Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-835/2020 16.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə İddiaçı “xxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə qarşı gömrük rüsumunun ödənilməsindən azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “xxxxxxxxxxxxxxxxxx” MMC) iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə qarşı Niderland Krallığından, TT159TO/BA580L, CC15JJ/BS881B və DD699DG/MM335N nömrə nişanlı nəqliyyat vasitələrində gələn və iddiaçıya məxsus 75.000 kq olan “toxumluq kartof” yükünə tətbiq olunan 15% gömrük rüsumundan azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxxxxx” MMC xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı idarəsində qeydiyyatdan keçmişdir. Hüquqi şəxs kimi qeydiyyatdan keçdikdən sonra vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınaraq ********** saylı VÖEN almış, qeydiyyata alındığı gündən qanunvericiliklə qadağan olunmamış fəaliyyət növləri ilə məşğul olmuşdur. “xxxxxxxxxxxxxxxxxx” MMC ilə “X1 GmbH” şirkəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, verilmiş sifarişə uyğun xx.xx.2019-cu il tarixində dəyəri 49050 avro təşkil edən, ümumi çəkisi 75.000 kq olan, yol xərci 7500 avro olmaqla toxumluq kartof alınmışdır. Adıçəkilən yük xx.xx.2020-ci il tarixində CC15JJ/BS881B, TT159TO/BA580L və DD699DG/MM335N nömrə nişanlı nəqliyyat vasitələri ilə 20:30 saatlarında “Sınıq körpü” gömrük sərhəd buraxılış məntəqəsinə gətirilmiş və sərhədi keçərək Azərbaycana daxil olmuşdur. Bundan sonra nəqliyyat vasitələri ilə gətirilmiş toxumluq kartof sortları Tovuz Gömrük postuna Tır parkına salınmış və Gömrük Ekspertizasına göndərilmişdir. Mərkəzi Gömrük Ekspertiza İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş protokollara əsasən yükün toxumluq kartof olması öz təsdiqini tapmışdır. Bundan əlavə gətirilən yükə öncədən Qida Təhlükəsizliyi idarəsindən İdxal qarantin icazəsinin alınması da təmin edilmişdir. Mərkəzi Gömrük Ekspertiza İdarəsi tərəfindən protokolun tərtib edilməsinə bir neçə gün lazım olduğundan, xx.xx.2020-ci il tarixdə həmin protokol təqdim edilmiş, MMC-nin hesabında kifayət qədər vəsaitin olmaması səbəbindən, bəyannamənin verilməsi hesaba vəsait daxil olanadək gecikdirilmişdir. xx xxxxxx 2020-ci il tarixdə məlum olmuşdur ki, Azərbaycan Respublikasının Baş Naziri tərəfindən 34№-li Qərar imzalanmış və həmin Qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin 2 0701 10 000 1 alt yarımmövqeyinə aid sətrin “Mal mövqelərinin adları” sütununda “mart, aprel, may,” sözləri “fevral, mart, aprel,” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarına əsasən 0701 10 000 1 alt yarımmövqeyinə aid sətrin Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə) göstərilən hissəsində, tarif dərəcəsi «0» olaraq göstərilmişdir. Göründüyü kimi, idxal etdikləri malın gömrük rəsmiləşdirilməsi üçün gömrük rüsumunun ödənilməsi nəzərdə tutulmamışdır. Bu məqsədlə cavabdeh orqana şifahi qaydada müraciət olunmuş və MMC-nin gömrük ödəmələrindən azad olunması istənilsə də, cavabdeh müraciətlərini təmin etməmiş və xx.xx.2020-ci il tarixli 1600-019/0xx-xx/000802 saylı məktubunda göstərmişdir ki, Niderland Krallığından TT159TO/BA580L, CC15JJ/BS881B və DD699DG/MM335N nömrə nişanlı nəqliyyat vasitələrində gələn «toxumluq kartof» yükü ölkə ərazisinə xx.xx.2020-ci il tarixdə daxil olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 500 saylı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında Qərarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 34 saylı Qərarı ilə edilmiş dəyişiklik, yəni 15% gömrük rüsumundan azad edilmə yuxarıda qeyd olunan yüklərə şamil edilmir. Hesab edirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 34 saylı Qərarı ilə edilmiş dəyişiklik birmənalı olaraq iddiaçıya şamil edilməlidir. Belə ki, qanunla müəyyən edildiyi kimi, gömrük borcu gömrük bəyamnaməsinin təsdiq edildiyi vaxtdan yarandığından və həmin bəyamnamə hazırda təqdim və təsdiq edilmədiyindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 34 saylı Qərarı ilə edilmiş dəyişikliyin şamil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçının nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi əlavə olaraq bildirdi ki, hazırda mübahisələndirilən dövlət rüsumu tərəflərindən tam ödənilmişdir. Lakin gömrük borcu gömrük bəyamnaməsinin təsdiq edildiyi vaxtdan yarandığından və həmin bəyamnamə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 34 saylı Qərarının qəbulundan sonra təqdim və təsdiq edildiyindən, həmçinin tərəflərindən «toxumluq kartof» yükü xx.xx.2020-ci il tarixdə daxil edilsə də həmin tarixdə bəyan edilmədiyindən hesab edirlər ki, gömrük rüsumundan azad edilməlidirlər və tərəflərindən ödənilmiş gömrük rüsumu cavabdeh tərəfindən geri qaytarılmalıdır. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli, 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 07 fevral tarixli, 34 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin 0701 10 000 1 alt yarımmövqeyinə aid sətrin “Mal mövqelərinin adları” sütununda “mart, aprel, may” sözləri “fevral, mart, aprel” sözləri ilə əvəz edilmişdir. Yəni bu o deməkdir ki, həmin aylarda ölkə ərazisinə gələn toxumluq kartof yükü idxal gömrük rüsumundan və ədv-dən azaddır. “xxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən idxal olunan 75000 kq toxumluq kartof yükü o zaman idxal rüsumundan azad olunardı ki, qeyd olunan yüklər Nazirlər Kabinetinin Qərarında göstərilən aylarda ölkə ərazisinə gətirilərdi. Lakin, “xxxxxxxxxxxxxxxxxx” MMC-nin ünvanına Niderland Krallığından TT159TO/BA580L, CC156JJ/BS881B və DD699DG/MM335N nömrə nişanlı yük nəqliyyat vasitələrində gələn 75000 kq kartof yükü xx xxxxxx 2020-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə ölkə ərazisinə gəldiyi üçün 15% idxal rüsumuna cəlb olunmalıdır. Həmçinin bildirir ki, iddiaçı tərəfindən hazırda azad olunmasını tələb etdiyi gömrük rüsumu tam ödənilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Göründüyü kimi “xxxxxxxxxxxxxxxxxx” MMC iddia tələbində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli, 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 07 fevral tarixli, 34 nömrəli Qərarına əsasən 15% gömrük rüsumunun ödənilməsindən azad olunmasını xahiş etmiş, məhkəmə araşdırması zamanı iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına əsasən iddia tələbində mübahisələndirilən gömrük rüsumunun iddiaçı tərəfindən tam şəkildə ödənildiyi müəyyən edilmişdir. Yəni hazırki inzibati iş üzrə inzibati orqanın hərəkəti nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması aradan qalxmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağı rüsumdan azad olunma deyil, məhz gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin geri qaytarılmasından ibarətdir. Yəni iddiaçı inzibati orqandan artıq tərəfindən ödənilmiş gömrük ödənişinin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 266.1. maddəsinə əsasən gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 266.2. maddəsinə əsasən gömrük orqanları tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 267.1. maddəsinə əsasən Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə qaytarılır. 267.2. maddəsinə əsasən gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 269.2. maddəsinə əsasən gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. 270.1. maddəsinə əsasən gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 270.2. maddəsinə əsasən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə, bu Məcəllənin 270.1-ci maddəsində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 (bir) ilədək uzadılır. 270.3. maddəsinə əsasən gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2013-cü il tarixli, 25 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın; 1.1. bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 266-270-ci maddələrinə əsasən hazırlanmışdır və gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması qaydalarını müəyyən edir. 1.2. bəndinə əsasən gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları" ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 5.1. bəndinə əsasən gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 6.1. bəndinə əsasən gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. 6.2. bəndinə əsasən gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. 6.3. bəndinə əsasən gömrük ödənişlərinin qaytarılması bu barədə qərar verildikdən sonra 1 (bir) ay müddətində həyata keçirilir. 6.7. bəndinə əsasən gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. 6.8. bəndinə əsasən tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır. 6.9. bəndinə əsasən gömrük orqanı bu Qaydaların 6.2-ci bəndində qeyd olunan gömrük yığımlarının və haqqın qaytarılması haqqında qəbul etdiyi qərarın və ərizənin surətinin 1 (bir) iş günü müddətində Komitəyə göndərilməsini təmin edir. 6.10. bəndinə əsasən komitə gömrük orqanının qərarı və ərizə əsasında artıq ödənilmiş gömrük yığımlarının və haqqın Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Komitənin hesabına köçürülən vəsaitdən qaytarılması məqsədi ilə həmin sənədlərin daxil olduğu gündən 3 (üç) iş günü müddətində maliyyə orqanına müraciət edir. 7.1. bəndinə əsasən maliyyə orqanı gömrük orqanı tərəfindən bu Qaydaların 6.7ci bəndinə uyğun olaraq tərtib edilmiş rəyi və bu Qaydaların 6.10-cu bəndinə uyğun olaraq, Komitənin göndərdiyi müraciəti qəbul edir. 7.2. bəndinə əsasən gömrük ödənişlərinin qaytarılması maliyyə orqanı tərəfindən həyata keçirilir. 7.5. bəndinə əsasən maliyyə orqanı gömrük ödənişlərinin qaytarılması barədə 5 (beş) iş günü müddətində gömrük orqanına məlumat verir. Göründüyü kimi gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin geri qaytarılması qaydası Azərbaycan Respublikası Gömrük Məcəlləsi və Nazirlər Kabinetinin xx xxxxxx 2013-cü il tarixli, 25 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nda dəqiq müəyyən edilmişdir. Belə ki, ödənilmiş rüsumun qaytarılması ilə bağlı ilkin olaraq inzibati orqana müraciət olunması, həmin müraciət üzrə inzibati orqan tərəfindən yazılı qərarın qəbul edilməsi və həmin qərarın ərizəçi tərəfindən mübahisələndirilməsi nəzərdə tutulmuş, artıq ödənilmiş gömrük rüsumunun geri qaytarılması ilə bağlı birbaşa məhkəməyə müraciət olunması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən adıçəkilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq ilkin olaraq inzibati orqana artıq ödənilmiş gömrük rüsumu məbləğinin geri qaytarılmasına dair müraciət olunmalı, gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina olunması barədə onları tətbiq edən gömrük orqanı tərəfindən qərar qəbul edilməli və bundan sonra iddiaçı tərəfindən qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunlara uyğun olaraq qəbul edilmiş qərar mübahisələndirilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 51. maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını, azadlıqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən bu Məcəlləyə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunlara uyğun olaraq şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1. maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Sonda məhkəmə onu da qeyd edir ki, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması tələbinə inzibati məhkəmə icraatı qaydasında hazırki mərhələdə baxılmalı olmadığından, iddiaçıya iddia tələbinin dəyişdirilməsi ilə bağlı hüquqi yardımdan imtina edilmişdir. Belə ki, iddiaçıya yardım olunması iddianın birbaşa inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyən lüzümsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı “xxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə qarşı gömrük rüsumunun ödənilməsindən azad edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-835/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-835/2020
16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver