Məhkəmə qərarları › İş №2-1(114)-701/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-701/2020

24.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-701/2020 24.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında baxaraq Müəyyən etdi : İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2001-ci il tarixli Qanunu ilə prokurorluq işçilərinin əmək haqqında orta aylıq əmək haqqının artımına səbəb olmuş dəyişikliklərin nəzərə alınaraq hər il məzuniyyətə çıxarkən ödənilmiş iki aylıq əmək haqqı məbləğində pul təminatı, müalicə olunmağı ilə əlaqədar hər ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində verilmiş birdəfəlik pul müavinəti, hər il əmək haqqının ikiqat həcmi miqdarında ödənilmiş maddi yardımın məbləği, yəni əmək haqqının sonrakı artımlarının cəmi hesablanaraq 80%-i miqdarında təyin olunmuş pensiyaya əlavə edilməsi, bundan başqa 2018-ci ilin mart ayında prokurorluq işçilərinin əmək haqqının 10% miqdarında artırılması ilə əlaqədar təyin edilmiş pensiyanın düzgün hesablanması, eləcə də, 2009-cu ilin dekabr ayından başlayaraq təyin olunmuş pensiyanın göstərilən qaydada tam hesablama aparılmaması nəticəsində yaranmış fərq məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin üzərinə qoyulmasınıxahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəfləri dinləyib bu nəticəyə gəlir ki, cavabdeh əsl cavabdeh ilə əvəz olunmalı və ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığından, iş baxılması üçün ərazi aidiyyəti üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin xx xxxxxx 2019-cu il tarixli, **********2 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsi haqqında” Əsasnamənin 2.1.2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan şəxslərə pensiyanın təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və pensiyalarının üzərinə qulluq stajına görə əlavələrin hesablanması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsinin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Göstərilən səbəblərdən məhkəmə iddiaçı tərəfə cavabdehin əsl cavabdeh ilə əvəz edilməsini təklif etmiş, iddiaçının nümayəndəsi şifahi qaydada bəyanat verərək buna etiraz etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra — inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsində qeyd olunur ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsi iddiaya cavab verməli olan cavabdeh olduğundan və iddiaçı tərəfin razılığı olduğundan cavabdeh əsl cavabdeh ilə əvəz edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3. maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən: - daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; - mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır (İPM 8.1.2-ci maddə). -Digər hallarda iddialara cavabdehin yerəşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır (İPM 8.1.4-cü maddə). Həmin Məcəllənin 8.2-ci maddəsinə görə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İşin hallarından göründüyü kimi hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və iddiaçı ilə cavabdeh inzibati orqan arasında hər hansı xidməti hüquq münasibətlər mövcud deyildir. Belə olan halda inzibati işin aiddiyəti İPM-in 8.1.4 maddəsinə əsasən həll edilməlidir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsinin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti, 43 olduğundan və Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edildiyindən hazırkı inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilən Məcəllənin 8.6-cı maddəsinə görə inzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbi üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsi ilə əvəz edilsin və iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk pr. 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar