Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4681/2025 16.01.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” X8 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarda dəyişiklik edilərək ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tarixinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” X8 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” X8 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarda dəyişiklik edilərək ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tarixinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: a) Məhkəmə araşdırmasının predmeti
1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş cavabdehin “pensiya məbləğinin hesablanması haqqında” məktubuna əsasən, vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixində Mərkəzi Filiala ailə başçısını itirməyə görə pensiyanın təyin olunması üçün müraciət etmiş, Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən ona yaşa görə əmək pensiyası (aylıq pensiya məbləği 366.47 manat) xx.xx.2022-ci il tarixinədək ödənilmişdir. Mərkəzi Filial tərəfindən xx.xx.2022-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinin tələblərinə uyğun olaraq mərhum X4 vaxti ilə sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun müvafiq təminat xərcliyinin (2202.22 manat) 40 faizi - 880.89 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərək ödənilir. Qeyd olunanlara əsasən, yaşa görə əmək pensiyası ailə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericiliklə nəzərdə tutulmadığından Mərkəzi Filialın vətəndaş İddiaçı ödənilməli olan hər hansı borc məbləği yoxdur.
2. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2- 183067/2025 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kəpəz rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2006-cı il tarixli, 271 nömrəli qərarına əsasən, vətəndaş İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq qocalığa görə ailə üzvünə xx.xx.2006-cı il tarixdən ömürlük tarixə kimi 30-00 təyin edilmiş və ya pensiya payı ayrılmışdır; - 21.12.2020-ci il tarixli, AZ-İİ 140489 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X5 dəqiqləşdirilməmiş ürək dayanması səbəbindən xx.xx.2020-ci il tarixdə ölmüşdür; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli “əmək pensiyasının təyin edilməsi haqqında” qərara əsasən, 040954 nömrəli pensiya işinə görə İddiaçı xx.xx.2022-ci il tarixdən ABİ-yə görə pensiya təyinatı aparılmışdır.
3. Ədliyyə Nazirliyi 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3- 16-5/8-1792-13/25 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş 9130 8 1335 15122020 nömrəli ölüm haqqında akt qeydinə əsasən, X5 xx.xx.2020-ci il tarixdə Gəncə şəhərində dəqiqləşdirilməmiş ürək dayanması səbəbindən ölmüş, xx.xx.2020-ci il tarixli, AZ-İİ 140409 nömrəli şəhadətnamə verilmişdir.
4. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/2-183067/2025 nömrəli məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər; - Ədliyyə Nazirliyi 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-1792-13/25 nömrəli məktubu və məktuba qoşma şəklində əlavə edilmiş sənədlər. b) Tərəflərin ərizəsi, etirazı və iştirakı
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” X8 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarda dəyişiklik edilərək ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tarixinin xx.xx.2020-ci il kimi müəyyən edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
6. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya 2006-cı ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı bildirir ki, onun oğlu X7 9 dekabr 2020-ci il tarixdə ölmüş, lakin ona ailə başçısını itirməyə görə əmək pensiyası 12 oktyabr 2022-ci il tarixdə təyin edilmişdir. O hesab edir ki, ona ailə başçısını itirməyə görə əmək pensiyası oğlumun öldüyü tarixdən təyin edilməlidir. Bununla bağlı iddiaçı yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyasının arasındakı fərqin əvvəlki dövr üzrə ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş və ona 02 fevral 2023-cü il tarixli imtina cavabı verilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və ona yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyasının arasındakı fərq əvvəlki dövr üzrə ödənilməlidir.
7. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda qeyd edilmişdir ki, işin hallarına əsasən, İddiaçı xx.xx.2006-cı il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2022-ci il tarixində ərizə ilə Mərkəzi Filala müraciət etmiş, Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli qərarı ilə Qanunun 20.17.2-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı mərhum oğlu X3 vaxtilə sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun müvafiq təminat xərcliyinin (2202,22 manat) 40 faizi - 880,89 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı iddia ərizəsindəki tələblərinə münasibətdə qeyd edilmişdir ki, Qanunun 5.1-ci maddəsinə əsasən müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. İddiaçıya qanunvericiliyin tələblərinə əsasən, öz seçimi ilə eyni anda yalnız bir pensiya təyin oluna biləcəyini nəzərə alaraq qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixində mərhum oğlu V.Hüseynovun vəfat etməsi ilə bağlı özünün ailə başçısını itirməyə görə pensiya hüququn yarandığını iddia etsə də, iddiaçıya ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin olunduğu xx.xx.2022-ci il tarixinədək yaşa görə əmək pensiyası ödənilmişdir. Beləliklə, iddiaçı həmin hüququnu yaşa görə əmək pensiyası alaraq istifadə etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi barədə qanunvericilikdə hər hansı norma yoxdur. Yuxarıda istinad olunmuş qanunvericilik normalarının və işin hallarının qarşılıqlı təhlilindən bir daha aydın olur ki, İddiaçı müvafiq pensiya hüququnun yarandığını iddia etdiyi xx.xx.2020-ci il tarixindən ona həmin növ pensiyanın təyin edildiyi xx.xx.2022-ci il tarixinədək yaşa görə əmək pensiyası almaqla öz seçimi ilə bir pensiya almaq hüququnu reallaşdırdığından və qanunvericilikdə yaşa görə əmək pensiyası ilə ailə başçısını itirməyə görə əmək pensiyası məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi barədə norma mövcud olmadığından imtina qanuni və əsaslı olmuşdur, iddia tələbi əsassızdır. İddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsi xahiş edilmişdir.
8. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilən etiraza uyğun izahat vermiş, iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
9. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd edilənləri müdafiə etmiş, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
10. Sonuncu məhkəmə iclasında iddiaçı iştirak etməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.
11. İddiaçının məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi).
Əsaslandırma hissəsi:
12. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia qaldırmışdır.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
14. Hazırkı mübahisəyə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürmədən məhkəməyə müraciət etmişdir.
15. Belə ki, iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək, oğlunun öldüyü xx.xx.2020-ci il tarixdən hesablanmaqla ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya onun müraciəti üzrə xx.xx.2023-cü il tarixli məktub ünvanlanmışdır. Lakin həmin məktubun iddiaçıya təqdim edilməsinə dair heç bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin həmin məktubun məzmunda xx.xx.2022-ci il tarixli qərarın qəbul edilməsi və həmin qərarın rekvizitləri barədə heç bir fikir ifadə edilməmişdir.
16. Bütün yuxarıda qeyd edilənləri nəzərə laraq məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.
17. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir.
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Pensiya seçmək hüququ 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Maddə 34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə 4.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu Qanunun 34.1-1ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası
6. Əmək pensiyalarının yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi 6.4. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq avtomatlaşdırılmış qaydada yeni təyinatın aparıldığı tarixdən və ya bu barədə ərizənin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır.
17. Məhkəmə iş üzrə inzibati icraat materiallarını araşdırın hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuş və bu, iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmamışdır.
18. Belə ki, iddiaçının hazırkı hüquqi marağı cavabdehin qərarında dəyişiklik edilərək, ailə başçısını itirməyə görə əmək pensiyasının tarixinin oğlunun ölüm tarixinə dəyişdirilməsindən ibarətdir.
19. İlkin olaraq, iddiaçıya xx.xx.2006-cı il tarixdən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə uyğun olaraq ömürlük pensiya təyinatı aparılmış, daha sonra isə iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən cavabehin xx.xx.2022-ci il tarixli, **********6 nömrəli “əmək pensiyasının təyin edilməsi haqqında” qərarı ilə ona xx.xx.2022-ci il tarixdən ABİ-yə (ailə başçısını itirməyə) görə pensiya təyinatı aparılmışdır. Belə ki, iddiaçının mərhum oğlu X5 xx.xx.2020-ci il tarixdə ölmüşdür.
19. İstər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 34cü maddəsinə, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 6.4-cü bəndinə əsasən, əmək pensiyasının bir növündən başqa növünə keçirilmə ilə bağlı qərar qəbul edilərkən sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır.
20. İddiaçının oğlu X5 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, iddiaçı isə xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək, ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsinə köməklik edilməsini xahiş etmiş, cavabdeh tərəfindən iddiaçıya ailə başçının itirilməsinə görə əmək pensiyasının təyin edilməsi barədə hazırda mübahisələndirilən xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarda sözügedən əmək pensiyasının iddiaçının cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Qanunvericilikdə də bir pensiya növündə başqla pensiya növünə dəyişdirilməsi zamanı yeni seçilmiş pensiyanın növünün sənədlərin təqdim edildiyi, yəni şəxsin müraciət etdiyi tarixdən hesablanması nəzərdə tutulmuşdur.
20. İnzibati orqan tərəfindən cavabdeh iddiaçının müraciəti üzrə qəbul etdiyi qərar həm “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinin, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 6.4-cü bəndinin tələblərinə uyğun şəkildə qəbul edilmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(102)-351/2025 nömrəli qərarında da oxşar mövqe əks etdirilmişdir.
22. Bir sözlə cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********6 nömrəli qərarı qanuni və əsaslıdır.
23. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının müraciəti üzrə cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraat zamanı maddi və prosessual hüquq normalarının pozulması, eləcə də, iddiaçının tələbinin faktiki və hüquqi əsaslarının olması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən iddiaçının cavabdeh orqanın xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarda dəyişiklik edilərək ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tarixinin xx.xx.2020ci il kimi müəyyən edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası əsaslı olmadığından təmin edilməməlidir.
21. Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
22. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” X8 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarda dəyişiklik edilərək ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi tarixinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov