Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-476/2024 14.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası X4 etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı test balının yenidən hesablanması və ona AB3 sertifikatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, test balının yenidən hesablanması və ona AB3 sertifikatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixində X5 (DİM) tərəfindən keçirilən AB növünə aid inzibati vəzifələr üzrə imtahanda iştirak etmiş, nəticə olaraq 85 bal (AB4) toplamış, lakin imtahanda istifadə olunan suallarda səhvlərin olmasını nəzərə alaraq, 2023-cü il 27 mart tarixində DİM-in apellyasiya komissiyasına müraciət etmişdir. Apellyasiya komissiyasında yanlış olmasını qeyd etdiyi suallar üzrə hər hansı bir tutarlı izah və ya yekun cavab ala bilməməyini, apellyasiya komissiyasına cəlb edilmiş DİM-in əməkdaşlarının özlərinin həmin sualların səhv və ya düzgün olması, düzgün cavabların hansı olması barədə məlumatlı olmamalarını nəzərə alaraq 28 mart tarixində təkrar yazılı apellyasiya şikayəti etmişdir. Onun DİM-ə ünvanladığı müraciətdə konkret sualların səhv olmasını əsaslandırmağına baxmayaraq, DİM-in 2023-cü il 7 aprel tarixli 93/2-Ə157-42- 269/2023 nömrəli cavab məktubunda ümumi şəkildə “imtahandan sonra imtahan nəticəsələrinə təsir göstərə bilən hallar araşdırılaraq təhlil olunmuş, imtahanda istifadə olunmuş tapşırıqlar ekspertlər tərəfindən yenidən ekspertiza edilmiş, onlarda elmi-metodiki qüsur aşkar olunmamışdır” qeydi yazılmaqla göstərdiyi sualların doğru və ya yanlış olması ilə bağlı hər hansı əsaslandırılmış fikir ifadə olunmamışdır. DİM tərəfindən verilmiş cavab məktubundan narazılığı barədə 2023-cü il 19 aprel tarixində X1 Şurasının, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) və X4 elektron ünvanlarına müraciət ünvanlamış, DİM tərəfindən 2023-cü il 25 iyul tarixli 9-3/2-Ə- 157/542-566/2023 nömrəli məktubla hər hansı əsaslandırılmış fikir ifadə olunmadan simvolik cavab verilmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən onun müraciətinə 2023-cü il 4 avqust tarixli 2-5/2-20127/2023 nömrəli məktubla simvolik cavab verilmiş, X3 Şurası tərəfindən isə cavab verilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli, 86 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın 2.5-ci bəndinə əsasən, test tapşırıqlarının hazırlanması üçün vəzifə qrupları üzrə proqramlar Mərkəz tərəfındən təsdiq edilir. Proqramda test imtahanında yoxlanılacaq biliklər üzrə mövzular, bacarıqlar və təqdim ediməsi mümkün olduğu halda ədəbiyyat siyahısı göstərilir. Test imtahanı proqramları Mərkəzin internet portalında yerləşdirilir. Qaydanın 2.6-cı bəndinə əsasən, hazırlanan qapalı tipli hər bir test tapşırığının cavabı hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalıdır, test variantları tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır. Qeyd olunanları nəzərə alaraq, DİM-in 2023-cü il 18 mart tarixində təqdim etdiyi aşağıdakı suallar: 1) Məntiq bloku üzrə situasiya ilə bağlı salınmış 79-cu sual: Sual: İş yoldaşınız təkəbbürlü adamdır. O, gördüyü hər hansı bir işi səmərəsiz üsulla həyata keçirir. Siz həmin işin daha asan yolla görülməsinin üsulunu ona bildirirsiz. O, sizə “get işinlə məşğul ol” cavabını verir. Bu halda Sizin atacağınız ən yanlış addım nə olar? DİM tərəfindən doğru hesab edilən variant: Rəhbərliyə məlumat vermək (DİM tərəfindən ən yanlış addım kimi götürülmüşdür). Sualın yanlış olmasını bildirməyə əsas verən hallar: Sual DİM tərəfindən rəsmi internet səhifəsində təqdim edilmiş dövlət qulluğuna qəbulun test imtahan mərhələsi üçün “məntiq bloku üzrə imtahan proqramı”nın hər hansı bir bölməsinə uyğun gəlmir. Apellyasiya şikayətinə baxılması zamanı həmin sualın proqramda “mətnin məzmunu ilə bağlı sualın cavablandırılması” bölməsinə aid olması bildirilsə də, həmin sual bölmənin tələblərinə uyğun deyil. Eyni zamanda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün DİM-in rəsmi internet səhifəsində yerləşdirilmiş müsahibə proqramlarında “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə məntiqi təfəkkürün yoxlanılması üzrə test imtahanı proqramı”nda qeyd edilən “mətnin məzmunu ilə bağlı sualın cavablandırılması” bölməsinin olmasına baxmayaraq, əlavə olaraq “ümumi xarakterli situasiya mühakimə bacarıqlarının yoxlanılması üzrə proqramı” da təqdim edilməkdədiir. Həmin proqramda “Situasiya mühakimə testi işlə əlaqədar situasiyalarda şəxsin müvafiq davranışı müəyyən etmə qabiliyyətini yoxladığı” qeyd edilmişdir. Bu həmin sualın proqramdan kənar (dövlət qulluğuna qəbulun test imtahan mərhələsi üçün) olduğunu deməyə əsas verir. Hər üç proqram DİM-in rəsmi internet səhifəsində yüklənə bilər. (https://exidmet.dim.gov.az/dqq/Elan/TestİmtProq). Proqramdan kənar olması ilə yanaşı həmin test tapşırığında ciddi nöqsan mövcuddur. Belə ki, məsələnin şərt hissəsində həmin iş yoldaşının ondan yuxarı, eyni və ya aşağı vəzifədə işləməsi ilə bağlı məlumatlar qeyd olunmadığından məsələnin şərti hissəsi Qaydanın 2.6-cı bəndinin tələblərinə uyğun deyil. Həmin test tapşırığı üzrə DİM tərəfindən “rəhbərə məlumat verməkdən” daha düzgün davranış kimi “işləri öz bildiyi kimi görməsi üçün onun işinə qarışmamaq” qəbul edilmişdir. Situasiya ilə bağlı test tağşırığı olduğu üçün, həmin situasiyaya bir neçə nümunə göstərməklə qeyd edilən test tapşırığında yanaşmanın yanlış olduğunu əsaslandırmaq mümkündür. Əgər iş yoldaşı mənim tabeliyimdə işləyən hər hansı bir şəxsdirsə və o, işini səmərəli yerinə yetirmirsə onun bilavasitə vəzifəsi ona daha səmərəli üsulu göstərməkdir. Əgər tabe olmursa ən yanlış hərəkət “işləri öz bildiyi kimi görməsi üçün onun işinə qarışmamaq” olardı. Bundan başqa, əgər bərabər vəzifədə işləyən şəxslərdirsə onun hər hansı bir işi səmərəsiz yerinə yetirməsi ümumi işin nəticəsinə, dövlət orqanının və dövlətin nüfuzuna xələl gətirə biləcəyi üçün ona səmərəli üsulun izah edilməsini hər bir dövlət qulluqçusunun mənəvi borcu olduğunu hesab edir. Daha təcrübəli yoldaşın tövsiyələrini eşitmədiyi halda işin daha səmərəli təşkili məqsədilə dövlət qulluqçusunun rəhbərinə məlumat verməyi ən düzgün addım hesab edir. 2) Məntiq bloku üzrə yaş məsələsi ilə bağlı salınmış 98-ci sual:- Sual: “İki qardaşın yaşlarının fərqi 8, yaşlarının nisbəti 23-dür. 16 il sonra onların yaşları nisbəti neçə olar?” DİM tərəfindən doğru hesab edilən variant: 0,8. Sualın yanlış olmasını bildirməyə əsas verən hallar: Qeyd edilən məsələni verilən şərtlərə əsasən həll etmək qeyri-mümkündür. Apellyasiya şikayətinə baxılması zamanı DİM-in ekspertindən verilən şərtlərə əsasən misalı həll edərək 0,8 cavabının alınmasının tələb edilməsinə baxmayaraq, həll edə bilməmişdir. Bundan başqa, əvvəllər iştirak elədiyi imtahanlarda yaş məsələsi ilə bağlı oxşar test tapşırıqlarında kəsr rəqəmləri ilə yaşların təqdim edilməsi hallarını müşahidə etməmişdir. Həmçinin yaşların kəsr rəqəmləri ilə olması (yaşlardan birinin 0,3636 (yəni 132,72 gün), digərinin 8,3636 (yəni 3051,4 gün)) hər hansı bir məntiqə uyğun gəlmir. Əgər sualın şərt hissəsində “2:3” əvəzinə DİM tərəfindən “23” yazılmış, nəticədə misalı həll etmək mümkün olmamışdır. Tapşırığı “2:3” şərti ilə həll etdikdə düzgün cavab olan 0,8 rəqəmi alınır. 3). İnformatika bloku üzrə salınmış 67-ci sual:- Sual: “File Explorer”də “dim.gov.az” yazıb enter düyməsi basıldıqda nə baş verəcək?” DİM tərəfindən doğru hesab edilən variant: dim.gov.az rəsmi internet səhifəsi açılar. Sualın yanlış olmasını bildirməyə əsas verən hallar: Qeyd edilən sualda DİM tərəfindən Qaydanın 2.6-cı bəndinin tələbləri pozulmuşdur (test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır). Belə ki “File Explorer”in yeni işə salınması və ya artıq istıfadə edilməsi ilə bağlı məlumat sualın şərt hissəsində qeyd edilməmişdir. Nəzərinizə çatdırıram ki, qeyd edilən fərq 2 (iki) müxtəlif cavab variantının düzgün olmasına səbəb olur. “File Explorer” yeni işə salındıqda “dim.gov.az” yazılaraq “enter” düyməsi sıxıldıqda “İnternet Brauzer” açılır və DİM-in rəsmi internet səhifəsinə keçid edilir. "File Explorer” artıq istifadə olunduqda və sonuncu istifadə yeri "C” diski olduqda və həmin kompyuterdə “dim.gov.az” qovluğu olduğu təqdirdə eyni əməliyyatın edilməsi həmin qovluğun açılması ilə nəticələnər. Tapşırığın şərt hissəsində “dim.gov.az” ifadəsinin qarşısında “http://” və ya “www.” yazılmadığı və yuxarıda qeyd edildiyi kimi “File Explorer” artıq istifadə edilib-edilməməsi ilə bağlı hər hansı bir şərt qoyulmadığı üçün o, verdiyi cavabı düzgün hesab edir. O, imtahana hazırlaşdığı dövrdə “File Explorer”də “dim.gov.az” ifadəsini yazaraq “enter” düyməsini basmaqla kompyuterində yaratdığı “dim.gov.az” qovluğuna keçid etmişdir. 4). İmtahanda Qanunvericilik bloku üzrə istifadı olunan 28-ci sual:- Sual: “Aşağıdakı variantlarından hansı bələdiyyələrin səlahiyyətlərinə aid deyil?” DİM tərəfindən doğru hesab edilən variant: “Vergilər və ödənişlər müəyyən edilməsi”. Sualın yanlış olmasını bildirməyə əsas verən hallar: Qeyd edilən sualda DİM tərəfindən Qaydanın 2.6-cı bəndinin tələbləri pozulmuşdur (test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır). Belə ki, həm DİMin doğru hesab etdiyi cavab variantını (Vergilər və ödənişlərin müəyyən edilməsi), həm də iddiaçı tərəfindən götürülmüş cavab variantını (Bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi) düzgün hesab etmək mümkündür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 144-cü maddəsində “Yerli vergilər və ödənişlərin müəyyən edilməsi” göstərilməsinə baxmayaraq, DİM tərəfindən götürülmüş cavab variantında “yerli” ifadəsi çıxarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsində “bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi”nin göstərilməsinə baxmayaraq, DİM tərəfindən həmin sualın “B” variantında “Bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi” göstərilmiş, nəticədə həmin variantda “qanunla müəyyən edilmiş hallarda” ifadəsi çıxarılmış və bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsinin bələdiyyələrin diskresion səlahiyyəti kimi göstərilmişdir. Nəticədə bələdiyyələrin səlahiyyətlərinə aid olmayan və fikrin birmənalı ifadə olunmadığı 2 (iki) cavab variantı formalaşmışdır. Hər iki cavab variantında dəqiqləşdirici ifadələrə ehtiyac vardır. Belə ki, bələdiyyələrə "vergi və ödənişlərin müəyyən edilməsi” ilə bağlı yalnız “yerli vergi və ödənişlərin müəyyən edilməsi” səlahiyyəti verilmiş, həmçinin “bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi” ilə bağlı yalnız “qanunla müəyyən edilmiş hallarda (“Bələdiyyələtin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu) bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi” səlahiyyəti verilmişdir. Göstərilənlərlə əlaqədar iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 14 may 2024-cü il tarixə təyin edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçının məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Cavabdeh orqan tərəfindən məhkəməyə göndərilmiş etirazda qeyd edilmişdir ki, Mərkəz tərəfindən xx.xx.2023-cü il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün kompüter vasitəsilə test imtahanı keçırilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində AB vəzifə qrupu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın 2.2-ci bəndinə əsasən dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının məzmunu, yəni imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü (qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar), sahələr və çətinlik dərəcəsi üzrə konkret bölgüsü, həmçinin vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal vəzifələrin qrupundan asılı olaraq Mərkəz tərəfindən müəyyən edilir. Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Mərkəz tərəfindən təşkil edilir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən test tapşırıqlarının hazırlanması üçün vəzifə qrupları üzrə proqramlar Mərkəz tərəfindən təsdiq edilir. Proqramda test imtahanında yoxlanılacaq biliklər üzrə mövzular, bacarıqlar və təqdim edilməsi mümkün olduğu halda ədəbiyyat siyahısı göstərilir. Test imtahanı proqramları Mərkəzin internet portalında yerləşdirilir. Hazırlanan qapalı tipli test tapşırığının cavab verməli olduğu tələblər qeyd edilən Qaydaların 2.6-cı bəndində müəyyən edilmişdir. Açıq və esse tipli test tapşırıqları isə Mərkəz tərəfindən müəyyən edilən tələblərə uyğun olaraq hazırlanır. Test tapşırıqları müqavilə əsasında cəlb edilən fiziki və (və ya) hüquqi şəxslər tərəfindən hazırlanır və ekspertizadan keçirilir. Ekspertizadan keçirilmiş test tapşırıqları Mərkəz tərəfindən təsdiqlənir və müvafiq sahələr üzrə test bankına daxil edilir. Qanunvericiliyin tələbinə uyğun olaraq yalnız təsdiq edilmiş və test bankına daxil olunmuş test tapşırıqları imtahanda istifadə edilir. Belə ki, test tapşırıqları ekspertizadan keçirilərkən qapalı tipli test tapşırıqları adıçəkilən Qaydada nəzərdə tutulmuş, açıq tipli test tapşırıqları isə Mərkəz tərəfindən müəyyən edilən tələblərə cavab vermədikdə onlar Mərkəz tərəfindən təsdiqlənmir və test imtahanlarında istifadə edilmir. Yuxarıda adıçəkilən Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, vəzifə altqrupları üzrə test imtahanından keçid balları toplanması mümkün olan ümumi bala nisbətdə müəyyən olunur və bu barədə Mərkəzin rəsmi internet saytında öz Əksini tapmışdır. İddiaçı sözügedən test imtahanında AB4 sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən (70 faiz) çox nəticə - 70.8 faiz (85 bal) nəticə göstərdiyi üçün AB4 sertifikatı əldə etmişdir. Onun test imtahanında göstərdiyi nəticə AB3 sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən 75 faiz (90 bal) aşağı olduğu üçün AB3 sertifikatını əldə etməmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən namizəd test imtahanının nəticələri ilə razı olmadıqda, nəticələr portalda yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apellyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair qəbul edilmiş qərardan namizəd məhkəməyə şikayət verə bilər. İddiaçı xx.xx.2023-cü il tarixində AB vəzifə qrupu üzrə müsabiqənin test imtahanı mərhələsində istifadə edilən 28, 48, 67, 79, 96 və 98 saylı test tapşırıqlarının nəticəsi ilə razılaşmamış və bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixində apellyasiya komissiyasına şikayət vermişdir. Eyni zamanda iddiaçı xx.xx.2023-cü il tarixində Mərkəzə eyniməzmunlu ərizə ilə müraciət etmişdir. Mərkəzin xx.xx.2023-cü il tarixli 9-3/2-Ə-157-42-269/2023 nömrəli məktubu ilə iddiaçıya izah edilmişdir ki, apellyasiya şikayəti ilə əlaqədar olaraq test imtahanının nəticəsinə təsir göstərə bilən hallar araşdırılaraq təhlil olunmuş, o cümlədən onun ərizəsində qeyd etdiyi AB vəzifə qrupu üzrə test imtahanında istifadə olunan test tapşırıqları ekspertlər tərəfindən yenidən ekspertiza edilmiş və onlarda elmi metodiki qüsür aşkarlanmamışdır. Apellyasiya Komissiyasının qərarına əsasən namizədin imtahan nəticələrinin dəyişdirilməsinə səbəb ola biləcək hal aşkar olunmadığından və imtahanda istifadə olunmuş tapşırıqlar ekspertlər tərəfindən yenidən ekspertiza edilmiş, onlarda elmimetodiki qüsür aşkar olunmadığından apellyasiya şikayəti təmin edilməmiş və imtahan nəticələri dəyişdirilmədən saxlanılmışdır. İddiaçının daha sonra təkrar müraciəti Mərkəzin xx.xx.2023-cü il tarixli 9-3/2-Ə-42455/2023 nömrəli məktubu ilə cavablandırılmış və ona bildirilmişdir ki, müvafiq sahə üzrə ekspertlər mütəxəssislər tərəfindən qüsurlu tərtib olunduğunu iddia etdiyi test tapşırıqları, onların düzgün cavabları barədə izahat verilmiş, o cümlədən apellyasıya komissiyası işıni yekunlaşdırdıqdan sonra belə təkrar müraciəti əsasında ona yenidən imtahan nəticələrinin araşdırılması üçün müvafiq şərait yaradılmış, ərizəsində vurğuladığı bəzi məqamlarla bağlı işin tam araşdırılması və baxılması üçün qeyd vərəqlərinə baxılmışdır. Bundan başqa, Azərbaycan Respublikası Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbəri cənab Aydın Səfixanlının xx.xx.2023-cü il tarixli 2-5/2-9813/2023 nömrəli məktubu ilə İddiaçı müraciəti (şikayət ərizəsi) Mərkəzə göndərilmiş, müvafiq tədbirlərin görülməsi və araşdırmanın nəticəsi barədə müractəti göndərən orqana məlumat verilməsi xahiş edilmişdir. Müraciətlə bağlı əlavə araşdırmalar aparılmış, şikayət ərizəsində göstərilən hallar yenidən yoxlanılmış və nəticəsi barədə Mərkəzin xx.xx.2023-cü il tarixli 9-3/2-1080/2023 nömrəli məktubu ilə Azərbaycan Respublikası Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbəri cənab Aydın Səfixanlıya məlumat verilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbəri cənab Aydın Səfixanlının xx.xx.2023-cü il tarixli 2-5/2-16698/2023 nömrəli məktubu ilə İddiaçı eyniməzmunlu təkrar müraciətinin surəti göndərilmiş və Mərkəzin xx.xx.2023-cü il tarixli 9-3/2-Ə-157/5-42-566/2023 nömrəli məktubu ilə müvafiq məlumat verilmişdir. “Vətəndaş müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən, “bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2- 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır”. İddiaçı Mərkəzə ünvanlandığı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbərinə ünvanlandığı və baxılması üçün aidiyyəti üzrə Mərkəzə göndərilmiş müraciətləri və onların müvafiq cavabları məhkəməyə təqdim edilir. İşin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi, eyni zamanda test imtahanında istifadə edilmiş suallar, onların cavabları, o cümlədən İddiaçı qeyd etdiyi cavablar və qeyd vərəqlərindəki yazılar müvafiq sahə üzrə mütəxəssislər tərəfindən yenidən ekspertizadan keçirilərək rəy hazırlanmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil edir:- -iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən DİM-in Direktorlar Şurasına ünvanlanmış xx.xx.2023-cü il tarixli apellyasiya şikayətindən görünür ki, iddiaçı cavadeh orqan tərəfindən təşkil edilmiş test imtahanında ümumilikdə 6 test sualını - məntiq bloku üzrə 79, 96 və 98-ci, informatika bloku üzrə 67-ci, qanunvericilik bloku üzrə 28 və 48-ci test suallarının yanlış tərtib olunduğunu qeyd etməklə, həmin sualların onun tərəfindən düzgün cavablandırılmış kimi qəbul edilməsini, həmin test tapşırıqlarına görə ümumilikdə 9 (doqquz) balın əldə olunan nəticəyə əlavə olunmasını və ona AB3 sertifikatının verilməsini xahiş etmişdir. Belə ki, həmin suallar üzrə apellyasiya şikayəti ərizəsində qeyd edilmişdir ki: 1) Məntiq bloku üzrə situasiya ilə bağlı salınmış 79-cu sualda ən yanlış hərəkətin müəyyən edilməsi tələb edildiyi halda DİM tərəfindən düzgün cavab olaraq “rəhbərliyə məlumat vermək” qəbul edilmişdir. Bu cavab variantı məqbul hesab edilə bilməz. Bu cavabın səhv olması və yazılmış cavabın düzgün olması barədə DİM-in əməkdaşına ətraflı məlumat verməyisə baxmayaraq, DİM-in əməkdaşı sualla bağlı izah verə bilməmiş və yekunda müəllif tərəfindən düzgün cavabın (ən yanlış davranış kimi) “rəhbərliyə məlumat vermək” variantının götürüldüyünü bildirmişdir. 2) Məntiq bloku üzrə yaş məsələsi ilə bağlı salınmış 98-ci sualın şərt hissəsində “2:3” əvəzinə 23 yazılmışdır. Açıq sual olduğu üçün həmin sualın düzgün cavabının tapılması üçün 35 (otuz beş) dəqiqə vaxt sərf olunmuş, bununla belə düzgün cavab ala bilməmişdir. Qeyd edilən sualın səhv olması səbəbindən digər suallara sərf eləməli oldunan vaxtın böyük bir hissəsi yanlış sualın həll edilməsinə sərf olunmuşdur. 3) İnformatika bloku üzrə salınmış 67-ci sualda “File Explorer”də “dim.gov.az” yazılacağı təqdirdə hansı məkana gediləcəyi barədə sual verilmişdir. Əgər “İnternet Explorer"də yazıldığı halda, aktiv istifadəçi kimi birmənalı şəkildə DİM-in rəsmi internet səhifəsi göstərilməli olunardı. Lakin, "File Explorer”də yazıldığı və "dim.gov.az” ifadəsinin qarşısında "http://” və ya “www” yazılmadığı üçün düzgün cavab variantı kimi qovluğun nəzərdə tutulduğunu ehtimal olunmuşdur. Bundan başqa, imtahana hazırlaşdığı dövrdə kompyuterində yaratdığı “dim.gov.az” qovluğuna keçid etmək üçün “File Explorer”də “dim.gov.az” ifadəsini yazaraq “enter” düyməsini basmaqla həmin qovluğa keçid etmişdir. 4) İmtahanda Qanunvericilik bloku üzrə salınmış 28-ci sualda Bələdiyyələrin səlahiyyətləri ilə bağlı səhv variantın tapılması tapşırığı verilmiş və onun tərəfindən “B” variantı düzgün cavab kimi götürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsində “bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi”nin göstərilməsinə baxmayaraq, DİM tərəfindən həmin sualın “B” variantında “bələdiyyə üzvlərininin səlahiyyətlərinin tanınması və səlahiyyətlərinə xitam verilməsi” göstərilmiş, nəticədə həmin variantda “qanunla müəyyən edilmiş hallarda” ifadəsi çıxarılmaqla bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi bələdiyyələrin müstəsna səlahiyyəti kimi göstərilmişdir. “Bələdiyyələrin statusu haqqında” Qanunun 22-ci maddəsində bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsinin əsasları müəyyən edilmiş ve nəticada bələdiyyə yalnız həmin əsaslar olduqda (yəni, qanunla müəyyən edilmiş hallarda) müvafiq qərarı qəbul edə bilər. DİM tərəfindən “B” variantında konstitusiyada göstərilmiş “qanunla müəyyən edilmiş hallarda” sözləri çıxarıldığı üçün həmin variantın sualın düzgün cavabı kimi götürülməsini zəruri hesab edirəm. 5) Qanunvericilik bloku üzrə salınmış 48-ci sualda DİM tərəfindən “Etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsində “Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir.” göstərilməsinə baxmayaraq, həmin bənd imtahanda düzgün götürülməmiş və nəticədə onun tərəfindən yazılmış cavab səhv kimi qeyd edilmişdir. 6) Məntiq blokundan salınmış 96-cı sualın həllini düzgün etməyinə və “b”-nin qiymətinin 7 (yeddi) olaraq tapmağına baxmayaraq, ekranda “b”-nin üzərində göstərilmiş kvadrat işarəsinin aydın görünməməsi, ekranın böyüdülübkiçildilməsi üçün hər hansı funksiyanallığın olmaması səbəbindən aldığı cavabı kvadrata yüksəltməmiş və cavabı 7 (yeddi) olaraq qeyd etmişdir. Həmin sualın xeyrinə nəzərə alınaraq düzgün cavab kimi qəbul edilməsini zəruri hesab etmişdir. -iş materiallarına əlavə edilmiş cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 9-3/2-Ə-157-42-269/2023 nömrəli məktubun surətindən görünür ki, imtahanda istifadə olunmuş tapşırıqlar ekspertlər tərəfindən yenidən ekspertiza edilmiş, onlarda elmi-metodiki qüsur aşkar olunmamışdır. Səhv cavablandırılan tapşırıqlar və onların doğru cavabları ilə bağlı iddiaçıya ekspertlər tərəfindən müvafiq izah verilmişdir. İmtahan nəticəsinin dəyişdirilməsinə səbəb ola biləcək bir hal aşkar olunmadığından iddiaçının müraciəti təmin olunmamışdır. -iş materiallarına əlavə edilmiş dövlət qulluğuna qəbul üzrə müsabiqənin xx.xx.2023-cü il tarixində keçirilən test imtahan mərhələsində AB vəzifə qrupu üzrə 28 saylı test tapşırığına dair Rəydən görünür ki, 8 mart 2023-cü il tarixində X5 tərəfindən dövlət qulluğu üzrə keçirilən imtahan zamanı iştirakçılara təqdim olunmuş suallardan biri mübahisə xarakter almışdır. Həmin sualın şərti belədir: kimidir: “Azərbaycan Konstitusiyasına Respublikasının əsasın bələdiyyələrin şəlahiyyətlərinə aid edilməmişdir: A) Vergilər və ödənişlərin müəyyən edilməsi; B) Bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi; C) Bələdiyyə mülkiyyəti barəsində sərəncam verilməsi; D) Bələdiyyənin reqlamentinin təsdiq edilməsi” İddia olunan tezis ondan ibarətdir ki, sualın iki düzgün cavabı mövcuddur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsində “bələdiyyə üzvlərinin səlahiyyətlərinin qanunla müəyyən edilmiş hallarda xitam verilməsi” — müddəasının “bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi” məzmununda göstərilməsi həmin səlahiyyətin bələdiyyənin səlahiyyətinə aid edilməməsi üçün əsasdır. Yerli özünüidarəetmə orqanı kimi bələdiyyələrin səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmişdir. Bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi halları və qaydasının müəyyən edilməsi Respublika Konstitusiyasının , 146-cı maddəsinin 1-ci hissəsində əks etdirilir. Həmin maddəyə görə bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması da daxil olmaqla səlahiyyətlərinə xitam verilməsi halları və qaydası qanunla müəyyən edilir. Başqa sözlə, “bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi” halları və qaydasının müəyyənləşdirilməsi qaydası Əsas Qanunda təsbit edildiyinə görə bələdiyyənin diskresion səlahiyyət kimi nəzərdən keçirilməsi mümkün deyildir. Ona görə də bələdiyyə üzvlərinin səlahiyyətlərinə “xitam verilməsi halları”nın cavab variantında göstərilməməsi onu bələdiyyə səlahiyyətlərinə aid edilməyən məsələyə çevirmir. Aydındır ki, bu səlahiyyət bələdiyyənin iclaslarında həyata keçirdiyi səlahiyyətlərdən biridir və onun halları və qaydası Konstitusiyanın başqa bir maddəsi ilə müəyyən edilmişdir. Testin düz cavabı olan “vergilərin və digər ödənişlərin müəyyən edilməsi” isə Respublika Konstitusiyasının 94-cü maddəsinə əsasən bütün ölkə ərazisində Milli Məclisin səlahiyyətlərinə aiddir. Bütün bunları nəzərə alaraq belə nəticə əldə etmək olar ki, Azərbaycan Respublikası Konstitusiyası bələdiyyə üzvünün səlahiyyətlərinə xitam verilməsi məsələsini bələdiyyənin səlahıyyətlərinə aid olan məsələ kimi nəzərdən keçirir. Qeyd etmək lazımdır ki, irəli sürülən belə bir mövqe Azərbaycan Respublikası qanunvericiliyində təsit olunmuş müddəaların məntiqi əsası olmadan fərqli yozulmasından qaynaqlana bilər və testin cavabının öz məqsədlərinə uyğun şərhindən başqa bir şey deyildir. -iş materiallarına əlavə edilmiş dövlət qulluğuna qəbul üzrə müsabiqənin xx.xx.2023-cü il tarixində keçirilən test imtahan mərhələsində AB vəzifə qrupu üzrə 67 saylı test tapşırığına dair Rəydən görünür ki, testin mətni belədir: ““File Explorer” proqramının ünvan sətrinə “dim.gov.az”yazıb “Enter” düyməsi basıldıqda nə baş verəcək?” A)Ünvanı verilmiş sayta daxil olunacaq; B)D: diskində “dim.gov.az” adlı fayl və ya qovluqlar axtarılacaq; C)Əməliyyat sistemi yenidən yüklənəcək; D)Cari qovluqda “dim.gov.az” adlı fayl yaranacaq; E)C: diskində “dim.gov.az” adlı qovluğa daxil olunacaq. "File Explorer" proqramının ünvan sətrinə "dim.gov.az" yazdıqda və "Enter" düyməsini sıxdıqda susmaya görə internet brauzer (məs. İnternet Explorer, Google Chrome və s.) işə düşür və DİM-in rəsmi internet səhifəsinə keçid edilir. Bu hal "File Explorer" proqramının işçi sahəsində istənilən diskin və ya qovluğun məzmunu əks olunduqda doğrudur. Ona görə 67-ci testin doğru cavabı “ünvanı verilmiş sayta daxil olunacaq” bəndidir. Yalnız "File Explorer" proqramının işçi sahəsində məqsədli şəkildə a) C diskinin məzmunu əks olunarsa və b) həmin diskdə eyni zamanda məqsədli şəkildə "dim.gov.az" adlı qovluq yaradılmışdırsa, yalnız bu halda C diskindəki "dim.gov.az" adlı qovluğa daxil olunacaq. Bu səbəbdən süni a) və b) şərtləri daxilində doğru olan “C - diskində dim.gov.az adlı qovluğa daxıl olunacaq” bəndi doğru cavab kimi qəbul oluna bilməz. -iş materiallarına əlavə edilmiş dövlət qulluğuna qəbul üzrə müsabiqənin xx.xx.2023-cü il tarixində keçirilən test imtahan mərhələsində AB vəzifə qrupu üzrə 79 saylı test tapşırığına dair xx.xx.2023-cü il tarixli Rəydən görünür ki, qeyd olunan test tapşırığı komanda işi səriştəsi üzrə komanda üzvləri ilə müsbət iş münasibətləri qurmaq bacarığını qiymətləndirir və çətin tapşırıq kateqoriyasına aiddir. Lakin tapşırıqda müsbət yox, mənfi davranışın müəyyən olunması, yəni komanda üzvləri ilə müsbət iş münasibətləri qurulmasına ən çox zərər verəcək addımın müəyyən olunması tələb olunur. Təsvir olunan situasiyada əslində hər hansı həll olunmalı problem mövcud deyil. Belə ki, əməkdaş öz işinin öhdəsindən gəlir. Lakin digər əməkdaş ona daha rahat yol təklif edir. Bu davranış əslində komanda daxilində müsbət iş münasibətlərinin qurulması üçün müsbət yanaşmadır. Lakin bu zaman əks tərəfin xarakteri, fərdi xüsusiyyətləri və reaksiyaları nəzərə alınmalıdır. Əks təqdirdə onunla sağlam ünsiyyət qurulmayacaq və “qaş düzəltdiyiniz yerdə göz çıxara bilərsiniz”. Test tapşırığı cavablandırılarkən yalnız mətndə verilən xüsusiyyətlər nəzərə alınmalıdır, imtahan verənlərin öz şəxsi mülahizəsinə əsaslanması tapşırığın yanlış cavablandırılmasına səbəb ola bilər.Rest tapşırığının şərti belədir: “Təkəbbürlü iş yoldaşınız ona məsləhət verilməsini xoşlamır. Siz ona öz tapşırıqlarının öhdəsindən gəlməyin daha asan yolunu bir neçə dəfə təklif etmisiniz, lakin o sizə “Get işinlə məşğul ol!” cavabını verib. Bu vəziyyətdə sizin ata biləcəyiniz ən yanlış addım nə olar?” “A) Problem barədə rəhbərliklə danışardım”. Bu variantın zərərlilik şkalası üzrə qiymətləndirilməsi - ən zərərli davranışdır; münasibətə təsiri – bu davranışdan sonra tapşırıqda təsvir olunan şəxsin öz həmkarı ilə müsbət münasibət qurmaq şansı qalmır; cavab variantının ətraflı izahı – təsvir olunan situasiyada həmkarınızın fəaliyyəti ilə bağlı cavabdehlik daşımağınıza dair heç bir qeyd yoxdur. Belə bir halda sizin məqbul bildiyiniz iş üsullarından istifadə etməsi ilə bağlı inadkarlıq göstərməyiniz əsassızdır. Sizin inadkarlıq göstərməyiniz, məqbul hesab etdiyiniz iş üsullarından istifadə etməsini həmkarınızdan tələb etməyiniz konflikt mənbəyi rolunu oynaya bilər. Bu məsələni rəhbərlik səviyyəsində qaldırmağınız israr etməyin daha aktiv şəkildə ifadəsi olduğu və konfliktin miqyasını daha da genişləndirdiyi üçün A variant ən yanlış davranış hesab olunmalıdır. Ümumiyyətlə, həmkarınızın fəaliyyətinin nəticələrini qiymətləndirmək Sizin deyil, rəhbərliyin məsuliyyətidir. Bu davranışla siz onunla münasibət qurmaqdan çox öz fikrinizi qəbul etdirmək üçün hər yoldan istifadə etməyə çalışdığınızı göstərirsiniz. “B) Onu söhbətə cəlb edərdim” zərərlilik şkalası üzrə qiymətləndirmə - qeyri-səmərəli müsbət addımdır; münasibətlərə təsiri – bu davranışda əks tərəfdən müsbət reaksiya gəlmə ehtimalı sual altındadır; cavab variantının ətraflı izahı – Bu cavab variantında Siz fikrinizi izah etmək üçün yeni ünsiyyət tərzindən istifadə etməyə çalışırsınız. Lakin əks tərəfin xarakterini və münasibətini nəzərə alaraq prinsipial əhəmiyyət daşımayan bir məsələdə bu qədər israr etməyə dəyməz. “C) İnsan resursları şöbəsindən kömək istəyərdim”. Zərərlilik şkalası üzrə qiymətləndirmə - zərərli davranışdır; münasibətlərə təsiri – bu davranışdan sonra da tapşırıqda təsvir olunan şəxsin öz həmkarı ilə müsbət münasibət qurmaq şansı azdır; cavab variantının ətraflı izahı - əməkdaşlar arasındakı konfliktli situasiyalarda insan resursları şöbəsinin vasitəçilik etməsi praktikası mövcuddur. Buna görə də, bu davranış ən yanlış hesab oluna bilməz. Lakin xüsusi zərurət olmadığı üçün İnsan resursları şöbəsinə müraciət etməyiniz səmərəli davranış hesab oluna bilməz. “D) Onun öz işini istədiyi kimi görməsinə imkan verərdim”. Zərərlilik şkalası üzrə qiymətləndirmə - səmərəli addım; münasibətlərə təsiri – bu davranış uğursuz münasibət qurmaq cəhdindən geri çəkilmək və həmkarın şəxsi xüsusiyyətlərinə hörmətlə yanaşmaq deməkdir. Bu şəkildə münasibətlərdə gərginlik azalacaq. Bu addımla gələcəkdə daha uyğun məqamda və tərzdə münasibət qurmaq üçün fürsət yaranır; cavab variantının ətraflı izahı – təsvir olunan situasiyada həmkarınızın öz işini yaxşı yerinə yetirməməsi, ümumi işə ziyan vurması ilə bağlı qeyd yoxdur. Sadəcə, həmkarınız ona məsləhət verilməsini xoşlamır və işi daha asan yolla icra etməklə bağlı məsləhətinizi qəbul etmir. O öz iş üsullarından istifadə etməyə üstünlük verir. Belə bir halda Si zona öz işini istədiyi kimi görməsinə imkan verməlisiniz. “E) İsrar edərdim” Zərərlilik şkalası üzrə qiymətləndirmə - zərəli davranış; münasibətlərə təsiri – səmərəsiz davranışda israr etməklə münasibətlərdə gərginlik səviyyəsi artmağa davam edəcək; cavab variantının ətraflı izahı – “A” caab variantının izahında olduğu kimi təsvir olunan situasiyada həmkarınızın fəaliyyəti ilə bağlı cavabdehlik daşımağınıza dair heç bir qeyd yoxdur. Belə bir halda Sizin məqbul bildiyiniz iş üsullarından istifadə edilməsi ilə bağlı inadkarlıq göstərməyiniz əsassızdır. Situasiyada əks tərəfin şəxsi xüsusiyyətləri arasında aqressivlik, əsəbilik, qeyri-adekvat reaksiya göstərilmədiyi üçün bu variant “A” variant ilə müqayisədə daha az zərərli zərərli hesab olunmalıdır. Respondentin seçdiyi cavab: “Onun öz işini istədiyi kimi görməsinə imkan verərdim”. Yəni, respondent variantlar arasında ən səmərəli olanı ən yanlış kimi qeyd etmişdir. Bundan başqa, qeyd olunmuşdur ki, X4 rəsmi internet səhifəsində müvafiq tipli tapşırıqlardan istifadə olunacağı barədə məlumat yerləşdirilmişdir. -iş materiallarına əlavə edilmiş dövlət qulluğuna qəbul üzrə müsabiqənin xx.xx.2023-cü il tarixində keçirilən test imtahan mərhələsində AB vəzifə qrupu üzrə 98 saylı test tapşırığına dair xx.xx.2023-cü il tarixli Rəydən görünür ki, sözügedən test tapşırığı belə olmuşdur: “Yaşlarının fərqi 8 olan iki qardaşın bugünki yaşlarının nisbəti 23-dür. Qardaşların 16 sonra yaşlarının analoji nisbətini tapın”. Test tapşırığının düzgün həlli belədir: Böyek qardaşın yaşını Y, kiçiyinin isə X ilə işarə etsək, Y-X=8 və Y/X=23 alınar. İkinci eynilikdən alınan Y=23X ifadəsini 1-ci eynilikdə nəzərə alsaq 22X=8, yəni X=4/11, buradan da Y=23X=92/11 alınır. 16 il sonra böyük qardaşın yaşı 92/11+16=(92+11x16)=268/11, kiçik qardaşın yaşı isə 4/11+16=(4+11x16)/11=268/11 ilə bərabərdir. Qardaşların 16 il sonra yaşlarının analoji nisbəti (268/11)/(180/11)=268/180=67/45 olacaq. Namizədin özü tərəfindən qeyd vərəqinin 3-cü səhifəsində hesablama aparılarkən kəsrin surətindəki digər kəsrin məxrəcində səhvə yol verilmiş, 22 ədədinin yerinə 2 yazılmış və bu səhv sondakı nəticənin yanlışlığına gətirib çıxarmışdır. Bundan başqa, namizəd qeyd vərəqinin 4, 5 və 6-cı səhifələrində də hesablama aparmağa səy göstərmiş, lakin nəticəni əldə edə bilməmişdir. Belə ki, namizəd qeyd vərəqinin 5-ci səhifəsinin aşağı sağ küncündə tapşırığın şərtindəki "nisbət"i 23 əvəzinə 2/3 kimi (X/Y=2/3) göstərərək tapşırığı həll etməyə çalışır və səhvən kiçik yaşı göstərən ədəddən böyük yaşı göstərən ədədi çıxır. (X-Y=8) və yenə də həlli tamamlaya bilmir. Göründüyü kimi, namizəd bu test tapşırığını həll edə bilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası X5 tərəfindən dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahan mərhələsində iştirak etmiş, mərhələni uğurla başa vuraraq 85 bal toplamış və AB4 sertifikatı əldə etmişdir. Lakin, iddiaçı müsabiqənin test imtahan mərhələsində istifadə olunan 4 test tapşırığının yanlış tərtib olunduğu üçün ümumilikdə 5 (beş) bal itirdiyini və buna görə də, AB3 sertifikatını əldə edə bilmədiyini vurğulayaraq məhkəmədə həmin test tapşırıqlarının doğruluğunu mübahisələndirmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı mübahisələndirilən test tapşırıqlarının yanlış tərtib olunduğunun təsdiq edilməsi və buna görə də, həmin test tapşırıqlarının onun tərəfindən doğru həll olunmuş hesab olunmaqla topladığı ümumi balın (85 bal) üzərinə əlavə edilməsini, yekunda cavabdeh orqan tərəfindən iddiaçıya AB3 sertifikatının təqdim etməsi barədə qərar qəbul etməsini məhkəmədən xahiş etmişdir. Yuxarıda göstərilənlərlə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun:- -28.1-ci maddəsinə əsasən, dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. -28.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -28.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikat verir. Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 86 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanlarının təşkili, keçirilməsi, qiymətləndirilməsinin aparılması" Qaydasının:- - 2.1-ci bəndinə əsasən, Mərkəz dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə test imtahanları keçirir. -2.1.1-ci hissəsinə əsasən, test imtahanı dövlət qulluğu vəzifələrinin A növü üzrə AB və AC qruplarına uyğun keçirilir. -2.3-cü bəndinə əsasən, test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Mərkəz tərəfindən təşkil edilir. -2.4-cü bəndinə əsasən, test tapşırıqlarının aşağıdakı növləri var: 2.4.1. qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları; 2.4.2. açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları; 2.4.3. sərbəst şəkildə cavablandırılan esse tipli tapşırıqlar. -2.5-ci bəndinə əsasən, test tapşırıqlarının hazırlanması üçün vəzifə qrupları üzrə proqramlar Mərkəz tərəfindən təsdiq edilir. Proqramda test imtahanında yoxlanılacaq biliklər üzrə mövzular, bacarıqlar və təqdim edilməsi mümkün olduğu halda ədəbiyyat siyahısı göstərilir. Test imtahan proqramları Mərkəzin internet portalında yerləşdirilir. -2.6-cı bəndinə əsasən, hazırlanan qapalı tipli hər bir test tapşırığı aşağıdakı tələblərə cavab verməlidir: 2.6.1. test tapşırığı şərtdən və cavab variantlarından ibarət olmalıdır; 2.6.2. hər bir test tapşırığına cavab variantları hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalıdır; 2.6.3. test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalıdır; 2.6.4. test tapşırığı mürəkkəblik dərəcəsinə görə sadə, orta və ya mürəkkəb olmalıdır; 2.6.5. test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır. -4.1-ci bəndinə əsasən, namizədin imtahanda verdiyi cavablar aşağıdakı qaydada qiymətləndirilir: 4.1.1. qapalı tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla; 4.1.2. açıq tipli tapşırıqların hər birinin doğru cavablandırılması 2, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla; 4.1.3. esse tipli tapşırıqların cavablandırılması cavabın həcmindən, strukturundan, fikirlərin və baxışların məntiqlilik dərəcəsindən, nümayiş etdirilən yaradıcılıqdan, arqumentasiyadan, söz ehtiyatından, orijinallıqdan, üslubdan və dil qaydalarına riayət edilməsindən asılı olaraq 0 - 30 balla, cavablandırılmaması 0 balla. -4.2-ci bəndinə əsasən, vəzifə altqrupları üzrə test imtahanından keçid balları toplanması mümkün olan ümumi bala nisbətdə AB vəzifə qrupu üçün aşağıdakı qaydada müəyyən olunur: -AB vəzifə qrupu üzrə: - AB1 - 85 bal; -AB2 - 80 bal; -AB3 – 75 bal; -AB4 – 70 bal. -4.3-cü bəndinə əsasən, namizəd test imtahanının nəticələri ilə razı olmadıqda, nəticələr portala yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apellyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Namizəd bu qərardan məhkəməyə şikayət verə bilər. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı iddia qaldıraraq, məhkəmədən test balının yenidən hesablanması və ona AB3 sertifikatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilən müddəalar araşdırılan zaman müəyyən olunmuşdur ki, iddiaçı Azərbaycan Respublikası X5nə apellyasiya şikayəti vermiş, imtahandan sonra imtahan nəticələrinə təsir göstərə bilən hallar araşdırılaraq təhlil olunmuş, imtahanda istifadə olunmuş test tapşırıqları ekspertlər tərəfindən yenidən ekspertizadan keçirilmiş və onlarda elmi-metodiki qüsurlar aşkar olunmamışdır. (Ekspertiza rəyləri iş materiallarına əlavə edilmişdir). Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə hesab edir ki, cavabdeh tərəfindən test tapşırıqları düzgün tərtib edilmişdir, cavabdeh iddiaçının apellyasiya şikayətini təmin etməməkdə haqlı olmuşdur və iddiaçının iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı test balının yenidən hesablanması və ona AB3 sertifikatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-476/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-476/2024
14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver