Məhkəmə qərarları › İş №2-1(114)-408/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-408/2024

09.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-408/2024 09.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı işlədiyi müddətin dövlət qulluğu kimi nəzərə alınaraq əmək pensiyası növünün dəyişdirilib dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdən adi qaydada pensiya alır. Hesab edir ki, 42 illik stajı var və əmək stajının 20 ildən çoxu dövlət qulluğu vəzifəsinə aiddir. Pensiyasının növünü dəyişərək yaşa görə dövlət qulluqçusu pensiya təyinatına keçirilməsindən ötrü cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “xx.xx.1980-ci il tarixdən xx.xx.1990-cı il tarixədək müddətin dövlət qulluğu kimi nəzərə alınaraq əmək pensiyasının növünün dəyişdirilib dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməmiş və bildirmişdir ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu 1980-1990-cı illərdə Gəncə şəhər X2 mexanik, iqtisadçı və böyük iqtisadçı vəzifələrinə iş müddətinin dövlət qulluğu stajı hesab edilib-edilməməsi ilə bağlı xx.xx.2023-cü il tarixli sorğuya cavab olaraq Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin məktubunda qeyd edilmişdir ki, qeyd edilən müəssisə təsərrüfat hesabına maliyyələşdirildiyi üçün həmin müəssisədəki əmək fəaliyyəti dövrü dövlət qulluğu stajına daxil edilmir. Əsas olaraq istinad olunan normativ akt Azərbaycan SSR-nin Nazirlər Sovetinin xx.xx.1973-cü il tarixli 360 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR-nin Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsi və Naxçıvan MSSR-də, DQMV-də Azərbaycan SSR-nin şəhər və rayonlarında dövlət statistika orqanları haqqında Əsasnamənin 28-ci bəndi göstərilmişdir. Qeyd olunun bəndə əsasən dövlət statistikasının rayon və şəhər məlumat hesablama stansiyaları (mərkəzləri) təsərrüfat hesabı əsasında işləmişdir. Beləliklə iddiaçının qanunvericiliklə tələb olunan 15 il və daha yuxarı qulluq stajına münasibətdə 12 il 4 ay 11 gün dövlət qulluğu stajı mövcud olduğundan ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.1980-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Gəncə şəhər X2 mexanik, iqtisadçı və böyük iqtisadçı vəzifələrində işləmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2023-cü il tarixli 9-3/2-2338/2023 nömrəli məktubunda bildirilir ki, 1980-ci və 1982- 1990-cı illərdə Gəncə (Kirovabad) Rayon Məlumat Hesablama Mərkəzi təsərrüfat hesabına maliyyələşdirildiyi üçün həmin qurumda iş müddəti dövlət qulluğunda qulluq stajına daxil edilmir. -surəti işə əlavə edilmiş DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-C- 160076/2023 nömrəli məktubundan görünür ki, İddiaçı stajı 15 ildən az (12 il 4 ay 11 gün (xx.xx.1990 – xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)) olduğuna görə dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuş və ona xx.xx.2023-cü il tarixdən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 20 ildən artıq dövlət qulluğu vəzifəsində işlədiyini iddia edərək ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının qanunvericiliklə tələb olunan 15 il və daha yuxarı qulluq stajına münasibətdə 12 il 4 ay 11 gün dövlət qulluğu stajı mövcud olduğundan dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -20.11-ci maddəsinin qüvvədə olan redaksiyasına əsasən, bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1 dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarına; 20.11.2 dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu bəndinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət,sosial və partiya orqanlarında iş müddəti də daxil edilir. Qeyd edilməlidir ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sosial və partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. İş materiallarına əsasən müəyyən edilir ki, cavabdeh orqan iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Gəncə şəhər X2 işlədiyi müddəti onun dövlət qulluğunda qulluq stajına daxil etməmişdir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1.15-ci bəndində (1991-ci il oktyabrın 18-dək olan dövr) yalnız Azərbaycan SSR nazirlik, dövlət komitələrinin aparatında mövcud olan vəzifələrin Təsnifat toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 5 noyabr 1973-cü il tarixli 360 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsi və Naxçıvan MSSR-də, DQMV-də, Azərbaycan SSR şəhər və rayonlarında dövlət statistika orqanları haqqında Əsasnamə"nin 28-ci hissəsinə əsasən dövlət statistikasının rayon və şəhər məlumat hesablama stansiyaları (mərkəzləri) təsərrüfat hesabı əsasında işləmişdir. Dövlət statistikası rayon və şəhər məlumat hesablama stansiyalarının (mərkəzlərinin) bütün xərcləri təsdiq edilmiş istehsal-maliyyə planlarına və xərclər smetalarına uyğun olaraq onların təsərrüfat fəaliyyəti nəticəsində əldə etdiyi vəsait hesabına ödənilmişdir. Adıçəkilən Əsasnamə "Azərbaycan SSR Dövlət Statistika Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 30 mart 1988-ci il tarixli 114 nömrəli Qərarına əsasən qüvvədən düşmüşdür. “Ölkədə statistika işlərinin əsaslı surətdə yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Azərbaycan SSR Nazirlər Sovetinin 17 avqust 1987-ci il tarixli 294 nömrəli Qərarı ilə bağlı Azərbaycan SSR Dövlət Statistika Komitəsinin 31 avqust 1987-ci il tarixli 3 nömrəli əmrinin 2-ci bəndinə əsasən, rayon məlumat hesablama mərkəzləri (stansiyaları) rayon statistika idarələrinə çevrilmişdir və statistika idarələrinin fəaliyyəti "Dövlət müəssisəsi (birliyi) haqqında" Qanuna uyğun olaraq təsərrüfat hesabı əsasında həyata keçirilmişdir. Yuxarıda adıçəkilən Qərar "Azərbaycan Respublikası hökumətinin bəzi qərarlarının qüvvəsinin itirilmiş hesab edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 dekabr 1994-cü il tarixli 414 nömrəli Qərarına əsasən qüvvədən düşmüşdür. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2023-cü il tarixli 9-3/2-2338/2023 nömrəli məktubundan görünür ki, iddiaçının 1980-ci və 1982-1990-cı illərdə əmək fəaliyyəti ilə məşğul olduğu Gəncə (Kirovabad) Rayon Məlumat Hesablama Mərkəzi təsərrüfat hesabına maliyyələşdirildiyi üçün həmin qurumda iş müddəti dövlət qulluğunda qulluq stajına daxil edilmir. Qeyd olunanlara əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Gəncə şəhər X2 işlədiyi müddətin dövlət qulluğunda iş stajı kimi nəzərə alınmalı olduğunu iddia etsə də, onun əmək fəaliyyəti ilə məşğul olduğu müəssisə təsərrüfat hesabına maliyyələşdirildiyi üçün həmin qurumda iş müddəti dövlət qulluğunda qulluq stajına daxil edilə bilməz. İş materiallarına əsasən qeyd edilməlidir ki, iddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilməyən dövlət qulluğunda qulluq stajı müddəti 12 il 4 ay 11 gün təşkil etmişdir. Beləliklə, iddiaçının qanunvericiliklə tələb olunan 15 il və daha yuxarı qulluq stajına münasibətdə 12 il 4 ay 11 gün dövlət qulluğu stajı mövcud olduğundan ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı işlədiyi müddətin dövlət qulluğu kimi nəzərə alınaraq əmək pensiyası növünün dəyişdirilib dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar