Məhkəmə qərarları › İş №2-1(114)-689/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-689/2024

02.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-689/2024 02.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Quru Qoşunları Komandanlığı-N nömrəli hərbi hissəyə qarşı əmrlərin ləğv edilməsi, məharət dərəcəsinin bərpa edilməsi və pul mükafatının ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Quru Qoşunları Komandanlığı-N nömrəli hərbi hissəyə qarşı əmrlərin ləğv edilməsi, məharət dərəcəsinin bərpa edilməsi və birdəfəlik pul mükafatının ödənilməsi tələbinə dair işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Quru Qoşunları Komandanlığı-N nömrəli hərbi hissəyə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, N nömrəli hərbi hissədə çöl çıxışlarının təşkilinə və çöl çıxışları zamanı döyüş hazırlığı məşğələlərinin keçirilməsində baş vermiş nöqsanlara görə N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 226 saylı əmrinin onun barəsində olan hissəsinin, habelə həmin inzibati tənbeh tədbirinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanlığı tərəfindən məharət dərəcəsinin bir pillə aşağı endirilməsinə görə verilmiş xx.xx.2021-ci il tarixli 031 nömrəli əmrinin ona aid hissəsinin ləğv edilməsinə və birinci məharət dərəcəsinin bərpa olunması, birdəfəlik pul mükafatının tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunsun.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin müavini vəzifəsində işlədiyi dövrdə onun "Birliyin gənc əsgərləri ilə ixtisas hazırlığı mərhələsinin təşkili və keçirilməsi haqqında" 1-ci ordu korpus komandirinin xx.xx.2021-ci il tarixli 226 nömrəli əmri ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 4 həftə müddətində həftədə 5 dərs günü, gündə 5 dərs saatı olmaqla N saylı hərbi hissədə birliyin gənc əsgərləri ilə ixtisas hazırlığı mərhələsinin təşkili və keçirilməsində toplanış rəisi təyin olmuşdur. xx.xx.2021-ci il tarixdə N saylı hərbi hissədə keçirilmiş çöl çıxışlarının təşkili və məşğələnin keçirilməsində buraxılmış nöqsanlara görə N saylı hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 226 saylı əmri ilə "Çöl çıxışlarının təşkilinə və çöl çıxışları zamanı döyüş hazırlığı məşğələlərinin keçirilməsində baş vermiş nöqsanlara görə” ona N saylı hərbi hissə komandanlığı tərəfindən şiddətli töhmət verilmişdir. Həmin inzibati tənbeh tədbirinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunları Komandanının xx.xx.2021-ci il tarixli 031 nömrəli əmri ilə məharət dərəcəsi bir pillə aşağı endirilmiş, hərbi qulluqçulara verilən birdəfəlik pul təminatından məhrum edilmişdir. Beləliklə də N saylı hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 226 saylı əmri ilə çöl çıxışlarının təşkilinə və çöl çıxışları zamanı döyüş hazırlığı məşğələlərinin keçirilməsində baş vermiş nöqsanlara görə o, günahlandırmaqla barəsində inzibati tənbeh tədbirinin verilməsi barədə xx.xx.2021-ci il tarixli 226 saylı əmrin ona aid hissəsi tam qanunsuzdur. Ona görə ki, iddiaçı 1-ci ordu korpus komandirinin xx.xx.2021-ci il tarixli 226 nömrəli əmri ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 4 həftə müddətində həftədə 5 dərs günü, gündə 5 dərs saatı olmaqla N saylı hərbi hissədə toplanış rəisi təyin olunmuş və o, həmin əmrin icrasını həyata keçirmişdir. N nömrəli hərbi hissədə 2021-ci ilin sentyabr ayında çöl çıxışlarının təşkili və çöl çıxışları zamanı döyüş hazırlığı məşğələlərinin keçirilməsində onun heç bir məsuliyyəti və əlaqəsi olmamışdır.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

4. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və məhkəmə bildirişi göndərilməklə, bu barədə tərəflərə məlumat verilmişdir.

5. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişlər. III. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

6. İddiaçı məhkəmə iclasında və cavadehin nümayəndəsi X2 oğlu işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiklərini bildirmişlər. Əsaslandırma hissəsi:

7. Məhkəmə iddia ərizəsini, ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı işə Gəncə İnzibati Məhkəməsi tərəfindən baxılmamalı və iş ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir.

8. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati və məhkəmə müdafiəsinə təminat verilir. Məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir (Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 62-ci maddələri).

9. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi üzv dövlətlərin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsinin “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur.

10. Hazırkı iş üzrə iddiaçının tələbi hərbi qulluqçu kimi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Quru Qoşunları Komandanlığı-N nömrəli hərbi hissə ilə arasında əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı olduğundan mübahisənin aidiyyatı İPM-nin 8.1.3-cü maddəsinin təsiri altına düşməklə, həmin normada müəyyən edilmiş qaydada müəyyən edilməlidir.

11. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə görə: Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.

12. Həmin normanın mənasına görə inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı iddialara baxılmasının ərazi aidiyyəti aşağıdakı qaydada həll edilməlidir – 1) ərazi aidiyyəti ilk olaraq iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerlə; 2) belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yeri ilə; 3) bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerlə müəyyənləşdirilir.

13. Məhkəmə tərəfindən İddiaçı (AA*******, Fin: xxxxxxx) xidməti yaşayış sahəsi ilə təmin edilib-edilməməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə sorğu ünvanlansa da, sorğu cavablandırılmamışdır.

14. Bununla belə, məhkəmə iclasında həm iddiaçının, həm də cavabdehin nümayəndəsi İddiaçı xidməti yaşayış sahəsi ilə təmin edilmədiyini bildirmişdir.

15. Elektron Məhkəmə informasiya sistemindən çıxarışla müəyyən edilir ki, iddiaçının yaşadığı (qeydiyyatda olduğu) yer İsmayıllı şəhəri, N.Behdiyev küçəsi, ev 26 ünvanıdır.

16. Belə olan halda iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə iddiaçının yaşayış sahəsinin olduğu yer üzrə Şəki İnzibati Məhkəməsidir.

17. Belə ki, iddiaçının yaşayış sahəsinin olduğu yer İsmayıllı şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 nömrəli qərarının 18.12-ci bəndinə əsasən Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir.

18. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.1. və 15.2 bəndlərində qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur.

19. Azərbaycan Respublikası İPM-ə görə; Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Maddə 8.4. Tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Maddə 8.5. Bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər.

20. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi X1rşı əmrin ləğv edilməsi tələbinə dair işə Şəki İnzibati Məhkəməsində baxılmalı olduğundan iş ərazi aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir.

Nəticəvi hissə:

21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2, 8.1, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Quru Qoşunları Komandanlığı-N nömrəli hərbi hissəyə qarşı əmrlərin ləğv edilməsi, məharət dərəcəsinin bərpa edilməsi və birdəfəlik pul mükafatının ödənilməsi tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar