Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-470/2020 04.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinə qarşı pensiya məbləğinin yenidən hesablanması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1945-ci il tarixdə Ermənistan, Vardenis rayonunda anadan olmuşdur. İddiaçıya 1995-ci il tarixdə 50 yaşında yeraltı işlərdə işlədiyi üçün güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. İddiaçı pensiya məbləğinin yenidən hesablanması ilə bağlı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonuncu tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixdə **********6 nömrəli məktubla bildirilmişdir ki, onun ümumi 31 il sığorta stajı nəzərə alınaraq 212,13 manat pensiya hesablanaraq ödənilir. İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması və onların üzərinə 1972-ci il tarixdən 1988-ci il tarixə kimi Yeraltı işlərdə işlədiyi iş stajının müəyyən edilmiş əmək haqqının, 1995-ci il tarixdə pensiyaya çıxarmaqla bağlı pul məbləğinin ödənilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək 1972-1988-ci illərdə X1 Kombinatında (müəssisə Ermənistan Respublikasının ərazisində yerləşir) aldığı əmək haqları nəzərə alınmaqla güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında tələbini onunla əsaslandırmışdır ki, o, 50 yaşında güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin pensiyası 1972-ci ildən 1988-ci ilin sonuna kimi dövrü əhatə edən yeraltı işlərdə işlədiyi iş stajı üzrə müəyyən edilin aldığı əmək haqqına uyğun hesablanmamışdır. Odur ki, əmək pensiyasının yenidən hesablanmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı 1995-ci ildə yeraltı işlərdə işlədiyi üçün 1 nömrəli siyahı üzrə güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. Həmin vaxt əmək haqqı barədə sənəd təqdim edə bilməyən qaçqınların və məcburi köçkünlərin pensiya hesablanması üçün işləmiş olduqları xalq təsərrüfatının sahələri üzrə orta aylıq əmək haqqı məbləği barədə (cədvəllərini məlum səbəblərdən təqdim etmədiyinə görə), Nazirlər Kabinetinin 1997-ci il 13 avqust tarixli 91 nömrəli qərarı ilə 1997-ci ildə yenidən pensiya hesablanması tətbiq edilmişdir. Həmin qərarda sənayedə çalışanlar üçün aylıq əmək haqqı məbləği (manatla) 96000:5000=19,20 AZN olmuşdur. xx.xx.2011-ci il tarixdən müvafiq sərəncamla sosial sığorta stajına əsasən vətəndaşın pensiyası yenidən hesablanaraq 149,02 manata (85 (baza)+64,08 (sığorta hissə)) çatdırılmışdır. Hal-hazırda pensiya 212,13 manat təşkil edir. Vətəndaşın pensiyasında əmək haqqı və sosial sığorta stajı nəzərə alınmışdır. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlara uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus xx.xx.1976-cı il tarixli əmək kitabçasının surəti, Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********6 nömrəli imtina məktubu təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddia olsa da, əsaslı deyildir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mümkün iddia olsa da, tələb əsassızdır. Belə ki, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi maddə - 14.2). Bu səbəbdən də cavabdehin imtina dəlilinin qanuna uyğunluğu yoxlanılmalıdır. Məhkəmə iş üzrə müəyyən edilən halları, cavabdehin imtina dəlilləri ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya pensiya təyin edən zaman əmək haqqı barədə sənəd təqdim edilmədiyindən pensiya məbləğini Nazirlər Kabinetinin müvafiq qərarı əsasında hesablamaqla haqlı olmuşdur. Məhkəmə cavabdehin imtinasının dəlilləri ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 89-cu maddəsində qeyd olunur ki, pensiyaların məbləği, o cümlədən minimum pensiyaların məbləği və pensiyanın hesablanması üçün nəzərə alınan gəlirin maksimum məbləği minimum əmək haqqının yüksəlməsi ilə əlaqədar olaraq artırılır. Həmin Qanunun 112-ci maddəsinə əsasən pensiyaçı sonralar bu Qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq pensiyanın artırılmasına hüquq verən əlavə sənədlər (iş stajı, gəlir, ailə vəziyyəti və s. haqqında) təqdim edərsə, keçmiş müddət üçün əlavə sənədlərin təqdim edildiyi gündən əvvəlki 12 aydan çox və Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq pensiya bu Qanunun normaları əsasında yenidən hesablanır. “Pensiya hesablanması üçün 1996-cı ilin yekununa görə respublika üzrə orta aylıq əmək haqqının məbləğinin təsdiq edilməsi” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 13 avqust tarixli 91 nömrəli qərarının 2-ci bəndinə əsasən əmək haqqı barədə sənəd təqdim edə bilməyən qaçqın və məcburi köçkünlərin pensiya hesablanması üçün işləmiş olduqları xalq təsərrüfatının sahələri üzrə orta aylıq əmək haqqı məbləği barədə cədvəllərə əsasən hesablanır. Cavabdeh inzibati orqan qeyd olunan qərar əsasında iddiaçının pensiyasını sənayedə çalışanlar üçün aylıq əmək haqqı məbləği (manatla) 96000:5000=19,20 AZN məbləğdə hesablamış, daha sonra xx.xx.2011-ci il tarixdən müvafiq sərəncamla sosial sığorta stajına əsasən vətəndaşın pensiyası yenidən hesablanaraq 149,02 manata, hazırda isə 212,13 manata çatdırmışdır. Beləliklə məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddiaçı 1972-ci ildən 1988-ci ilədək ona ödənilmiş əmək haqqının məbləğini təsdiq edən sənədi təqdim etmədiyi üçün inzibati orqan qanunvericiliyin tələblərinə uyğun olaraq pensiyanın yenidən hesablanmasından imtina etməkdə haqlı olmuş, bu səbəbdən də, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinə qarşı 1972-1988-ci illərdə X1 Kombinatında aldığı əmək haqları nəzərə alınmaqla güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanması tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi (Gəncə şəhəri, H.Əliyev prospekti 105A) ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-470/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-470/2020
04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver