Məhkəmə qərarları › İş №2-1(116)-1520/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1520/2021

26.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1520/2021 26.11.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “oğlu X5 (təvəlllüdü 17.09.1996-cı il) şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında şəhadətnamənin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “17.09.1996-cı il təvəlllüdlü oğlu X5 şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında şəhadətnamənin təkrar verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçının oğlu X6 17.09.1996-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. Şəxsiyyət vəsiqəsi alarkən təqdim edilməsi məqsədilə, iddiaçı oğluna təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan oğlunun şəxsiyyət vəsiqəsi olmadığına görə şəhadətnamənin ona birbaşa verilməsindən, iddiaçının isə etibarnaməsi olmadığına görə müvafiq şəhadətnamənin iddiaçıya verilməsindən imtina etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, oğlu 1996-cı ildə doğulduqdan sonra ona doğum haqqında şəhadətnaməni almış, 2006-cı ildə qısa qapanma nəticəsində evi və içərisində olan bütün əmlakı, bütün sənədlər, o cümlədən oğlu X4 doğum haqqında şəhadətnaməsi yanmışdır. Bu səbəbdən oğluma doğum haqqında şəhadətnaməni təkrarən almaq üçün dəfələrlə qeydiyyat şöbəsinə müraciət etsə də, nikahı olmadığına görə ona şəhadətnamənin təkrar verilməsindən imtina edilmiş və 2006-cı ildə forma 4 arayışı verilmişdir. Aztəminatlı ailə olduğu üçün forma 4 arayışı ilə o, sosial yardım almışdır. Oğlunun 25 yaşı olmasına baxmayaraq hələdə şəxsiyyət vəsiqəsi yoxdur. Şəxsiyyət vəsiqəsi olmadığına görə hərbi xidmətə gedə bilməyib. Orta məktəbdə 6-cı sinifə kimi oxuyub atestat almayıb. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında iddia tələbi ilə razılaşdığını və iddiaçıya doğum haqqında şəhadətnamənin təkrar verilməsinə etiraz etmədiyini, lakin, Elvin Əliyevin şəxsiyyət vəsiqəsi olmadığından, iddiaçı isə etibarnamə təqdim etmədiyindən müraciəti təmin edə bilmədiyini, iddiaçının 2006-cı ildə şəhadətnamə almaq üçün qeydiyyat şöbəsinə müraciət etdiyini, həmin vaxt X4 18 yaşı tamam olmadığına görə ona təkrar şəhadətnamənin verilməsinin mümkün olmasını, ancaq verilməməsini bildirdi, məhkəmədən iddianın qanuna müvafiq qaydada həll edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - 08.07.1997-ci il tarixli 652 nömrəli doğum haqqında akt qeydinin təsdiqlənmiş surətindən görünür ki, X6 17.09.1996-cı il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. X2, anası İddiaçı olaraq qeyd edilmişdir. - Cavabdeh 24.09.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. - Mingəçevir şəhər Polis Şöbəsinin 02.08.2021-ci il tarixli məktubundan görünür ki, vətəndaş X6 barəsində Mingəçevir ŞPŞ-nin arxivində heç bir məlumat yoxdur. - Əhalinin sosial müdafiəsi orqanına təqdim etmək üçün verilmiş 4 №-li formadan (müvəqqəti) görünür ki, müvafiq arayışda X6 barədə məlumatlar 08.07.1997-ci il tarixli 652 nömrəli doğum haqqında akt qeydinə əsasən qeyd edilmiş, ata haqqında məlumat ananın deməsinə görə yazılması göstərilmişdir. Əsaslandırma hissəsi: Tərəflər inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etmişlər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və imtina cavabı aldığı üçün məhkəməyə iddia vermişdir. İddianın qaldırılmasında iddiaçının hüquqi marağı şəxsiyyət vəsiqəsinin alınması üçün zəruri olan, oğlu Elvin Əliyev barəsində təkrar doğum haqqında şəhadətnamənin cavabdeh tərəfindən ona verilməsinə nail olmaqdır. Hazırkı halda haqqında təkrar şəhadətnamə tələb edilən 17.09.1996-cı il təvəllüdlü X4 anası İddiaçı şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında şəhadətnamənin ona verilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığından, iddiaçının hüquqi marağını nəzərə alaraq, tələbini - 17.09.1996-cı il təvəllüdlü X4 doğum haqqında təkrar şəhadətnaməsinin etibarnamə olmadan iddiaçıya verilməsi kimi qəbul edir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2-ci bəndinə əsasən təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Yuxarıda sadalanan qanuvericiliyin tələblərindən göründüyü kimi, təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edə bilər. Maraqlı şəxslər dedikdə isə yalnız barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özləri nəzərdə tutulmur. Belə ki, Qaydaların 9.3.3-cü bəndinə əsasən, təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı göstərilməsi ona dəlalət edir ki, maraqlı şəxs dedikdə tək şəxsin özü deyil haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin əri, arvadı, atası, anası, uşaqları, bacıları, qardaşları və sair şəxslər də müraciət edə bilərlər. Cavabdeh inzibati orqan müraciətin təmin olunmasından imtinasını iddiaçının notarial qaydada təsdiq edilmiş etibarnaməyə malik olmaması, həmçinin Elvin Əliyevin şəxsiyyət vəsiqəsinin olmaması ilə izah etmişdir. İşin hallarından göründüyü kimi müvafiq etibarnamənin verilməsi üçün X4 şəxsiyyət vəsiqəsi olmalıdır ki, hazırki mübahisə də məhz onun şəxsiyyət vəsiqəsinin olmaması ilə bağlı yaranmışdır. X4 şəxsiyyət vəsiqəsi olmadığından onun iddiaçıya etibarnamə vermək imkanı ümumiyyətlə yoxdur. Qanunvericilik şəhadətnamələrin notarial qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilməsini nəzərdə tutsa da, qeyd olunmalıdır ki, hazırki mübahisə üzrə müvafiq etibarnamənin mövcudluğu iddiaçının və oğlu X4 hüquqi marağının mövcudluğunun müəyyən edilməsi baxımından əhəmiyyətlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları onu deməyə əsas verir ki, Elvin Əliyev barəsində təkrar doğum haqqında şəhadətnamənin iddiaçıya verilməsi birbaşa iddiaçının və oğlunun hüquqi marağına xidmət edir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddiaçıya Əhalinin sosial müdafiəsi orqanına təqdim etmək üçün 4 №-li müvəqqəti formanı vermək əvəzinə, 2006-cı ildə X6 barəsində yetkinlik yaşına çatanadək təkrar şəhadətnaməni vermək iqtidarında olmuşdur. Belə ki, müvafiq arayışın verilməsi onu deməyə əsas verir ki, iddiaçının cavabdeh inzibati orqana anoloji müraciəti olan zaman Elvin Əliyevin 10 yaşı olmuş, buna görə də həmin vaxt iddiaçıdan etibarnamə, yaxud oğlunun şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb oluna bilməzdi. Buna baxmayaraq iddiaçıya oğlu barəsində təkrar doğum haqqında şəhadətnamə yox, yuxarıda qeyd edilmiş arayış verilmişdir ki, bu da iddiaçının hüquqlarının pozulmasına və hazırki mübahisənin yaranmasına səbəb olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilir. 17.09.1996-cı il təvəllüdlü X4 doğum haqqında təkrar şəhadətnaməsinin anası İddiaçı, notariat qaydasında təsdiq olunmuş etibarnamə olmadan verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar