Məhkəmə qərarları › İş №2-1(114)-712/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-712/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-712/2024 08.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı dövlət qulluğunda ehtiyat kadr siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 2006-cı ilin may ayından xx.xx.2008-ci il tarixədək ehtiyat kadr siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ilin aprel ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vakant dövlət qulluğu vəzifələrinə qəbulla əlaqədar müvafiq dövlət qulluğunu idarəetmə orqanı tərəfindən elan edilən müsabiqədə iştirak etmişdir. Hər iki mərhələdən 2006-cı ilin may ayında keçərək müsabiqədə müvəffəqiyyət qazanmışdır. Ancaq o işlə təmin edilməmişdir. Dəfələrlə müraciət etsə də müsbət nəticə olmamışdır. Müsabiqənin nəticələrinə əsasən xx.xx.2008ci ildə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Baş Məşğulluq İdarəsinin Daşkəsən rayon Məşğulluq Mərkəzinə baş mühasib təyin olunmuşdur. 30 iyul 2020-ci ilədək həmin vəzifədə çalışmışdır. Yenidən xx.xx.2021-ci il tarixdə vakant dövlət qulluğu vəzifəsi tutumaq üçün X4 tərəfindən elan edilmiş ümumi müsahibədə iştirak etmək üçün müraciət etmişdir. Ancaq həmin müsahibədə iştirak üçün 2006-cı ilin may ayından xx.xx.2008-ci ilədək olan müddət üçün ehtiyat dövlət qulluğu sıralarında qeydiyyatda olma barədə arayış tələb olunmuşdur. O bu haqda arayışı almaq üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, imtina əsassız olmaqla onun dövlət qulluğu keçmə haqda qanunla müəyyən edilmiş hüquqları pozulmuşdur. Belə ki, dövlət qulluğu ilə bağlı qaydalara əsasən o dövlət qulluğuna qəbulla bağlı müsabiəqdə müsbət nəticə əldə etdiyi və bu əsasla işlə təmin edilmədiyi halda avtomatik olaraq ehtiyat kadr siyahısına daxil edilməlidir. Bu qeydiyyatın aparılması isə cavabdehin vəzifəsidir. Odur ki, 2006-cı ilin may ayından 05 fevral 2008-ci il tarixədək ehtiyyat kadr siyahısına daxil edilməyi öhdəliyini cavabdehin üzərinə vəzifə qoyulmasını iddia edir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Republikası X4 ilə əvəz etmişdir İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Əhalinin Sosial Müdafiəsi Mərkəzində işə qəbulla əlaqədar keçirilmiş test imtahan nəticələri haqqında xx.xx.2006-cı il tarixli məlumatdan görünür ki, İddiaçı ümumilikdə 80 bal toplayaraq 2-ci mərhələyə buraxılmışdır. -surəti işə əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2008-ci il tarixli, 09/11-11 əmrindən görünür ki, İddiaçı « Dövlət qulluğu haqqında » Qanunun 28.6cı maddəsinə əsasən 1 il müddətinə stajçı kimi Daşkəsən rayon Məşğulluq mərkəzinin baş mühasibi vəzifəsinə təyin edilmişdir. -surəti işə əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2009-cu il tarixli, 09/11-34 əmrindən görünür ki, İddiaçı « Dövlət qulluğu haqqında » Qanunun 28.6cı maddəsinə əsasən altı aylıq sınaq müddəti ilə Daşkəsən rayon Məşğulluq mərkəzinin baş mühasibi vəzifəsinə işə qəbul edilmişdir. -surəti işə əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2009-cu il tarixli, 09/11-198 əmrindən görünür ki, İddiaçı « Dövlət qulluğu haqqında » Qanunun 28.6-cı maddəsinə əsasən daimi dövlət qulluğuna qəbul edilmişdir. -surəti işə əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2008ci il tarixdən xx.xx.2020-ci il tarixədək Daşkəsən rayon Məşğulluq mərkəzində dövlət qulluğunda mühasib kimi işləmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli X3 PHŞ/3-2-2022-554 nömrəli məktubunan görünür ki, iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 36-cı maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyət baxımından da əsaslıdır. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun:- -1.1.3-cü maddəsinə əsasən, dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. -15-1.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun şəxsi işinə bu Qanunun 15-1.3-cü maddəsinə əsasən müəyyən olunan qaydalarda nəzərdə tutulmuş sənədlər və məlumatlar daxil edilir. -29.3-cü maddəsinin 5-ci abzasına əsasən 1–5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci – yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədilə keçirilən müsahibədən müvəffəqiyyətlə keçmiş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. Həmin namizədlərin vakant inzibati vəzifələrə təyin olunması və ehtiyat kadrlar siyahısından çıxarılması ilə bağlı məsələlər bu Qanunun 28.11-ci maddəsinə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2001-ci il tarixli 566 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul Qaydaları”nın 15-ci hissəsinə əsasən müvafiq dövlət qulluğunu idarəetmə orqanının rəhbəri ona təqdim edilən test imtahanının və söhbətin keçirilməsi barədə arayışa əsasən müsabiqənin yekununa dair müvafiq qərar qəbul edir. Elan olunmuş müsabiqədə iştirak edərək test imtahanından və söhbətdən müvəffəqiyyətlə keçmiş, boş vəzifəni tutmaq üçün müvafiq dövlət orqanına göndərilmiş, lakin boş vəzifəyə təyin edilməmiş şəxslər üç il müddətində dövlət qulluğunu idarəetmə orqanında ehtiyat kadr kimi saxlanılır və həmin müddət ərzində dövlət orqanlarında analoji vəzifə boşaldıqda, boş vəzifəyə təyin olunmaq üçün müvafiq dövlət orqanın göndərilirlər. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 2-ci bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. Həmin Qaydaların 5-ci bəndinə uyğun Dövlət Reyestri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının X4 tərəfindən birgə aparılır. Həmin Qaydaların 12-ci bəndinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 1-ci bəndinə əsasən bu Qayda dövlət qulluqçusunun (o cümlədən staj və ya sınaq müddətində olan şəxsin) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və dövlət orqanının ləğvi, yaxud dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin ehtiyat kadr kimi saxlanılması və vakant vəzifəyə təyin edilməsi məsələlərini tənzimləyir. Həmin Qaydanın 8-ci bəndinə əsasən dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər 2 il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır və bu barədə Mərkəzə məlumat verilir. Müvafiq dövlət orqanında analoji vakant vəzifə yarandıqda həmin şəxslər 10 iş günü müddətində, bu Qaydanın 2-ci hissəsinə əsasən, vəzifəyə təyin edilməlidirlər və bu barədə Mərkəzə məlumat verilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsuluvə həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə, işin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2008-ci il tarixdən bir il müddətinə stajçı kimi Daşkəsən rayon Məşğulluq mərkəzinin baş mühasibi vəzifəsinə təyin edilmiş, xx.xx.2009-cu il tarixdən altı ay müddətinə sınaq müddəti ilə həmin vəzifəyə qəbul edilmiş və xx.xx.2009-cu il tarixdən isə daimi dövlət qulluğuna qəbul edilmişdir. İşlədiyi dövrdə dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq iddiaçıya xx.xx.2009-cu ildə “kiçik dövlət qulluqçusu” ixtisas dərəcəsi, xx.xx.2012-ci ildə “3-cü dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi və xx.xx.2014-cü ildə “2-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmişdir. İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2020- ci ilədək dövlət qulluğu keçdiyi dövrdə ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.7-ci yarımbəndinin 1-ci abzasına əsasən Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət xidmətlərinin yerli bölmələrinin baş mühasib vəzifəsi inzibati vəzifələrin altıncı təsnifatına daxildir, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Baş Məşğulluq İdarəsi Daşkəsən Rayon Məşğulluq İdarəsi mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan dövlət xidməti statusunda olduğu üçün həmin idarədə baş mühasib vəzifəsi inzibati dövlət qulluğu vəzifəsidir. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə inzibati dövlət qulluğu vəzifəsi olmuş, o, işlədiyi dövrdə ona “kiçik dövlət qulluqçusu”, “3-cü dərəcə dövlət qulluqçusu”, “2-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcələri verilmiş, onun dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Qanunun tələblərinə əsasən xitam verilmişdir, eyni zamanda iddiaçı işlədiyi dövrdə ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr almış, dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı 2008-ci ildə Daşkəsən rayon Məşğulluq Mərkəzində dövlət qulluğu vəzifəsinə təyin olunmasına dair qəbul edilmiş inzibati akt, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2008-ci il tarixli 09/11-11 nömrəli əmri iddiaçıya müvafiq hüquq verdiyindən, əlverişli inzibati akt hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən hallar barədə işdə hər hansı sübut yoxdur və bu hallarla bağlı mübahisə açılmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı barəsində qəbul edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2008-ci il tarixli 09/11-11 nömrəli əmri qanunsuz əlverişli inzibati akt hesab olunsa belə, həmin aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. İddiaçının mübahisəli illərdə işlədiyi müddətin dövlət qulluğu kimi nəzərə alınmalı olmasına münasibətdə isə bildirir ki, doğrudur ki, dövlət qulluğuna qəbul bilavasitə müsabiqə əsasında aparılır (“Dövlət qulluğu haqqında” Qanunun 28.1-ci maddəsi). Lakin, nəzərə alınmalıdır ki, hətta iddiaçının dövlət qulluğuna qəbul edilməsi işə qəbul anında müsabiqə əsasında aparılmasa da, bu hal iddiaçının ziyanına şərh olunmamalıdır. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin də müvafiq qərarlarını də nəzərə almaqla hesab etmişdir ki, inzibati orqan tərəfindən, daha doğrusu inzibati orqanın məsul əməkdaşları tərəfindən yol verilən səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. İndiki halda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin uzun illərdir ki, işçisi olan İddiaçı dövlət qulluqçusu qismində tanıyaraq, ona dövlət qulluqçusu kimi ixtisas dərəcələri vermiş, həmin ixtisas dərəcələrinə uyğun olaraq dövlət büdcəsindən vəzifə maaşına əlavələr, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlar ilə təmin etmişdir ki, inzibati orqan nəticə etibarı ilə şəxsin dövlət qulluqçusu olduğuna etimad göstərmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan madi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının dövlət qulluğuna müsabiqə yolu ilə keçibkeçməməsindən asılı olmayaraq, onun 2008-ci ildən 2020-ci ilədək işlədiyi müddət - dövlət qulluğunda işlədiyi müddət kimi nəzərə alınaraq testdən keçdiyi 2006-cı ilin may ayından dövlət qulluğu vəzifəsinə təyin olunduğu xx.xx.2008-ci il tarixədək müddət üzrə ehtiyat kadr siyahısına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 2006-cı ilin may ayından xx.xx.2008-ci il tarixədək ehtiyat kadr siyahısına daxil edilməsi öhdəliyi Azərbaycan Republikası X4nin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar