Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-983/2025 17.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”ya qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o xx.xx.2019-cu il tarixdə həqiqi hərbi xidmətə çağrılmışdır. 2020-ci ildə 44 günlük “Vətən müharibəsi” başlayan zaman hərbi xidmətdə olmuş, müharibə dövründə döyüşlərdə iştirak etmişdir. Onun xidmət etdiyi hərbi hissə müharibə dövründə hava hücumundan müdafiə təyinatlı olmaqla mütəmadi olaraq döyüş əməliyyatlarında iştirak etmiş və bir neçə uğurlu döyüş tapşırıqları yerinə yetirmişdir. Hazırda iddiaçıya məlum olmayan səbəblərdən ona müharibə veteranı adı və vəsiqəsi verilməsindən imtina olunmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-3235/2024 nömrəli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmiş, iddia tələbi ““Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərin razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı ərizəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci i tarixədək N nömrəli hərbi hissədə xidmətdə olarkən döyüşlərdə iştirak etdiyini bildirərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh orqan hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Hazırkı iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsas ondan ibarətdir ki, N nömrəli hərbi hissə tərəfindən tərtib edilmiş arayış-məlumatda İddiaçı Bərdə rayonu, Xəsili kəndi ərazisində rabitənin vaxtında təmin edilməsi və rabitə vasitələrindən düzgün istifadə edilməsinə köməklik göstərdiyi qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli, 2/2-11512 nömrəli məktubundan görünür ki, hərbi hissə tərəfindən təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazilər (Bərdə rayonu, Xəsili kəndi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə İddiaçı sənədlərinin razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Odur ki, hazırkı inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin üzürlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Cavabdeh məhkəməyə göndərdiyi etirazda məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş, iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin halları xx.xx.2019-cu il tarixli, SX ******* nömrəli hərbi biletə əsasən, İddiaçı N nömrəli hərbi hissənin xx.xx.2019-cu il tarixli 384 nömrəli əmri ilə mexanik radiotelefonçu vəzifəsi üzrə şəxsi heyətin siyahısına daxil olmuş, xx.xx.2020-ci il tarixli 196 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmış, xx.xx.2020-ci il tarixli 196 nömrəli əmri ilə radiotelefonçu vəzifəsi üzrə şəxsi heyətin siyahısına daxil olmuş, xx.xx.2021-ci il tarixli 188 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmış, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Cəbrayıl, Zəngilan, Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə N №-li hərbi hissədə radio-telefonçu vəzifəsində xidmət etmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli, 384 nömrəli Əmrindən çıxarışdan görünür ki, 2001-ci il təvəllüdlü, azərbaycanlı, natamam təhsilli, hərbi xidmətə 23 oktyabr 2019-cu il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsindən çağrılmış İddiaçı xx.xx.2019-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və bütün növ təminata qoyulmuş, “əsgər” rütbəsi verilməklə rabitə bölüyünün radiotaqımının 2-ci radiostansiyasının mexanikiradiotelefonçusu vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 188 nömrəli Əmrindən çıxarışdan görünür ki, rabitə bölüyünün stasionar rabitə qovşağının radiorabitə manqasının radiotelefonçusu əsgər İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş hərbi xidmət müddətini başa vurduğuna görə xx.xx.2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, ərzaq və əşya təminatından, xx.xx.2021-ci il tarixdən isə pul təminatından çıxarılmış və hərbi qeydiyyatda durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə göndərilmişdir. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün, təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə” Arayış-məlumata əsasən, N nömrəli hərbi hissənin əsgəri rabitə bölüyündə radiotelefonçu İddiaçı döyüş əməliyyatları aparılan zaman (27.09-xx.xx.2020-ci il tarixlərdə) Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli, 0028 nömrəli döyüş sərəncamı ilə hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunmuş və döyüş tapşırığını yerinə yetirmiş, Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli, 015 nömrəli əmri ilə hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunmuş, döyüşlər zamanı rabitənin vaxtında təmini, rabitə vasitələrindən düzgün istifadə edilməsinə köməklik edilməsi ilə məşğul olmuşdur. Müdafiə Nazirinin Katibliyi tərəfindən vətəndaş İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, məktubdan görünür ki, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Təqdim olunmuş arayışməlumatda qeyd olunmuş ərazilər (Bərdə rayonu, Xəsili kəndi) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Ordusunun “Vətən müharibəsi” zamanı döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə və bölmələrin müəyyənləşdirilməsi haqqında Azərbaycan Republikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmrinə əsasən, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. N nömrəli hərbi hissə tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı N nömrəli hərbi hissənin tərkibində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı (Bərdə Rayonu, Xəsili kəndində) rabitə bölüyünün stasionar rabitə qovşağının radiorabitə manqasının radiotelefonçusu vəzifəsində xidmət etmişdir. İddiaçı məxsus SX № ******* nömrəli hərbi biletinin 7-ci səhifəsinin 14-cü qrafasında qeyd olunmuş xx.xx.2020-xx.xx.2020-ci il tarixədək Cəbrayıl, Zəngilan, Qubadlı rayonları istiqamətində gedən döyüşlər zamanı N nömrəli hərbi hissədə “radiotelefonçu vəzifəsində xidmət edib” barədə məlumat həmin qrafada səhvən qeyd edilmiş və həmin məlumat o zaman hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini polkovnik-leytenant Mobil Ovçiyevin səhvi ilə qeyd olunmuş və bununla əlaqədar olaraq intizam qaydasında cəzalandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 76. Vətəni müdafiə İ. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Veteranlar haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsidir. İddiaçı hazırkı tələblə Müdafiə Nazirliyinə müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan imtinanın əsası kimi qeyd etmişdir ki, İİ Qarabağ Müharibəsi zamanı iddiaçının xidmət etdiyi hərbi hissənin yerləşdiyi ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 11-ci abzasına əsasən, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Göründüyü kimi qeyd olunan normada hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə münasibətdə ərazi tələbləri nəzərdə tutulmamışdır. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən kifayət qədər sübutlar mövcuddur. Belə ki, İddiaçı məxsus xx.xx.2019-cu il tarixli, SX ******* nömrəli hərbi biletdən, görünür ki, iddiaçı N nömrəli hərbi hissənin xx.xx.2019-cu il tarixli 384 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil olmuş, xx.xx.2021-ci il tarixli 188 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılmış, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Cəbrayıl, Zəngilan, Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə N №-li hərbi hissədə radiotelefonçu vəzifəsində xidmət etmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli, 384 nömrəli Əmri ilə 26 oktyabr 2019-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 188 nömrəli Əmri ilə 31 iyul 2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış və hərbi qeydiyyata durmaq üçun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə göndərilmişdir. Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmişdir. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün, təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə” Arayış-məlumatdan görünür ki, İddiaçı müvafiq əmrlərə əsasən hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunmuş, döyüş tapşırığını yerinə yetirmiş, hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunmuş, döyüşlər zamanı rabitənin vaxtında təminini həyata keçirmişdir. Göründüyü kimi iddiaçının müharibə dövründə hərbi xidmət keçməsi, döyüş əməliyyatları ilə bağlı tapşırıqları yerinə yetirməsi, nəticə etibarilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə qeyd olunan sənədlər - hərbi bilet, hərbi hissənin müvafiq əmrləri, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva