Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-5144/2025 19.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - iddiaçıya məxsus НЗ ******* nömrəli hərbi bilet xx.xx.1987-ci il tarixdə verilmişdir; - iddiaçıya məxsus M/V 087909 nömrəli “Müharibə veteranı” vəsiqəsi xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmişdir; - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-43-57/2-323/2025 nömrəli arayışa əsasən, xx.xx.1969cu il təvəllüdlü İddiaçı həqiqətən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir; - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-43-57/2-387/2025 nömrəli arayışa əsasən, xx.xx.1969cu il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixinədək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixinədək Azərbaycan Ordusunda hərbi xidmətdə olmuş və Gədəbəy rayonunun torpaqlarının qorunmasında iştirak etmişdir; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/2-Q-158934/2025 nömrəli “prezident təqaüdünün ötən dövr üzrə təyin edilməsinin mümkün olmaması haqqında” məktuba əsasən, vətəndaş İddiaçı müharibə veteranları üçün nəzərdə tutulan təqaüd xx.xx.2025-ci il tarixindən (veteran vəsiqəsinin verildiyi tarixdən) qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmişdir. Müraciət ilə əlaqədar olaraq bildirilmişdir ki, veteran vəsiqəsi xx.xx.2025-ci il tarixində verildiyindən ona ərizədə qeyd edilən dövr üzrə Prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
2. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-1/2-217995/2025 nömrəli məktuba qoşma şəklində əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial Ödənişlər Altsisteminin xx.xx.2021-ci il tarixli, ******* nömrəli ərizəsinə əsasən, İddiaçı xx.xx.2020-ci il tarixdən “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə” görə 80 AZN məbləğ təyin edilmişdir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-25-14/2-6146/2025 nömrəli məktuba əsasən, vətəndaş İddiaçı Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən xx.xx.2020-ci il tarixli protokolla “Müharibə veteranı” adı və M/V-087909 nömrəli “Müharibə veteranı” vəsiqəsi hazırlanaraq verilmişdir.
4. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 1-ci Qarabağ müharibəsi veteranı olduğuna görə ona xx.xx.1996-cı il tarixdən etibarən Prezident təqaüdünün hesablanaraq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir.
5. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1996-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Na- zirliyinin N saylı hərbi hissəsində vətən torpaqlarının, yəni Gədəbəy rayonu ərazisinin erməni işgalçılarından müdafiə edilməsi uğrunda erməni işğalçılarına qarşı müdafiə döyüşlərində iştirak edərək Hərbi Hissə komandirinin xx.xx.1996-cı il tarixli əmrinə əsasən tərxis olunmuşdur. İddiaçı bildirir ki, nəhayət uzun müddətli müraciətlərindən sonra ona Qarabağ Müharibəsinin veteranı statusu verilməklə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya tərəfindən xx.xx.2020-ci il tarixdə 087909 saylı vəsiqə verilmişdir. O qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli, 641 nömrəli Fərmanı əsasında müharibə veteranlarına 80 (səksən) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və xx.xx.2019cu il tarixindən veteranlar üçün müəyyən edilmiş müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. Ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya tərəfindən 087909 saylı vəsiqə xx.xx.2020ci il tarixdə təqdim edilməsinə baxmayaraq, o, 1-ci Qarabağ Müharibəsi veteranı olmağını təsdiq edən sənəd hüququna malikdir. Yəni həmin sənədlə təsdiq edilir ki, iddiaçı 1-ci Qarabağ Müharibəsinin veteranı statusuna malikdir. İddiaçı ona da digər müharibə veteranları kimi 1996-cı il tarixindən etibarən Qarabağ Müharibəsi veteranı olmağına görə Prezident təqaüdünün verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, “Veteranlar haqqında” Azərbaycan Res-publikası Qanunun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulumuş güzəştlərin veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilməsi, bu səbəbdən ona müharibə veteranları üçün nəzərdə tutulan təqaüdün “xx.xx.2025-ci il” tarixindən qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmişdir.
6. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmuş və etirazda qeyd edilmişdir ki, iddiaçının həmin veteran vəsiqəsi əsasında müharibə veteranı statusunu aldığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən Prezidentin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən 80 manat məbləğində Prezident təqaüdü təyin etmiş, əvvəlki illər üzrə ödənişin verilməsindən isə əsaslı olaraq imtina etmişdir. Sözügedən Fərmanın 2.1.1-ci bəndində qeyd olunur ki, Prezident təqaüdü 2019cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə verilir. Bu səbəblə həmin Fərman qüvvəyə mindiyi tarixdən etibarən müharibə veteranlarına sosial müavinət yox, Prezident təqaüdü təyin edilir. Müharibə veteranları üçün nəzərdə tutulan müavinəti Prezident təqaüdündən fərqləndirmək vacibdir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan 3 illik müddətin ödənilməsi sırf sosial müavinətlərə şamil olunur. Qanunun 4-cü maddəsində müavinətin növlərinə nəzər salsaq, sadalanan növlər arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün Qanunun 9.1 maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki 3 illik dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Digər tərəfdən də, “Sosial müavinətlər haqqında” Qanuna əsasən “Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir”. Bu müddəadan da aydın göründüyü kimi sosial müavinətin “müraciətdən əvvəlki 3 il üçün ödənilməsi” sosial müavinət almaq üçün müraciət edən şəxslərə şamil edilir. Hazırkı iş üzrə isə vətəndaşın Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etdiyi tarixdə Prezidentin yuxarıda sözügedən Fərmanı qüvvədə olduğu üçün onun sosial müavinət yox, təqaüd təyin edilməsi üçün müraciət etmək hüquqi imkanı olmuşdur və o, bu imkandan yararlanmışdır. Bu səbəblə, iddiaçının sosial müavinətlər üçün nəzərdə tutulan 3 illik dövrü tələb etmək hüququ yoxdur. Beləliklə, təqaüd sosial müavinətin bir növü olmadığı və təqaüdün geriyə ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığı üçün iddiaçının xx.xx.1996-cı il tarixindən hesablanaraq müharibə veteranları üçün Azərbaycan Respublikasının Prezidenti təqaüdünü almaq hüququ yoxdur. İddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
7. Bundan öncəki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd edilənlərə oxşar izahat vermiş, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilən etiraza uyğun izahat vermiş, iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
Əsaslandırma hissəsi:
9. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.
10. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır.
11. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir.
12. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; Maddə 3. Müavinət almaq hüququ olan şəxslər 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 9. Müavinətlərin təyin edilməsi müddəti 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir.
13. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 641 nömrəli “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Fərmanı
1. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.
2. Müəyyən edilsin ki: 2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1.1. 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (X3 iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir;
5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir.
14. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.Müharibə veteranlar Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Qərarı
4. Əlavə müddəalar Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.
16. Azərbaycan Respublikasında ayrı-ayrı vətəndaşların ölkə qarşısında xidmətlərinin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müxtəlif fərman və sərəncamlarına əsasən onlara Azərbaycan Respublikası Prezidentinin təqaüdləri hüququn yarandığı tarixdən təyin olunaraq ödənilir və təqaüdün Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri, fəxri adlara görə aylıq təqaüdlər, Azərbaycan Respublikası Milli Qəhrəmanlarına və onların ailə üzvlərinə verilən Prezident təqaüdü, 20 Yanvar şəhidinin ailə üzvlərinə Prezident təqaüdü, şəhid ailə üzvlərinə Prezident təqaüdü, müharibə əlillərinə Prezident təqaüdü, 20 Yanvar əlillərinə Prezident təqaüdü, X3 əlillərinə Prezident təqaüdü kimi növləri vardır.
17. Qanunvericiliyin tələbindən göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə iştirakçılarına həmin sosial müavinətin əvəzinə verilir.
18. Qanunvericiliyin istinad olunan müddəalarını nəzərə almaqla məhkəmə hesab edir ki, sosial müavinət almaq hüququ iki müddətlə, Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinətin Qanunun qüvvəyə mindiyi gündən təyin edilir. İkinci halda, yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir.
19. Hazırkı iş üzrə iddiaçının hüququ yarandığı zaman “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə iştirakçılarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməsi qərara alınmışdır.
20. Yəni, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixdə M/V 087909 nömrəli “Müharibə veteranı” vəsiqəsi və müvafiq status verildiyi zaman o və bu kateqoriyadan olan şəxslər Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququnu əldə etmişlər.
21. Yuxarıda da qeyd edildiyi kimi, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın xx.xx.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir.
22. Beləliklə, 01 aprel 2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə əsasən, müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra “Müharibə veteranı” adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir.
23. Nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bunun əksi ümumi qəbul edilmiş “qanuni gözlənti”, “qazanılmış hüquq” və “hüquqi müəyyənlik” prinsiplərinə zidd olardı. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə minənədək şəxslərin artıq qazanılmış hüquqlarını əvəzsiz ləğv edə bilməz.
24. Buna uyğun olaraq məhkəmə hesab edir ki, 01 aprel 2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Belə ki, təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır.
25. Beləliklə, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı 01 aprel 2019-cu il tarixdən tətbiq edildiyindən və iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi xx.xx.2020-ci il tarixdə verildiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki illər üçün ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, iddiaçının müharibə veteranı adının verildiyi tarixdən əvvəlki illər üçün sosial müavinət almaq hüququnun olması istisna edilir.
26. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-445/2022 nömrəli qərarlarında da əks etdirilmişdir.
27. Qərardad qeyd edilmişdir ki, 01 aprel 2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır.
13. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin norma tələblərinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Habelə, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov