Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1389/2024 29.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı “xx.xx.2023-cü il tarixli əyani müayinənin nəticəsi olaraq qəbul edilmiş, tam reabilitasiya olunma barədə xx.xx.2023-cü il tarixli qərarın ona aid hissədə ləğv edilməsi və əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “iddiaçının tam reabilitasiya olunması barədə qərarın ləğv edilməsi və həmin qərar qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, iddia tələbini dəqiqləşdirərək, “xx.xx.2023-cü il tarixli əyani müayinənin nəticəsi olaraq qəbul edilmiş, tam reabilitasiya olunma barədə xx.xx.2023-cü il tarixli qərarın ona aid hissədə ləğv edilməsi və əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx xxxxxxxx 1975-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Belə ki, Erməni quldurlarının ölkəyə hərbi təcavüzü başladıqdan sonra, xüsusən də, 1992-ci ilin fevral ayında Xocalı soyqırımının törədilməsindən sonra 1992-ci ilin mart ayının 2-də könüllü olaraq cəbhəyə yollanmışdır. 1992-ci ilin iyun ayının 5-də cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə yaralanmış, iyun ayının 20-nə kimi Mingəçevir şəhər Mərkəzi xəstəxanasında müalicə olunmuşdur. Yaraları sağaldıqdan sonra yenidən cəbhə bölgəsinə yollanmış və döyüşlərə davam etmişdir. O, könüllü olaraq döyüşlərdə olduğu zaman 1993-cü ilin sentyabr ayında Mingəçevir RHK tərəfindən hərbi xidmətə çağırılmışdır. 07 yanvar 1994-cü ildə N nömrəli hərbi hissənin tərkibində cəbhənin Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmiş, 20 yanvar 1994-cü ildə həmin döyüşlərdə yaralanmışdır. 21 yanvar 1994-cü ildən 07 fevral 1994-cü ilə kimi Gəncə şəhər təcili tibbi yardım xəstəxanasında müayinə və müalicə olunmuşdur. Gəncə şəhər təcili tibbi yardım xəstəxanasında müayinə və müalicə olunarkən ona qoyulmuş diaqnoz "boyun nahiyyəsinin əziyi, C4-5 fəqərələrinin kompression sınığının qalıq əlamətləri, kökcük sindromu ilə soltərəfli yuxarı monoparez", 08 fevral 1994-cü ildə tibbi şəhadətləndirmə zamanı təyin edilmiş yaralanma-diaqnoz "onurğa sütunun CİV-V boyun fəqərələrinin köhnə yarımçıxığı-sınığı, kökcük ağrı sindromu ilə və funksiyaların mülayim dərəcədə pozulması" olmuşdur Daha sonra Müdafiə Nazirliyinin Hərbi Hospitalında müalicəsini davam etdirmişdir. Müharibə bitdikdən sonra isə səhhəti düzəlmədiyindən Rusiya Federasiyasının Moskva şəhərinə gedərək orada müalicə olunmuşdur. Döyüş zamanı aldığı xəsarətlər get-gedə ağırlaşdığından və ona ciddi çətinliklər törətdiyindən 2011-ci ildə ona müvafiq əlliliyin təyin edilməsi üçün müraciət etmişdir. Onun müraciəti müsbət qiymətləndirilərək, 2011-ci ilin may ayının 6-da ona 2-ci qrup əlillik təyin edilmişdir. Həmin tarixdən mütəmadı olaraq komissiyalardan keçmiş və 2021-ci ildə ona müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. 2023-cü ilin iyul ayında o, "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na uyğun olaraq avtomobil verilməsi üçün müraciət etmişdir. Bundan sonra 02 avqust 2023-cü ildə Agentlikdə qəbulda olmuşdur. Həmin gün həkim komissiyası tərəfindən qəbul edilmişdir. Həmin qəbul zamanı hər-hansı bir müayinə olunmamış, sadəcə vizual baxış keçirməklə onu müşahidə etmişlər. Bundan sonra ona 15- 30 gun ərzində müraciətinin nəticəsi barədə cavab veriləcəyini bildirmişlər. Daha sonra ona 01 avqust 2023-cü il tarixli, 3-17-4/2-B-20876/2023 nömrəli məktub göndərilərək müraciətinin qəbul edilməsindən imtina edildiyi göstərilmişdir. Həmin məktubda həmçinin göstərilmişdir ki, "müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə” uyğun olaraq Sizə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcəlik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra o dövlət tərəfindən təyin edilmiş əllilik pensiyasını almaq üçün getdikdə pensiyasının hesaba vurulmadığını görmüş dərhal müraciət etdikdə ona əlliliyinin dayandırıldığı bildirilmişdir. 23 noyabr 2023-cü ıl tarixdə ona Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən göndərilmiş 14 noyabr 2023-cü il tarixli, 3-17-4/2-B-29390/2023 nömrəli məktub təqdim edilmişdir. Həmin məktubla tanış olarkən məlum olmuşdur ki, onun müraciətinə əsasən xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olduqdan sonra təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq, sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən məhudiyyətlərin olmadığı müəyyənləşdirilmiş və tam reabilitasiya olmağı barədə qərar qəbul edilmişdir." Belə ki, o, hərbi xidmətlə əlaqədar əlillik vəziyyətimin qiymətləndirilməsi barədə heç kimə müraciət etməmişdir. Onun müraciəti minik avtomobilinin alınması ilə bağlı olmuş, 01 avqust 2023-cü ildə onun həmin müraciətinə imtina gəlmişdir. Həmin məktubda onun sağlamlıq vəziyyətimdə əlillik təyinatına əsas verən məhdudiyyətlərin olmadığının müəyyənləşdirilməsi və onun tam reabilitasiya olunması barədə qərar qəbul edildiyi göstərilsə də, həmin qərar ona təqdim edilməmişdir. Bundan sonra tərəfindən ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edilərək onun sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən məhdudiyyətlərin olmadığının müəyyənləşdirilməsi və tam reabilitasiya olunması barədə qəbul edilmiş qərarın ona təqdim edilməsini xahiş etmişdir. Ərizəsində göstərilənlərə baxmayaraq, ona 21 dekabr 2023-cü il tarixli, 3-17- 4/2-B-33582/2023 nömrəli məktub göndərilmiş, həmin məktubda da 14 noyabr 2023-cü il tarixli, 3-17-4/2-B-29390/2023 nömrəli məktubda göstərilənlər yenidən sadalanmışdır. Yəni onun barəsində qəbul edilmiş qərar ona göndərilməmişdir. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin barəsində qəbul etdiyi həmin qərarı tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona ünvanlanmış məktublarda göstərilmişdir ki, guya o, müraciətinə əsasən xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuş, təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq, sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən məhudiyyətlərin olmadığı müəyyənləşdirilmiş və tam reabilitasiya olmağı barədə qərar qəbul edilmişdir. O, xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olan zaman həkimlər tərəfindən hər-hansı bir müayinə olunmamış, sadəcə vizual baxış keçirməklə onu müşahidə etmişlər. Ancaq aldığı xəsarətlərdən də, göründüyü kimi onun xəsarətlərinin sağalıb-sağalmamasını vizual baxışla müəyyən etmək mümkün deyildir. İddiaçı 2021-ci ildən ömürlük olaraq ikinci qrup əlilliyə çıxmışdır. Yəni, ona müddətsiz əlilliyin təyin edilməsinin üzərindən heç iki il keçməmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi onu əsassız olaraq müayinə etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının xx.xx.20121-cı il tarixli göndərişi əsasında baxılmış və X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S10-S19 - Boynun travmaları => S12 - Onurğanın boyun şöbəsinin sınığı => S12.2 - Digər dəqiqləşdirilmiş .. Diaqnozun mətni: Digər dəqiqləşdirilmş boyun fəqərələrinin sınığı, C4- C5 fəqərələrinin köhnə kompression sınığının qalıq əlamətləri Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya qərarı qəbul edilib, qərarı verilmişdir. Mingəçevir şəhər sakini xx.xx.1975-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə DTSERA-ca əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.2.8 bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. (ESDAS: **********3). Vətəndaş tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmədən minik avtomobili üçün müraciət etmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2010-cu il tarixli 1164 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Boyun nahivvəsinin əziyi. C4-5 fəqərələrinin kompression sınığının qalıq əlamətləri, kökcük sindromu ilə. Soltərəfii yuxarı monoparez. Onurğa sütununun C4-5 bovun fəqərələrinin köhnə yarımçıxığı-sınığı, kökcük ağrı sindromu ilə və funksiyaların mülayim dorəcədə pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, çanağında, aşağı ətraflarında olan ağrılardan, belində ağrılardan şikayətlənmişdir. Baxış zamanı hər iki dizdə səthi çapıqlar izlənmiş, hər iki bud-çanaq oynaqlarında hərəkətlər sərbəst olmuş, aşağı ətraflarda vizual olaraq varikoz genişlənmələr aşkar edilməmiş, sol əlin V barmağının distal falanqasının amputasiyası qeyd edilmişdir. Müayinə zamanı yuxarı və aşağı ətraflarda əzələlərdə simmetrik olmuş, reflekslər canlı və bərabər çağrılmış, əzələ gücü normal olmuş, patoloji Hoffman Babinski refleksləri mənfi alınmışdır. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2020- xx.xx.2020-ci il tarixli Çıxarışında diaqnoz “Keçirilmiş ağır kəllə-beyin və boyun travması. Postravmatik ensefalopatiya. Sol tərəfli hemiparez" kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Mingəçevir şəhər Xəstəxanasının xx.xx.2023-cü il tarixli Beyin KT müayinəsində nəticə “Beyində həcmli proses, patoloji dansitə dəyişikliyi aşkar edilmir” kimi müəyyənləşdirilmişdir. Mingəçevir şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli Boyun fəqərələrinin KT müayinəsinin nəticəsində “C5-6 diskdə duraİ kisəni və hər iki sinir kökünü sıxan, bilateral olaraq fəqərə arası dəlikləri daraldan, 2 mm ölçülü geniş əsaslı sol subartikulvar protruzıva" kimi qeyd edilmiş, klinik olaraq əhəmiyyət kəsb etməmişdir. Təqdim edilmiş hərbi biletində “AR MM Hərbi cinayətlər törətmiş şəxslərin Amnistiyası" haqqında xx.xx.1997-ci il tarixli qərarına əsasən vətəndaşın hərbi xidmətinin ləğv edilməsi barədə məlumat yazılmışdır. Anamnestik və klinik məlumatlarda əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan"na müvafiq olaraq Tam reablitasiya olunması barədə qərar qəbul edilmişdir. Nəticədə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydasfna uyğun olaraq Minik avtomobilinə tibbi göstərişə əsas verməmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasfnm 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əliliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarlarfna əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestn’nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasfna əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2011-ci il tarixdə müayinə olunmuş, “Boyun fəqərələrinin (C4-C5) yayılmış osteoxandrozu, daimi kokcuk ağrı sindromu ilə. Sol yuxan ətrafın monoparezi. Vertebrobazilyar. Qan dövranı pozğunluğu” diaqnozu ilə bir il müddətinə (səbəbi: ümumi xəstəlik) ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2012-ci il qeyd edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixdə müayinə olunmuş, “Boyun fəqərələrinin yayılmış steoxondrozu daimi kökçük agrı sindromu. Vertebro-bazilyar QDP. Kəskin asteno-nevrotik v-t.” diaqnozu ilə bir il müddətinə (səbəbi: səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2015-ci il qeyd edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixdə müayinə olunmuş, “Onurğanın ostexondrozu, boyun fəqərəsinin yayılmış ostexondrozu Yuxarı ətrafın monoplegiyası sol yuxarı ətrafın monoparezi Vertebrobazilyar arteriya sistemin sidromu Vertebrobazilyar qan dövranın pozulması Somotoform pozğunluğu -Veqativ sinir sistemi somotoform disfunksiya” diaqnozu ilə bir il müddətinə (səbəbi: səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2016-cı il qeyd edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdə müayinə olunmuş, “Onurğanın ostexondrozu, boyun fəqərəsinin yayılmış ostexondrozu Yuxarı ətrafın monoplegiyası sol yuxarı ətrafın monoparezi Vertebrobazilyar arteriya sistemin sidromu Vertebrobazilyar qan dövranın pozulması Somotoform pozğunluğu -Veqativ sinir sistemi somotoform disfunksiya” diaqnozu ilə beş il müddətinə (səbəbi: səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il qeyd edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının avtomobil müayinələrinin nəticəsindən görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdə müayinə olunmuş, iddiaçıya “İ83.2 Aşağı ətraf venalarının xora və iltihabı proseslə birgə müşahidə olunan varikoz genəlməsi hər iki aşağı ətraf venalarının tez-tez kəskinləşən varikoz genəlməsi” diaqnozu qoyulmuş, 501 №-li qərara əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə tibbi göstəriş meyarı ilə imtina edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının avtomobil müayinələrinin nəticəsindən görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə müayinə olunmuş, iddiaçıya “S12.2 Digər dəqiqləşdirilmiş boyun fəqərələrinin sınığı C4-C5 fəqərələrinin köhnə kompression sınığının qalıq əlamətləri” diaqnozu qoyulmuş, 501 №-li qərara əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə tibbi göstəriş meyarı ilə imtina edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, “Digər dəqiqləşdirilmiş boyun fəqərələrinin sınığı, C4-C5 fəqərələrinin köhnə kompression sınığının qalıq əlamətləri” diaqnozu ilə müddətsiz (səbəbi: səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) ikinci dərəcəli əlillik təyin edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2023-ci il tarixdə müayinə olunmuş, iddiaçıya “Digər dəqiqləşdirilmiş boyun fəqərələrinin sınığı. C4-C5 fəqərələrinin köhnə kompression sınığının qalıq əlamatləri”, diaqnoz tam reabilitasiya olması əsası ilə imtina cavabı verilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının avtomobil müayinələrinin nəticəsindən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə müayinə olunmuş, iddiaçıya “S12.2 Digər dəqiqləşdirilmiş boyun fəqərələrinin sınığı C4-C5 fəqərələrinin köhnə kompression sınığının qalıq əlamətləri” diaqnozu qoyulmuş, 501 №-li qərara əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə tibbi göstəriş meyarı ilə imtina edilmişdir. - Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 3-17-4/3-3- 16883/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçının tam reabilitasiya olunması müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Mübahisələndirilən qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, lakin iddiaçıya təqdim edilməmişdir. Cavabdeh orqan iddiaçının müraciətlərinə cavab olaraq xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə verdiyi məktublarda iddiaçı barəsində tam reabilitasiya olunma barədə qərarın qəbul edildiyini göstərsə də, mübahisələndirilən qərarın surətini təqdim etməmiş, həmin qərarın mövcudluğu məhkəmə araşdırmasının gedişində iddiaçıya məlum olmuşdur. Cavabdeh orqan tərəfindən mübahisələndirilən qərarın iddiaçı təqdim edilməsi barədə məhkəməyə sübut təqdim edilməmiş, Odur ki, hazırkı iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, sözügedən qərarın mübahisələndirilməsi üçün İPMnin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti buraxılmamışdır. Mübahisələndirilən qərar iddiaçıya xx.xx.2021-ci il tarixdə təyin edilmiş, qüvvədə olan müddətsiz ikinci dərəcəli əlilliyin ləğvinə yönəldiyindən iddiaçıya münasibətdə əlverişsiz inzibati akt olmuşdur. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Qanun: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdeh orqanın xx.xx.2023-cü il tarixli əyani müayinənin nəticəsi olaraq qəbul etdiyi, tam reabilitasiya olunma barədə xx.xx.2023-cü il tarixli qərarının özünə aid hissədə ləğvinə nail olmaqdır. Belə ki, sözügedən qərar iddiaçıya əlillik təyinatı barədə tibbi ekspert komissiyasının xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi barədədir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə Tibbisosial ekspert komissiyası tərəfindən xx.xx.2021-ci ildə qiymətləndirilmiş və ona müddətsiz (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) ikinci dərəcəli əlillik təyin edilmişdir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmə hesab edir ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ləğv edilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Yəni, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Hazırkı işin hallarından göründüyü kimi cavabdeh orqan ümumiyyətlə iddiaçıya xx.xx.2021-ci ildə təyin edilmiş əlilliyi yenidən təftiş etmək niyyətində olmamışdır. İddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın ləğvi faktiki olaraq hər hansı daxili audit yoxlaması, o cümlədən ilkin təyinatın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların yoxlanılması ilə bağlı aparılan icraatın nəticəsində baş verməmişdir. Cavabdeh orqan iddiaçının minik avtomobili ilə təmin olunması ilə bağlı müraciətinə baxan zaman həmin müraciətə imtina cavabı verməklə bərabər, ilkin əlillik təyinatının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlara malik olmadan, əvvəllər təyin edilmiş əlilliyi də ləğv etmişdir (bir növ iddiaçını etdiyi müraciətə görə cəzalandırmışdır). Məhkəmə tərəfindən cavabdeh orqana sorğu göndərilərək iddiaçıya müddətsiz 2-ci dərəcəli əlillik təyin edildikdən sonra onun yenidən əyani müayinəyə cəlb edilməsinə əsas olmuş, xx.xx.2021-ci il tarixli əlilliyin təyini ilə bağlı qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların təqdim edilməsi tələb edilmişdir. Lakin, cavabdeh orqan “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu”nun nədən ibarət olmasını əsaslandıra bilməmiş, iddiaçıya əvvəllər təyin edilmiş əlilliyin ləğvi ilə nəticələnən yeni icraatın başlanılmasına əsasların mövcud olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh PHŞ-nin xx.xx.2023-cü il tarixli əyani müayinənin nəticəsi olaraq qəbul etdiyi, xx.xx.2023-cü il tarixli “tam reabilitasiya olunma barədə” qərarı İddiaçı aid hissədə ləğv edilir və cavabdehin üzərinə İddiaçı xx.xx.2021-ci il tarixdə təyin edilmiş müddətsiz ikinci dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-1389/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1389/2024
29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver