Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-728/2024 06.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı sxematik bölgü planının hazırlanması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı onunla mərhum əmisi X4 ailəsinin ünvan 1 ünvanda yerləşən faktiki olaraq istifadə etdiyi şəkildə, tərəflərin razılaşması ilə bölünmüş vəziyyətinə dair bölgü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********25-10301 reyestr nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Vaqif küçəsi, ev 83 ünvanında yerləşən ümumi sahəsi 78.8 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Həmin fərdi yaşayış evinə dair texniki pasport tərtib edilmiş, texniki pasportdan görünür ki, mülk bir mərtəbəli “A” literli fərdi yaşayış evindən, zirzəmi və bir mərtəbəli “B” literli fərdi yaşayış evindən, “C” və “D” literli hamamdan, “V” literli əl damından ibarətdir. Sahəsi 20.4 kv.m olan yaşayış otağı tikilisi, sahəsi 10.6 kv.m olan xidməti otaq tikilisi və sahəsi 3.9 kv.m olan dəhliz “A” literli fərdi yaşayış evinin, sahəsi 23.4 kv.m olan yaşayış otağı tikilisi isə “B” literli fərdi yaşayış evinin daxilində yerləşir.
3. İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin sxematik bölgü planının aparılmasına köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətə həmin İdarənin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-7100/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, onun Vaqif küçəsi, ev 83 ünvanında yerləşən fərdi yaşayış evi tikili “A” vahid bir əmlakdır, bölünməsi konstruktiv cəhətdən mümkün deyildir. Bu səbəbdən bölgü sxeminin hazırlanması mümkün olmamışdır.
4. Məhkəmənin qərardadı əsasında əldə edilmiş ekspert rəyi ilə, Gəncə şəhəri, Vaqif küçəsində yerləşən 83 saylı fərdi yaşayış evinin bir hissəsi, yəni sahəsi 20.4 kv.m olan yaşayış otağı tikilisinin,sahəsi 10.6 kv.m olan xidməti otaq tikilisinin və sahəsi 3.9 kv.m olan dəhlizin “A” literli fərdi yaşayış evinin, sahəsi 23.4 kv.m olan yaşayış otağı tikilisinin isə “B” literli fərdi yaşayış evinin daxilində yerləşdiyini nəzərə alaraq, Gəncə şəhəri, Vaqif küçəsində yerləşən 83 saylı fərdi yaşayış evinin naturada bölünməsinin bir dam örtüyü altında olması və konstruktiv elemnetləri baxımından mümkün olmadığı müəyyən edilmişdir. II. Məhkəmədə icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Gəncə şəhəri, Vaqif küçəsi, ev 83 ünvanda yerləşən mülkün faktiki bölünmüş vəziyyətinə uyğun sxematik bölgü sənədinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hazırda yaşadığı, ünvan 2 ünvanda yerləşən mülk babasından miras şəklində digər vərəsələrin razılığı ilə onun adına qeydə alınmışdır. Həmin mülk onun adına olsa da aralarında olan razılıq əsasında mülkün bir hissəsində o, digər hissəsində isə mərhum əmisi X4 ailəsi faktiki olaraq istifadə edib və hazırda da həmin qaydada istifadə olunur. Hazırda mərhum əmisinin ailəsinin yaşadığı hissəni onlara bağışlamaqla, ayrı-ayrılıqda yeni sənəd almaq istəyir. Bununla bağlı notariat orqanına müracət edərək adına olan mülkün bir hissəsini, yəni 20,4 kvm yaşayış otağı, 10,6 xidməti otağı, 3,9 kvm dəhliz, 23,4 kvm yaşayış otağını mərhum əmisinin ailəsinə bağışlamaq istədiyini bildirmişdir. Notariat kontorundan bölgü planının təqdim edə bilmədiyindən əməliyyat aparılmamışdır. Bununla bağlı cavabdeh 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərək mülkün 2 yerə bölgüsünə dair sxematik plan verilməsini xahiş etmişdir. Cavabdeh 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə müraciətinin müsbət həll edilməsindən imtina edilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla onun qanunla qorunan hüquq və mənafeyini pozur. Belə ki, imtina onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi "A" vahid bir əmlakdır, konstruktiv cəhətdən bölünməsi mümkün deyildir. Bununla bağlı qeyd edir ki, cavabdehin imtina məktubunda qeyd etdiyi "A" literli vahid əmlak faktiki olaraq naturada 2 hissəyə bölünmüş, hər bir hissənin ayrıca mətbəxi, giriş çıxışı, sanitar qovşağı inşa edilmiş, torpaq sahələri arasında divar inşa edilmiş, ayrıca qaz, su, işıq sayğacları quraşdırılmış və uzun müddətdir ki, (təqribən 60 ildir) mübahisəsiz olaraq bu şəkildə hər iki hissədən istifadən edilir. Bu səbəbdən cavabdeh tərəfindən verilmiş imtinanı əsassız saymaqla hazırki iddia ilə mülkə dair sxematik bölgü sənədinin hazırlanaraq verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini iddia edir.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
8. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi “onunla mərhum əmisi X4 ailəsinin ünvan 1 ünvanda yerləşən faktiki olaraq istifadə etdiyi şəkildə, tərəflərin razılaşması ilə bölünmüş vəziyyətinə dair bölgü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. Prosessual məsələlər
9. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.
10. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 3-cü bəndi).
11. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər.
12. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
14. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
15. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
16. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********25-10301 reyestr nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Vaqif küçəsi, ev 83 ünvanında yerləşən ümumi sahəsi 78.8 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evinə dair texniki pasport tərtib edilmiş, texniki pasportdan görünür ki, mülk bir mərtəbəli “A” literli fərdi yaşayış evindən, zirzəmi və bir mərtəbəli “B” literli fərdi yaşayış evindən, “C” və “D” literli hamamdan, “V” literli əl damından ibarətdir. Sahəsi 20.4 kv.m olan yaşayış otağı tikilisi, sahəsi 10.6 kv.m olan xidməti otaq tikilisi və sahəsi 3.9 kv.m olan dəhliz “A” literli fərdi yaşayış evinin, sahəsi 23.4 kv.m olan yaşayış otağı tikilisi isə “B” literli fərdi yaşayış evinin daxilində yerləşir.
17. İddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin sxematik bölgü planının aparılmasına köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətə həmin İdarənin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-7100/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, onun Vaqif küçəsi, ev 83 ünvanında yerləşən fərdi yaşayış evi tikili “A” vahid bir əmlakdır, bölünməsi konstruktiv cəhətdən mümkün deyildir. Bu səbəbdən bölgü sxeminin hazırlanması mümkün olmamışdır.
18. İddiaçı hazırkı tələbində mülkiyyətində Gəncə şəhəri, Vaqif küçəsi, ev 83 ünvanında yerləşən fərdi yaşayış evinin sxematik bölgü planının hazırlanmasını tələb edir.
19. Məhkəmə bununla bağlı qeyd edir ki, fərdi yaşayış evi iddiaçı tərəfindən özgəninkiləşdirildiyi, yəni bununla bağlı digər tərəflə əqd (bağışlama, alğı-satqı və s.) bağlanıldığı və fiziki cəhətdən bölündüyü təqdirdə həmin torpaq sahəsinə dair bölgü planı tərtib edilə bilər.
20. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5.6-cı bəndində göstərilmişdir ki, Daşınmaz əmlak barəsində notariat hərəkətlərinin aparılması ilə bağlı dövlət reyestrindən daşınmaz əmlaka dair çıxarışın, həmin əmlakın təsvirinin, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına yüklülüyünə) dair məlumatların notarius və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən əldə edilməsinin, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş və dövlət reyestrində həmin əmlak barəsində qeydiyyatın aparılması üçün əsas hesab edilən sənədin (o cümlədən müqavilə, ərarvadın ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə, qanun və ya vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi, bölgü planı, nisyə alğısatqı müqaviləsi üzrə son ödəniş barədə bildiriş və s.) təsdiqləndikdən dərhal sonra elektron formada dövlət reyestrinə ötürülməsini təmin etmək məqsədilə notariuslarla və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslərlə dövlət reyestri arasında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində məlumat və sənəd mübadiləsi imkanı, onların həmin sistem vasitəsilə dövlət reyestrinə birbaşa çıxışı təmin olunmalıdır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a görə: Bənd 7-1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsi üçün notarius müraciət etmiş şəxslərin həqiqi niyyətinə uyğun şərtlər əsasında müqavilə layihəsini tərtib edir və layihə tərəflərlə razılaşdırıldıqdan sonra müqavilənin rəsmiləşdirilməsi və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı ilə bağlı həmin notariusun depozit hesabına mədaxil ediləcək bütün xərcləri (daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatı və daşınmaz əmlaka dair çıxarışın hazırlanması, daşınmaz əmlakın təsvirinin, bu əmlak üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın alınması, dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqqı, bank xidmət haqqı, habelə sadələşdirilmiş verginin ödənilməsi və əmlakın dəyəri) əks etdirən mədaxil bildirişini hazırlayır. Mədaxil bildirişi çap edilərək tərəflərə təqdim olunur. Tərəflərin bu ödənişlərlə razı olması onların həmin mədaxil bildirişi və bu şərtlər əsasında müqavilə bağlamaq istəyi barədə birgə ərizələrində notariusun iştirak etdiyi imzaları ilə təsdiq olunur. Bu ərizə notarius tərəfindən üzərində tarix və onun yanında verildiyi qeyd edilməklə imzalanır, həmçinin şəxsi gerbli möhürlə təsdiq edilir (bununla bağlı dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq alınmır). Tərəflər müqaviləni kağız daşıyıcıdakı nüsxədə bilavasitə imzalayırlar. İmzalanmış müqavilənin kağız daşıyıcıdakı nüsxəsində “müqavilə notariusun elektron imzası ilə təsdiq edildikdən sonra qüvvəyə minir” qeydi aparılmaqla yalnız ödənişlər edildikdən sonra kağız daşıyıcıdakı nüsxəsi notariat qaydasında təsdiq edilir. Tərəflər müqavilənin bütün nüsxələrini imzaladıqdan sonra bu Təlimatın 7-1-ci hissəsinin birinci abzasında nəzərdə tutulmuş xərclərin X6 (HÖP) vasitəsilə aidiyyəti üzrə həyata keçirilməsi üçün “Elektron notariat” informasiya sistemində ödəniş tapşırığı hazırlanaraq elektron qaydada notariusun depozit hesabı olduğu banka göndərilir, bir nüsxəsi isə çap edilərək bank şöbəsinə təqdim etmək üçün tərəflərə təqdim edilir. Bu Təlimatın 7-1-ci hissəsinin birinci abzasında nəzərdə tutulmuş xərclərin notariusun depozit hesabına ödənilməsi barədə məlumat notariusa “Elektron notariat” informasiya sistemi vasitəsilə daxil olduqda, müqavilənin elektron daşıyıcıdakı nüsxəsi real vaxt rejimində notariusun elektron imzası ilə təsdiq edilməklə daşınmaz əmlakın dövlət reyestrinin informasiya sisteminə ötürülür, kağız daşıyıcıdakı nüsxəsi isə təsdiq edilməklə notariat işinə əlavə edilir. Bənd 7-2. Notarius daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlərin (o cümlədən müqavilə, ər-arvadın ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə, qanun və ya vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi, bölgü planı, nisyə alqı-satqı müqaviləsi üzrə son ödəniş barədə bildiriş və s.) elektron nüsxəsini “Elektron notariat” informasiya sistemi vasitəsilə hüquqların dövlət qeydiyyatı üçün daşınmaz əmlakın dövlət reyestrinin informasiya sisteminə ötürür. Bu zaman bu Təlimatın 7-1-ci hissəsi ilə müəyyən edilmiş göstərişlər müvafiq qaydada tətbiq edilir.
22. Göründüyü kimi, bölgü planı daşınmaz əmlakla bağlı aparılmış notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və təsdiq edilir.
23. Hazırki işdə isə mübahisə predmeti olan Gəncə şəhəri, Vaqif küçəsi, ev 83 ünvanında yerləşən fərdi yaşayış evi vahid əmlak olmaqla iddiaçının mülkiyyətində olduğundan və fərdi yaşayış evinin iddiaçı tərəfindən özgəninkiləşdirilməsinə dair hər hansı müqavilə bağlanmadığından, yəni fərdi yaşayış evi ilə bağlı hər hansı notariat hərəkəti aparılmadığından, həmin fərdi yaşayış evinə dair bölgü planının tərtib edilməsi mümkün deyildir.
24. Eyni zamanda, məhkəmənin qərardadı əsasında əldə edilmiş ekspert rəyi ilə, Gəncə şəhəri, Vaqif küçəsində yerləşən 83 saylı fərdi yaşayış evinin bir hissəsi, yəni sahəsi 20.4 kv.m olan yaşayış otağı tikilisinin,sahəsi 10.6 kv.m olan xidməti otaq tikilisinin və sahəsi 3.9 kv.m olan dəhlizin “A” literli fərdi yaşayış evinin, sahəsi 23.4 kv.m olan yaşayış otağı tikilisinin isə “B” literli fərdi yaşayış evinin daxilində yerləşdiyini nəzərə alaraq, Gəncə şəhəri, Vaqif küçəsində yerləşən 83 saylı fərdi yaşayış evinin naturada bölünməsinin bir dam örtüyü altında olması və konstruktiv elemnetləri baxımından mümkün olmadığı müəyyən edilmişdir.
25. Bununla da məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh tərəfindən pozulması müəyyən edilməmişdir.
26. Halbuki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
27. Məhkəmə hesab edir ki, hazırkı işdə cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hallar üzrə onun hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia mümkün sayılmamalıdır.
28. xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/961 nömrəli ekspert rəyi üzrə 50 (əlli) manat ekspertiza xərci cavabdeh İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilməlidir.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
30. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
Nəticəvi hissə:
31. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/961 nömrəli ekspert rəyi üzrə 50 (əlli) manat ekspertiza xərci cavabdeh İddiaçı tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva