Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-671/2024 09.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı əkin subsidiyasının verilməsi tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2020-2022-ci illər üçün əkin subsidiyasının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Xanlar rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.1996-cı il tarixli 303 saylı sərəncamı ilə Xanlar rayonu X1 Birliyinin əkin sahəsindən 61,0 ha torpaq sahəsinin ayrılıb kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar olaraq müəssisə yaratmaq üçün iddiaçının atası X2 verilmişdir. Həmin sərəncam əsasında Xanlar rayonu İcra Hakimiyyəti tərəfindən torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı verildikdən sonra N.Hüseynov "xxxx" X3 yaratmışdır. Nurəddin Hüseynov xx.xx.2019-cu ildə vəfat etmiş, 2014-cü ildən etibarən isə həmin müəssisənin rəhbəri vəzifəsinə iddiaçı təyin olunmuş, daha sonra 25 avqust 2020-ci ildən müəssisənin nizamnaməsinə dəyişiklik edilməklə vərəsəlik hüququ əsasında müəssisənin mülkiyyətçisi və təsisçisi olaraq müəyyən olunmuşdur. “Kənd təsərrüfatı məhsulları istehsalının subsiyalaşdırılması qaydasına görə ona əkin subsidiyası ayrılmış, mütəmadi olaraq EKTİS sistemində torpaq sahəsi ilə bağlı məlumatları bəyan etmiş və subsidiya ilə təmin olunmuşdur. Lakin 2020, 2021və 2022-ci illər ərzində qanunsuz olaraq bu hüquqdan məhrum olunmuş, dəfələrlə müraciət etməyinə baxmayaraq müsbət cavab verilməmişdir. İlkin qaydada bildirmişlər ki, EKTİS-də bəyan etdiyi torpaq sahəsinə dair sənədlər mərhum atasının adınadır. Ancaq həmin torpaq sahəsində fermer təsərrüfatı fəaliyyəti məşğul olan "xxxx" X4 atasının adına olsa da, o, vəfat etdikdən sonra həmin müəssisə vərəsəlik qaydasında iddiaçının adına keçmiş və təsisçi dəyişməklə dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsinə vərəsəlik əldə etmək və adına müvafiq çıxarış almaq üçün həmçinin Daşınmaz Əmlakın Dövlət Reyster Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin qanunsuz və əsassız olaraq bu hüquqlarından məhrum edilmişdir. Buna cavab olaraq həmin orqanı məhkəməyə vermiş və bu işdə haqlı olaraq atası Nurəddin Hüseynovun vərəsəsi olaraq torpaq üzərində daimi istifadə hüququnu əldə edərək həmin hüququ hüquqların dövlət reyestirində qeydə aldırmaqla müvafiq çıxış əldə etmişdir. Bundan sonra cavabdeh orqan əsassız olaraq yenə də ona subsidiya ayrılmasından imtina etmişdir. Buna səbəb kimi də sığortalanmalı olan bitkilərə dair sığorta müqaviləsi bağlanmaması qeyd edilmişdir. Sonra məsəslə ilə bağlı Aqrar Sığorta Fonduna müraciət etsə də, torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixdə çıxarış aldığına görə sığorta müqaviləsi bağlanmasının mümkünsüzlüyü bildirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş etirazda bildirilmişdir ki, İddiaçı müraciəti araşdırılan zaman məlum olmuşdur ki, torpaq sahəsində əkilmiş payızlıq buğda və arpa “Elektron kənd təsərrüfatı” informasiya sistemində (bundan sonra - EKTİS) "xxxx" KTM-nin adından bəyan edilmişdir. Fond tərəfindən "xxxx" KTM-yə məxsus və EKTİS-də qeyd olunan telefon nömrəsinə əkin subsidiyasından yararlanmaq üçün sığorta müqaviləsinin bağlanmasının vacibliyi, sığorta haqqı və ödənişin həyata keçirilməsi qaydası barədə məlumatlar hər il olduğu kimi bu il də SMS vasitəsilə göndərilmişdir. Bundan başqa KTM-nin nümayəndəsi ilə əlaqə saxlanaraq sığorta müqaviləsinin yalnız sığorta haqqı ödənilidikdən sonra qüvvəyə minməsi bildirilmişdir. Lakin sığorta haqqı ödənilmədiyi üçün KTM-nin sığorta müqaviləsi qüvvəyə minməmiş və aqrar sığorta təminatından yararlana bilməmişdir. İddiaçı isə EKTİS-də "xxxx" KTM-nin adından bəyan edilmiş sahəni öz adına rəsmiləşdirilmiş və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestirindən xx.xx.2023-cü il tarixdə çıxarış almışdır. Əgər "xxxx" KTM tərəfindən qanunvericiliklə müəyyən edilmiş vaxtda sığorta müqaviləsi bağlansaydı, sonradan müqaviləyə dəyişiklik edilə bilərdi. Sığorta müqaviləsinin bağlanması üçün müraciət tarixləri aqrar sığorta qanunvericiliyinə əsasən müəyyən edildiyinə və həmin müddət ötdüyünə görə iddiaçı ilə sığorta müqaviləsinin bağlanması mümkün deyildir. Eyni zamanda, hazırda bəyan edilmiş payızlıq arpa və buğda bitkilərinin biçim dövrüdür. Fond tərəfindən isə kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə aqrar sığortanın predmeti olan bitkilərə sahədən biçilənə və ya yığılanadək sığorta təminatı verilir. Beləliklə, iddiaçının 61 hektar torpaq sahəsində həyata keçirdiyi payızlıq buğda və payızlıq arpa əkinləri sığorta haqqı ödənilmədiyi üçün "xxxx" KTM-nin sığorta müqaviləsi qüvvəyə minməmiş və aqrar sığorta təminatından yararlana bilməmişdir. Hesab edilir ki, irəli sürülən iddia əsassız olduğuna görə təmin olunmamalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının:- -1.1-ci bəndinə əsasən bu qayda kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin mexanizmini və şərtlərini müəyyən edir. -1.2.1-ci bəndinə əsasən subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaitidir. -1.2.9-cu bəndinə əsasən əkin subsidiyası – fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır. -2.1-ci bəndinə əsasən Fermerlərə subsidiyaların verilməsinin təşkili bu Qaydaya və xidmət reqlamentlərinə müvafiq həyata keçirilir. -3.1-ci bəndinə əsasən istifadəsində olan 10 hektar və daha çox torpaq sahəsində (sahələrində) bu Qaydanın 2.4.1-ci yarımbəndinə uyğun olaraq Şuranın təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyası bu Qaydanın tələblərinə əsasən, sığorta müqaviləsi bağlandıqdan sonra verilir. -3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər: 3.8.3. əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri, sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın -2.4.1-ci bəndinə əsasən sığorta predmeti hesab olunan kənd təsərrüfatı bitkilərini və bitkiçilik məhsullarını sığortalamaq istəyən hüquqi və ya fiziki şəxslər vasitəçi aqrar sığortaçıya müraciət edirlər. Sığorta müqaviləsi bağlamaq istəyən şəxslər vasitəçi aqrar sığortaçılar vasitəsilə ASİS-də qeydiyyatdan keçirlər. -2.4.6-cı bəndinə əsasən məhsul təminatına dair sığorta müqavilələrində sığorta müqaviləsinin bağlanılmasına dair müraciət hər bir bitki növü üzrə bu Qaydaların 2.4.7-ci yarımbəndində müəyyən edilmiş sığorta təminatının başlanmasından əvvəlki 15 günə qədər qəbul edilir. -2.4.7-ci bəndinə əsasən məhsul təminatına dair sığorta müqavilələrində dolu, fırtına, qasırğa, sel və ya subasma, habelə şaxtavurma (donvurma) risklərinə münasibətdə sığorta təminatının başlanğıc vaxtları aşağıdakı kimi müəyyən edilir:
1. buğda, arpa, qarğıdalı, çəltik, pambıq, kartof, şəkər çuğunduru, tütün, günəbaxan, soya, yonca, noxud, yaşıl noxud, soğan, qarpız, yemiş (qovun), sarımsaq və darı bitkilərində bitkinin cücərməsindən. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 6.8-ci bəndinə əsasən aqrar sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta predmeti olan əmlaka mülkiyyət, istifadə və icarə hüququ başqa şəxsə keçərsə, aqrar sığortalının hüquq və vəzifələri də həmin şəxsə keçir. Bununla əlaqədar müqaviləyə müvafiq dəyişikliklər edilir və bu barədə məlumatlar aqrar sığorta informasiya sisteminə daxil edilir. Qanunvericiliyin tələbindən göründüyü kimi, əkin subsidiyası yuxarıda istinad olunan Qaydanın tələblərinə əsasən, sığorta müqaviləsi bağlandıqdan sonra verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, hazırki iddia üzrə iddiaçının subyektiv hüququ istisna olunur. Belə ki, işin faktiki hallarından məlum olur ki, iddiaçının torpaq sahəsində əkilmiş payızlıq buğda və arpa “Elektron kənd təsərrüfatı” informasiya sistemində "xxxx" KTM-nin adından bəyan edilmişdir. Lakin sığorta haqqı ödənilmədiyi üçün müəssisənin sığorta müqaviləsi qüvvəyə minməmiş və aqrar sığorta təminatından yararlana bilməmişdir. Sonradan iddiaçı "xxxx" KTM-nin adından bəyan edilmiş sahəni öz adına rəsmiləşdirilmiş və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestirindən xx.xx.2023-cü il tarixdə çıxarış almışdır. Göründüyü kimi, iddiaçının subsidiya tələb etdiyi dövrdə subsidiya ayrılacaq torpaq sahəsi onun mülkiyyətində və qanuni sahibliyində olmamışdır. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə
Qəraraaldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı əkin subsidiyasının verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fikrət Hüseynov