Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-531/2023 11.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi və əlilliyə dair məlumatlarının əlillik altsisteminə əlavə edilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, 1999-cu ildən 2009-cu ilədək hərbi əməlliyatlar keçirilən zonada olmaqla əlaqədar 2-ci qrup əlillik müddətli, 2009cu ildən 2017-ci ilədək hərbi əməlliyatlar keçirilən zonada olmaqla əlaqədar 2-ci qrup əlillik müddətsiz, xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlillik müddətli əlillik məlumatlarının Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə əlavə edilməsi öhtəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci 1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda edən döyüşlərdə iştirak etmiş, 1999-cu ildə hərbi əməlliyatlar keçirilən zonada olmaqla əlaqədar mənə 2-ci qrup əlillik təyin edilmişdir. xx.xx.2009-cu ildən hərbi əməlliyatlar keçirilən zonada olmaqla əlaqədar ona təkrar müayinə zamanı 2-ci qrup müddətsiz əlillik təyin edilmişdir. İddiaçının hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2016-cı ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona "hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" xəstəlik qərarı verilmişdir. xx.xx.2017 ci il tarixdə Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən iddiaçının əliliyinin səbəb əlaqəsi dəyişdirilmiş və 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Sentyabr ayınada hərbi qulluqçuları pensiya ilə təmin olunarkən ona pensiya verilməmişdir. İddiaçı bu barədə elektron sistemə baxış keçirən zaman onun əlilliyinin 1999-cu ildən ləğv edilməsinin, əlilliyi haqqında heç bir məlumatın olmamasının şahidi olmuşdur. İddiaçı hesab edir ki, bu ona qarşı haqsız mövqedir, çünki o 1999-cu ildən əlildir və növbəti müayinə zamanı 2009-cu ildən müddətsiz əlillik təyin edilmişdir. 2017-ci ildə onun əliliyinin səbəb əlaqəsi dəyişdirilərkən ona müddətsiz əlillik təyin edilməli idi. xx.xx.2017-ci il tarixdə 2768003AABQ9 nömrəli Səhiyyə müəssisəsinin göndərişinə (88 nömrəli forma) əsasən iddiaçı 1999-cu ildən müddətli, 2009-cu ildən müddətsiz əlil ola-ola əlilliyi əsasız olaraq elektron sistemdən silinmmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən 1999-cu ildən 2009-cu ilədək hərbi əməlliyatlar keçirilən zonada olmaqla əlaqədar 2-ci qrup əlillik müddətli, 2009-cu ildən 2017-ci ilədək hərbi əməlliyatlar keçirilən zonada olmaqla əlaqədar 2-ci qrup əlillik müddətsiz, xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlillik müddətli əlillik məlumatlarının Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə əlavə edilməsinə ehtiyac vardır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək, 1999cu ildən 2009-cu ilədək hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar müddətli 2-ci qrup əlillik, 2009-cu ildən 2017-ci ilədək hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar müddətsiz 2-ci qrup əlillik, xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətli 2-ci qrup əlillik məlumatlarının Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsisteminə əlavə edilməsi və xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcə əlilliyin-əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, xx.xx.2023-cü il tarixli qərardadla iddia dəyişdirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı xx.xx.2022-ci il tarixdə teleqram göndərərək işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Qaradağ Tibb Mərkəzinin xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və "Səbəbi: Azərbaycan Respublikasının ərazi bütöviüyünün müdafiəsi ilə əlaqədar əlilik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın …; Diaqnozun mətni: Keçirilmiş ağır kəllə-beyin travmasının davamlı qalıq əlamətləri.Postravmatik ensefalopatiya. Kəllədaxili hipertenziya. Generalizə olunmuş tez-tez təkrarlanan tonikklonik qıcolma tutmaları(ayda 7-8 dəfə).Hipertoniya xəstəliyi İİ dərəcə, əlavə risk İV dərəcə. Koordinator-statik pozğunluqlar. Kəskin asteno-nevrotik sindrom. ÜİX. Stabil gərginlik stenokardiyası İl f/s.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9);" səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Nəzərinizə çatdırırıq ki, 2017-2020-ci il illər ərzində rəsmiləşdirilmiş göndərişlər əsasında aktiv əmək müqaviləsi olub əlillik təyinatı aparılmış 8711 nəfərə dair məlumatlar iki mərhələdə araşdırılma aparılması üçün müəyyənləşdirilmişdir. llkin mərhələdə araşdırdığımız 3868 nəfərə aid məlumatlar Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) "Sığorta edənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərin emalı" altsistemində olan məlumatlarla qarşılaşdırılmış və müəyyən olunmuşdur ki, həmin şəxslər barədə rəsmiləşdirilən göndərişlərdə stasionar və ambulator müalicə müddətinə dair qeydlər olmasına baxmayaraq həmin şəxslərə sözügedən dövr ərzində Dövlət Sosial Müdafiə Fondu tərəfindən hər hansı bir ödəniş aparılmamışdır. Əlavə olaraq 3868 nəfər üzrə rəsmiləşdirilmiş göndərişlərdə qeyd olunan stasionar və ambulator müalicə tarixləri MEİS-in "Əmək müqaviləsi" və "Sığorta" altsistemlərində olan məlumatlar əsasında, fərdi qaydada, bir-bir yoxlanılmışdır. Müəyyən olunmuşdur ki, 776 nəfərə dair göndərişlərdə qeyd olunan stasionar və ambulator müalicə tarixlərində həmin şəxslərə əmək haqqı ödənilmiş və onlara əlillik təyinatı zamanı əsas götürülmüş müalicə müddətlərinə dair məlumatlar təsdiqini tapmamışdır. Digər 3092 nəfər barədə məlumatların emalı zamanı bəzi şəxslərə dair işəgötürən tərəfindən məcburi dövlət sosial sığortası üzrə hesabatların verilməməsi, bəzilərinin isə məlumatlarının təhlil aparılması üçün yetərli olmaması səbəbindən araşdırılması mümkün olmamışdır. İkinci mərhələdə araşdırılması nəzərdə tutulmuş 4843 nəfərlə bağlı təhlillər aparılır. Göstərilənləri nəzərə alaraq siyahıda adları qeyd olunmuş 776 nəfərə aparılmış əlillik təyinatlarının etibarsız edilməsi məqsədəmüvafiqdir. İddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən (477-ci sıra), "Əlillik altsistemi"ndə İddiaçı aid qiymətləndirmə etibarsız hesab edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş TSEK-də müayinə aktından çıxarışın kötüyündən görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən müddətsiz əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 220 nömrəli qərarından görünür ki, İddiaçı döyüş zonasinda aldığı və şəxsin canlı məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. -iş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə müddətli (xx.xx.2022-ci il tarixədək) əlillik təyin edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Qaradağ Tibb Mərkəzinin xx.xx.2017-ci il tarixli müvafiq göndərişi əsasında baxılmış və ona xx.xx.2017-ci il tarixdən 2-ci dərəcə müddətli (xx.xx.2022-ci il tarixədək) əlillik təyin edilmişdir. Bundan sonra, 3868 nəfər üzrə rəsmiləşdirilmiş göndərişlərdə qeyd olunan stasionar və ambulator müalicə tarixləri MEİS-in "Əmək müqaviləsi" və "Sığorta" altsistemlərində olan məlumatlar əsasında, fərdi qaydada, bir-bir yoxlanılmış və müəyyən olunmuşdur ki, 776 nəfərə dair göndərişlərdə qeyd olunan stasionar və ambulator müalicə tarixlərində həmin şəxslərə əmək haqqı ödənilmiş və onlara əlillik təyinatı zamanı əsas götürülmüş müalicə müddətlərinə dair məlumatlar təsdiqini tapmamış, bu səbəbdən 776 nəfərə aparılmış əlillik təyinatlarının etibarsız edilməsi qərara alınmış və iddiaçının adı göndərişləri etibarsız hesab edilənlərin siyahısında qeyd edildiyindən (477-ci sıra), "Əlillik altsistemi"ndə ona aid qiymətləndirmə etibarsız hesab edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın:- -1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. -1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbuledildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun:- -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -61.4-ci maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Sadalanan normaların məzmunundan görünür ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin müayinənin nəticələrinə əsasən əlil olmadığı müəyyən edildiyi halda əlilliyi barədə inzibati aktın etibarsız hesab edilməsi məsələsinə baxıla bilərdi. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından isə görünür ki, iddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh əlilliyi etibarsız hesab etmişdir. Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik alt sistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir. Göründüyü kimi, cavabdeh “İnzibati icraat haqqında” Qanunun tələblərini pozaraq inzibati icraatın aparılması ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməmişdir. Odur ki, İddiaçı təyin edilmiş ikinci dərəcə əlilliyin-əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində etibarsız hesab edildiyi xx.xx.2020-ci il tarixdən bərpa edilməsi və iddiaçının əlilliyinə dair məlumatlarının Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsisteminə əlavə edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əlillik dərəcəsinin etibarsız hesab edildiyi xx.xx.2020-ci il tarixdən bərpa edilməsi və əlilliyə dair məlumatlarının Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik altsisteminə əlavə edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-531/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-531/2023
11.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver