Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1255/2022 28.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Şəki bələdiyyəsinə qarşı “xx.xx.2022-ci il tarixli Şəki şəhər bələdiyyəsinə qarşı ünvanladığı informasiya sorğusuna cavab vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Şəki bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2022-ci il tarixli Şəki şəhər bələdiyyəsinə qarşı ünvanladığı informasiya sorğusuna cavab vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini “İnformasiya əldə etmək haqqında” Qanunun 2, 6, 9, 10, 11 və 24.1ci maddələri ilə aşağıdakı kimi əsaslandırmışdır: - O, Şəki şəhər Bələdiyyəsinin sədri X2 31 yanvar 2022-ci il tarixində rəsmi olaraq poçt vasitəsilə 11 sualdan ibarət informasiya sorğusu ünvanlamışdır. Ünvanladığı informasiya sorğusu dövlət, şəxsi həyat və yaxud ailə sirrli xarakterli deyildir. 7 iş günüdən çox zaman keçməsinə baxmayaraq ona cavabdeh tərəfindən heç bir cavab verilməyərək hüquqları pozulduğu üçün 23 fevral 2022-ci ildə İnsan Hüquqları Üzrə X7 Əliyevaya, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi cənab Rəhman Məmmədova, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Şəki şəhər İcra Hakimiyyətinə, Şəki regional Ədliyyə İdarəsinin rəisi X5 və Şəki şəhər prokuroru cənab Mehman Xankişiyevə şikayət ərizəsi ilə müraciət etmişdir. Şəki regional Ədliyyə İdarəsinin 30 mart 2022-ci il tarixində l/A-99/2,3,4,5 saylı cavab məktubunda qeyd olunur ki, onun Şəki Bəkədiyyəsinə ünvanladığı informasiya sorğusu Bələdiyyənin iclasının müzakirəsinə çıxarılmış və Şəki Bələdiyyəsinin xx.xx.2022ci il tarixli qərarında (protokolunda) qeyd edilmişdir ki, informasiya sorğusu icra edilsin. X6 Şəki şəhər bələdiyyəsinin sədri M.Z.Allahverdiyev xx.xx.2022-ci ildə №291 məktubla ona yalan məlumatlar vermişdir. Belə ki, məktubda qeyd olunub ki: X4 ünvanladığınız İnformasiya sorğunuza əsasən bildiririk ki, İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin 27.1.3-cü bəndinin tələblərinə görə sorğunuzda qeyd etdiyiniz məlumatları Şəki Bələdiyyəsi qəzetinin 2019-cu il 12 nömrəli, 2020-ci il 1 nömrəli, 2021-ci il 1 nömrəli buraxılışlarından əldə edə bilərsiniz. O, Şəki Bələdiyyəsi qəzetinin 2021-ci il tarixli 1 nömrəli buraxılışındakı bütün yazıları ozuyan zaman aydın olmuşdur ki, Şəki şəhər bələdiyyəsinin sədri M.Z.Allahverdiyev məsuliyyətdən yayınmaq üçün ona yalan məlumat vermişdir. Onun, Şəki şəhər bələdiyyəsinin sədri M.Z.Allahverdiyevə ünvanladığı informasiya sorğusunun cavabının qəzetlə heç bir əlaqəsi yoxdur, sorğusundakı sualların cavabının heç biri qəzetdə öz əksini tapmayıb. xx.xx.2022-ci ildə Şəki şəhər bələdiyyəsinin sədri M.Z.Allahverdiyevə ünvanladığı 11 sualdan ibarət sorğu:
1. Şəki şəhər Bələdiyyəsinin 2020-2021-ci illərdə büdcəsi nə qədər təşkil etmişdir?
2. Şəki şəhər Bələdiyyəsi 2019-2021-ci illərdə dövlət tərəfindən nə qədər dotasiya almışdır? Ayrı-ayrılıqda dotasiyalar haqqında maliyyə arayışlarını sorğuya əlavə edin.
3. Şəki şəhər Bələdiyyəsi 2020-2021-ci illərdə dövlət tərəfindən aldığı dotasiyaları hansı istiqamətlərdə xərcləmişdir? Əslində isə dotasiyanın xərclənmə təyinatı necə təyin olunmuşdur?
4. 2020-2021-ci illərdə Şəki şəhər Bələdiyyəsi perespektiv torpaq sahələrindən yaşayış məqsədi ilə neçə nəfərə (adları və sahə göstərilməklə) torpaq sahəsi ayırmışdır? Bu ayırmalardan Bələdiyyəni büdcəsinə nə qədər vəsait daxil olmuşdur?
5. 2020-2021-ci illərdə Şəki şəhər Bələdiyyəsi ərazisindən ticarət, iaşə və qeyriyaşayış sahələri üçün torpaq sahəsi və ya bu kimi digər Bələdiyyə mülkiyyəti ayrılmışdırmı? Ayrılmışsa sahə, tikili və obyekt barədə məlumatları sənədlər də əlavə olunmaqla sorğuma əlavə edin.
6. Şəki şəhər Bələdiyyəsi ərazisindən yığılan vergilərlə bağlı ətraflı məlumat və vergi ödəyicilərinin illik vergisi şəhər üzrə nə qədər təşkil edir? Həmin vəsaitlər hara və necə xərclənir?
7. Şəki şəhər Bələdiyyəsi müharibə veteranlarına, şəhid ailələrinə və qazilərə hansı maddi və mənəvi yardımları göstərmişdir? Bu barədə maliyyə arayışlarını sorğuya əlavə edin.
8. Bələdiyyədə müqavilə əsasında işləyən qulluqçular barədə məlumat?
9. Bələdiyyənin ərazisində vergi ödəyicisi olan şəxslərdən Bələdiyyəyə mədaxil olunan vəsaitlərin illik icmalı barədə məlumat və həmin vəsaitin xərclənməsini əks etdirən maliyyə arayışları?
10. Şəki şəhər Bələdiyyəsinin ərazisində Azercell telecom, Bakcell telecom və Nar Mobile telecom şəbəkələrinin qidalandırın və yayım stansiyalarının quraşdırılmasına görə faktura üzrə Bələdiyyəyə hər il nə qədər vəsait mədaxil olur və həmin vəsaitləri hara xərcləyirsiniz?
11. Bələdiyyənin ən azı ayda bir dəfə keçirilən ali orqanının iclasının protokolunun surətlərini təqdim edin. Hesab edir ki, Şəki şəhər Bələdiyyəsinin bütün fəaliyyəti qanunidirsə Şəki şəhər bələdiyyəsinin sədri M.Z. Allahverdiyev onun 11 sualdan ibarət informasiya sorğusuna cavab verməlidir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının informasiya sorğusu bələdiyyə üzvlərinin müzakirəsinə verilmiş və Şəki şəhər bələdiyyəsinin xx.xx.2022-ci il tarixli protokolu ilə informasiya sorğusunun cavablandırılması qərara alınmışdır. Şəki şəhər bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 291 saylı məktubu ilə iddiaçının sorğusuna daxil olan sorğunun cavablarının “Şəki bələdiyyəsi” qəzetində müvafiq buraxılışları vasitəsilə əldə etməyin mümkün olduğu qeyd edilmişdir. İddiaçını “Şəki bələdiyyəsi” qəzetində dərc edilmiş məlumat qane etmədiyi halda Şəki şəhər bələdiyyəsinin arxivində şəxsən onu maraqlandıran bütün məlumatı əldə etmək imkanı yaradılacağına Şəki şəhər bələdiyyəsi tərəfindən zəmanət verilir. İddiaçının sorğusuna cavab almaq istəyi qərəzlidir. Sorğuda qeyd olunan 2019, 2020 və 2021-ci illər üzrə 12 bənddən ibarət sorğusuna qaneedici cavab verilməsi üçün sənədlər saxlanan qovluqlar sökülməli, Şəki şəhər bələdiyyəsinin bütün əməkdaşları həftələrlə sorğuya cavab hazırlamaq üçün çalışmalıdırlar. İddiaçının Şəki şəhər bələdiyyəsinə təqdim etdiyi 12 bənddən ibarət sorğusunda elə məsələlər var ki, onların açıqlanması, ictimailəşdirilməsi məqsədəmüvafiq hesab edilmir. Məsələn, sorğunun 12-ci bəndində bələdiyyənin iclas protokollarının surətlərinin təqdim olunması tələb edilir. Protokolda bələdiyyənin iclaslarında bələdiyyə üzvlərinin, mütəxəssislərin çıxışlarının hansı məzmundan ibarət olmasının ünvan 6 ünvanında yaşayan İddiaçı nə aidiyyəti var? İddiaçı Şəki şəhər bələdiyyəsinin 3 illik maliyyə, təsərrüfat və digər sahələrdə fəaliyyəti barədə belə geniş həcmdə məlumat toplamağında məqsədi nədir? Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək bildirdi ki, iddiaçının sorğusunda qeyd etdiyi bir çox sualları cavablandıra və hətta bəzi sənədləri də təqdim edə bilər. Bütövlükdə maliyyə təsərrüfat fəaliyyətinə dair sənədlərin tələb edilməsini isə düzgün hesab etmir və məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, iddiaçıya izah edilmişdir ki, iddia tələbinin “müvafiq sənədlərin, fərdi məlumatların və maliyyə arayışlarının təqdim edilməsi hissəsi” mümkün sayıla bilməz. Belə ki, həmin sənədlərin tələb edilməsi üçün iddiaçının subyektiv hüququ yoxdur. Bu isə iddianın mümkün sayılmamsı üçün əsasdır. İddiaçı, məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamışdır. Məhkəmə hesab edir ki, aşağıdakı sadalanan xüsusatlara görə iddia tələbinin “maliyyə arayışlarının, torpaq sahəsi ayrılmış şəxslərin adları və sahələrinin göstərilməsi və iclas protokolllarının təqdim edilməsi hissəsi” mümkün sayılmamalıdır. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5. İnzibati nəzarət icraatının başlanması üçün əsaslar 5.0. İnzibati nəzarət icraatının başlanması üçün əsaslar aşağıdakılardır: 5.0.1. bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda; 5.0.2. hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciəti daxil olduqda Maddə 6. İnzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan bələdiyyə aktları 6.1. Bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aşağıdakı aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər: 6.1.2. dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktlar; 6.1.3. bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktlar; 6.1.4. yerli vergilərin və ödənişlərin tətbiqi barədə aktlar; 6.1.5. yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarlar. 6.1.6. bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktlar. 6.1.7. bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın (yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarlar. 6.1.8. qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarlar. 6.2. İnzibati nəzarəti həyata keçirən orqan ona göndərilmiş bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktlara uyğunluğunu müəyyənləşdirmək məqsədilə həmin akta daxil olduğu tarixdən 15 iş günü müddətində baxılmasını təmin edir. "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun : 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. 2.2-ci maddəsinə əsasən hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3-cü maddəsinə əsasən informasiya sahibinə müraciət edən hər kəs: 2.3.1-ci maddəsinə əsasən sorğu edilən informasiyanın informasiya sahibində olubolmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2-ci maddəsinə əsasən informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. 2.4-1-ci maddəsinə əsasən informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın. 2.5.-ci maddəsinə əsasən informasiya sahiblərindən bu Qanunun tələblərinə uyğun olaraq əldə edilmiş sənədləşdirilmiş informasiyadan, digər məqsədlər, o cümlədən kommersiya məqsədləri üçün törəmə informasiya məhsulunun yaradılmasına bu şərtlə icazə verilir ki, törəmə informasiya yaradılarkən ilkin mənbəyə istinad edilsin. 3.0.1-ci maddəsinə əsasən informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar; 24.1-ci maddəsinə əsasən informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. 24.5-ci maddəsinə əsasən informasiya sorğusunın bu Qanunla müəyyənləşdirilmiş icra müddəti sorğunun qeydə alındığı günün sonrakı iş günündən hesablanır. 27.1-ci maddəsinə əsasən aşağıdakı hallarda informasiya sorğusu icra olunmuş sayılır: 27.1.1-ci maddəsinə əsasən informasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə; 27.1.2-ci maddəsinə əsasən informasiya sorğusu aidiyyəti üzrə göndərildikdə və sorğuçuya bu barədə məlumat verildikdə; 27.1.3-cü maddəsinə əsasən açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə; 27.1.4-cü maddəsinə əsasən informasiya sorğusunun icrasından imtina barədə sorğuçuya əsaslandırılmış cavab verildikdə. 27-1-ci maddəsinə görə sorğuçu sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) şikayət etmək hüququna malikdir. "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən: 12.1. Yerli vergilərin və ödənişlərin yığılmasına, yerli büdcələrə köçürülməsinə və istifadə olunmasına nəzarət bələdiyyələrin müvafiq komissiyaları, habelə seçkili orqanlarda, bələdiyyə qulluğunda işləməyən, yerli məhəllə komitələrinin və vətəndaşların yığıncaqlarında təklif olunan, bələdiyyə iclasında təsdiq olunan nəzarət komissiyaları tərəfindən həyata keçirilir. 12.2. Zəruri hallarda yerli vergi və ödənişlərin yığılmasına və onlardan istifadə edilməsinə nəzarət məqsədi ilə bələdiyyələrin qərarına əsasən müvafiq yoxlamaların aparılması üçün müstəqil auditorlar cəlb oluna bilər. 12.3. Bələdiyyələrin vergi və ödənişlərin yığılması və istifadəsi sahəsində fəaliyyəti tam aşkarlıq şəraitində həyata keçirilməlidir. Bu məqsədlə bələdiyyələr və onların müvafiq nəzarət komissiyaları bələdiyyə ərazisində yaşayan sakinlər qarşısında mütəmadi olaraq hesabatlar verir, bülletenlər buraxır, illik hesabatları bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirirlər. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 3-cü bəndinə əsasən bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında yarımillik və illik hesabatı bələdiyyə iclasına təqdim edir. Yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın 15-dək, illik maliyyə hesabatları növbəti ilin yanvarın 30-dək təqdim edilməlidir. Bələdiyyələr təqdim edilmiş maliyyə hesabatlarını bələdiyyə iclasının qərarı ilə 15 (on beş) gün müddətində təsdiq edirlər. Yerli əhalini tanış etmək məqsədilə bələdiyyələr illik hesabatı onlara elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və s. vasitələrlə çatdırırlar. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. fərdi məlumatlar — şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat; 2.1.2. fərdi məlumatların subyekti (bundan sonra — subyekt) — barəsində fərdi məlumatlar toplanılan, işlənilən və mühafizə edilən, kimliyi müəyyənləşdirilmiş və ya müəyyənləşdirilən fiziki şəxs; 13.1. Bu Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. 13.2. Subyektin razılığı olmadan fərdi məlumatların verilməsinə yalnız aşağıdakı hallarda yol verilir: 13.2.1. açıq kateqoriyalı fərdi məlumatlar verildikdə; 13.2.2. konfidensial fərdi məlumatlar dövlət və ya yerli özünüidarə orqanları tərəfindən onlara həvalə edilmiş vəzifələrin icrası ilə bağlı verildikdə və bu zaman fərdi məlumatların informasiya sistemləri üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl edildikdə; 13.2.3. fərdi məlumatların verilməsi subyektin həyat və sağlamlığının qorunması məqsədləri üçün lazım olduqda və onun razılığını təxirə salınmadan almaq mümkün olmadıqda. Yuxarıda istinad olunan "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun 3.0.1-ci maddəsindən göründüyü kimi informasiyaya aşağıdakı kimi anlayış verilmişdir : “informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar”. İddiaçının cavabdehə qarşı yönəlmiş tələbi yalnız məlumatların təqdim edilməsindən ibarət olmalıdır. İddiaçı isə həmin məlumatlarla bərabər, əlavə olaraq maliyyə sənədlərini və iclas protokollarını, fərdi məlumatları da tələb edir ki, bələdiyyənin belə sənədləri iddiaçıya təqdim etmək öhdəliyi ümumiyyətlə yoxdur. Bələdiyyə büdcəsinin icrasına (yerli vergilərin və ödənişlərin yığılmasına, yerli büdcələrə köçürülməsinə və istifadə olunmasına) nəzarət bələdiyyələrin müvafiq nəzarət komissiyaları, həmçinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanlar tərəfindən həyata keçirilir. Həmçinin bələdiyyələrin qərarına əsasən müvafiq yoxlamaların aparılması üçün cəlb edilmiş müstəqil auditorlar yoxlamaların aparılmasını həyata keçirə bilərlər. Müvafiq iclas protokollarını isə bələdiyyə inzibati nəzarəti həyata keçirən orqana təqdim etmək vəzifəsi daşıyır və bələdiyyə, barəsində hər hansı icraat aparılmamış fiziki şəxsə iclas protokolunun təqdim edilməsi vəzifəsini daşımır. İddiaçının, maliyyə sənədlərinin əldə edilməsinə yönəlmiş tələbi faktiki olaraq bələdiyyənin maliyyə-təsərrüfat fəaliyyətinin təftişi deməkdir ki, qanunvericiliklə ona belə bir təftişin aparılması səlahiyyəti verilməmişdir. İddiaçının torpaq sahəsi ayrılmış şəxslərin adları və sahələrinin, ticarət, iaşə və qeyriyaşayış sahələri üçün torpaq sahəsi və ya bu kimi digər bələdiyyə mülkiyyəti ayrılmışdırsa sahə, tikili və obyekt barədə məlumatların və sənədlərin təqdim edilməsi ilə bağlı tələb irəli sürmək hüququ da yoxdur. Belə ki, müvafiq məlumatları əldə etmək hüququ olan subyektlərin siyahısı və əldə edilməni şərtləndirən hallar yuxarıda istinad olunan “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda ətraflı qeyd edilmişdir və həmin iddiaçının həmin subyektlərə aid olmaması işin mübahisəsiz halıdır. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. İddianın mümkünlük şərtlərindən biri iddiaçının subyektiv hüquqa malik olmasıdır. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirməhaqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrəAzərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. İddiaçının “maliyyə arayışlarının, iclas protokollarının və digər şəxslərə aid fərdi məlumatların” cavabdeh orqandan tələb edilməsinə subyektiv hüququ olmadığından, cavabdeh orqan tərəfindən müvafiq sənədlərin və məlumatların təqdim edilməməsi ilə bağlı onun hər hansı hüququnun pozulması müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçıya izah edilir ki, cavabdeh orqan tərəfindən müraciəti təmin edilmədiyi və ya cavabsız saxlanıldığı halda hazırkı iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə
qərara aldı :
İddiaçı cavabdeh Şəki bələdiyyəsinə qarşı “xx.xx.2022-ci il tarixli Şəki şəhər bələdiyyəsinə qarşı ünvanladığı informasiya sorğusuna cavab vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbinin “Şəki şəhər Bələdiyyəsi 2019- 2021-ci illərdə dövlət tərəfindən alınmış dotasiyalar haqqında maliyyə arayışlarının, 2020- 2021-ci illərdə Şəki şəhər Bələdiyyəsi perespektiv torpaq sahələrindən yaşayış məqsədi ilə torpaq sahəsi ayrılmış şəxslərin adları və sahələrinin, 2020-2021-ci illərdə Şəki şəhər Bələdiyyəsi ərazisindən ticarət, iaşə və qeyri-yaşayış sahələri üçün torpaq sahəsi və ya bu kimi digər bələdiyyə mülkiyyəti ayrılmışdırsa sahə, tikili və obyekt barədə sənədlərin, Şəki şəhər Bələdiyyəsinin müharibə veteranlarına, şəhid ailələrinə və qazilərə hansı maddi və mənəvi yardımları göstərməsi ilə bağlı maliyyə arayışlarının, bələdiyyənin ərazisində vergi ödəyicisi olan şəxslərdən bələdiyyəyə mədaxil olunan vəsaitlərin xərclənməsini əks etdirən maliyyə arayışlarının və bələdiyyənin ən azı ayda bir dəfə keçirilən ali orqanının iclasının protokolunun surətlərinin təqdim edilməsi” hissəsi mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 8legiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Vüqar Musayev.