Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-3852/2024 12.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “axtarışın götürülməsi və ümumvətəndaş pasportunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqanın hərəkətlərinin qanunsuz hesab edilməklə onun barəsində qoyulmuş axtarışın götürülməsi və ümumvətəndaş pasportunun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ona anadan olduğu zaman valideynləri tərəfindən “Səyavuş” adı qoyulmuşdur. İddiaçı 2000-ci ilin əvvəllərindən Türkiyə Respublikasında yaşayır. O, Azərbaycan Respublikasının Türkiyə Respublikasında olan səfirliyinə ümumvətəndaş pasportunun dəyişdirilməsi ilə əlaqədar müraciət etmiş, lakin səfirlik tərəfindən müraciət təmin edilməmiş və buna səbəb kimi isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2020-ci il tarixli və Rusiya Federasiyasının Çeçenistan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli məhdudiyyətlərin olması qeyd edilmişdir. İddiaçı tərəfindən Rusiya Federasiyası Daxili İşlər Nazirliyinə müraciət edilmiş və ərizə təqdim edilərək bildirilmişdir ki, Rusiya Federasiyasında onun barəsində hər hansı cinayət işinin olmadığı qeyd edilmişdir. İddiaçı bu işlə bağlı cavabdeh orqana və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmiş, sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli məktubda vətəndaş İddiaçı sərhədkeçməsinə Baş İdarə tərəfindən məhdudiyyət tətbiq edilməməsi qeyd edilmişdir. Cavabdeh orqan isə iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli məktubla qeyd etmişdir ki, “Səyavuş” yox, “Siyavuş” adlı vətəndaş barəsində axtarışın olması qeyd edilmişdir. İddiaçı bildirir ki, 1979-cu il tarixdən – anadan olduğu vaxtdan onun adı “Siyavuş” yox, “Səyavuş” olaraq qeyd edilmiş, cavabdeh orqanın qanunsuz və əsassız hərəkəti nəticəsində Azərbaycan Respublikasının ümumvətəndaş pasportunun alınmasından məhrum olmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8809/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İşin halları “Elektron Məhkəmə” İnformasiya Sistemindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “qoyulmuş axtarışın götürülməsi və ümumvətəndaş pasportunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair başqa inzibati iş hazırda Gəncə İnzibati Məhkəməsinin icraatındadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 45. İddianın qaldırılması 45.5. İddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı onun barəsində qoyulmuş axtarışın götürülməsi və ümumvətəndaş pasportunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 45.5.1-ci maddəsinə əsasən, iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Qeyd olunan normanın mənasına görə, iddia ilə bağlı işin icraatda olduğu müddətdə iddiaçının eyni tərəfə qarşı, eyni tələblə, eyni əsasla iddia ilə məhkəməyə müraciət etməsi yolverilməzdir. “Elektron məhkəmə” İnformasiya Sistemindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı eyni tələblə hazırkı tələbdən öncə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş və hal-hazırda iş icraatdadır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “axtarışın götürülməsi və ümumvətəndaş pasportunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 45.5.1, 80 və 85-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “axtarışın götürülməsi və ümumvətəndaş pasportunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-3852/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-3852/2024
12.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver