Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-521/2020 08.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, X1 iştirakı ilə X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə qarşı “soyuducunun qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixdə “Sınıq Körpü” gömrük postunda gömrük əməkdaşları tərəfindən götürülmüş 1 ədəd “Toshiba” markalı soyuducunun qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-4823/2019 nömrəli qərardadları ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi ilə əvəz edilmiş, iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmiş və məhkəmə icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. İş icraatına verilmiş hakim Fikrət Hüseynov özü-özünə etiraz etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(114)-521/2020 nömrəli qərardadı ilə etiraz təmin edilmiş və iş baxılması üçün hakim Emin Axundovun icraatına verilmişdir. İddiaçı iddia ərizəsinə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə əlavə edərək, xx.xx.2019-cu il tarixdə “Sınıq Körpü” gömrük postunda gömrük əməkdaşları tərəfindən götürülmüş və hazırda “Azterminalkompleks” Birliyində saxlanılan 1 ədəd “Toshiba” markalı soyuducunun dövlətin və ya başqa şəxslərin xeyrinə müsadirə edilməsinin cavabdehə qadağan edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-521/2020 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, iddia ilə bağlı qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək xx.xx.2019-cu il tarixdə “Sınıq Körpü” gömrük postunda gömrük əməkdaşları tərəfindən götürülmüş və hazırda “Azterminalkompleks” Birliyində saxlanılan 1 ədəd “Toshiba” markalı soyuducunun dövlətin və ya başqa şəxslərin xeyrinə müsadirə edilməsinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə qadağan edilməsi qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı evdə istifadə etmək üçün soyuducu almaq məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə Gürcüstan Respublikasına (orada ucuz qiymətə satıldığına görə) getmək qərarına gəlmişdir. Həmin tarixdə "Sınıq Körpü" gömrük postundan keçərək Tbilisi şəhərinə getmiş və oradan dəyəri 2.160 (iki min bir yüz altmış) gürcü larisi olan 1 (bir) ədəd "Toshiba" markalı soyuducu alaraq geri qayıtmışdır. "Sınıq Körpü" gömrük postundan Azərbaycan Respublikasına keçərkən, gömrük nəzarət xidmətinin əməkdaşları əvvəlcədən, yəni Gürcüstan Respublikasına gedərkən "Sınıq Körpü" gömrük postunun əməkdaşlarından soyuducunun Azərbaycan Respublikasına gətirilməsinə şifahi icazə almadığını bildirərək, həmin soyuducununun gətirilməsinə icazə verməmiş və onu qanunsuz olaraq əlindən alıb postun anbarına təhvil vermişlər. O, gömrük əməkdaşlarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın 2.1.2-ci yarımbəndinin tələblərini izah edərək, bunun üçün əvvəlcədən şifahi icazə almalı olmadığını, ilk dəfə olaraq Gürcüstandan soyuducu gətirdiyini, gömrük ərazisinə gətirdiyi soyuducunu istehsal, yaxud kommersiya məqsədi ilə gətirmədiyini, habelə həmin soyuducunun ümumi gömrük dəyərinin 1500 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmadığını və qeyd etdiyi Qaydaların tələbinə əsasən bunun üçün gömrük rüsumu ödəməli olmadığını bildirsə də, gömrük əməkdaşları belə bir qərarın mövcud olmadığını və soyuducunun anbara təhvil verilməli olduğunu bildirmişlər. Bundan sonra soyuducu müvəqqəti saxlanc üçün anbara təhvil verilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Bundan sonra dəfələrlə "Sınıq Körpü" gömrük postuna gedərək malının qaytarılmasını tələb etmiş, hər dəfə post rəisinin orada olmadığı əsas gətirilərək 3-4 gün ərzində malının qaytarılacağı bildirilsə də, soyuducu qaytarılmamışdır. Həmçinin o, valideynlərilə birlikdə yaşayır, atası Almaz Carçıyev ürək xəstəliyindən əziyyət çəkir, İ qrup əlildir. Uzun müddət ailə büdcəsinə pul toplamaqla evdə istifadə edilməsi üçün soyuducu almaq istəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü İl 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın 2.1.2-ci yarımbəndində açıq aşkar göstərilmişdir ki, bu Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən mallar istisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər. Hesab edir ki, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində hüquqları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. X2 şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək xx.xx.2019-cu il tarixdə “Sınıq Körpü” gömrük postunda gömrük əməkdaşları tərəfindən götürülmüş 1 ədəd “Toshiba” markalı soyuducunun qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi nümayəndəsinin iştirakını şifahi məhkəmə baxışı iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, 1000-190/0xx-xx/022799 nömrəli məktubunun surəti; - Azərbaycan Respublikası gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair xx.xx.2019-cu il tarixli, **********00536 nömrəli aktın surəti; - iddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin və xx.xx.2016-cı il tarixli xarici pasportun surətləri; - 916734, 916735, 916736 və 916737 nömrəli ödəniş qəblərinin surətləri. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2020-ci tarixli, 1600-013/0xx-xx/005559 nömrəli məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X4 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, məhkəmədən müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. İşin hallarından müəyyən olunduğu kimi X1 Gürcüstan Respublikasından 2.160 (iki min bir yüz altmış) lari dəyərində aldığı 1 (bir) ədəd "Toshiba" markalı soyuducu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair **********00536 nömrəli akta əsasən müvafiq sənədlərin olmaması əsası ilə saxlanca götürülmüşdür. İddiaçı əmlakın qaytarılması ilə bağlı cavabdeh orqana müraciət etmiş sonuncu imtina edərək imtinasını onunla əsaslandırmışdır ki, gömrük nəzarəti zamanı soyuducunun şəxsi istifadə məqsədi ilə daşınmadığı yəqinləşdirilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin; 1.0.32. maddəsinə əsasən mal sahibi – mallar barəsində öz adından sərəncam vermək səlahiyyəti olan şəxsdir. 6.3. maddəsinə əsasən gömrük orqanlarının fəaliyyəti qanunun aliliyi, insan hüquqlarının və azadlıqlarının qorunması, şəxslərin qanun qarşısında hüquq bərabərliyi, aşkarlıq, peşəkarlıq, xidmətdə nizam-intizam prinsiplərinə əsaslanır.
51. maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını, azadlıqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən bu Məcəlləyə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunlara uyğun olaraq şikayət vermək hüququna malikdirlər. 60.0. maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri gömrük ərazisinə daxil olan və ya bu ərazini tərk edən, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosedurlardan keçdiyi ərazidə və ya malların müvəqqəti saxlandığı ərazidə olan şəxsləri bu Məcəllənin 92.2.5-ci maddəsinə müvafiq olaraq aşağıdakı məsələlər barədə sorğu-sual etmək hüququna malikdirlər: 60.0.1. həmin şəxsdə gömrük ödənişləri ödənilməmiş, gətirilməsi və ya aparılması qanunvericiliklə qadağan edilmiş, yaxud hər hansı digər malların mövcudluğu; 60.0.2. malların xassələri, xüsusiyyəti, mənşə ölkəsi, qiyməti, ona mülkiyyət hüququ, nəzərdə tutulan təyinat yeri; 60.0.3. şəxsin və ya onun təmsil etdiyi idarə, müəssisə və təşkilatın bu Məcəllə ilə müəyyən edilmiş ödənişlər üzrə gömrük borcunun olub-olmaması; 60.0.4. gömrük borcu mövcuddursa, onun xüsusiyyəti və məbləği. Normadan məlum oluduğu kimi hər bir şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunları, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağan edilən, yaxud məhdudlaşdırılan mallar istisna edilməklə malları bərabər əsaslarla gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququna malikdirlər. Lakin bununla yanaşı adıçəkilən məcəllədə nəzərdə tutulmuş müvafiq prosedurlardan keçdiyi ərazidə və ya malların müvəqqəti saxlandığı ərazidə olan şəxslərin - həmin şəxsdə gömrük ödənişləri ödənilməmiş, gətirilməsi və ya aparılması qanunvericiliklə qadağan edilmiş, yaxud hər hansı digər malların mövcudluğu, malların xassələri, xüsusiyyəti, mənşə ölkəsi, qiyməti, ona mülkiyyət hüququ, nəzərdə tutulan təyinat yeri, şəxsin və ya onun təmsil etdiyi idarə, müəssisə və təşkilatın məcəllə ilə müəyyən edilmiş ödənişlər üzrə gömrük borcunun olubolmaması, gömrük borcu mövcuddursa, onun xüsusiyyəti və məbləği barədə sorğu-sual olunması gömrük orqanlarının vəzifəli şəxslərinin hüququ kimi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə tərtib edilmiş «Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair» xx.xx.2019-cu il tarixli aktdan məlum olur ki, "Toshiba" markalı soyuducunun müvəqqəti saxlanca götürülməsi üçün əsas müvafiq sənədlərin olmamasıdır. Aktdan müəyyən olunur ki, malın faktura dəyəri 400 ABŞ dolları təşkil edir. İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, 1000-190/0xx-xx/022799 nömrəli məktubunda gömrük nəzarəti zamanı soyuducunun şəxsi istifadə məqsədi ilə daşınmadığı yəqinləşdirildiyi və bu səbəbdən malların müvəqqəti saxlanca götürülməsinə dair xx.xx.2019-cu il tarixli, **********00536 nömrəli akt tərtib edilərək «Qırmızı Körpü» gömrük postunun müvəqqəti saxlanc anbarına təhvil verildiyi bildirilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1. maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə hesab edir ki, qeyd edilən malın alınmasına dair «mal qaimə» fakturası E.Carçıyevin gömrük sərhəddindən keçirdiyi soyuducunu alması və onun mülkiyyətçisi olmasını təsdiq edən sənəddir və həmin malın ona məxsus olmaması halı öz təsdiqini tapmamışdır. Bununla yanaşı Gömrük Məcəlləsinin 178-ci maddəsində malın saxlanca götürlməsi əsasları konkret göstərilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin; 124.1. maddəsinə əsasən malların dərhal digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada yerləşdirildiyi hallar istisna olmaqla, gömrük orqanlarına təqdim edilmiş xarici mallar bu Məcəllənin 178-ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilir. 166.0.2. maddəsinə əsasən mallar saxlanc (müvəqqəti saxlanc və gömrük anbarlarında saxlanc) xüsusi gömrük proseduru altında yerləşdirilə bilər. 176.1. maddəsinə əsasən saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 178.1. maddəsinə əsasən başqa gömrük proseduru altında yerləşdirilməsi üçün bəyan edilmə halları istisna olmaqla, mal sahibi tərəfindən gömrük orqanlarına təqdim edilmiş aşağıdakı xarici mallar onun tərəfindən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək bəyan edilir: 178.1.1. sərbəst zonaya birbaşa gətirilmə istisna olmaqla, gömrük ərazisinə gətirilən mallar; 178.1.2. sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirilən mallar; 178.1.3. barəsində beynəlxalq tranzit xüsusi gömrük proseduru başa çatmış mallar. 178.2. maddəsinə əsasən malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi qısa idxal bəyannaməsi və ya onu əvəz edən tranzit sənədi qəbul edilir. 178.3. maddəsinə əsasən gömrük orqanları prosedur sahibindən yarana biləcək gömrük borcuna görə təminat tələb etmək hüququna malikdirlər. “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 305 nömrəli qərarının 2.1.2-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş bu Qaydaların 2.1.1-ci yarımbəndində göstərilən mallar istisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar güzəştli qaydada gömrük sərhədindən keçirilə bilər. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2020-ci il tarixli, 1600-022/001-22/00/514 nömrəli məktubu ilə müəyyən edilir ki, X3 Dövlət Gömrük Komitəsinin VAİS proqram təminatında araşdırma aparılmış və ötən ildə vətəndaşın ölkə ərazisində soyuducu yükü gətirməsi barədə hüç bir məlumat qeydə alınmamışdır. Bununla yanaşı məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2020-ci il tarixli, 1600-013/0xxxx/005559 nömrəli məktubu ilə müəyyən edilir ki, X6 tərəfindən 2019-cu il ərzində xx.xx.2019-cu il tarixdə **********00536 nömrəli aktla “Qırmızı Körpü” gömrük postunda saxlanca götürülən soyuducudan başqa ölkə ərazisinə soyuducu gətirməyi “VAİS” proqram təminatında aşkar edilməmişdir. xx.xx.2020-ci il tarixli, 2-1(114)-521/2020 saylı sərəncama Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən verilən xx.xx.2020-ci il tarixli cavab məktubunda da, xx.xx.2019-cu il tarixdə X6 trəfindən gətirilən **********00536 nömrəli aktla “Qırmızı Körpü” gömrük postunda saxlanca götürülən soyuducudan başqa 2019-cu il ərzində soyuducu gətirmədiyi nəzərdə tutulmuşdur. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan X1 iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş İdarəsininin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair” **********00536 nömrəli akta əsasən saxlanca götürülmüş 1 ədəd “Toshiba” markalı soyuducunun X5 qaytarılması öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə həvalə edilməlidir.
N ə t i c ə v i h i s s ə:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş İdarəsininin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair” **********00536 nömrəli akta əsasən saxlanca götürülmüş 1 ədəd “Toshiba” markalı soyuducunun (malın qeydiyyat kodu - **********00907) X5 qaytarılması öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Emin Axundov