Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1171/2025 19.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Lətif oğlunun sədrliyi Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi cavabdehin nümayəndəsi X1 (ixtisası: hüquqşünas, vəzifəsi: Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının böyük mütəxəssisi) iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Mingəçevir şəhəri, Xan Şuşinski döngəsi, 12A) cavabdeh – Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (yerləşdiyi yer: Bakı şəhəri, A.M.Cümə küçəsi 60) qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı 1962-ci il təvəllüdlüdür, 1980 – 1983-cü illərdə tibb məktəbində feldşer ixtisası almışdır. 8 aprel 1983-cü il tarixdən Rusiya Federasiyasının (RSFSR) Tyumen vilayətində tibb müəssisəsində tibb ixtisası üzrə əmək fəaliyyətinə başlamış və 28 dekabr 2009-cu il tarixədək olan dövr ərzində qısa fasilələr olsa da, həmin ölkədə tibb müəssisələrində çalışmışdır. 19 iyul 2010-cu il tarixdə Bakı şəhərində fəaliyyət göstərən “Medservis” X6 Hemodializ şöbəsinə tibb bacısı vəzifəsinə təyin olunmuş və 2022-ci ilin avqust ayınadək həmin vəzifədə işləmişdir, 2022-ci ilin avqust ayından hal-hazıradək isə “X7” PHŞ-nin Hemodializ şöbəsində tibb bacısı kimi fəaliyyət göstərir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı ilə bağlı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Bundan sonra iddiaçı Rusiya Federasiyasında 1980 – 1983-cü illərdə təhsil aldığı və 1992 – 2009-cu illərdə işlədiyi dövr sığorta stajına daxil edilməklə, habelə həmin dövrlə yanaşı Azərbaycan Respublikasında 2010-cu ildən sonrakı dövrdə vəzifəsində tibb bacısı işlədiyi dövrün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə kimi nəzərə alınmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi tələbi ilə Şəki İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırır ki (iddia ərizəsinə əsasən), «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun müddəalarına görə onun Rusiya Federasiyasında 1980 – 1983-cü illərdə aldığı təhsil illəri sığorta stajına daxil edilməlidir. Əmək kitabçasına əsasən 1992 – 2009-cu illərdə Rusiya Federasiyasında müvafiq tbb müəssisəsində tibb bacısı vəzifəsində işləmişdir. Həmin vəzifə də onun həm ümumi, həm də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına aiddir. 25 ildən artıq ümumi iş stajı və 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə iş stajı toplanır. Bu səbəbdən də o, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filailının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtinasını mübahisələndirir. Cavabdeh iddiaya etiraz edir və mövqeyini belə əsaslandırır ki (iddiaya qarşı yazılı etiraza əsasən), «Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası»nın müddəalarına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunmalıdır. İddiaçının təqdim etdiyi sənədlərdə 1992 – 2009-cu illərdə Rusiya Federasiyasında işlədiyi qeyd olunmuşdur. «Əmək pensiyaları haqqında» Qanunun 23-cü maddəsinə görə vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Buna görə də 1 yanvar 1992-ci il tarixdən 31 dekabr 2001-ci il tarixədək olan dövr Qanunun 23-cü maddəsində göstərilən tarixdən sonraya aid olduğundan, həmin dövrün sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Göstərilən səbəbdən də iddiaçının ümumi iş stajı 24 il 3 ay 14 gün (1 sentyabr 1980-ci il tarixdən 25 fevral 1983-cü il tarixədək, 8 aprel 1983-cü il tarixdən 10 may 1986-cı il tarixədək, 21 may 1986-cı il tarixdən 1 yanvar 1992-ci il tarixədək olan dövrlər və 1 yanvar 2006-cı il tarixdən sonrakı 13 il 1 ay), yəni 25 ildən az təşkil edir. Bundan başqa, müvafiq araşdırma zamanı iddiaçının 2010 – 2022-ci illərdə işlədiyi hemodializ şöbəsində dəqiqləşmələr aparılmışdır. Məlum olmuşdur ki, həmin şöbə vərəm və infeksion müəssisələrinə, bölmələrinə, kabinetlərinə, işdəyi vəzifə isə bilavasitə xidmət edən işçilərə aid deyil. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış sığorta kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34.560 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 28.447,59 manat təşkil edir. Bu səbəbdən iddiaçıya əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, əsassızdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati icraat haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Mingəçevir şəhəri Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən İddiaçı yaşayış yeri Mingəçevir şəhəri, Xan Şuşinski döngəsi, 12A-dır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə iddia tələbi “öhdəliyin icrası haqqında haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddələrinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsassızdır. Məhkəmənin qənaətinə görə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatından imtinası qanuna zidd sayılmamalı və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikasının 13 iyun 1995-ci il tarixli 1057 nömrəli «Azərbaycan Respublikasının beynəlxalq müqavilələrin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında» Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikası beynəlxalq müqavilələrin onun üçün məcburiliyinə razılığını müqavilənin imzalanması, müqaviləni təşkil edən sənədlərin mübadiləsi, müqavilənin ratifikasiyası, təsdiq edilməsi, ona qoşulma vasitəsilə və razılığa gələn tərəflərin şərtləşdiyi hər hansı başqa üsulla ifadə edə bilər. Azərbaycan Respublikasının 8 iyul 2022-ci il tarixli 579-VİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə»nin 9-cu maddəsinin 1-ci bəndinə görə bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, hər bir Razılığa gələn Tərəf öz qanunvericiliyinə uyğun olaraq onun ərazisində əldə edilmiş sığorta stajına (və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalına – Azərbaycan Respublikası üçün) görə pensiya təyin edir. Müqavilənin 9-cu maddəsinin 2-ci bəndinə görə Razılığa gələn Tərəflər pensiya hüququnun müəyyən edilməsi zamanı onların ərazisində, habelə keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının və X3 Sosialist Respublikasının ərazisində əldə edilən sığorta stajını (və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalını – Azərbaycan Respublikası üçün) nəzərə alırlar. Bu Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Sovet Sosialist Respublikaları İttifaqının tərkibinə daxil olan digər respublikaların, habelə digər dövlətlərin ərazilərində əldə edilmiş sığorta stajı nəzərə alınmır. Müqavilənin 12-ci maddəsinin 1-ci bəndinə görə Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları bu Müqavilənin tətbiqinə dair inzibati saziş bağlayırlar. Razılığa gələn Tərəflərin kompetent təşkilatları (səlahiyyətli orqanları) bu Müqavilənin və eyni zamanda bu Müqavilənin tətbiqinə dair inzibati Sazişin həyata keçirilməsi məqsədilə Razılığa gələn Tərəflərin qanunvericiliyinə uyğun müəyyən edilmiş etibarlı üçüncü tərəflər vasitəsilə həyata keçirilə biləcək elektron qarşılıqlı əlaqə haqqında razılaşma imzalaya bilərlər. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 19-cu (Tibb və sosial təminat müəssisələri) bölməsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə kimi vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində bilavasitə xəstələrə xidmət edən işçilər (orta tibb heyəti, kiçik tibb heyəti) vəzifəsi nəzərdə tutulmuşdur. Məhkəmə ilk növbədə diqqətə çəkir ki, İddiaçı “Medservis” X6 verdiyi “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışda qeyd olunmuşdur ki, İddiaçı «Əmək pensiyaları haqqında» Qanuna uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə – hemodializ şöbəsində və infeksion xəstələr üçün ayrılmış bölmədə tibb bacısı vəzifəsində (müvəqqəti və qalıcı kateterlərin qoyulması, hemodializ, plazmafarez, qan köçürmə, qanın ultrabənövşəyi şüalarla şüalanması prosedurlarını icra edərək bilavasitə xəstələrə xidmət etmişdir) 19 iyul 2010-cu il tarixdən 28 dekabr 2010-cu il tarixədək və 4 yanvar 2011-ci il tarixdən 1 sentyabr 2022-ci il tarixədək olan dövrdə işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 12 il 1 ay 6 gün təşkil edir. Bundan başqa, iş materiallarında olan ДЕ-İ 395831 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1980 – 1983-cü illərdə (25 fevral 1983-cü il tarixədək) Kamenskoe Tibb Məktəbində təhsil almışdır. Bununla da işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 1962-ci il təvəllüdlüdür, 25 il sığorta stajına malik 60 yaşına çatmış şəxs kimi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina belə əsaslandırılmışdır ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir (qeydə alınan pensiya kapitalının tələb olunan 34.560 manat məbləğinin qarşılığında 28.447,59 manat təşkil etməsi), eləcə də iddiaçının 1 yanvar 1992-ci il tarixdən 31 dekabr 2001-ci il tarixədək Rusiya Federasiyasında işlədiyi dövr «Əmək pensiyaları haqqında» Qanunun 23.2-ci maddəsində göstərilən tarixdən sonraya aid olduğundan həmin dövrün sosial sığorta stajına daxil edilməsi mümkün deyil, onun “Medservis” X8 işlədiyi hemodializ şöbəsi güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən sahəyə aid deyil. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə tərəflərin dəlil və sübutlarına qanunvericiliyin tələbləri baxımından qiymət verərək iddiaçının dəlillərini tam əsaslı saymır, cavabdehin mövqeyi ilə razılaşır. Məhkəmə qənaətini aşağıdakılarla əsaslandırır: 1) İddiaçı 2010-cu ildən sonrakı dövrdə “Medservis” X6 hemodializ şöbəsində işləmişdir. Şöbənin adında birbaşa əks olunmasa da, orada infeksion bölmənin olması təkzib olunmur, həm də praktik hal qismində də qəbul oluna bilər. Bu, həmin Mərkəzin iddiaçının əmək fəaliyyəti ilə bağlı verdiyi arayışında da təsdiqini tapır və sənəddə iddiaçının məhz bilavasitə xəstələrə xidmət edən tibb işçisi olması qeyd olunmuşdur. İddiaçının işlədiyi müəssisədən verilmiş izah xarakterli həmin arayış mötəbər qiymətləndirilir və iddiaçının həmin şöbədəki iş stajı Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 19-cu bölməsində əks olunan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifəyə uyğun sayılır. Odur ki, cavabdehin bu hissədə dəlili əsaslı deyil. 2) Cavabdeh inzibati orqanın iddiaçının Rusiya Federasiyasında 1 yanvar 1992-ci il tarixdən sonrakı dövrdə işlədiyi müddətlə bağlı dəlilinə gəldikdə isə vurğulanmalıdır ki, «Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında» 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilə Azərbaycan Respublikasının 8 iyul 2022-ci il tarixli 579-VİQ nömrəli Qanunu ilə təsdiq edilmişdir, lakin həmin Müqavilənin tətbiqinə dair saziş bağlanmamışdır. Belə olan halda, İddiaçı 1992 – 2009-cu illərdə Rusiya Federasiyasındakı əmək fəaliyyəti onun sığorta stajına daxil edilə bilməz. İddiaçının Rusiya Federasiyasında 1980 – 1983-cü illərdə təhsil aldığı və 1983 – 1991-ci illərdə işlədiyi dövrün sığorta stajına daxil edilməsi işin mübahisəli hallarına aid deyil. 3) «Əmək pensiyaları haqqında» Qanunun 1 iyul 2022-ci il tarixdən sonrakı dövrdə qüvvədə olan tələbləri nəzərdə tutur ki, 25 il ümumi iş stajına, o cümlədən 10 il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) iş stajına malik qadınlar 60 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Yəni, qüvvədə olan qanunvericilik normaları göstərilən iş stajlarına malik olan 60 yaşına çatmış qadınlara münasibətdə pensiya təyinatını “fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən həddə toplanması” ilə də şərtləndirir. Lakin məhkəmə icraatında iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının tələb olunan minimum həddən az olması müəyyən olunur. Nəzərə alınmalıdır ki, iddiaçı həmin məbləği təkzib etməmişdir. Odur ki, iddiaçının 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə stajı olsa da, 25 ildən artıq ümumi iş stajı toplanmadığından, eləcə də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 52, 68, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi» tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına (ünvan: ünvan 4
Məhkəmə qərarları › İş №2-1(116)-1171/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1171/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver