Məhkəmə qərarları › İş №2-1(116)-1505/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1505/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1505/2022 26.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X3 Filialına qarşı “cavabdehin üzərinə iddiaçıya yaşa görə pensiya təyinatına yenidən baxılaraq iddiaçıya təyin edilmiş sosial pensiya sosial sığorta stajına uyğun olaraq yaşa görə əmək pensiyası ilə əvəzlənməsi iddiaçıya yaşa görə təyin ediləcək əmək pensiyasının pensiya yaşının çatdığı vaxtdan hesablanaraq ödənilən sosial pensiya çıxılmaqla ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin üzərinə iddiaçıya yaşa görə pensiya təyinatına yenidən baxılaraq iddiaçıya təyin edilmiş sosial pensiya sosial sığorta stajına uyğun olaraq yaşa görə əmək pensiyası ilə əvəzlənməsi iddiaçıya yaşa görə təyin ediləcək əmək pensiyasının pensiya yaşının çatdığı vaxtdan hesablanaraq ödənilən sosial pensiya çıxılmaqla ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, arxiv arayışı, əmək kitabçası və diplomda qeyd edilmiş müddətləri nəzərə almaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının qeydə alınmamasını, ümumi sosial sığorta stajının 23 il 6 ay 1 gün təşkil etməsini, tələb olunan 34560 manat pensiya kapitalına münasibətdə 18989,30 manat kapitalın olmasını və Ə.Bayramov adına sovxozda işlədiyi dövrün əmək kitabçasında qeyd olunmamasını bildirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtina məktubunun dəlillərinə uyğun əsaslandırmışdır. Cavabdehin nümayəndəsi, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 93 nömrəli arxiv arayışından görünür ki, iddiaçı, Ə.Bayramov adına sovxozun xx.xx.1976-cı il tarixli 201 №-li əmri ilə sovxoza sıravi fəhlə qəbul edilmiş, 1976-cı ildə oktyabr, dekabr, 1977-ci ildə yanvar, mart, aprel, may, iyun aylarında ödənilən əmək haqqları barədə hesablaşma kitablarında qeydiyyat aparılmış, 1977-ci ilin iyul dekabr aylarında işdən azad olma əmri və əmək haqqı aşkar edilməmişdir. - ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1979 – xx.xx.1980 (1 il 1 ay), xx.xx.1982 – xx.xx.2003 (21 il 4 ay). - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur. - БТ 605278 nömrəli diplomdan görünür ki, iddiaçı, xx.xx.1977-xx.xx.1979-cu illərdə (1 il, 9 ay 28 gün) Bakı Kitabxanaçılıq texnikumunda təhsil almışdır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Cavabdeh orqanın ilkin imtina məktubu ilə müəyyən edilir ki, iddiaçıya xx.xx.2016cı ildən çoxuşaqlı ana kimi yaşa görə müavinət təyin edilmiş və iddiaçının əmək pensiyası almaq hüququ yarandığı vaxtda ona müavinətin ödənilməsi davam etdirilmişdir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığından iddiaçının hüquqi marağını nəzərə alaraq iddia tələbinə hüquqi qiymət vermişdir. İş materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı - sosial sığorta stajı nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi, əmək pensiyasının pensiya yaşının çatdığı vaxtdan hesablanması və əmək pensiyası ilə sosial müavinət arasında yaranmış fərqin ödənilməsindən ibarətdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ qanunvericilikdə nəzərdə tutulmuş şərtlər ödənildiyi halda “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 62 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1959-cu ildə doğulub). Cavabdehin iddia tələbinə etirazının dəlilləri aşağıdakılardır: - iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının qeydə alınmamışdır, - tələb olunan 34560 manat pensiya kapitalına münasibətdə 18989,30 manat kapital mövcuddur, - Ə.Bayramov adına sovxozda işlədiyi dövrün əmək kitabçasında qeyd olunmamışdır, - ümumi sosial sığorta stajı 23 il 6 ay 1 gün təşkil edir və bu tələb olunan 25 ildən azdır, - iddiaçının Ə.Bayramov adına sovxozda işlədiyi müddət, əmək haqqı aldığı aylara münasibətdə 1976-cı ildə 2 ay, 1977-ci ildə 5 aydır və həmin müddət nəzərə alınsa belə ümumi sığorta stajı 24 il 10 ay 2 gün təşkil edəcəkdir ki, bu da tələb olunan 25 ildən azdır. Məhkəmə qeyd edir ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan pensiya kapitalına malik olmasa da, onun 25 ildən çox sosial sığorta stajı mövcuddur. Belə ki, iddiaçının ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən əmək fəaliyyəti müddəti 22 il 5 aya bərabərdir. Həmçinin iddiaçının təhsil aldığı müddət də, 1 il 9 ay 28 gün olmaqla həmin müddətin üzərinə əlavə edilməlidir. Belə olan halda iddiaçının əmək kitabçası və diplomuna əsasən sosial sığorta stajı 24 il 2 ay 28 günə bərabər olur. İddiaçının “Ə.Bayramov adına sovxozda işlədiyi dövrün əmək kitabçasında qeyd olunmaması” ilə bağlı cavabdeh orqanın dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, istinad olunan Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajının ... arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilməsinin, həmçinin 3-cü bəndində əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışların qəbul edilməsinin mümkünlüyü birmənalı olaraq təsbit edilmişdir. İşdə olan İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 93 nömrəli arxiv arayışı və həmin arayışların verilməsinə əsas olmuş hesablaşma kitablarından çıxarışlarla müəyyən edilir ki, iddiaçı, xx.xx.1976-cı il tarixli 201 №-li əmrlə Ə.Bayramov adına sovxoza işə qəbul edilmişdir. Arxiv arayışında 1976-cı ilin sentyabr ayı üzrə əmək haqqının ödənilməsi ilə bağlı qeydin olmaması iddiaçının həmin ayda sözügedən sovxozda işləməməsi kimi qiymətləndirilməməlidir. Belə ki, xx.xx.2002-ci ilədək olan dövrdə işçilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduqlarına görə həmin dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına daxil edilməlidir. Yəni, iddiaçının həmin dövrə münasibətdə işə qəbul edildikdən sonra əmək haqqı alıb-almaması və ondan müvafiq qaydada sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin müəyyən edilməsi zəruri olmadığından, əmək fəaliyyətinə başladığı vaxt – müvafiq əmrin verildiyi 02 sentyabr 1976-cı il qəbul edilməlidir. İstinad olunan arxiv arayışında iddiaçının işdən azad olunması ilə bağlı əmrin və 1977-ci ilin iyun ayından sonra əmək haqqının ödənilməsi ilə bağlı məlumatın olmadığı qeyd edilir. Belə olan halda iddiaçının “Ə.Bayramov adına” sovxozda əmək fəaliyyətinin sonu olaraq sonuncu əmək haqqının ödənildiyi 1977-ci ilin iyun ayı qəbul edilməlidir. 1976-cı ilin noyabr ayı və 1977-ci ilin fevral ayında iddiaçıya ödənilməli olan əmək haqqı qrafalarının boş olmasına münasibətdə isə məhkəmə bir daha qeyd edir ki, iddiaçının işlədiyi dövrə münasibətdə ona ödənilən əmək haqqı pensiya təyini üçün zəruri olan sosial sığorta stajının hesablanmasına hər hansı təsir göstərmir. Müvafiq əmək haqqının ödənilməsi ilə bağlı qeydlər yalnız iddiaçının sözügedən sovxoza aidiyyətinin və işləməsinin fasiləsizliyinin müəyyən edilməsi baxımından zəruridir. İddiaçının xx.xx.1976-cı il tarixli 201 №-li əmrlə Ə.Bayramov adına sovxoza işə qəbul edilməsinin müəyyən edilməsi onu deməyə əsas verir ki, onun qeyd edilən tarixdən həmin sovxozda əmək fəaliyyətinə başlaması və 1977-ci ilin iyun ayı da daxil olmaqla həmin sovxozda əmək fəaliyyətində olmasının fasiləsizliyi sübuta yetirilir. Əmək haqqı qrafasının boş olması isə işçinin işdən çıxıb yenidən işə qəbul olunması kimi yox, işçinin məzuniyyətdə olması, həmin ay ödənilməli olan vəsaitin növbəti ayda əvvəlki ayla birgə ödənilməsi və s. səbəblərlə izah oluna bilər ki, hər bir halda qeyd edilən hallar iddiaçının xx.xx.1976-cı il tarixdən 1977-ci ilin iyun ayı da daxil olmaqla “Ə.Bayramov adına” sovxozda fasiləsiz işləməsi qənaətini yaradır. Odur ki, məhkəmə iddiaçının sözügedən sovxozda işlədiyi müddəti 10 ay olaraq qəbul edir. İddiaçının “Ə.Bayramov adına” sovxozda işlədiyi 10 ay müddət, yuxarıda hesablanmış 24 il 2 ay 28 günlə toplandıqda iddiaçının 25 il 28 gün sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin X3 Filialının üzərinə İddiaçı 25 il 28 gün sosial sığorta stajına uyğun olaraq, ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməklə, həmin tarixdən hesablanması və əmək pensiyası ilə sosial müavinət arasında yaranmış fərqin ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar