Məhkəmə qərarları › İş №2-1(114)-421/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-421/2020

21.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-421/2020 21.05.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, Cavabdeh Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Qazax Rayon İcra Hakimiyyətinə qarşı istismara qəbul aktının verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Qazax Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, M-202-030 saylı məktubu ilə İddiaçı Qazax şəhəri, H.Əliyev prospekti 78 K ünvanında yerləşən mövcud ikimərtəbəli qeyri-yaşayış (mağaza) binasının ikinci mərtəbəsinə istismara icazə sənədinin verilməsi ilə bağlı müraciətinin icrasından imtina olunmuş və qeyri-yaşayış binasının ikinci mərtəbəsini inşa etməzdən əvvəl Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən tikintiyə icazə almaq üçün rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etməli olduğu və mövcud ikimərtəbəli qeyri-yaşayış binasının ikinci mərtəbəsini qeyri-qanuni inşa etdiyi üçün tikintiyə icazə sərəncamının və tikinti obyektinin istismarına icazə sənədinin verilməsinin qanunamüvafiq olmadığı bildirilmişdir. Bundan sonra, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək cavabdeh Qazax Rayon İcra Hakimiyyətinin imtinasının əsassız olduğu üçün ümumi sahəsi 40,5 kv.m olan Qazax şəhəri H.Əliyev prospekti 78 K ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsini adına özəlləşdirmək məqsədilə istismara qəbul aktı verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmaına dairqərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2013-cü il tarixli, seriya RX ******* nömrəli çıxarışa əsasən ümumi sahəsi 40,5 kv.m olan olan Qazax şəhəri, Heydər Əliyev prospekti, 78K ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyətində olmaqla hal-hazırda istifadəsindədir. Həmin qeyri-yaşayış sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan 0,0050 ha torpaq sahəsində yerləşir. Bu qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsinin tikintisi üçün Qazax Rayon İcra Hakimiyyəti tərəfindən təklif almış və o, da bu qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsində sahəsi 36,17 kv.m-dən ibarət tikinti işləri görüb, ikinci mərtəbəni tamamlamışdır. Həmin qeyri-yaşayış sahəsini özəlləşdirmək məqsədi ilə istismara qəbul aktı almaq üçün xx xxxxxx 2019-cu il tarixli ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə Qazax Rayon İcra Hakimiyyətinə müraciət etmiş, sonuncununxx xxxxxx 2019-cu il tarixli, M-202-030 nömrəli məktubu ilə ona tikdiyi ikinci mərtəbənin istismara qəbul aktı verilməsindən imtina edilmişdir. Cavabdehin bu hərəkəti ilə onun mülkiyyət hüquqları pozulur. Hesab edir ki, cavabdehin bu imtinası əsassızdır. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının Qazax şəhəri Heydər Əliyev prospekti 78 K ünvanında yerləşən mövcud iki mərtəbəli qeyri-yaşayış binasının ikinci mərtəbəsinə istismara icazə sənədinin veriməsi ilə bağlı xx.xx.2019-cu il tarixli, M-202-030 nömrəli müracilətinə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında baxılmışdır. İddiaçının qeyri-yaşayış binasının ikinci mərtəbəsini inşa etməzdən əvvəl Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən tikintiyə icazə almaq üçün Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək torpaq sahəsi üzərində aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini, şəhərsalma əsaslandırılmasını, memarlıq planlaşdırma həllini, mövcud bir mərtəbəli qeyri-yaşayış binasının ikinci mərtəbəsinin tikintisi ilə bağlı FHN-nin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və X1 İnstitutunun binanın dayanaqlığına dair rəyi təqdim etməli idi. Müraciəti ilə əlaqədar iddiaçı ilə əlaqə saxlanılmış, mövcud iki mərtəbəli qeyri-yaşayış binasının ikinci mərtəbəsini qeyri-qanuni inşa etdirdiyi üçün Qazax Rayon İcra Hakimiyyəti tərəfindən tikintiyə icazə sərəncamının və tikinti obyektinin istismarına icazə sənədinin verilməsinin qanunamüvafiq olmadığı bildirilmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iddiaçının məhkəmə iclasında iştirak etməməsinəbaxmayaraq, işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İPM-in 62.3-cü maddəsi). İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan məlum olur ki, Qazax şəhəri, H.Əliyev prospekti, 78 K ünvanında yerləşən ümumi sahəsi 40,5 kv.m olan 1 mərtəbəli qeyri yaşayış binası xüsusi mülkiyyət hüquqi ilə xx.xx.2013-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Texniki pasportun surətindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi idarəsi tərəfindən qeyri yaşayış binasının xx.xx.2013-cü il tarixdə olan vəziyyətinə əsasən İddiaçı adına texnki pasport tərtib olunmuşdur. İşdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Qazax şəhəri, H.Əliyev prospekti, 78 K ünvanında yerləşən 0.0050 ha torpaq sahəsi xüsusi mülkiyyət hüquqi ilə 25.098.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Memarlıq planlaşdırma həllindən məlum olur ki, Qazax şəhəri H.Əliyev prospekti, 78 K ünvanında İddiaçı məxsus torpaq sahəsində mövcud qeyri-yaşayış (mağaza) obyektinin lahiyəsi Qazax RİHB-nın aparatında Memarlıq və Tikinti şöbəsi tərəfindən xx.xx.2019-cu ildə razılaşdırılmışdır. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia növü məcburetmə haqqında iddiadır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2 və 33. maddələri). Belə ki, İddiaçı ümumi sahəsi 40,5 kv.m olan Qazax şəhəri, Heydər Əliyev prospekti, 78K ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsini adına özəlləşdirmək məqsədilə istismara qəbul aktının verilməsi barədə Qazax Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin cavabdeh orqan onun müraciətindən imtina etmiş, iddiaçı hazırkı tələblə inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə istismara qəbul aktının verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmiş və imtina cavabı aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə işin halların, tərəfin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra Şəhərsalma və Tikinti Məcəlləsi) 5. maddəsinə görə şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: - ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təsdiq edilməsi, ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi, şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin yaradılması və onun tətbiqi qaydasının müəyyən edilməsi, tikintiyə icazənin verilməsi, şəhərsalma və tikinti fəaliyyətinin lisenziyalaşdırılması, tikinti fəaliyyətinin, tikinti təyinatı avadanlıqlarının, maşın və mexanizmlərin sertifikatlaşdırılmasının təşkili, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti layihələrinin ekspertizadan keçirilməsi, şəhərsalma və tikintiyə dair normativ sənədlərin hazırlanması və qəbul edilməsi, tikinti obyektinin istismarına icazə verilməsi, şəhərsalma və tikinti sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsinin təmin edilməsi, tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi meyarlarının və qaydalarının müəyyən edilməsi. Həmin Məcəllənin 7. maddəsinə görə Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: - sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi, təhlükəsizliyin təmin edilməsi, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi, şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi, tarixi landşaftın və mədəni irs obyektlərinin qorunması, ictimaiyyətin məlumatlandırılması. Məhkəmə qeyd edir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur və həmin icazənin verilməsinin ümumi qaydaları adıçəkilən qanunvericiliklə tənzimlənir. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin; 75.1. maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir.75.3. maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti) ərizə ilə müraciət edir. Ərizəyə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, tikinti layihəsi, sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi əlavə olunur. 75.4. maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. 75.5. maddəsinə əsasən tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti) aşağıdakıları təmin edir. 75.5.1. maddəsinə əsasən tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini. 75.5.2. maddəsinə əsasən bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. 75.7. maddəsinə əsasən bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəy 5 iş günü müddətində, 75.5.2-ci maddəsində göstərilən sorğuya isə layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində bildirilməlidir. Bu müddətlər ərzində göstərilən rəylər bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) iradların olmaması prezumpsiyasından çıxış edir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olmaması barədə rəy tikintiyə icazə verilməsindən imtina üçün əsasdır. 75.8. maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. 75.11. maddəsinə əsasən tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. 75.14. maddəsinə əsasən tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı (qurum) icazədə nəzərdə tutulmuş məlumatları 3 iş günü müddətində vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Tikintilərin Dövlət Reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet saytında yerləşdirilir. Göründüyü kimi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Qazax şəhəri, H.Əliyev prospekti, 78 K ünvanında yerləşən ümumi sahəsi 40,5 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası iddiaçının xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmiş və həmin obyektin xx.xx.2013-cü ildə mövcud vəziyyətinə dair texniki pasport işlənmişdir. Daha sonra iddiaçı tərəfindən tikintisinə icazə tələb olunan qeyri-yaşayış obyektinin ikinci mərtəbəsinin inşa edilməsi ilə bağlı Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olaraq icazə almamışdır. Belə ki, iddiaçı yalnız tikintiyə icazə verildiyi halda icazənin surəti, habelə tikinti lahiyəsi təqdim edildikdən sonra tikinti işlərini apara bilərdi. Hazırkı tələblə isə iddiaçı Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olaraq tikintisinə icazə tələb olunan, lakin icazə olmadan inşa etdirdiyi qeyri-yaşayış obyektinə dair istismara icazə aktının verilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin: 101.1-ci maddəsinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2-ci maddəsinə görə tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tərəfindən verilir. 101.4-cü maddəsinə görə tikinti obyektinin istismarına icazənin vahid forması müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. 102.1-ci maddəsinə görə tikintisinə icazə tələb edilən tikinti obyektinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri, şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. 102.2-ci maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. 102.4-cü maddəsinə görə tikinti obyektinin istismarına icazənin verilməsi üçün müraciətin təqdim edildiyi gündən 20 gün müddətində müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) obyektin istismarına icazə verir və ya icazə verməkdən imtina edir. 103.1-ci maddəsinə görə tikinti obyektinin istismarına icazədə aşağıdakı məlumatlar nəzərdə tutulur: tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları, tikinti obyektinin istismarına icazə verən orqanın adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası, tikinti obyektinin istismarına icazənin verildiyi tarix və icazənin nömrəsi, tikinti obyektinin istismar təyinatı, tikinti obyektinin əsas texniki göstəriciləri, Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi. 103.2-ci maddəsinə görə tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tikinti obyektinin istismarına icazədə nəzərdə tutulmuş məlumatları 5 gün müddətində Tikintilərin Dövlət reyestrinə təqdim edir. Bu məlumatlar ən geci 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin rəsmi internet səhifəsində yerləşdirilir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilmişdir ki, şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktlar Məcəlləyə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”nin 4.11-ci bəndinə görə aşağıdakılar yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aiddir: (4.11.11.5) “memarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 4-cü, 7-ci və 12-ci maddələrinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; (4.11.12) müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən də göründüyü kimi, iddiaçı qeyri-yaşayış binasının ikinci mərtəbəsini inşa etməzdən əvvəl Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən tikintiyə icazə almaq üçün tikintinin aparılmasına səlahiyyət verən sənədlərlə birlikdə cavabdeh inzibati orqan olan Qazax Rayon İcra Hakimiyyətinə müraciət etməli olduğu halda bunu etməmişdir və hazırkı tələb isə özbaşına tikili hesab edilən, yəni şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş tikinti obyektin qanuniləşdirilərək istismara verilməsini ehtiva edir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası haqlı olmuşdur. AzərbaycanRespublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Qazax Rayon İcra Hakimiyyətinə qarşı istismara icazə aktının verilməsinə dair iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar