Məhkəmə qərarları › İş №2-1(114)-4061/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4061/2024

21.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4061/2024 21.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “təkrar doğum haqqında şəhadətnamənin verilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Mübahisənin qısa şərhi: İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciət edərək şəxsiyyətini təsdiq edən sənəd tələb edilmədən ona doğum haqqında təkrar şəhadətnamənin verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-1778 nömrəli məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının tələblərinə istinad edərək müraciəti təmin etməkdən imtina etmiş və məhkəməyə müraciət olunmasını tövsiyə etmişdir. İmtina ilə razılaşmayan iddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun doğum haqqında şəhadətnamənin təkrar verilməsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşdirmə barədə ərizə təqdim edərək ona şəxsiyyətini təsdiq edən sənəd tələb olunmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın dəqiqləşdirilməsi məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə qəbul olunmuşdur. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1974-cü il tarixdə Gəncə şəhərində anadan olmuşdur. X3, anası X2r. O, nənəsinin himayəsində yaşamış və nənəsinin evində baş vermiş yanğın nəticəsində onun doğum haqqında şəhadətnaməsi məhv olunmuşdur. O, təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etsə də, ona imtina olunaraq məsələ ilə bağlı məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişlərdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsi). İşdəki sənədlərə görə: Şəmkir Rayonu İcra Hakimiyyəti Başçısının Tatarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 217 nömrəli məktuba əsasən İddiaçı 1993-cü ildən Şəmkir rayonu Tatarlı kəndində yaşayır. xx.xx.1979-cu il tarixdə, 87 nömrəli doğum haqqında bərpa akt qeydinə əsasən İddiaçı 29 mart 1974-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, X3, anası X1r. Uşaq atasının himayəsindədir. xx.xx.1988-ci il tarixli, İİİ-JQ 429393 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X6 2-3 oktyabr 1988-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. Ağstafa RPŞ tərəfindən xx.xx.2004-cü ildə verilmiş 01801837 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X4 xx.xx.1949-cu ildə Qazax rayonunda anadan olmuş, yaşayış yeri Ağstafa rayonu A.Kəsəmən kəndidir. Azərbaycan Respublikası DİN, Baş Pasport Qeydiyyat və Miqrasıya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-26553/2024 nömrəli məktubuna əsasən xx.xx.1974-cü il təvəllüdlü İddiaçı xx.xx.1974-cü il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla Gəncə ŞBPİ-nin Kəpəz RPŞ tərəfindən xx.xx.1991-ci il tarixdə verilmiş XXV-JQ seriyalı 566663 nömrəli keçmiş SSRİ pasportu ilə təmin olunmuş, şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməmişdir. İddiaçı adında digər şəxs aşkar edilməmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının: -1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər; -1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti akt qeydiy tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər; -9.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir; -9.2-ci bəndinə görə təkrar şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət olunur; -9.7-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər; -9.8-ci bəndinə görə qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizənin verildiyi gün təqdim olunur, elektron sorğu əsasında şəhadətnamələr isə sorğunun daxil olduğu gün verilir. Qeydiyyat şöbəsi, konsulluq idarəsi, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında təkrar şəhadətnaməni verdikdən dərhal sonra əvvəllər verilmiş şəhadətnamənin qüvvədən düşmüş hesab edilməsi üçün müvafiq məlumatları Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürür. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 (yeddi) gün müddətində icra olunur. Xarici ölkələrdən tələb edilən təkrar şəhadətnamələr və ya arayışlar ərizəçinin seçdiyi yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. Hərbi qulluqçulara təkrar şəhadətnamələr hərbi hissə rəisinin (komandirinin) adına göndərilə bilər. Təkrar şəhadətnamələrin seriyası və nömrəsi, verilmə tarixi, qeydiyyat şöbəsinin və konsulluq idarəsinin, hərbi hissənin və digər dövlət orqanlarının adı barədə məlumat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemində qeyd olunur. Kağız daşıyıcıda şəhadətnamələr yalnız sifarişli məktubla göndərilir. Təkrar şəhadətnamə elektron qaydada təqdim edildikdə “Elektron şəhadətnamənin qeydiyyat nömrəsi, qeydə alan orqan barədə məlumat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemində qeyd olunur; -9.9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamələr və arayışlar vətəndaşlıq vəziyyəti akt qeydlərinə və ya kağızı kitablarındakı qeydlərə uyğun yazılır. Cavabdeh öz imtinasında bu Qaydaların 9.7-ci bəndinə istinad edərək iddiaçının "şəxsiyyət vəsiqəsi"nin təqdim olunmamasını bildirsə də, doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmadığını da nəzərə almamışdır. Belə ki, bir tərəfdən şəxsiyyət vəsiqəsinin verilməsi üçün doğum haqqında şəhadətnamə təqdim olunmalı, digər tərəfdən doğum haqqında şəhadətnamənin alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməli və yaxud iddiaçını təmsil edən şəxsə təkrar doğum haqqında şəhadətnamənin verilməsi mümkündür ki, təmsil etmə üçün tələb olunan etibarnamə özü də şəxsiyyət vəsiqəsi əsasında verilir. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 52-ci maddəsinə görə Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Vətəndaşlıq insan və dövlət arasında olan qarşılıqlı münasibətlər üçün əsasdır. Vətəndaşlıq dövlət daxilində insanın hüquqi vəziyyətinin başlıca əsası kimi bu vəziyyətə aydınlıq və müəyyənlik gətirir. Vətəndaşlıq mənsubiyyəti insan üçün müxtəlif hüquq və azadlıqlarından istifadə etmək imkanı verir. Dövlət öz vətəndaşlarını müdafiə və onlara hamilik edir. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 6-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının vətəndaşlığını üç növ sənəd təsdiq edə bilərdoğum haqqında şəhadətnamə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya Azərbaycan Respublikasının vətəndaşının pasportu. Bu sənədlərin hər birinin özünəməxsus yeri və təyinatı vardır. Doğum haqqında şəhadətnamə hüquqi cəhətdən doğum faktını rəsmiləşdirir və doğumla bağlı əhəmiyyətli hallara dair məlumatları özündə əks etdirir. Bu sənəd vətəndaşlıq hüququnun təsdiq edilməsi üçün ilkin vacib sənəd hesab olunur. Həmin sənəd Azərbaycan Respublikasının ərazisində, Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş və ya valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin Konstitusiyanın 52-ci maddəsinə müvafiq olaraq şərtsiz Azərbaycan Respublikasının vətəndaşı kimi qəbul olunmasına əsas verir. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanunun 1-ci maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bu sənəd sahibinə vətəndaşlıq hüququndan irəli gələn digər konstitusiya hüquqlarını həyata keçirmək üçün imkan verir. Həmin hüquqlardan istifadə etmək üçün hər bir vətəndaşın Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi olmalıdır. Beləliklə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini qanunla müəyyən olunmuş qaydada almaq hər bir vətəndaşın hüququ kimi, bu sənədin qanunsuz verilməməsi isə vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, yaşadığı yer üzrə müvafiq dövlət orqanına şəxsiyyət vəsiqəsinin alınması üçün müraciət etmək eyni zamanda vətəndaşın vəzifəsidir. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, cavabdeh imtinası iddiaçının vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusion hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunmalıdır. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçının xx.xx.1979-cu il tarixdə, 87 nömrəli doğum haqqında bərpa akt qeydi və xx.xx.1991-ci il tarixli, XXV-JQ seriyalı 566663 nömrəli keçmiş SSRİ pasportu mövcuddur. Doğum haqqında bərpa akt qeydinə əsasən iddiaçı oğlu 29 mart 1974-cü il tarixdə Gəncə şəhərində doğulmuşdur. Bu akt qeydi cavabdeh tərəfindən mübahisələndirilmir. Bununla yanaşı Azərbaycan Respublikası DİN, Baş Pasport Qeydiyyat və Miqrasıya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-26553/2024 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı və sənədləşdirilməsi barədə məlumat aşkar olunmuş, o cümlədən bu adla eynilik təşkil edən şəxs müəyyən olunmamışdır. Məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi təmin olunmalı, İddiaçı şəxsiyyətini təsdiq edən sənəd tələb edilmədən doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı şəxsiyyətini təsdiq edən sənəd tələb edilmədən doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar