Məhkəmə qərarları › İş №2-1(114)-4011/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4011/2025

20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4011/2025 20.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Mən, Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Nurəli Əvəz oğlu, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq M Ü Ə Y Y Ə N E T D İ M:

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun Naftalan şəhəri, Nizami Gəncəvi küçəsi, N.Nərimanov parkının cənub tərəfindəki boş sərbəst ərazidən alqı-satqı qaydasında aldığı 18 sot torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna uyğun olaraq arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır.

3. Məhkəmə qeyd edir ki, qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

4. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri).

5. Həmin qərarın 2.3-cü bəndində qeyd edilmidir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

6. Həmin qərarın həmçinin qeyd edilir ki, iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. (qərarın 16.1, 16.2, 16.3, 16.4, 16.5 və 16.6-cı bəndləri).

7. Göründüyü kimi, iddianın mümkünlük şərtlərindən biri tələbin düzgün cavabdehə qarşı yönəldilməsidir.

8. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri” PHŞ-nin İdarə Heyətinin xx.xx.2022-c i il tarixi, 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri” PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri” X1 3 saylı Gəncə Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtib edilməsi və aparılması, ünvan reyestrinin, yerquruluşu ve xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın inventarlaşdırılması və qiymətləndirilməsi sahəsində Gəncə şəhəri, Göygöl, Samux və Daşkəsən rayonları üzrə fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli, 1382 nömrəli Fərmanının 8-ci hissəsinə uyğun olaraq DƏDKR-ın tabeliyinə verilmiş ixtisaslaşdırılmış hüquqi şəxsdir.

9. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri” PHŞ-nin İdarə Heyətinin xx.xx.2022-c i il tarixi, 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri” PHŞ-nin 7 saylı Bərdə Ərazi İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı ve Reyestri” X1 7 saylı Bərdə Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtib edilməsi və aparılması, ünvan reyestrinin, yerquruluşu ve xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın inventarlaşdırılması və qiymətləndirilməsi sahəsində Bərdə, Goranboy, Tərtər, Ağdam rayonları və Naftalan şəhəri üzrə fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli, 1382 nömrəli Fərmanının 8-ci hissəsinə uyğun olaraq DƏDKR-ın tabeliyinə verilmiş ixtisaslaşdırılmış hüquqi şəxsdir.

10. İddiaçı iddia ərizəsinin “xahiş edirəm”, yəni tələb hissəsində onun Naftalan şəhəri, Nizami Gəncəvi küçəsi, N.Nərimanov parkının cənub tərəfindəki boş sərbəst ərazidən alqı-satqı qaydasında aldığı 18 sot torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna uyğun olaraq arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

11. Göründüyü kimi iddiaçının hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi Naftalan şəhəri ərazində yerləşir. Belə olan halda “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri” PHŞ-nin İdarə Heyətinin xx.xx.2022-c i il tarixi, 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri” PHŞ-nin 7 saylı Bərdə Ərazi İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən hazırkı iş üzrə cavabdeh verməli orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri” PHŞ-nin 3 saylı Gəncə Ərazi İdarəsi deyil, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri” PHŞ-nin 7 saylı Bərdə Ərazi İdarəsidir.

12. Məhkəmə tərəfindən İPM-in 13-cü maddəsinin tələblərinə əsasən yardım edilərək iddiaçıya göndərilmiş xx.xx.2025-ci il tarixli sərəncamda “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” ilə bağlı cavabdeh orqana müraciət edilib-edilməməsi, müraciət edildiyi halda həmin müraciətin cavabdeh orqana göndərilməsini təsdiq edən müvafiq poçt qəbzi, eləcə də həmin müraciətə imtina verildikdə həmin imtina məktubunun məhkəməyə təqdim edilməsi” təklif edilmiş, iddiaçıya çatışmamazlığı aradan qaldırılması üçün xx.xx.2025-ci il tarixədək vaxt verilmişdir. Poçt xəbərnaməsi xx.xx.2025-ci il tarixdə İddiaçı tərəfindən imza edilməklə təhvil alınmışdır.

13. Lakin iddiaçının xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş yeni iddia ərizəsində də cavabdeh qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri” PHŞnin 3 saylı Gəncə Ərazi İdarəsi qeyd edilmiş, iddia ərizəsinə cavabdehə ünvanlanmış ərizə əlavə edilsə də həmin ərizənin cavabdehə təqdim edilməsinə dair heç bir sənəd əlavə edilməmişdir.

14. Məhkəmə tərəfidən təkrarən İPM-in 13-cü maddəsinin tələblərinə əsasən hüquqi yardım edilərək iddiaçıya göndərilmiş xx.xx.2025-ci il tarixli sərəncamda “iddia ərizəsində cavabdeh qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi göstərməyiniz, həmçinin, məhkəməyə təqdim etdiyi ərizədə cavabdehə tələbini ilə bağlı müraciətə cavab olaraq imtina məktubunu əlavə olunmadığı, iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdehə müraciət etməsi təsdiq edən sübutları və ya cavabdeh orqanının ünvanladığı məktubu məhkəməyə təqdim etməsi” təklif edilmiş, iddiaçıya çatışmazlığı aradan qaldırılması üçün xx.xx.2025-ci il tarixədək vaxt verilmişdir. Poçt xəbərnaməsi xx.xx.2025-ci il tarixdə İddiaçı tərəfindən imza edilməklə təhvil alınmışdır.

15. Qeyd edilən sərəncamlar iddiaçıya təqdim edilməsinə baxmayaraq, iddiaçı tərəfindən iddia tələbində yol verilmiş formal xətaların aradan qaldırılması ilə bağlı faktiki hərəkətlər edilməmiş, yenilənmiş iddia ərizəsi məhkəməyə daxil olmamışdır.

16. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən, iddiaçıya iddianın qanunun tələblərinə uyğunlaşdırılmasına dair xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli sərəncamlar göndərilərək iddia ərizəsində olan formal xətaların aradan qaldırılması və dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün birinci sərəncamda xx.xx.2025-ci il tarixə və ikinci sərəncamda xx.xx.2025-ci il tarixə qədər vaxt verilməsi, eləcə də müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

17. Buna baxmayaraq iddiaçı sərəncamda qeyd edilən formal xətaları aradan qaldırmamışdır.

18. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim, yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir.

20. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 46, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən,

Q Ə R A R A A L D İ M:

İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar