Məhkəmə qərarları › İş №2-1(116)-146/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-146/2021

27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-146/2021 27.01.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı " AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli imtinasının qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı uzun illərdir ki, ağır eşitmə xəstəliyindən əziyyət çəkir. Bununla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi eşitmənin səsin və nitqin patalogiyası üzrə Respublika Mərkəzində müayinə edilmiş və ona “iki tərəfli xroniki koxlear nevrit, iki tərəfli neyrosensor ağır eşitmə İİİ - İV dərəcə” diaqnozu qoyulmuşdur. Bundan sonra o, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək “iki tərəfli xroniki koxlear nevrit, iki tərəfli neyrosensor ağır eşitmə İİİ - İV dərəcə” diaqnozu ilə Şəki RMX-da stasionar müalicə olunmuşdur. Bundan sonra ona əlillik dərəcəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına müraciət etsə də AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubu ilə bundan imtina edilmişdir. Cavabdehin etirazının dəlilləri: Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti Şəki Rayon Mərkəzi Xəstəxanasının 0344003AAH78 saylı göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və “əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 2782003AABV0 saylı göndərişin təhlili göstərdi ki, xəstəlik xx.xx.2018-ci il tarixdə başlamışdır. Əsas diaqnoz kimi “Eşitmə sinirinin xəstəlikləri, iki tərəfli xroniki koxlear nevrit” xəstəliyi, ağırlaşma kimi isə “ikitərəfli qarışıq konduktiv və neyrosensor tipli agır eşitmə, iki tərəfli neyrosensor ağıreşitmə .lll-İV dərəcə” xəstəliyi göstərilmişdir. Ağırlaşmada qeyd edilmiş “iki tərəfli neyrosensor agıreşitmə. lll-İV dərəcə” diaqnozu köməkçi diaqnostik müayinə ilə təsdiqlənmir. Belə ki, audiometriya müayinəsinin nəticəsin “Eşitmə sol qulaqda İİ dərəcə solda ll-lll dərəcəli neyrosensor tip enib” şəklində qeyd edilmişdir. Yəni diaqnozun ağırlaşması müayinə ilə təsdiqlənmir. Buna görə də əlillik təyinatı aparmaq mümkün olmamış və ixtisaslaşmış tibb müəssisəsində ağırlaşmanın dəqiqləşdirilməsi üçün əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Bildiririk ki, Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasına müvafiq olaraq səhiyyə müəssisəsinin göndərişi əsasında şəxsin iştirakı olmadan həyata keçirilir. Verilən qərar göndərişdə qeyd edilən məlumatlara əsaslanır. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmalıdır. İddiaçıya səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamışdır. Buna görə də əlillik təyininin aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarları verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan X1 xx.xx.2020-ci il tarixli ******* nömrəli bildirişindən görünür ki, İddiaçı “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin X2 tərəfindən müayinə olunmuşdur və bu barədə göndəriş “Tibbi-sosial komissiyasına göndərişlərin reyestri”nə daxil edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubundan görünür ki, İddiaçı Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020ci il tarixli, 0344003AAJK6 nömrəli göndərişinə əsasən tibbi-sosial ekspertiza müayinəsi keçirilmiş və qeyd olunmuş göndərişin natamam doldurulması (Qeyd edilən diaqnozla 03.2020-ci il tarixdəki göndəriş arasında uyğunsuzluq qeyd edilir. Dəqiqləşdirmək üçün Bera testinin nəticəsi tələb edilir.) müəyyən edildiyindən əlillik vəziyyətinin qiymətləndirməsi ilə bağlı qərar qəbul etmək mümkün olmamışdır. Göstərilmiş testin nəticəsi barədə göndərişə məlumat daxil edildikdən sonra tibbi-sosial ekspertiza müayinəsi aparılaraq İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsinə dair qərar qəbul ediləcəkdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli məktubuna əlavə edilmiş müayinə olunan şəxsin məlumatlarının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı “eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli kopxlear nevrit, ikitərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, iki tərəfli neyrosensor ağıreşitmə İİİ-İV dərəcə” diqanozu qoyulmuşdur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddia mübahisələndirmə haqqında iddia növünə aiddır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada qızının hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddia həmçinin əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bəndinə əsasən Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-ci bəndinə əsasən Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bəndinə əsasən Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bəndinə əsasən Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bəndinə əsasən şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-ci bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-ci bəndinə əsasən peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bəndinə əsasən əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bəndinə əsasən Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bəndinə əsasən Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-ci bəndinə əsasən Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-ci bəndinə əsasən Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bəndinə əsasən Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. 2.6-ci bəndinə əsasən Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. 2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışını təmin edir. 2.8-ci bəndinə əsasən Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Yuxarıda sadalanan normalardan göründüyü kimi göndərişin natamam və yanlış doldurulması əlilliyin və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasından imtina edilməsi üçün əsas deyil. Cavabdeh inzibati orqan qaydada nəzərdə tutulmayan əsaslarla bir neçə dəfə iddiaçının əlilliyinin müəyyən edilməsindən imtina etmişdir ki, bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl etməmişdir. Məhkəmə qeyd edir ki, inzibati icraat dövlət-şəxs, şəxs-hakimiyyət münasibətləri probleminin səmərəli həlli yollarının axtarışında yaradılmış mühüm institutlardan biridir. Bu institutun məqsədi inzibati orqanlar üçün hüquqi başlanğıcların, rəhbər istiqamətlərin müəyyən edilməsi, bütün idarəçilik orqanları üçün ümumi olan qaydalar qəbul etməklə, hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi sahəsində hüquqi yanaşmaların vahidliyini təmin etməkdən ibarətdir. İnzibati icraat institutu dövlət orqanlarının və ya hakimiyyət səlahiyyətlərini həyata keçirən şəxslərin idarəçilik fəaliyyəti ilə bağlı istifadə etdiyi üsul və qaydaların konstitusion prinsiplərə əsaslanmasını, hüquqi dövlətin tələblərinə, ədalət və mütənasiblik meyarlarına cavab verməli olmasını, maraqlı şəxslərin mənafelərinin nəzərə alınmasını tələb edir. İnzibati orqanların idarəçilik fəaliyyətinin vahid icraat qaydalarının müəyyən edilməsi yolu ilə hakimiyyətdən sui-istifadənin, şəxslərin hüquq və azadlıqlarının pozulmasının qarşısının alınması mümkündür ki, əks hal, hakimiyyət səlahiyyətlərinin qanunla müəyyən edilmiş qaydadan kənar həyata keçirilməsinə şərait yaradır. Belə olan halda, hər bir dövlət orqanı öz səlahiyyətlərini dəqiq və aydın şəkildə müəyyən olunmuş, bütün dövlət orqanları üçün eyni cür və vahid qaydalar əsasında həyata keçirməlidir ki, idarəçilik fəaliyyəti ilə bağlı icraat qaydalarının inzibati orqanların hər biri tərəfindən ayrıayrılıqda müəyyən olunması məqbul deyildir. İnzibati icraat institutu konstitusiya prinsipləri əsasında nizama salınan icraat qaydalarının vahidliyini, şəffaflığını və sadəliyini müəyyən etməklə yanaşı, şəxsləri inzibati orqanların və onların vəzifəli şəxslərinin özbaşınalığından, süründürməçiliyindən qorumaq üçün lazımi təşkilati-hüquqi mexanizmlərin yaradılmasını özündə ehtiva edir. Bu çərçivədə şəxs dövlət orqanları tərəfindən idarəçilik fəaliyyəti ilə bağlı qəbul edilmiş qərarların və dövlət orqanlarının hərəkətlərinin (hərəkətsizliyinin) əsaslılığını və qanuniliyini öz hüquq və mənafeləri baxımından qiymətləndirmək, eləcə də onları inzibati və ya məhkəmə qaydasında mübahisələnirmək hüququna malikdir. Bununla da, bir tərəfdən qanunsuz hərəkətlərə yol vermiş şəxslərin hüquqi məsuliyyətə cəlb olunmasına, digər tərəfdən isə şəxslərin qanuni mənafelərinin təmin olunmasına nail olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya “iki tərəfli xroniki koxlear nevrit, iki tərəfli neyrosensor ağır eşitmə İİİ - İV dərəcə” əsas və ağırlaşma kimi isə “ikitərəfli qarışıq konduktiv və neyrosensor tipli agır eşitmə, iki tərəfli neyrosensor ağıreşitmə .lll-İV dərəcə” diaqnozu qoyulmuşdur. (H93.3, H90.6) qeyd olunan diaqnoz xx.xx.2020-ci il tarixli Eşitmənin, səsin və nitqin patologiyası üzrə Respublika Mərkəzinin müayinəsi ilə təsdiqini tapmışdır. Bu da onu deməyə əsas verir ki, qanunvericiliyin tələbi baxımından iddiaçı əlildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.5.20-ci bəndinə əsasən anadangəlmə lal-karlıq və ya hər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8) üçüncü dərəcə əlillik təyin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.3-cü bəndinə görə üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Göründüyü kimi, əlillərə münasibət sahəsində Dövlətin apardığı sosial siyasət onların cəmiyyətə inteqrasiyasına, sosial rifah hallarının və maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir ki, Dövlətin bu sahədə olan siyasətini həyata keçirən cavabdehin fəaliyyəti tibbi etika və deontologiya prinsiplərinə əsasən həyata keçirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdeh formal və hər hansı qanuni əsasa söykənməyən hərəkətləri ilə əlil olan iddiaçının əlilliyinin müəyyən edilməsindən imtina etmişdir ki, onun bu hərəkətləri Dövlətin bu sahəsdə həyata keçirdiyi siyasətin prinsiplərinə zidd olmaqla tibbi etika və deontologiya prinsipləri ilə də uzlaşmır. Əlillərə bu cür münasibət qəbul edilməz olduğu kimi insapərvərliyə belə sığmır. İddiaçı tələbində xx.xx.2020-ci il tarixli **********1 nömrəli imtinanın qanunsuz hesab edilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, onun imtina kimi qəbul etdiyi sənəd qərar deyil, qəbul olunmuş qərar barədə verilmiş məlumatdır. Onun barəsində imtina qərarı xx.xx.2020-ci il tarixində verilmişdir. Ona görə məhkəmə iddiaçının hüquqi marağını nəzərə alaraq xx.xx.2020-ci il tarixli imtina qərarının ləğv edilməsini tələbdən kənara çıxma kimi qəbul etmir və axır nəticədə iddiaçının arzuladığı nəticənin ona əlilliyin təyin olunması olduğunu nəzərə alıb imtina qərarının ləğv edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin iddiaçının əlilliyinin təyin edilməsindən imtina olunması barədə xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməklə, cavabdehin üzərinə iddiaçının əlilliyinin müəyyən edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması barədə xx.xx.2020-ci il tarixli qərarı ləğv edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin üzərinə İddiaçı əlilliyinin müəyyən edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar