Məhkəmə qərarları › İş №2-1(116)-1410/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1410/2024

07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1410/2024 07.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nə qarşı “5 illik əməkhaqqı məbləğinin 20 faizi miqdarında sığorta ödənişi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “09 yanvar 2023-cü il tarixdə saat 13:03 radələrində baş vermiş bədbəxt hadisə nəticəsində ağır xəsarət almağı ilə əlaqədar 5 illik əməkhaqqı məbləğinin 20 faizi miqdarında sığorta ödənişi edilməsi öhdəliynin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslarına görə iddiaçı Azərbaycan Respublikası Prezdentinin sərəncamına əsasən xx.xx.2013-cü il tarixdən Astara Rayon Məhkəməsinə hakim təyin olunmuşdur. xx.xx.2023-cü il tarixdə səhər saat 09:00 radələrində Astara Rayon Məhkəməsinə işə gəlmiş və nahar fasiləsinə kimi Astara Rayon Məhkəməsinin inzibati binasında işdə olmuşdur. Astara Rayon Məhkəməsinin inzibati binasında ictimai iaşə obyekti olmamasına görə həmin gün saat 13:00 radələrində məhkəmənin yaxınlığında yerləşən "Mandarin" restoranına nahar etmək üçün məhkəmənin binasından çıxmışdır. 09 yanvar 2023-cü il tarixdə Astara şəhərinin ərazisinə güclü qar yağmasına görə Astara Rayon Məhkəməsinin inzibati binasının həyətində ayağı sürüşüb, yıxılmışdır. Güclü ağrıların olması səbəbindən təqribən yarım saat yıxıldığı yerdən tərpənə bilməmiş və Astara Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin X2 Yardım bölməsinin avtomobili ilə əvvəl Astara Rayon Mərkəzi Xəstəxanasına, oradan Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılmış, orada isə iddiaçıya “sağ bud sümüyünün başının qapalı sınığı” diaqnozu qoyulmuş, təcili əməliyyat olunması, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında isə həmin şəraitin olmamasına görə Bakı şəhərinə aparılmağı məsləhət bilinmişdir. İddiaçı həmin gün Bakı şəhərinə Azərbaycan Respublikası Travmatologiya İnstitutuna aparılmış və orada əməliyyat olunması mümkün olmadığına görə X4 aparılmışdır. Orada xx.xx.2023-cü il tarixdə əməliyyat olunmaqla sağ bud sümüyünün protezi qoyulmuşdur. 08 gün X3 stosianar müalicə olunaraq, xx.xx.2023-cü il tarixədək ambulator qaydada müalicə almışdır. xx.xx.2023-cü il tarixdən isə iş fəaliyyətimi davam etdirmişdir. Dövlət Sosial Müdafiə Fondunun sədr müavinin 19 dekabr 2023-cü il tarixli 3-17- 1/2-M-298546/2023 nömrəli məktubuna əsasən ona dövlət icbari şəxsi sığorta ödənişindən imtina edilmişdir. Həmin imtina məktubunu 29 dekabr 2023-cü il tarixdə almışdır. Hesab edir ki, həmin imtina əsassızdır. Belə ki, qeyd edilən məktubda imtinanın əsası kimi, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında’’ Azərbaycan Respublikası Qanunun 5-ci maddəsi əsas götürülmüşdür. Qeyd edilən maddədə isə sığorta hadisəsinin sığorta olunanların xidməti vəzifələrinin icrası ilə bağlı olması göstərilmişdir. Məhkəmə-Tibbi Ekspertizasının 17 mart 2023-cü il tarixli, 90 nömrəli ekspert rəyində iddiaçının “Mandarin” restoranın həyətində yıxılmağı barədə izahat verməsi göstərilmişdir. Ancaq o, “Mandarin” restoranına nahar etmək üçün getmək istəyərkən, Astara Rayon Məhkəməsinin inzibati binasının həyətində ayağı sürüşüb, yıxılmağını qeyd etmişdir. Halbuki, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim etdiyi Astara Rayon Məhkəməsi sədrinin xüsusi rəyində, eləcə də “Dövlət icbari şəxsi ödənişin verilməsi Qaydasına” 2 nömrəli əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb baş idarəsinin polikilinkasının rəisinin 29 iyul 2023-cü il tarixli 786 saylı arayışında onun Astara Rayon Məhkəməsinin inzibati binasının həyətində yıxılması qeyd edilməsinə baxmayaraq Məhkəmə-Tibbi Ekspertizasının 17 mart 2023-cü il tarixli, 90 nömrəli ekspert rəyi əsas götürülmüşdür. Qeyd edilən ekspert rəyi hadisənin yerini və vaxtını müəyyən etmir, xəsarətin ağırlıq dərəcəsini müəyyən edir. Qeyd edilən hadisənin yeri və vaxtı isə Astara rayon prokurorluğunda aparılan araşdırma nəticəsində müəyyən edilmişdir. Astara rayon prokurorunun böyük köməkçisi Allahyar Məmmədli tərəfindən qəbul edilmiş 03 aprel 2023cü il tarixli qərarda isə onun 09 yanvar 2023-cü il tarixdə saat 13:03 radələrində Astara Rayon Məhkəməsinin inzibati binasının həyətində ayağı sürüşüb, yıxılması nəticəsində ağır xəsarət aldığı qeyd edilmişdir. İddiaçı hesab edir ki, həmin xəsarət xidməti vəzifələrinin icrası ilə bağlı olmuşdur. Belə ki, Astara Rayon Məhkəməsinin inzibati binasında ictimai iaşə obyekti olmamasına görə hamı kimi o da nahar fasiləsinə çıxmalı idi və hal-hazırda da, məhkəmə kollektivi nahar fasiləsinə çıxır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalan”nın 1.2-ci bəndinin 3-cü abzasında göstərilmişdir ki, müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya qurtarıb müəssisədən çıxan vaxt ərzində işçinin səhhətinin pozulması İstehsalatda baş verən bədbəxt hadisə kimi tədqiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 iyul 2015-ci il tarixli, 270 nömrəli Qərarına əsasən qeyd edilən Qaydalar məhkəmə hakimlərinə də tətbiq edilir. Bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 16 oktyabr 2023-cü il tarixli, 316-03/2- 30xx/xx/2023 nömrəli məktubda göndərilmişdir. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinə əsasən sığortaolunan 5 illik əməkhaqqı məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən ona sığorta edilmiş məbləğinin 20 faizi miqdarında sığorta ödənişi edilməlidir. Həmçini iddiaçı bildirir ki, o, qeyd edilən hadisə nəticəsində sağlamlığını itirmiş, bədəninə gələcəkdə hansı fəsadları verəcəyi məlum olmayan yad cisim, protez qoyulmuşdur. Eləcə də bütün müalicə xərclərini özü çəkmiş, 41 gün əmək qabliyyətli olmamasına görə də əmək haqqında fərq yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, “Məhkəmətibbi ekspertiza və pataloji anatomiya birliyini”nin 90 №-li rəyinin məzmuna əsasən hadisənin araşdırılması zamanı iddiaçının verdiyi izahatdan görünür ki, xx.xx.2023-cü il tarixdə nahar fasiləsi zamanı iş yerindən “Mandarin Art” restoranına getmiş və həmin restoranın ərazisində ayağı sürüşərək yıxılıb xəsarət almışdır. Nahar fasiləsi zamanı yıxılıb xəsarət alma xidməti vəzifələrin icrası ilə bağlı sığorta hadisəsi hesab olunmadığına görə “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 705-İQ nömrəli Qanununun 8.1.3-cü maddəsinə əsasən ona sığorta ödənişinin verilməsi mümkün hesab edilmir. Cavabdehin xx.xx.2024-cü il tarixli iddia tələbinə etirazının dəlilləri ilkin imtina cavabı ilə eynidir. Belə ki, iddiaçının müəssisənin ərazisində yox, “Mandarin Art” restoranın ərazisində ayağı sürüşərək yıxılması və baş vermiş bədbəxt hadisənin sığorta hadisəsi hesab olunmaması qeyd olunur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.2023-cü il tarixdə Astara Rayon Məhkəməsində tərtib edilmiş aktdan görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə, 13:05-də yıxılaraq bud-çanaq nayihəsindən xəsarət almış, aldığı xəsarətlərə görə bud çanaq nayihəsində çat-sınıqlar yaranmışdır. Buna görə də, Astara Mərkəzi rayon xəstəxanası publik hüquqi şəxsinin təcili tibbi yardım avtomobili ilə Bakı şəhərində yerləşən Dövlət Gömrük Komitəsinin hospitalına təxliyyə edilmiş, xx.xx.2023-cü il tarixdə bud-çanaq sümüyünün cərrahiyyəsi aparılmışdır. - Astara rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2023-cü il tarixli, 704 saylı arayışına əsasən iddiaçı xx.xx.2023-cü il tarixdə, saat 13:50 radələrində bud-çanaq oynağının travması diaqnozu iləTəcili yardım briqadası tərəfindən TTTY şöbəsinə gətirilmişdir. - İddiaçının xx.xx.2023-cü il tarixdə əmək fəaliyyətini bərpa etməsi barədə Astara Rayon Məhkəməsinin sədri tərəfindən xüsusi rəy tərtib edilmişdir. - ******* nömrəli Əmək qabliyyətinin olmaması vərəqəsindən görünür ki, iddiaçı xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə stasionar, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə ambulator müalicə almışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə tibbi ekspertizasının 90 №-li rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: iddiaçının bədəni üzərində sağ bud sümüyü boynunun yerdəyişmiş parçalı sınığı aşkar edilmişdir. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə sürüşərək yıxılması nəticəsində sağ bud sümüyü boynunun burxulması nəticəsində həmin nahiyyədə parçalı sınığın əmələ gəlməsi inkar olunmur və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. - Astara rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, aparılmış araşdırma nəticəsində Astara Rayon Məhkəməsinin hakimi İddiaçı xx.xx.2023-cü il tarixdə nahar fasiləsinə gedən zaman Astara Rayon Məhkəməsinin həyətindəki asfalt örtük sürüşkən olduğundan, məhkəmənin həyətində irəliləyərkən ehtiyatsızlıqdan ayağı sürüşüb yıxılması və sağ bud sümüyü boynunun yerdəyişmiş parçalı sınığı xəsarətini alması müəyyən edilmişdir. Qərarla İddiaçı xəsarət alması faktında cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. - İddiaçı barəsində TƏBİB-nin ambulator kitabçadan çıxarışa əsasən müəyyən edilmişdir ki, onun anamnez məlumatlarında Astara Rayon Məhkəməsinin həyətində yıxılması qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçının hal-hazırda aylıq əmək haqqı 5367,60 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışına əsasən (DSMF-yə təqdim etmək üçün) iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik cəmi əmək haqqı məbləği 70885,55 manat olmuşdur. - Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin poliklinikasının xx.xx.2023-cü il tarixli, 786 №-li “Xəsarətin dərəcəsinə və səbəbinə dair” arayışına əsasən, İddiaçı ilkin olaraq Lənkəran RMX-da müayinə olunmuş sağ bud sümüyünün sınığı müəyyən edilərək Bakı şəhəri ETT və Ortopediya instituna göndərilmişdir. Xəstə xx.xx.2023-cü il tarixdə öz istəyi əsasında X4 köçürülmüş, kliniki və instrumental müayinə olunaraq sağ bud sümüyünün subkapital yerdəyişmiş qapalı parçalı sınığı ilə bağlı xx.xx.2023-cü il tarixdə “Sağ budçanaq oynağının artroplasikası” (lokal endoprotez) cərrahiyyə əməliyyatı icra olunmuşdur. Əməliyyat və sonrakı dövr fəsadsız keçmiş və xəstə xx.xx.2023-cü il tarixə kimi stasionar müalicədə olmuşdur (epikrizin surəti əlavə olunur). İddiaçı 21.01-xx.xx.2023-cü il tarixərdə ambulator müalicəsini yaşadığı ərazi üzrə 39 №-li Bakı şəhər poliklinikasında həkim nəzarəti altında davam etdirmişdir (ambulator kitabçadan çıxarışın surəti əlavə olunur). Ədliyyə Nazirliyindən İddiaçı xəsarət alması barədə Tibb baş idarəsinə daxil olmuş xüsusi məlumat Poliklinika əməkdaşları tərəfindən nəzarətdə saxlanılmış və adına tərtib olunmuş tibbi sənədlər əldə olunmuşdur. Sığortaolunan baş vermiş hadisə nəticəsində yıxılma səbəbindən ağır dərəcədə xəsarət almışdır. Lənkəran Rayonlararası “Mərkəzi-Tibbi Ekspetiza və Patoloji Anatomiya” Zona Mərkəzinin xx.xx.2023-cü il tarixli 90 №-li ekspert rəyinə əsasən İddiaçı sağ bud sümüyü boynunun yerdəyişmiş parçalı sınığı, xəsarəti bərk küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində qeyd olunur ki, göstərilən müdətdə və şəraitdə yəni xx.xx.2023cü il tarixdə sürüşərək yıxılması nəticəsində sağ bud sümüyü boynunun burxulması nəticəsində həmin nahiyyədə parçalı sınığın əmələ gələ bilməsi inkar olunmur və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"-nın (bundan sonra - Qaydalar) 1.1-ci bəndinin dördüncü abzasında Qaydaların məhkəmə hakimlərinə və bir sıra digər şəxslərə şamil edilmədiyi müəyyən olunurdu. Bu müddəa Qaydalara Nazirlər Kabinetinin 2015-ci il 31 iyul tarixli 270 nömrəli Qərarı ilə edilmiş dəyişikliklə ləğv olunmuşdur. Bu baxımdan Qaydaların müddəaları məhkəmə hakimlərinə münasibətdə də tətbiq edilir. Qaydaların 1.2-ci bəndinin dördüncü abzasında isə göstərilmişdir ki, müəssisənin ərazisində, yaxud başqa iş yerində is vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya isi qurtarıb müəssisədən çıxan vaxt ərzində işçinin səhhətinin pozulması istehsalatda baş verən bədbəxt hadisə kimi təhqiq olunmalıdır. Əlavə olaraq məlumat üçün qeyd edilmişdir ki, 2021-2023-cü illər ərzində məhkəmə hakimlərinin dövlət icbari şəxsi sığortası məqsədilə bu günədək ******* (iki milyon səkkiz yüz on min altmış beş) manat vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi xəzinə hesabına köçürülmüşdür. İlin sonunadək daha 88.303 (səksən səkkiz min üç yüz üç) manat vəsaitin köçürülməsi gözlənilir. Bununla belə, qeyd olunan dövr ərzində cəmi 2 sığorta hadisəsi ilə bağlı 60000 (altmış min) manatadək məbləğdə sığorta ödənişi edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı, xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq inzibati işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada düzgün cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu çıxış etməlidir belə ki, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2-ci maddəsində bu Qanunda istifadə edilən əsas anlayışların ifadə etdikləri mənalar öz əksini tapmışdır. Qanunun 2.1.2-ci maddəsində sığortaçının bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) olduğu təsbit edilmişdir. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 419-VİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.7-ci bəndinə əsasən həmin Qanunun 2.1.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. İddianın qaldırılması üçün iddiaçı subyetktiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Tətbiq edilən hüquq: “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2.1.6-cı maddəsinə əsasən sığorta hadisəsi – sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən haldır. Sözügedən Qanunun 5-ci maddəsinə əsasən sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Həmin Qanunun 2.1.3-ci maddəsinə əsasən barəsində sığorta fəaliyyəti həyata keçirilən hakimlər sığortaolunanlar hesab olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar — qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra — müəssisələr), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir və həmçinin işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını evində yerinə yetirən işçilərə şamil olunur. Həmin “Qaydalar”ın 1.1-ci bəndinin dördüncü abzasında Qaydaların məhkəmə hakimlərinə və bir sıra digər şəxslərə şamil edilmədiyi qeyd edilsə də, bu müddəa Qaydalara Nazirlər Kabinetinin 2015-ci il 31 iyul tarixli, 270 nömrəli Qərarı ilə edilmiş dəyişikliklə ləğv olunmuşdur. Bu baxımdan Qaydaların müddəaları məhkəmə hakimlərinə münasibətdə də tətbiq edilir. “Qaydalar”ın 1.2-ci bəndinə əsasən işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: ... müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də, daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; ... 1.3. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmətibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər. İş materiallarından görünür ki, cavabdeh orqanın iddia tələbinə etirazının başlıca dəlili bədbəxt hadisənin müəssisənin (məhkəmənin) ərazisində baş verməməsi ilə bağlıdır. Cavabdeh orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə tibbi ekspertizasının 90 №-li rəyinin məzmununa istinad edir. Belə ki, sözügedən rəydə iddiaçının izahatına istinad edilməklə “iş haqqında məlumat” olaraq hadisənin “Mandarin Art” restoranının həyətində baş verməsindən bəhs olunur. Lakin, Astara rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə cavabdeh orqanın həmin dəlili təkzib olunur. Belə ki, Astara rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə müəyyən edilir ki, Astara Rayon Məhkəməsinin hakimi İddiaçı xx.xx.2023-cü il tarixdə nahar fasiləsinə gedən zaman, asfalt örtük sürüşkən olduğundan Astara Rayon Məhkəməsinin həyətində irəliləyərkən ehtiyatsızlıqdan ayağı sürüşüb yıxılmışdır. Məhkəmə tərəfindən Astara rayon prokurorluğuna sorğu verilərək iddiaçının ilkin izahatının məzmunu öyrənilmişdir. Müəyyən edilmişdir ki, həmin izahatda iddiaçı, məhkəmənin həyətində irəliləyən zaman ayağının sürüşərək yıxıldığını qeyd etmişdir. Eyni zamanda Astara Rayon Məhkəməsinin iclas katibi Y.Paşabəyli də, iddiaçı ilə eyni məzmunlu izahat verərək bədbəxt hadisənin Astara Rayon Məhkəməsinin həyətində olmasını təsdiq etmişdir. İddia ərizəsindən və icraat materiallarından göründüyü kimi iddiaçı, Astara Rayon Məhkəməsinin həyətində irəliləyərkən ehtiyatsızlıqdan ayağının sürüşüb yıxılmasını həmin gün güclü qar yağması (havanın yağışlı olması ilə) və buna görə də, məhkəmənin həyətinin asfalt örtüyünün sürüşkən olması ilə əsaslandırır. “Qaydalar”ın 1.4-cü bəndində istehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə hadisənin istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmədiyi və uçota alınmadığı qeyd edilmişdir: - təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü; texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr. Göründüyü kimi, iddiaçının ehtiyatsızlıqdan ayağının sürüşüb yıxılması təbiət amilləri (havanın yağıntılı olması ilə əlaqədar asfalt örtük sürüşkən olduğundan) ilə bağlı olmuş və istinad olunan “Qaydalar”ın 1.4-cü bəndində göstərilən hallar iş üzrə müəyyən olunmamışdır. Odur ki, bədbəxt hadisə müəssisənin (Astara Rayon Məhkəməsinin) həyətində, iddiaçı nahar fasiləsinə gedərkən asfalt örtüyün sürüşkən olmasına görə baş verdiyinə görə, xəsarət - xidməti vəzifələrin icrası ilə bağlı alınmış hesab edilməli və sığorta hadisəsi kimi qiymətləndirilməlidir. Belə ki, sığorta hadisəsi təsadüfilik və gözlənilməzlik xarakteri daşımaqla öncədən proqnozlaşdırılması (təşkil edilməsi) mümkün olmayan, lakin baş vermə ehtimalı olan hadisədir. Baş vermiş hadisə ilə dəymiş zərər arasında səbəbli-əlaqə, yəni konkret hadisənin konkret ziyana səbəb olması hazırkı iş üzrə müəyyən edilir. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Qanunun 19-cu maddəsinə əsasən məhkəmə və hüquq mühafizə orqanları işçiləri xidmət vəzifələrinin icrası ilə bağlı həlak olma (vəfat etmə), xəsarət (yaralanma, travma, kontuziya) alma hallarından icbari qaydada dövlət tərəfindən sığortalanmalıdırlar. Sığortalanmanın qaydası, şərtləri və sığorta ödənişlərinin məbləği Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun preambulasında qeyd edilmişdir ki, bu Qanun məhkəmə və hüquq mühafizə orqanları işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyir. Həmin Qanunun 1-ci maddəsinə əsasən məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası bu Qanunla, "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu, habelə digər normativ aktlarla tənzimlənir. Həmin Qanunun 2.1.1-ci maddəsinə əsasən dövlət icbari şəxsi sığorta – sığortaolunanların həyat və sağlamlığının bu Qanunda nəzərdə tutulmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən sığortaolunan 5 illik əməkhaqqı məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən sığorta hadisələri baş verdikdə bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilməsi nəzərdə tutulmuşdur: ... ç) sığortaolunan: ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 20 faiz. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin Lənkəran Rayonlararası MTE və PA Zona Mərkəzinin xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə tibbi ekspertizasının 90 №-li rəyi ilə iddiaçının aldığı xəsarətin həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olması müəyyən edilir. Eyni zamanda Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin poliklinikasının xx.xx.2023-cü il tarixli, 786 №-li “Xəsarətin dərəcəsinə və səbəbinə dair” arayışında iddiaçının baş vermiş hadisə nəticəsində yıxılma səbəbindən ağır dərəcədə xəsarət alması öz əksini tapmışdır. Belə olan halda iddiaçıya ödənilməli olan sığorta ödənişi 5 illik əmək haqqının 20 faizi məbləğində olacaqdır. Yuxarıda sadalanan maddi hüquq normalarının məzmunundan göründüyü kimi qanunvericilikdə məhkəmə və hüquq mühafizə orqanları işçilərinə münasibətdə dövlət icbari şəxsi sığorta ilə bağlı xüsusi tənzimləmə qaydası (hərbi qulluqçularda olduğu kimi) müəyyən edilmiş və sığorta ödənişlərinin məbləğinin birbaşa qanunla müəyyən edilməsi təsbit edilmişdir. Buna görə də, hazırkı mübahisəyə “Tibbi sığorta haqqında” Qanunun tətbiqi istisna edilir. Mübahisəyə məhz “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müddəaları tətbiq edilməklə sığorta ödənişinin məbləği (5 illik əmək haqqının 20 faizi məbləğində) hesablanmalıdır. Məhkəmə xüsusilə qeyd edir ki, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2.1.9-cu maddəsində sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti olaraq müəyyən edilmişdir. İstinad olunun Qanunun 4-2.2.2-ci maddəsində sığortaçının sığorta ödənişini bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə ödənilməsini təmin etmək vəzifəsi, həmin Qanunun 4- 1.1.3-cü maddəsində sığortalının sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə verilməsini sığortaçıdan tələb etmək hüququna uyğun yaranır. Yəni, sığortanın məqsədi sığortaolunanı sığorta hadisəsi hesab olunan risklərdən qorumaqdır və artıq sığorta hadisəsi baş verdikdə, müvafiq vəsaitin ödənilməsi cavabdehin vəzifəsidir. Sözügedən vəsait «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Qanundan irəli gəlməklə digər hər hansı ödəmə, o cümlədən sığorta hadisəsinə görə verilən kompensasiya ilə əlaqələndirilməyən və ondan asılı olmayan xüsusi təyinata malik birdəfəlik ödəmədir Əmlakın sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığorta olunana dəyən real zərərin miqdarında ödənildiyi halda, şəxsi sığorta üzrə sığorta ödənişi onu almaq hüququ olan şəxsə sosial sığorta, həmçinin icbari və ya könüllü sığortalar üzrə nəzərdə tutulan ödənişlərdən asılı olmayaraq, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunda müəyyən olunmuş qaydada ödənilməlidir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin üzərinə İddiaçı 5 illik əməkhaqqı məbləğinin 20 faizi miqdarında sığorta ödənişinin ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar