Məhkəmə qərarları › İş №2-1(114)-4698/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4698/2024

23.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4698/2024 23.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdehin inzibati xəta törətməkdə təqsirli bilinərək cərimə olunması və ona dəymiş maddi-mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, hüquqi şəxs Cavabdeh MMC-nin inzibati xətanı törətməkdə təqsirli bilinərək 25000 manat məbləğində cərimə olunması və onun müqavilədən kənar işlədiyi 23 aylıq dövr üçün ona dəymiş maddi-mənəvi zərərin əvəzi 8710 manat əsas borc məbləğində təzminatın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, yanvar 2018-ci il tarixdən 02 avqust 2023-cü il tarixə qədər "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləmişdir. İddiaçı sözü gedən MMC-də yanvar ayından işləməyinə baxmayaraq hüquqi şəxs "xxxx" MMC onunla xx.xx.2019-cu ildən etibarən rəsmi müqavilə bağlamışdır. İşə götürən orqan 23 ay onu əmək müqaviləsindən kənar işlətmişdir. İddiaçının hüquqlarının pozulması ona 16 oktyabr 2024-cü il tarixdə Gəncə şəhər Prokurorluğundan xx.xx.2023-cü il tarixli 67-ix/23 saylı qərarı götürərkən məlum olmuşdur. İddiaçı bu barədə MMC-nin direktoru X2 zəng etmiş, MMC-nin direktoru onun zəngini açmayaraq nömrəsini blok etmişdir. İddiaçı daha sonra MMC-nin baş mühasibi ilə əlaqə saxlamışdır. Onu müqavilədən kənar işlətdikləri barədə baş mühasib X7 iddiaçıya müqavilədən kənar işlədiyi dövr üçün (yəni 23 ay müddət üçün) dəymiş maddi-mənəvi zərəri ödəyəcəklərini və bu barədə heç yerə şikayət etməməsini demişdir. Lakin MMC-nin baş mühasibi X7 da sonradan MMC-nin direktoru kimi onun zənglərinə cavab verməkdən boyun qaçırmışdır. Bu səbəbdən iddiaçı məhkəməyə şikayət etmək məcburiyyətində qalmışdır. İddiaçının MMC-də müqavilədən kənar işlədiyi barədə MMC-nin əmək haqqı kitabında xidmətə girərkən imza atdığı jurnallarda imzaları var. O, həmin dövrdə əmək haqqını imza ataraq almışdır. İddiaçının 23 ay əmək müqaviləsindən kənar işləməyi MMC-nin direktoru X1 şəhər Prokrorluğunda 67-İX/23 saylı marerial üzrə izahat verərkən də özü dəfələrlə etiraf edib. O öz izahatında qeyd etmişdir ki, İddiaçı 2018ci ilin yanvar ayından 23 ay müddət müqavilədən kənar işlətmiş və onu xx.xx.2019-cu il tarixdə işə rəsmi qeydiyyata almışdır. İşin halları Gəncə şəhər Prokrorluğunun xx.xx.2023-cü il tarixli, 67-İX/23 nömrəli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarı ilə 67-İX/23 nömrəli toplanmış material üzrə X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, qəbul edilən qərar baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Gəncə-Daşkəsən Regional şöbəsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İnzibati Xətalar Məcəlləsi Maddə 40. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) 40.0. İnzibati xətalar haqqında işlərə: 40.0.1. rayon (şəhər) məhkəmələri; 40.0.2. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan); 40.0.3. müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. Qanunun tətbiq dairəsi 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarı

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 7.2. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

Məhkəmənin mövqeyi

Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iddianın mümkünlük şərtlərinin mövcudluğunu yoxlayaraq qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddianın mümkünlük şərtlərindən biri olan məhkəmə aidiyyəti düzgün müəyyən edilməmişdir. İddiaçı Cavabdeh MMC-yə qarşı olan hazırkı iddia tələbi ilə cavabdehin inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə olunması və ona dəymiş maddi-mənəvi zərərin ödənilməsini xahiş edir. Məhkəmə əvvəla qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsinə görə, inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri; yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan); müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Həmçinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tətbiqi dairəsini tənzilməyən 3-cü maddəsində göstərilmişdir ki, bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Eyni tənzimləmə həmçinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarında da qeyd olunmuşdur. Göründüyü kimi, inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. Məhkəmə tələbin Cavabdeh MMC tərəfindən dəymiş maddi-mənəvi zərərin ödənilməsi hissəsində münasibətdə isə qeyd edir ki, bu mübahisə xüsusi hüquq münasibətləri ilə bağlı olmaqla mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxılmalıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati hüquq münasibətləri tərəflər arasında yaranan ümumi (publik) hüququn nizamasalma predmetinə aid olan münasibətlərdir. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Xüsusi hüquq isə onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir. Xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdehin inzibati xəta törətməkdə təqsirli bilinərək cərimə olunması və ona dəymiş maddi-mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin iddiaçıya izah edilir ki, qeyd olunan tələblərlə bağlı müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdehin inzibati xəta törətməkdə təqsirli bilinərək cərimə olunması və ona dəymiş maddi-mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar