Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1060/2022 14.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 1995-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunmuş, fərdi qaydada fəaliyyət göstərmişdir. Vəkil statusundadır. Son 9 ildir ki, strateji məhkəmə çəkişmələri ilə məşğul olur. Fəaliyyət göstərdiyi müddət ərzində, eləcə də Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməzdən əvvəl milli məhkəmələrdə və ibtidai araşdırma orqanlarında siyasi səbəblərdən həbs olunmuş şəxslərin, media nümayəndələrinin müdafiəsində iştirak etmiş, buna görə təqiblərə məruz qalmışdır. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin hökmü ilə siyasi səbəblərdən həbs edilmiş X3 müdafiəsində iştirakı ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş və 240 saat ictimai işlər cəzasına məhkum edilmişdir. Həmin cəzanı çəkmiş və cəza çəkdiyi müddətdə haqqı ödənilmədən fiziki işlər görməyə məcbur edilmişdir. Müdafiə etdiyi şəxslər Milli və Beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən siyasi və vicdan məhbusu olaraq tanınmışlar. Bundan əlavə iddiaçı Avropa Şurası tərəfindən dəstəklənən "Help" proqramı üzrə təlimlər aparmışdır. 2010-cu ildə Azərbaycan Respublikasının qanunverici orqanı olan Milli Məclisinə keçirilən seçkilərdə iştirakına imkan verilmədiyindən daxili şikayət instansiyalarını tükəndirdikdən sonra, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmiş və şikayəti üzrə son qərar qəbul edilərək milli məhkəmələrin qanun pozuntularına yol verdiyi tanınmış, 10.000 Avro kompensasiya təyin edilmiş, qərar icra edilmişdir. Vəkillər X1 03 iyul 2015-ci il tarixli qərarı ilə iddiaçı Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilərək vəkillik fəaliyyətinə xitam verilmişdir. Qərar qəbul edilərkən iddiaçıdan hər-hansı izahat alınmamış və ümumiyyətlə barəsində aparılan müzakirələr haqqında xəbərdar edilməmişdir. İddiaçı qərardan sayt vasitəsi ilə xəbərdar olmuşdur. Qərarın surəti iddiaçıya göndərilmədiyinə görə 10 iyul 2015-ci il tarixdə sorğu ilə cavabdehə müraciət etmişdir. Vəkillər Kollegiyasının 265 saylı, 16 iyul 2015-ci il tarixli məktubu ilə qərarın surəti iddiaçıya göndərilmişdir. Qərardan iddiaçının verdiyi şikayətlər məhkəmə qaydasında rədd edilib, hazırda şikayət Avropa İnsan Hüquqları Məhkəməsinin icraatındadır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vəkillər Kollegiyasına üzvlük üçün 2017-ci ilin dekabr ayının 16-də təkrar müraciət etmişdir. Müraciət etdikdən sonra dəfələrlə cavabdeh təşkilatın rəhbər vəzifəli şəxsləri ilə görüşmüş, ərizəsinin taleyinə aydınlıq gətirilməsini istəmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası ixtisas Komissiyasının sədri, aparat rəhbəri, sədr müavinləri ilə görüşləri nəticəsiz qalmışdır. Ərizəsi baxılması üçün İxtisas Komissiyasına göndərilməyib, səbəbləri barədə yazılı məlumat verməkdən imtina edilmişdir. 2019-cu ilin iyul ayında sosial şəbəkə üzərindən cavabdehə etdiyi müraciətdən sonra cavabdeh təşkilat Azərbaycan Respublikası Vəkillər X2 sədr müavininin imzası ilə 04 avqust 2019-cu il tarixli, 1114 saylı məktubla bildirilmişdir ki, şifahi müsahibə mərhələsinə dəvət olunacaqdır. Vaxt və yer haqqında heç bir məlumat verilməmişdir. Cavab başdansovdu olduğundan 30 avqust 2019-cu il tarixdə cavabdehə sorğu ilə müraciət etmiş, 2017-ci ilin dekabr ayının 16-dan etibarən Azərbaycan Respublikası Vəkillər Kollegiyası İxtisas Komissiyasının keçirilən iclasları barədə məlumat verilməsini xahiş etmişdir. İddiaçının müraciəti cavablandırılmamışdır. Bakı İnzibati Məhkəməsində cavabdehə qarşı "öhdəlik qoyulması tələbinə dair" iddia qaldırandan sonra cavabdeh 11 yanvar 2020-ci il tarixdə mesaj və 12 yanvar 2020-ci il tarixdə teleqramla iddiaçını 14 yanvar 2020-ci il tarixdə keçirilən şifahi müsabiqəyə çağırmış, istifadəsində olan sosial şəbəkədə yerləşdirdiyi məlumatda şifahi müsahibədən keçən şəxslər siyahısına iddiaçının adını daxil etməmişdir. İddiaçı sorğu ilə tələb etsə də, İxtisas Komissiyasının 2020-ci il tarixli iclas protokolu ona göndərilməmişdir. İnternet resurslarında cavabdehin yerləşdirdiyi məlumat əsasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası İxtisas Komissiyasının inzibati akt kimi qəbul edilə biləcək protokolundan cavabdehə şikayət vermişdir. İddiaçı şikayətinə baxılmasının vaxtı və yeri barədə heç bir məlumat almamış, təkrar sorğulardan sonra cavabdeh Azərbaycan Respublikası Vəkillər X2 sədr müavininin imzası ilə 317 nömrəli 04 mart 2020-ci il tarixli məktubla ona bildirilmişdir ki, İxtisas Komissiyasının qərarından verdiyi şikayət cavabdehin xx.xx.2020-ci il tarixli iclasında baxılaraq müraciəti təmin edilməmişdir. İddiaçı hesab edir ki, siyasi səbəblərdən təqib olunan şəxsləri və təşkilatları müdafiə etdiyinə görə təqib olunmuş, ayrı seçkiliyə məruz qalmışdır ki, bu da həm ölkə daxili qanunvericiliyə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı, qoşulduğu beynəlxalq müqavilə və Konvensiyalara ziddir. Bundan başqa məktubda iddiaçının müraciətinə hansı qaydada baxıldığı, İxtisas Komissiyasının üzvlərinin dəvət edilib-edilmədiyi göstərilməmişdir. Yuxarıda göstərdiyi kimi iddiaçı həmin iclas barədə məlumatlandırılmamış, iclasın protokolu, qəbul edilmiş qərarın surəti ona göndərilməmişdir. Həmin iş üzrə icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qərarı ilə başa çatmış, iddianın təmin edilməməsi barədə Şəki Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanmışdır. İş üzrə məhkəmə aktlarından Avropa Məhkəməsinə şikayət vermişdir. İddiaçı sənədlərini təkrarən Vəkillər Kollegiyasının rəyasət Heyətinə təqdim edərək şifahi müsahibə mərhələsinə buraxılmağını xahiş etmişdir. Sənədlər 08 fevral 2021-ci il tarixdə rəsmi poçtla daxil olsa da, uzun müddət baxılmamış, baxılmamasının səbəb və əsasları barədə məlumat verilməmişdir. İddiaçı 2021-ci ilin sentyabrında İxtisas Komissiyasına çağrılmış, Komissiya üzvlərinin verdiyi beş sualın beşini də müvəffəqiyyətlə cavablandırmışdır. 21 oktyabr 2021-c i il tarixdə Vəkillər Kollegiyası İxtisas Komissiyasının 20 oktyabr 2021-ci il tarixli məlumatı dərc edilmiş, lakin iddiaçının adı İxtisas Komissiyasının şifahi müsahibəsindən keçmiş namizədlər siyahısına daxil edilməmişdir. Qərardan verdiyi şikayət Azərbaycan Respublikası Vəkillər X2 04 noyabr 2021-ci il tarixli qərarı ilə rədd edilib. İddiaçı israr etməsinə baxmayaraq Azərbaycan Respublikası Vəkillər X2 04 noyabr 2021-ci il tarixli iclasına çağırılmamışdır. İddiaçının teleqramla müraciətindən sonra Azərbaycan Respublikası Vəkillər X4 sədrinin müavini iddiaçıya 11 noyabr 2021-ci il tarixli, 1267 saylı məktub göndərmiş, ərizəsinin təmin edilməməsini bildirmişdir. Məktuba qərar əlavə edilməmişdir. İddiaçı bildirir ki, Azərbaycan Respublikası Vəkillər X2 03 iyul 2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyündən çıxarılmış və vəkillik fəaliyyətinə xitam verilmişdir. Əsas olaraq iddiaçının cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunması göstərilmişdir. İddiaçı məhkəmə hökmü ilə müəyyən edilmiş cəzasını çəkmiş və hazırda məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Cavabdehin xx.xx.2022-ci il tarixli 243 nömrəli imtina məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək ixtisas imtahanının şifahi müsahibə mərhələsini vermədən Vəkillər Kollegiyası üzvlüyünə bərpa olunmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, müraciətin təmin edilməsi üçün hüquqi əsas yoxdur. Cavabdeh elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixdə məhkəməyə ünvanladığı etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı əvvəllər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmuşdur. Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2015-ci il tarixli 8 saylı iclas qərarı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarını nəzərə alaraq, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikalı Qanununun 23-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən Zərdab rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil İddiaçı xx.xx.2015-ci il tarixdən Vəkillər Kollegiyası üzvlüyündən xaric edilərək, vəkillik fəaliyyətinə xitam verilmişdir. İddiaçı məhkumluğu ödənildikdən sonra Azərbaycan Republikası Vəkillər Kollegiyasına ərizə ilə müraciət edərək artıq məhkumluğunun ödənildiyini və buna görə də vəkillik fəaliyyətinə bərpa edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə baxılmış, xx.xx.2022-ci il tarixli, 243 nömrəli məktubla ona qanunvericiliyin tələbləri izah edilərək tələbinin təmin olunması üçün hüquqi əsasın olmadığı bildirilmişdir. Bundan sonra vətəndaş məhkəməyə müraciət etmişdir. İddiaçı qanunvericiliyin tələblərini şəxsi olaraq mülahizə etmiş və gəldiyi nəticəyə uyğun olaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda vəkilin fəaliyyətinə Vəkillər X1 qərarı ilə xilam verilir, bu maddənin 1-ci hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər. Həmin qanunun 8-ci maddəsinin 1-ci hissəsinə əsasən əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər. Qanunvericiliyin tələblərindən aydın görünür ki, iddiaçının fəaliyyətinə məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmünə əsasən xitam verildiyinə görə o, əvvəllər vəkil olmuş şəxs kimi yalnız ixtisas imtahanının şifahi müsahibə mərhələsində uğur qazanmaqla vəkilliyə qəbul edilə bilər. Belə olan halda, iddiaçının tələbi qanunsuz və əsassızdır. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili etiraza uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, Ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, İxtisas Komissiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs bu maddənin İİ hissəsində göstərilən hallara zidd olmamaq şərti ilə vəkil ola bilər. Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər. Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər. 11-ci maddəsinin 3-cü hissəsinə görə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti: Ümumi yığıncağı çağırır və onun qərarlarının icrasını təşkil edir; Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir, bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətlərini həyata keçirir, vəkil reyestrini aparır; dövlət hesabına hüquqi yardım göstərən vəkillərin növbətçilik siyahılarını tərtib edir və müvəqqəti saxlama yerlərinə təqdim edir; İxtisas Komissiyasına üzvlər təyin edir; ixtisas imtahanının qaydalarını və onun keçirilməsinin dövriliyini (ildə bir dəfədən az olmayaraq) müəyyən edir; vəkillik fəaliyyətinin həyata keçirilməsi məsələlərinə dair metodik tövsiyələr hazırlayır; vəkillər haqqında intizam icraatı başlayır; vəkillər arasında qanunvericilik və məhkəmə təcrübəsi sahəsində məlumatlandırma işinin aparılmasını təşkil edir; Rəyasət Heyəti aparatının strukturunu, ştat cədvəlini, xərclər smetasını və işçilərin əmək haqqını təsdiq edir və bu Qanunda nəzərdə tutulmuş digər məsələləri həll edir. 23-cü maddəsinin 1-ci hissəsinə əsasən, vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər: öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə; barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda; fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə; vəfat etdikdə; məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə; Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə; bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə; üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə. İİ. Vəkillərin fəaliyyətinə Vəkillər X1 qərarı ilə xitam verilir. Bu maddənin İ hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Yuxarıda göstərilən normaların tələbindən də göründüyü kimi, Qanunun 8-ci maddəsi vəkil olmaq üçün tələbləri və qaydaları müəyyən etməkdədir. Qanunun tələbinə görə əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər. İddiaçı tərəfindən isə qanunverici tərəfindən müəyyən edilmiş tələblər öz mülahizəsinə görə şərh edilməklə, müsahibə mərhələsindən keçmədən vəkilliyə bərpa edilməsi barədə qərar qəbul olunması ilə bağlı tələbin irəli sürülməsi əsassız olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1060/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1060/2022
14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver