Məhkəmə qərarları › İş №2-1(114)-853/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-853/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-853/2025 18.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı ünvanlı dövlət sosial yardımın ilk dəfə müraciət etdikləri xx.xx.2024-cü il tarixindən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. Məhkəmədə icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvanlı dövlət sosial yardımın ilk dəfə müraciət etdikləri xx.xx.2024-cü il tarixindən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bərdə şəhəri ünvan 2 ünvanlı dövlət sosial yardımı təyin edilməsi üçün "Ünvanlı dövlət sosial yardımı" haqqında Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsinden imtina edilməsi Qaydaları" na uyğun olaraq. xx.xx.2024-cü il tarixində X13 və X16n (VEMTAS) müraciət etmişdir (ÜDSY üçün ərizə № **********740). Sənəd VEMTAS-a ötürülən zaman cavab bildirişində qaydalara uyğun olaraq 15 iş günü ərzində müraciətinə cavab veriləcəyi bildirilsə də nazirlik əməkdaşları tərəfindən təxminən 2 aydan sona ailələrinin maddi məişət şəraitinin müayinəsi aparılmışdır (maddi məişət şəraitinin müayinəsinin aparılması VEMTAS, başqa sözlə X13 ve X16 tərəfindən göndərilmiş məlumatlardan kənarlaşma aşkar olunmadiqda aparılır). Maddi məișət şəraitinin müayinəsi aparıldıqdan sonra ailəmizə ünvanlı dövlət sosial yardımının təyin edilməsindən imtina olunması barədə qərar qəbul edilmişdir. İmtinaya səbəb kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016cı il 15 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina ediməsi Qaydalarının 3.7.6-ci yarimbəndinə əsasən ailənin adambaşına düşən kommunal ve rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olması qeyd edilmişdir. ( imtina səbəbi barədə bildirişin surəti əlavə olunur). cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 142 "Qaynar xətt" əlaqə mərkəzinə imtina səbəbi baradə müraciət etdikdə müxtəlif bəhanələrlə əsaslı cavab verməkdən yayınımışlar.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

4. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və iddiaçıya işin obyektiv və hərtərəfli araşdırılmasının təmin edilməsi üçün məhkəmə iclasında iştirakının mütləqliyi ilə bağlı bildiriş göndərilərək, məhkəmə iclasında iştirak etməyəcəyi təqdirdə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-maddəsinə əsasən (məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda) iddianın geri götürülmüş sayılacağı barədə xəbərdar olunmuşdur.

5. Cavabdehin nümayəndəsi məhkəməyə gəlmiş, iddiaçı isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir.

6. İİİ. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

7. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixdə məhkəməyə iddiaya yazılı etirazı daxil olmuşdur.

8. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə X13 və X16 (VEMTAS) vasitəsilə müraciət edərək ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsini xahiş etmişdir. Bildiririk ki, ərizə-bəyənnamədə İddiaçı ailəsinin özü, anası və iki məktəbli övladı olmaqla 4 nəfərdən ibarət olduğunu qeyd etmişdir. Ərizə- bəyənamədə qeyd olunan halların araşdırılması və ailənin maddi-məişət müayinəsi zamanı ailənin gəlirlər barədə məlumatların düzgün göstərilməməsi və ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olması aşkar edilmişdir. Beləliklə, 06 mart 2024-cü il tarixdə ünvanlı dövlət sosial yardımının təyin edilməsindən aşağıdakı əsaslarla imtina edilmişdir: 1. Ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi; 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın 3.7.6-cı yarımbəndinə əsasən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olması. Bildiririk ki, "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005- ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Qanunun 6.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları müəyyən edilmişdir. Eyni zamanda Qanunun 6.3-cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. "Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi" Qaydaları təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X13 və X16 (VEMTAS) yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na əsasən, sosial yardımın verilməsi ilə bağlı qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1-ci bəndinə uyğun olaraq, "Elektron hökumət" portalına inteqrasiya edilmiş VEMTAS tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir. Qərar elektron qaydada (insan müdaxiləsi olmadan) və müvafiq dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla təyin edilir. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.3.-cü maddəsinə əsasən, ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusudur. Qanunun 1.0.5ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Qanunun 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan: ailə üzvlərinin əmək qabiliyyətsiz olması; ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması; vəfat etməsi; məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; azadlıqdan məhrum edilməsi; ailə üzvünün olduğu yerin məlum olmaması və s. səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qeyd olunan maddələrin məzmunundan belə nəticəyə gəlmək mümkündür ki, ünvanlı dövlət sosial yardım almaq hüququ olan ailələrin dairəsi Qanunla məhdudlaşdırılır. Həmin Qanunun 4-cü maddəsinə əsasən, sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. Sosial yardımın əsas prinsipləri ünvanlılıq, ədalətlilik və bərabərlikdir. Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi hesab edilir. Konstitusiyanın 16-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. Yuxarıda qeyd olunanları ümumiləşdirərək belə qənaətə gəlmək mümkündür ki, sosial yardımın təyin olunması üçün müraciət edən ailənin əmək qabiliyyətli üzvlərinin hər birinin gəlirləri olmalı; həmin gəlirlər ailənin layiqli həyat səviyyəsinin təmin edilməsi üçün yetərli (hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı) olmamalıdır. Ailənin maddi-məişət müayinəsi zamanı aşkar edilmişdir ki, İddiaçı cavabdeh X6 qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-2535/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ilə cavabdeh X9 arasında Ağdam qeydiyyat şöbəsində 16 oktyabr 2007-ci il tarixdə, 55 nömrə ilə bağlanmış nikah akt qeydi pozulmuşdur. Qətnaməyə əsasən, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2009-cu təvəllüdlü X7 anası, yəni İddiaçı yanında saxlanılması qət edilmişdir. Qətnamədə qeyd olunan hallardan aydın olur ki, İddiaçı əvvəlcə hər uşaq üçün 220 manat olmaqla ümumilikdə 440 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasını tələb etsə də, sonradan səbəbi bildirilmədən tələbin bu hissəsindən imtina etmişdir. Alimentlə bağlı hissədə iddia tələbindən hansı əsaslarla imtina etdiyini maddi-məişət müayinəsi zamanı yalnız "müəyyən səbəblərdən imtina etmişəm" deyə ifadə etmişdir. Eyni zamanda hazırkı inzibati iş üzrə məhkəmə iclaslarında dəfələrlə bu anlaşılmazlığa aydınlıq gətirə bilməmişdir. Xüsusilə vurğulanmalıdır ki, məhkəmə qətnaməsinin qüvvəyə minməsi ilə iddiaçının ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün müraciət etdiyi tarixlər eyni zaman kəsiyinə təsadüf etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.1-ci maddəsinin tələbinə, görə nikah məhkəmə qaydasında pozularkən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını və uşağın saxlanması üçün aliment tutulmasına dair məsələləri də həll etməlidir. Bununla bağlı qeyd edirik ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Maddənin ikinci hissəsində qeyd edilmişdir ki, yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Beləliklə, sözügedən halda yetkinlik yaşına çatmayan iki uşağın - xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu təvəllüdlü X1 üçün kömək etmək ilk növbədə onların ailə üzvü, yəni atası X5 borcudur. Lakin iddiaçı hər hansı səbəb mövcud olmadan israrla bu alimenti almaqdan imtina edərək, əvəzində ünvanlı dövlət sosial yardımının təyin olunmasını tələb edir. Bugünədək nikah münasibətləri pozulmuş X5 uşaqlarına hansı məbləğdə maddi yardım göstərdiyini bildirməmişdir. Bu maddi yardımlar da eyni zamanda ailənin gəlirləri hesab olunsa da, ərizə-bəyənnamədə qeyd olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın 3.7.1-ci bəndinə əsasən, "Ərizəbəyannamə"də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda sosial yardımın təyin olunmasından imtina edilir. İddiaçının müraciəti əsasında "ərizə-bəyannamə"də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar edilmiş, bununla belə ailənin maddi- məişət müayinəsi zamanı bu uyğunsuzluqlar aradan qaldırılmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Qeyd olunan hallara əsasən iddia tələbi əsassızdır və təmin edilməməlidir.

9. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddianın təmin olunmamasını və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Əsaslandırma hissəsi:

10. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, hazırkı iddia geri götürülmüş sayılmalı və icraata xitam verilməlidir.

11. Belə ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, ünvanlı dövlət sosial yardımın ilk dəfə müraciət etdikləri xx.xx.2024-cü il tarixindən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh orqan iddiaçının ailəsinə ünvanlı dövlət sosial yardımı verməkdən imtinasını aşağıdakı iki halla əsaslandırmışdır: - Ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 15 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina ediməsi Qaydalarının 3.7.6-ci yarımbəndinə əsasən ailənin adambaşına düşən kommunal ve rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olması.

13. Cavabdeh yazılı etirazında qeyd etmişdir ki, sosial yardımın təyin olunması üçün müraciət edən ailənin əmək qabiliyyətli üzvlərinin hər birinin gəlirləri olmalı; həmin gəlirlər ailənin layiqli həyat səviyyəsinin təmin edilməsi üçün yetərli (hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı) olmamalıdır. Ailənin maddi-məişət müayinəsi zamanı aşkar edilmişdir ki, İddiaçı cavabdeh X6 qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-2535/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ilə cavabdeh X9 arasında Ağdam qeydiyyat şöbəsində 16 oktyabr 2007-ci il tarixdə, 55 nömrə ilə bağlanmış nikah akt qeydi pozulmuşdur. Qətnaməyə əsasən, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2009-cu təvəllüdlü X7 anası, yəni İddiaçı yanında saxlanılması qət edilmişdir. Qətnamədə qeyd olunan hallardan aydın olur ki, İddiaçı əvvəlcə hər uşaq üçün 220 manat olmaqla ümumilikdə 440 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasını tələb etsə də, sonradan səbəbi bildirilmədən tələbin bu hissəsindən imtina etmişdir. Alimentlə bağlı hissədə iddia tələbindən hansı əsaslarla imtina etdiyini maddi-məişət müayinəsi zamanı yalnız "müəyyən səbəblərdən imtina etmişəm" deyə ifadə etmişdir. Xüsusilə vurğulanmalıdır ki, məhkəmə qətnaməsinin qüvvəyə minməsi ilə iddiaçının ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün müraciət etdiyi tarixlər eyni zaman kəsiyinə təsadüf etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.1ci maddəsinin tələbinə, görə nikah məhkəmə qaydasında pozularkən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını və uşağın saxlanması üçün aliment tutulmasına dair məsələləri də həll etməlidir. Bununla bağlı qeyd edirik ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Maddənin ikinci hissəsində qeyd edilmişdir ki, yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Beləliklə, sözügedən halda yetkinlik yaşına çatmayan iki uşağın - xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu təvəllüdlü X1 üçün kömək etmək ilk növbədə onların ailə üzvü, yəni atası X5 borcudur. Lakin iddiaçı hər hansı səbəb mövcud olmadan israrla bu alimenti almaqdan imtina edərək, əvəzində ünvanlı dövlət sosial yardımının təyin olunmasını tələb edir. Bugünədək nikah münasibətləri pozulmuş X5 uşaqlarına hansı məbləğdə maddi yardım göstərdiyini bildirməmişdir. Bu maddi yardımlar da eyni zamanda ailənin gəlirləri hesab olunsa da, ərizə-bəyənnamədə qeyd olunmamışdır.

14. Məhkəmə iclasları bir neçə dəfə təxirə salınmasına baxmayaraq, iddiaçı məhkəməyə gəlmədiyindən ona xx.xx.2025-ci il tarixli bildiriş ünvanlanaraq, iddiaya yazılı etirazda qeyd edilən ailənin gəlirlərinin düzgün göstərilməməsi hallarının araşdırılması üçün məhkəmənin xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirakının zəruri olduğu, təyin edilmiş məhkəmə iclasında iştirak etməyəcəyi halda məhkəmənin bunu icraatından yayınmaq kimi qiymətləndirərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən iddiasının geri götürülmüş sayılacağı barədə xəbərdarlıq edilmişdir.

15. Lakin iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü və ya üzrsüz səbəbləri barədə məlumat verməmişdir.

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

17. Həmin Məcəllənin 55.5-ci maddəsinin birinci cümləsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

18. "M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında İPM-in 55.3-cü maddəsinin məhkəmə təcrübəsində düzgün və dürüst tətbiqinin şərtlərinə dair hüquqi mövqelər ortaya qoyulmuşdur.

19. Konstitusiya Məhkəməsinin sözügedən qərarında aşağıdakılar göstərilmişdir: "İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunvericilik bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır".

20. Göründüyü kimi, hazırkı işdə iddiaçıya yuxarıda qeyd olunan meyarlara tam cavab verən sərəncamlar göndərilməsinə baxmayaraq, 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmışdır.

21. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı ünvanlı dövlət sosial yardımın ilk dəfə müraciət etdikləri xx.xx.2024-cü il tarixindən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası geri götürülmüş sayılsın və inzibati iş üzrə məhkəmə icraatına xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar