Məhkəmə qərarları › İş №2-1(114)-3719/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3719/2024

28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3719/2024 28.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gənzə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən 3-29-31/2-378/2024, 17/aprel 2024-cü il, 30/aprel 2024-cü il əmək müqaviləsinə xitam verilməsinin etibarsız hesab edilməsi və həmin gündən işə bərpa olunmağı ilə bağlı qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, o, Daşkəsən rayonu üzrə MTXQ-da 1988ci ildən mühasib işləmiş, lakin 2023-cü ildə işdən azad olunmuşdur. Bundan sonra iddiaçı Cavabdeh müdirinin qəbulunda olmuş və işə bərpa olunmuşdur. İddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. O, həmin əmrdən çıxarışı hələ də ala bilməmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, onun əmək müqaviləsinə müddətin qurtarması ilə bağlı xitam verilmişdir. İşin halları Cavabdeh 04 sentyabr 2023-cü il tarixli əmrindən görünür ki, İddiaçı 01 sentyabr 2023-cü il tarixdən 30 dekabr 2023-cü il tarixədək Cavabdeh tabeliyində olan Daşkəsən rayonu üzrə təsərrüfat qrupuna 1 ştat vahidi mühasib vəzifəsinə təyin edilmişdir. X2 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-29-31/3-1-260k/2024 nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarı

12. İnzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır.

“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

Məhkəmənin mövqeyi

Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iddianın mümkünlük şərtlərinin mövcudluğunu yoxlayaraq qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddianın mümkünlük şərtlərindən biri olan məhkəmə aidiyyəti düzgün müəyyən edilməmişdir. İddiaçı Cavabdehnə qarşı hazırkı iddia tələbi ilə cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh tabeliyində olan Daşkəsən rayonu üzrə təsərrüfat qrupunda əmək müqaviləsi əsasında fəaliyyət göstərmişdir. Belə olan halda isə iddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilməsinin mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qadasında baxıla bilməz. Göstərilənlərə əsasən qeyd olunur ki, hazırkı mübahisə inzibati hüquq münasibətlərindən yaranan mübahisə deyil, tərəflər arasında yaranan əmək münasibətləri ilə bağlı mübahisə olmaqla mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxılmalıdır. Beləliklə məhkəmə hesab edir ki İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin iddiaçıya izah edilir ki, Cavabdehnə qarşı hazırkı iddia tələbi ilə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar