könüllü iştirakına dair yazılı razılığın alınması labüd idi. Lakin hazırkı vəziyyətdə iddiaçının əvvəlki ilin uğursuz nəticəsinə görə növbəti ildə (2024-cü ildə) təkrar sertifikatlaşdırmada iştirakı zəruri olmuşdur, çünki təkrar sertifikatlaşdırmada iştirak etməyəcəyi halda da sertifikatlaşdırmadan keçməmiş hesab olunacaqdı.

37. Digər tərəfdən isə, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olmasına dair 1.5-ci bənd 20 may 2024-cü il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 may 2024-cü il, “Xalq” qəzeti, 24 may 2024-cü il, № 108) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əlavə edilmişdir.

38. Təkrar sertifikatlaşdırma imtahanı xx.xx.2024-cü ildə keçirilsə də, Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası tərəfindən əvvəldən sertifikatlaşdırmaya cəlb edilməsi nəzərdə tutulmuş təhsilverənlərin siyahısı müəyyələşdirilərək təsdiq edilir və imtahanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş Təhsilverənin “Şəxsi kabinet”inə göndərilir.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na görə: Bənd 2.2. Sertifikatlaşdırmanın təşkili məqsədilə Nazirlik tərəfindən sədr daxil olmaqla 7 (yeddi) üzvdən ibarət Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası (bundan sonra – Sertifikatlaşdırma Şurası) yaradılır. Sertifikatlaşdırma Şurasının fəaliyyəti Nazirliyin təsdiq etdiyi Əsasnamə ilə tənzimlənir. Bənd 2.5. Sertifikatlaşdırma Şurası: 2.5.6. sertifikatlaşdırmaya cəlb edilməsi nəzərdə tutulmuş təhsilverənlərin siyahısını təsdiq edir; 3.3. Nazirliyin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparır və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edirlər. 3.4. Qeydiyyatdan keçmiş hər bir təhsilverən üçün altsistemdə “Şəxsi kabinet” açılır və kabinetin şifrəsi təhsilverənin əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Təhsilverənlər sertifikatlaşdırma ilə bağlı məlumatları (sertifikatlaşdırmanın keçirilmə vaxtı və yeri barədə, yaddaş kitabçası və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 (bir) ay qalmış onun vaxtı və yeri barədə bildiriş “Şəxsi kabinet”ə göndərilir. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş təhsilverənlərə bu bənddə göstərilən məlumatlar təhsil müəssisələri tərəfindən şəxsən təqdim olunur. Təhsilverən sertifikatlaşdırmaya yalnız şəxsiyyət vəsiqəsi təqdim etdikdə buraxılır.

40. Göründüyü kimi, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olmasına dair 1.5-ci bənd yuxarıda adıçəkilən Qaydalara əlavə edilənədək artıq iddiaçı əvvəlki uğursuz nəticəsinə görə sertifikatlaşdırmaya cəlb edilənlərin siyahısına daxil edilərək, onun şəxsi kabinetinə bildiriş (imtahan barədə məlumatlar) göndərilərək, imtahana cəlb edilmişdir.

41. Eyni zamanda, iddiaçının özü də bu halı (60 yaşının tamam olmasını və imtahanda iştirak etmək istəməməsini) imtahana qədər cavabdeh Nazirliyə bildirməmiş, yalnız imtahanda uğursuz nəticə əldə etdikdən sonra bu halı mübahisələndirmişdir.

42. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, təkrar sertifikatlaşdırmanın test mərhələsi ilə bağlı imtahanın keçirilməsi zamanı cavabdeh orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilmədiyinə görə iddia tələbi təmin edilməməlidir.

43. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

44. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

45. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar