Məhkəmə qərarları › İş №2-1(114)-583/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-583/2025

03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-583/2025 03.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar Nadirli (Əmralıyev) Hafiz Bəşir oğlu və digərlərinin cavabdeh Bəərdə rayonu Xəsili bələdiyyəsinə qarşı torpaq sahəsinin ayrılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçılar Nadirli (Əmralıyev) Hafiz Bəşir oğlu, X7, X8 və X2 cavabdeh Bərdə rayonu Xəsili bələdiyyəsinə qarşı pay torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023cü il tarixli 3-21-3-02/2-N-01xx-xx/2023 nömrəli məktubunda bildirilmişdir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq, ölkədə torpaq islahatı rayon və yerli aqrar islahat komissiyaları tərəfindən aparılmışdır. Hazırda ölkəmizdə torpaq islahatı bitmiş, torpaq islahatını aparan komissiyalar (rayon və yerii aqrar isiahat komissiyaian) və Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası ləğv edilmişdir. Torpaq islahatı aparılan zaman torpaq payının əldə edilməsi ilə əlaqədar yaranan mübahisələrlə bağlı narazı vətəndaşların "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş müddət ərzində yerli aqrar islahat komissiyasının qərarından rayon aqrar islahat komissiyasına, Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və məhkəməyə şikayət etmək hüquqları olmuşdur. Hazırda həmin komissiyaların ləğv edilməsi və hüquqi varislərinin olmaması səbəbindən müraciətdə göstərilən məsələ aidiyyəti üzrə məhkəməyə müraciət etməklə öz həllini tapa bilər.

2. Bərdə rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 006 nömrəli məktubunda bildirilmişdir ki, rayon Dövlət Arxivində 84 saylı fondda mühafizə olunan Bərdə rayon Xəsili kənd İcra Nümayəndəliyinin Hacallı kəndinə aid 1991-1995-ci illər üzrə 10 saylı təsərrüfatbaşına kitabın 492 saylı şəxsi hesabına əsasən vətəndaş X3 ailə başçısı olduğu, X5 olduğunun 1995-ci ildə qeydiyyatda olduğu qeyd olunub.

3. Nadirli (Əmralıyev) Hafiz Bəşir oğlu torpaq sahəsinin ayrılması ilə bağlı Bərdə rayonu Hacallı bələdiyyəsinə müraciət etmiş və orqan tərəfindən xx.xx.2024-cü il tarixli 32 nömrəli imtina cavabı verilərək bildirilmişdir ki, Hacallı kəndində torpaq islahatı 1998-ci ildə getmişdir. Həmin vaxt bələdiyyə yaranmamışdır. Onlarda olan siyahıya əsasən onun adına və ailə üzvlərinin adına pay torpağı yoxdur və kimsə tərəfindən istifadə olunmur. Daha dəqiq məlumat almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etməyi tövsiyə olunur.

4. Məhkəmənin sorğusuna Bərdə rayonu Hacallı bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 7 nömrəli cavab məktubunda bildirilmişdir ki, vətəndaşlar Nadirli (Əmralıyev) Hafiz Bəşir oğlu və ailə üzvlərinin iddiaları əsassızdır. Belə ki, 1998-ci ildə torpaq islahatı aparılan zaman bələdiyyə yaranmamışdır. Həmin şəxslər Hacallı kəndində qeydiyyatda olmadıqları üçün islahat zamanı onlara pay torpağı verilməmişdir. Bu islahatdan 25 ildən artıq müddət keçmişdir. Hacallı bələdiyyəsi Qələbə kolxozunun hüquqi varisi deyildir.

5. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2-2716/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, aparılmış araşdırma zamanı Bərdə rayonu, Hacallı kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında Nadirli (Əmralıyev) Hafiz Bəşir oğlu, X9, X8 və X2 adları aşkar edilməmişdir.

6. Məhkəmənin sorğusuna Bərdə rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 147 nömrəli cavab məktubunda bildirilmişdir ki, Bərdə rayonunda iki Hacallı kəndi var. Odur ki, kəndin hansı Nümayəndəliyə və hansı ilə aid olduğu göstərilmədiyindən axtarış aparmaqda çətinlik yarandı. Odur ki, sorğuya cavab vermək imkanları xaricində oldu.

7. Məhkəmənin sorğusuna Bərdə rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 147/1 nömrəli cavab məktubunda bildirilmişdir ki, Bərdə rayonunda fəaliyyət göstərən Hacallı kənd Sovetliyi 1990-cı ildə Xəsili kənd Sovetliyindən / İcra Nümayəndəliyindən ayrılaraq Hacallı kənd İcra Nümayəndəliyi kimi fəaliyyət göstərir. Nümayəndəliyin 1990-2010-cu illərə dair təsərrüfatbaşına kitabları yoxlanılarkən sənəddə adları qeyd olunan vətəndaşların adlarına rast gəlinmədi. Odur ki, sorğuya cavab vermək imkanları xaricində oldu.

8. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2-2967/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, aparılmış araşdırma zamanı Bərdə rayonu, Hacallı kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında Nadirli (Əmralıyev) Hafiz Bəşir oğlu, X9, X8 və X2 adları aşkar edilməmişdir. II. Məhkəmədə icraat

9. İddiaçı Nadirli (Əmralıyev) Hafiz Bəşir oğlu cavabdeh Bərdə rayonu Hacallı bələdiyyəsinin sədri X6 qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, 4 nəfər ailə üzvünə Bərdə rayon X1 kənd bələdiyyəsindən əmlak payının alınıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 1969 cu ildən Bərdə rayonun Xəsili Hacallısında dünyaya gəlmişdir. 1995 ci ilə kimi orda yaşamış, ailə qurmuş, 2 övladı xx.xx.1994 cü il təvəlüdlü X8, xx.xx.1996 ci il təvəllüdlü X4 həmin kəndə dünyaya gəlmişdir. Lakin kənddə islahat gedən vaxtı ona və ailə üzvlərinə nədənsə əmlak pay torpağı verməyiblər, veriblərsə də kimin istifadə etdiyi məlum deyil. Bu barədə aidiyatı üzrə respublika üzrə müraciətlər etsə də axırda ona məhkəməyə şikayət etməyini məsləhət görüblər. Odur ki, bələdiyənin mülkiyyətində hazırda torpaq var. Hesab edir ki, həmin torpaq sahəsi əmlak pay torpağı kimi onların mülkiyətinə verilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası İqtisadiyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə müraciət etmişdir. xx.xx.2023 cü il tarixdə ona rəsmi məktub verməklə məhkəməyə müraciət etməyini bildirmişdilər. Yəni 1998-ci ildən Aqrar İslahat komissiyası texniki səhv olaraq onlara əmlak pay torpağı verilməyib. Ona görə də hesab edir ki, onların Hacallı kəndində həmin tarixdə olduqları üçün 4 nəfər ailə üzvlərinə əmlak pay torpağı verilməlidir. Qeyd edir ki, o, həmin kənddən qeydiyatdan çıxmağına baxmayaraq o elə bilirdi ki, onların əmlak pay torpaqları o kənddə yaşayan valideyinlərinin tərkibində verilib. Son vaxtlar məlum olmuşdur ki ona və onun ailə üzvlərinə əmlak pay torpağı verilməyib. Halbuki o, kənddə islahat getsə belə onlara əmlak pay topağının verilməsi 5 ilə kimi nəzərdə tutularaq verilməli idi, harada yaşadıqlarından aslı olmayaraq. Ancaq həmin vaxtdan 1 il və yaxud 2 il keçsə də onlara əmlak pay torpağı qərəzli olaraq verilməmişdir. Həmçinin bildirir ki, onun əvvələr soyadı olub X5 texniki səhv olaraq yazılıb. Lakin, 1991 ci ildə isə onun müraciəti əsasında Nadirov Asif kimi qeyd edilib. Arxiv sənədində isə əvvəlki soyadı Əmralıyev göstərilmişdir. Bunun hər ikisi odur. Göstərilən səbəblərdən məhkəməyə müraciət edərək hüquqlarının və qanuni mənafelərinin bərpa etdirmək məcburiyətində qalmışdır. Buna görə də öhdəliyi cavabdehin üzərinə qoyulması öhdəliyi yaranmışdır. O da məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

12. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X7, X8 və X4 birgə iddiaçılar qismində inizbati məhkəmə icraatına cəlb edilmişlər, cavabdeh əsl cavabdeh Bərdə rayonu Hacallı bələdiyyəsi ilə əvəz edilmişdir.

13. Daha sonra məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Bərdə rayonu Xəsili bələdiyyəsi ilə əvəz edilmişdir. III. Prosessual məsələlər

14. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

15. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Əsaslandırma hissəsi:

16. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

17. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Bənd 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

18. İddia ərizəsinin məzmunu, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı islahat zamanı onun və ailə üzvlərinin adının pay torpaq sahəsi alacaq subyektlərin adlı siyahıya salınmaması və ona pay torpaq sahəsinin verilməməsindən narazıdır və bu əsasla cavabdeh Bərdə rayonu Xəsili bələdiyyəsindən ona pay torpaq sahəsinin ayrılıb verilməsini tələb edir.

19. Hansı ki, iddiaçıya pay torpaq sahəsi verilməsi cavabdeh qismində göstərdiyi bələdiyyənin səlahiyyətində deyil. İddiaçı da cavabdeh tərəfindən hüquqlarının pozulması ilə nəticələnən hərəkətə (hərəkətsizliyə) yol verilməsini əsaslandıra bilməmişdir. Buna görə də, cavabdehin hərəkətləri nəticəsində iddiaçının subyektiv hüququnun pozulması halı müəyyən edilmir.

20. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçının torpaq islahatı zamanı ona pay torpaq sahəsinin ayrılmaması ilə əlaqədar “Torpaq islahatı haqqında” Qanunun 22-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş müddət ərzində yerli aqrar islahat komissiyasının qərarından rayon aqrar islahatı komissiyasına və Azərbaycan Respublikası Dövlət Aqrar İslahatı Komissiyasına şikayət etmək hüququ olmuş, lakin o, bunu vaxtında etməmişdir. Ölkə ərazisində aqrar islahat xeyli müddət əvvəl başa çatdığından və həmin komissiyalar ləğv edildiyindən iddiaçının yerli aqrar islahat komissiyasının qərarından məhkəməyə şikayət etmək hüququ olmuşdur.

21. “Torpaq islahatı haqqında” Qanununa görə: Maddə 22. Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.

22. Yəni, iddiaçı Bərdə rayonu, Hacallı kəndində aqrar islahatla əlaqədar yerli aqrar islahat komissiyasının qərarını məhkəmədə mübahisələndirmək hüququna malikdir.

23. Beləliklə, iddiaçının hazırkı tələbi üzrə isə cavabdeh Bərdə rayonu Xəsili bələdiyyəsi tərəfindən iddiaçının hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia mümkün sayılmamalıdır.

24. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

25. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar