Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1357/2023 12.04.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X3 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Qax rayon Qum bələdiyyəsinə qarşı “Cavabdeh, Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxsinin Şəki ərazi müsabiqə və hərrac komissiyasına mülkiyyətindəki fərdi yaşayış evinin tikintisinə görə ayrılmış 0,09 ha həyətyanı torpaq sahəsinin müsabiqə yolu ilə satılması üçün ərizəsi, həmin ərizə əsasında 19 yanvar 2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxsinin Şəki ərazi müsabiqə və hərrac komissiyasına mülkiyyətindəki fərdi yaşayış evinin tikintisinə görə ayrılmış 0,09 ha həyətyanı torpaq sahəsinin müsabiqə yolu ilə satılması üçün ərizəsi, həmin ərizə əsasında 19 yanvar 2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin hüquqi nəticələrinin etibarsız hesab edilməsi, Qax rayonunun Qum bələdiyyəsi ilə X6 arasında AN-İ ******* nömrəli, 05 fevral 2023-cü il tarixdə Qax rayon notariat ofisində bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Qax rayonunun Qum bələdiyyəsinin mülkiyyətindəki fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,09 ha torpaq sahəsinin yenidən müsabiqədə satılması üçün uyğun ərizənin və ona əlavə edilmiş hüquqmüəyyənedici sənədlərin hazırlanıb təqdim olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı Qax şəhəri, İçəribazar küçəsi, 31 saylı evdə qeydiyyatda olmaqla valideynləri ilə birlikdə yaşayır. Yaşayış sahəsi və ona bitişik məhdud kommunal şəraitli digər tikililər 150 il qabaq inşa edilib və yerli əhəmiyyətli tarixi abidə hesab olunduğu üçün orada əsaslı təmir və yenidənqurma işlərinin aparılmasına yol verilmir. Bu səbəbdən yaxın qohumlarının yaşadığı Qax rayonunun Qum kəndinin inzibati ərazisindəki Axullar məhəlləsində ulu babasının kol-kosdan, daş-kəsəkdən təmizləyərək meyvə ağacları əkib həyətyanı kimi üzun illərdən istifadəsində olduğu sahədə yeni quracağı ailəsinin daimi yaşaması üçün fərdi ev tikmək qərarına gəlmişdir. Bu məqsədlə 2019-cu ilin may ayında sözügedən torpaq sahəsinin mülkiyyətçisi Qax rayonu, Qum Bələdiyyəsinə rəsmi ərizə ilə müraciət edib 0,09 ha həyətyanı torpaq sahəsinin alq-satqı aktının adına rəsmiləşdirilməsini xahiş etmişdir. Qum Bələdiyyəsinin hazırda mərhum sabiq sədri Fərid Həşimovun iştirakı ilə ərizəyə kollegial baxılıb, qeyd edilən istifadədəki 0,09 ha bağın ona satılması qərara alınmışdır. Ayrılmış torpaq sahəsinin dəyərinin ödənilməsi üçün iddiaçıya verilmiş Qum Bələdiyyəsinin bank hesabına, 03 iyun 2019-cu il tarixdə ********* saylı mədaxil qəbzlə 2.000 (iki min) manat ödəmişdir. Qeyd olunanlara əsasən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra- “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, hazırkı iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) zərurəti yaranmışdır. Belə ki, iddia tələbi üç hissədən ibarətdir. İddia tələbinin ikinci hissəsi, yəni “Qax rayonunun Qum bələdiyyəsi ilə X6 arasında AN-İ ******* nömrəli, 05 fevral 2023-cü il tarixdə Qax rayon notariat ofisində bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi” hissəsi tərəflər arasında bağlanmış mülki hüquqi əqdin ləğvi ilə bağlı olduğundan iddianın həmin hissəsinə aidiyyəti üzrə ümumi məhkəmələrdə (rayon, şəhər məhkəmələrində) baxılmalıdır. İddianın üçüncü hissəsi, yəni “Qax rayonunun Qum bələdiyyəsinin mülkiyyətindəki fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,09 ha torpaq sahəsinin yenidən müsabiqədə satılması üçün uyğun ərizənin və ona əlavə edilmiş hüquqmüəyyənedici sənədlərin hazırlanıb təqdim olunması” hissəsinə isə iddianın birinci və ikinci hissələrinə məhkəmə tərəfindən hüquqi qiymət verildikdən sonra baxıla bilər. Göstərilənlərə əsasən iddiaçıya iddia tələbində 19 yanvar 2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair hissədə hüquqi marağına uyğun şəkildə dəqiqləşdirmə aparması və dəqiqləşdirilmiş iddia ərizəsini məhkəməyə təqdim etməsi təklif olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində iddia tələbində dəqiqləşdirmə apararaq “Cavabdeh, Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxsinin Şəki ərazi müsabiqə və hərrac komissiyasına mülkiyyətindəki fərdi yaşayış evinin tikintisinə görə ayrılmış 0,09 ha həyətyanı torpaq sahəsinin müsabiqə yolu ilə satılması üçün ərizəsi, həmin ərizə əsasında 19 yanvar 2023cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin hüquqi nəticələrinin etibarsız hesab edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Məhəmməd Qadaşlı ərizə təqdim edərək iddianı geri götürdüyünü bildirmiş, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, o, müraciəti ilə faktiki olaraq iddianı geri götürmək niyyətini ifadə etmişdir. İddianın geri götürülməsi qanuna zidd olmadığı, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul edilməli, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, iddia tərəfi iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də, öz aktiv hərəkəti ilə iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini ifadə etmiş olur. Belə olan halda, məhkəmə iddiaçının iradəsinə uyğun olaraq iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir; 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İPM-də iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi nəzərdə tutulmasa da, iddianın geri götürülməsinin bu formada həyata keçirilməsi iddiaçının maraqlarının müdafiəsi baxımından normativ tənzimetmənin hüquqi məzmununa zidd deyildir. Belə ki, hər iki hal son nəticədə iddiaçının ərizəsinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini, işin nəticəsində hüquqi marağının olmadığını ifadə edir. Eyni mövqedən yanaşan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-21/2021 nömrəli inzibati iş üzrə xx.xx.2021-ci il tarixli qərardadında göstərmişdir ki, “...Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir...”. Həmçinin məhkəmə bildirir ki, M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən, “...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X7 şikayətinə dair” 8 iyul 2013cü il tarixli Qərardadı). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır... İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...”. Sözügedən qərarın apellyasiya şikayətinə münasibətdə mövqeyinin ifadə olunduğu nəticə hissəsinə görə, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən və İPM-in 55, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X2 iddianın geri götürülməsi barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Qax rayon Qum bələdiyyəsinə qarşı “Cavabdeh, Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi publik hüquqi şəxsinin Şəki ərazi müsabiqə və hərrac komissiyasına mülkiyyətindəki fərdi yaşayış evinin tikintisinə görə ayrılmış 0,09 ha həyətyanı torpaq sahəsinin müsabiqə yolu ilə satılması üçün ərizəsi, həmin ərizə əsasında 19 yanvar 2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqəsinin hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-1357/2023
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1357/2023
12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver