Məhkəmə qərarları › İş №2-1(116)-103/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-103/2024

09.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-103/2024 09.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Azərbaycan Respublikası Qəbələ rayon Sovetinin 15 saylı xx.xx.1993-cü il tarixli qərarına əsasən “Səma” kiçik müəssisəsinə (hüquqi varisi İddiaçı) ayrılmış 2 ha torpaq sahəsinə yerquruluşu planının hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Qəbələ rayon Sovetinin 15 saylı xx.xx.1993-cü il tarixli qərarına əsasən “Səma” kiçik müəssisəsinə (hüquqi varisi İddiaçı) ayrılmış 2 ha torpaq sahəsinə yerquruluşu planının hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Azərbaycan Respublikası Qəbələ rayon Sovetinin 15 saylı xx.xx.1993-cü il tarixli qərarına əsasən “Səma” kiçik müəssisəsinə 2,0 ha torpaq sahəsi ayrılmışdır. “Səma” kiçik müəssisəsinin direktoru müvafiq sənədlərə əsasən X4 olmuşdur. Hal-hazırda “Səma” kiçik müəssisəsi mövcud olmadığı üçün müəssisəsəyə ayrılan torpaq sahəsi onun hüquqi varisinə, yəni İddiaçı MMC-yə məxsusdur. İddiaçı MMC-nin də hazırda direktoru X2r. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-Ə-00xx-xx/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası ərazisində torpaq islahatı aparılan zaman ərizədə qeyd edilmiş torpaq sahəsinə dair texniki və hüquqmüəyyənedici sənədlər əldə edilməsi üçün ilkin sənədlər X6 Komissiyasına təqdim edilmədiyinə görə dövlət aktı, şəhadətnamə və ya plan ölçü sənədi tərtib edilməmişdir. Bu səbəbdən sözügedən torpaq sahəsi barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 9 saylı Qəbələ Ərazi idarəsində məlumat mövcud deyil. Torpaq sahəsi hal hazırda başqa subyektin istifadəsindədir. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-1381/2023 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı MMC-yə ayrılmış Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 2 ha torpaq sahəsinə yerquruluşu planının hazırlanması üçün əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim etməmişdir. Həmçinin İddiaçı MMC-in X3 hüquqi varisi olması ilə bağlı müvafiq sənədlər təqdim edilməmişdir. Qəbələ Rayon XDS-nin Rəyasət Heyətin iclasının 21 oktyabr 1993-cü il tarixli, 11 saylı protokolundan çıxarışda uyğunsuzluqlar aşkarlanmışdır, həmin çıxarışda Səma kiçik müəssisəsiə 1,0 hektar torpaq sahəsi ayrılması ilə bağlı müraciət edilmiş, lakin XDS-in çıxarış sənədində 2,0 hektar torpaq sahəsi barədə qərar qəbul olunmuş, həmin sənəddə 1,0 hektar torpaq ayrılmasının təsdiq edilməsi öz əksini tapmışdır. İddia olunan torpaq sahəsinin məkan göstəricilərini təsdiq edən heç bir sənəd təqdim edilməmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsi Meşə Fondu təyinatlı torpaq sahəsidir. İddiaçı faktiki olaraq torpaq sahəsindən istifadə etmir. Torpaq sahəsi X1 istifadəsindədir, bu səbəbdən də həmin ərazidə ölçü işlərinin aparılması mümkün deyil. Qeyd olunan səbəbə görə müraciətin icrası mümkün olmamışdır. İş materiallarında olan cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-4145/2023 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində iddiada göstərilən mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətinə aid olduğu qeyd edilmişdir. İddiaçıya və onun nümayəndəsi və vəkilinə xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərlərinə çatdırılmışdır ki, iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi zərurəti yaranmışdır. Belə ki, iddia tələbi mübahisəli torpaq sahəsinə yerquruluşu planının hazırlanmasına yönəlsə də, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, son nəticədə məqsəd torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına nail olmaqdan ibarətdir. 2,0 ha torpaq sahəsinə yerquruluşu planının hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət iddia tələbinə münasibətdə iddiaçı və vəkilinin nəzərlərinə çatdırılmışdır ki, yerquruluşu planı hər-hansı hüququ əks etdirmir, yalnız torpaq sahəsinin planını və coğrafi xüsusiyyətlərini əks etdirməklə yerləşmə vəziyyəti, ölçüsü və s. barədə məlumatların qeyd edildiyi texniki sənəddir. Odur ki, sözügedən sənədin İddiaçı MMC-nin adına hazırlanması üçün iddia olunan torpaq sahəsinin MMC-nin mülkiyyətinə, icarəsinə və ya istifadəsinə verilməsi ilə bağlı hüquqmüəyyənedici sənəd təqdim edilməlidir. İddiaçı ilk növbədə mübahisəli torpaq sahəsi üzərində əmlak hüququnun (icarə, istifadə və ya mülkiyyət) qeydə alınmasını tələb etməli, hüquqmüəyyənedici sənədlər əsasında mülkiyyət hüququnun qeydə alınması proseduru çərçivəsində daşınmaz əmlaka münasibətdə müvafiq texniki göstəricilərin əks olunduğu sənəd və yerquruluşu planı tərtib olunmalıdır. Yardım məktubunda iddiaçıya və onun nümayəndəsi və vəkilinə mübahisəli torpaq sahəsinə münasibətdə müqavilə münasibətlərinə daxil olmaqla, müqavilə əsasında torpaq sahəsinə münasibətdə texniki sənədlərin tərtib edilməsini tələb etmək hüququna malik olduğu da izah olunmuş və qeyd olunanlara münasibət bildirilməsi üçün 10 gün müddətində vaxt təyin edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə, iddiaçının nümayəndəsi və vəkili tərəfindən xx.xx.2023-cü il tarixdə alınmış (həmçinin xx.xx.2023-cü il tarixdə vəkilin elektron kabinetinə yerləşdirilmişdir), lakin ötən müddət ərzində məktubda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na əsasən: 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Bu səbəblə iddiaçı arzuladığı məqsədə nail olmaq üçün torpaq sahəsi üzərində əmlak hüquqlarının qeydə alınmasını tələb etməklə, vahid sənəd prinsipindən çıxış edərək hüquqmüəyyənedici sənədlərlə birlikdə torpaq sahəsinin yerquruluşu planının da tərtib edilməsini tələb edə bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 155- İQ nömrəli Qanununun 6-cı maddəsinə görə dövlət mülkiyyətində aşağıdakı torpaqlar saxlanılır: ... 3) yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; 4) meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); ... Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Dövlət torpaqlarının istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, “Səma” kiçik müəssisəsinə ayrıldığı iddia olunan mübahisəli torpaq sahəsi örüş və meşə fondu torpaqlarından ibarətdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamına əsasən cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-1381/2023 nömrəli etirazda sözügedən torpaq sahəsinin “meşə fonduna” aid torpaq sahəsi olduğu qeyd edilmişdir. İddia olunan mübahisəli torpaq sahəsi faktiki olaraq meşə fondu torpaqlarına aiddir, torpaq sahəsinin ayrılması zamanı da həmin torpaq sahəsinin meşə fondu və örüş torpaqlarına aid torpaqlar kateqoriyasından olması məlum idi. Bununla bağlı bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti meşə fondundan istifadə, onun mühafizəsi, qorunması, meşəsalma və meşələrin bərpası sahəsində (bundan sonra - müvafiq sahə) dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan qurum olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 17 oktyabr tarixli 214 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu torpaqlarının icarəyə verilməsi” Qaydasının 2, 3 və 4-cü bəndlərinə əsasən meşə fondu torpaqlarının icarəyə verilməsini aşkarlıq şəraitində, müvafiq ərazidə yaşayan əhalinin mənafeyini nəzərə almaqla Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə icarəçiyə müqavilə əsasında bir ildən qırx doqquz ilədək verilə bilər. Meşə fondu torpaqlarının icarəyə götürülməsi üçün icarəçi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət etməlidir. Ərizəyə baxılarkən imtiyazlı şəxslərə üstünlük verilir. Qanunvericiliyin tələbindən göründüyü kimi meşə fondu torpaqlarının icarəyə verilməsi ilə bağlı səlahiyyətli inzibati orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edilmişdir. Qeyd olunan normaların tələblərindən çıxış edərək iddiaçıya mübahisəli torpaq sahəsinə münasibətdə müqavilə münasibətlərinə daxil olmaqla, müqavilə əsasında torpaq sahəsinə münasibətdə texniki sənədlərin tərtib edilməsini tələb etmək hüququna malik olduğu hüquqi yardım məktubunda izah olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Hazırkı idda tələbi isə işin göstərilən halları baxımından mümkünlük şərtlərinə cavab verməməkdədir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçıya hüquqi yardım məktubu ünvanlansa da, məhkəmənin yardım məktubuna iddiaçının nümayəndəsi və vəkili tərəfindən münasibət bildirilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı hazırkı tələbə dair iddiası mümkün sayılmamalıdır. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Azərbaycan Respublikası Qəbələ rayon Sovetinin 15 saylı xx.xx.1993-cü il tarixli qərarına əsasən “Səma” kiçik müəssisəsinə (hüquqi varisi İddiaçı) ayrılmış 2 ha torpaq sahəsinə yerquruluşu planının hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2llegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar