Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-3527/2025 12.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2025 Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçıya məxsus M/V 086556 nömrəli “Müharibə veteranı” vəsiqəsi 04 oktyabr 2019-cu il tarixdə verilmişdir.
2. Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/2-A-37103/2025 nömrəli “sosial müavinətin və Prezident təqaüdünün ötən dövr üzrə ödənilməsinin mümkün olmaması haqqında” məktuba əsasən, vətəndaş İddiaçı müharibə veteranları üçün nəzərdə tutulan təqaüd xx.xx.2019-cu il tarixdən qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmişdir (veteran vəsiqəsinin verildiyi tarixdən). Müraciətlə əlaqədar olaraq bildirilir ki, veteran vəsiqəsi xx.xx.2019-cu il tarixdə verildiyindən və sözügedən müavinət ləğv edildiyindən vətəndaş İddiaçı ötən dövr üzrə sosial müavinətin və Prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
3. İddiaçı iddia ərizəsi ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 03.4.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Qarabağ veteranları üçün nəzərdə tutulmuş 04 oktyabr 2016-cı il tarixdən 04 oktyabr 2019-cu ilədək (3 illik) yığılmış sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, o, 1993-cü il tarixdə Tərtər RHK tərəfindən könüllü olaraq döyüşə yollanılmış, 1-ci Vətən müharibəsi iştirakçısıdır. İddiaçı qeyd edir ki, Tərtər Hərbi Prokurorluğunda barəsində heç bir təqsirləndirici material və cinayət işi olmamış, bütün fakt və reallıqlar rəhbər tutalaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən “Veteran adları və müvafiq vəsiqələrin verilməsi komisiyası” tərəfindən ona Azərbaycan Respublikasının “Müharibə Veteranı” vəsiqəsi verilmişdir. Vəsiqə veriləndən sonra iddiaçı kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin əvəzində sosial müavinətin verilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər şəhər şöbəsinə müraciət etmiş və ona rəsmi olaraq imtina verilmişdir. İddiaçı mübahisəyə son qoymaq üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O, xx.xx.2019-cu il tarixdə “Müharibə veteran” adı və vəsiqəsini almış, lakin son geridə qalan, yəni xx.xx.2026-cı il tarixdən xx.xx.2019-cu il tarixədək yığılmış 3 illik müavinəti almamışdır. O qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Prezdentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli fərmanına əsasən o, son 3 ildə nəzərdə tutulmuş müavinəti ala bilər.
5. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dən etibarən kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bildirilir ki, İddiaçı veteran vəsiqəsini aldığı xx.xx.2019-cu il tarixindən müharibə veteranlarına görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuş və ödənilmişdir. Beləl ki, təqaüd sosial müavinətin bir növü olmadığı üçün və təqaüdün geriyə ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığı üçün iddiaçının veteran vəsiqəsini aldığı xx.xx.2019-cu il tarixindən əvvəlki dövrlər üzrə müharibə veteranları üçün Azərbaycan Respublikasının Prezidenti təqaüdünü almaq hüququ yoxdur. İddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilən etiraza izahat verərək, iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir.
8. İddiaçının şifahi məhkəmə baxışı iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).
Əsaslandırma hissəsi:
9. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.
10. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır.
11. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir.
12. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; Maddə 3. Müavinət almaq hüququ olan şəxslər 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 9. Müavinətlərin təyin edilməsi müddəti 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir.
13. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 641 nömrəli “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Fərmanı
1. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.
2. Müəyyən edilsin ki: 2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1.1. 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (X3 iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir;
5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir.
14. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.Müharibə veteranlar Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Qərarı
4. Əlavə müddəalar Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.
16. Azərbaycan Respublikasında ayrı-ayrı vətəndaşların ölkə qarşısında xidmətlərinin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müxtəlif fərman və sərəncamlarına əsasən onlara Azərbaycan Respublikası Prezidentinin təqaüdləri hüququn yarandığı tarixdən təyin olunaraq ödənilir və təqaüdün Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri, fəxri adlara görə aylıq təqaüdlər, Azərbaycan Respublikası Milli Qəhrəmanlarına və onların ailə üzvlərinə verilən Prezident təqaüdü, 20 Yanvar şəhidinin ailə üzvlərinə Prezident təqaüdü, şəhid ailə üzvlərinə Prezident təqaüdü, müharibə əlillərinə Prezident təqaüdü, 20 Yanvar əlillərinə Prezident təqaüdü, X3 əlillərinə Prezident təqaüdü kimi növləri vardır.
17. Qanunvericiliyin tələbindən göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə iştirakçılarına həmin sosial müavinətin əvəzinə verilir.
18. Qanunvericiliyin istinad olunan müddəalarını nəzərə almaqla məhkəmə hesab edir ki, sosial müavinət almaq hüququ iki müddətlə, Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinətin Qanunun qüvvəyə mindiyi gündən təyin edilir. İkinci halda, yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir.
19. Hazırkı iş üzrə iddiaçının hüququ yarandığı zaman “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə iştirakçılarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməsi qərara alınmışdır.
20. Yəni, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə M/V 086556 nömrəli “Müharibə veteranı” vəsiqəsi və müvafiq status verildiyi zaman o və bu kateqoriyadan olan şəxslər Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququnu əldə etmişlər.
21. Yuxarıda da qeyd edildiyi kimi “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın xx.xx.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir.
22. Beləliklə, 01 aprel 2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə əsasən, müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra “Müharibə veteranı” adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir.
23. Nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bunun əksi ümumi qəbul edilmiş “qanuni gözlənti”, “qazanılmış hüquq” və “hüquqi müəyyənlik” prinsiplərinə zidd olardı. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə minənədək şəxslərin artıq qazanılmış hüquqlarını əvəzsiz ləğv edə bilməz.
24. Buna uyğun olaraq məhkəmə hesab edir ki, 1 aprel 2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Belə ki, təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır.
25. Beləliklə, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı 01 aprel 2019-cu il tarixdən tətbiq edildiyindən və iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi xx.xx.2019-cu il tarixdə verildiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki illər üçün ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, iddiaçının müharibə veteranı adının verildiyi tarixdən əvvəlki illər üçün sosial müavinət almaq hüququnun olması istisna edilir.
26. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-445/2022 nömrəli qərarlarında da əks etdirilmişdir.
27. Qərardadda qeyd edilmişdir ki, 01 aprel 2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır.
13. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin norma tələblərinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Habelə, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nurəli Hüseynov