Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-1537/2022 12.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu, İddiaçı MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “cavabdehin zəbt etdiyi torpaq sahələrinə görə Qəbələ rayonu Mamaylı kəndində yerləşən torpaq sahəsinin bir sotu 60,0 AZN olmaqla və Qəbələ rayonu Kürd kəndində yerləşən torpaq sahəsinin bir sotu 70,0 AZN olmaqla, həmçinin İddiaçı MMC və "xxxx" MMC arasında AGC-010X/2022 saylı xx.xx.2022-ci il tarixli torpaq sahələrinin qiymətləndirilməsi barədə müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli 2 saylı əlavəsinə əsasən xidmət haqqının ümumi məbləği 400 AZN olmaqla, cəmi 4.612 AZN İddiaçı MMC-yə kompensasiya şəklində ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh qarşı məhkəməyə müraciət edərək, cavabdehin zəbt etdiyi torpaq sahələrinə görə Qəbələ rayonu Mamaylı kəndində yerləşən torpaq sahəsinin bir sotu 60,0 AZN olmaqla və Qəbələ rayonu Kürd kəndində yerləşən torpaq sahəsinin bir sotu 70,0 AZN olmaqla, həmçinin İddiaçı MMC və "xxxx" MMC arasında AGC-010X/2022 saylı xx.xx.2022-ci il tarixli torpaq sahələrinin qiymətləndirilməsi barədə müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli 2 saylı əlavəsinə əsasən xidmət haqqının ümumi məbləği 400 AZN olmaqla, cəmi 4.612 AZN İddiaçı MMC-yə kompensasiya şəklində ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 0,307 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqları İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixində çıxarış verilmişdir. Qəbələ rayonu Mamaylı kəndində yerləşən 4,6529 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqları İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2019-cu il tarixində çıxarış verilmişdir. Qəbələ rayonu, Kürd kəndində yerləşən 1,237 ha torpaq sahəsi xüsusi mülkiyyət hüquqları İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixində çıxarış verilmişdir. "xxxx" QSC tərəfindən X2rulmasına 2011- ci ildə başlanmışdır və 17 noyabr 2011-ci ildə Qəbələ Aeroportu açılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 69s saylı, xx.xx.2012-ci il tarixli sərəncamına əsasən tikintisi başa çatdırılmış və beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən “Qəbələ” hava limanına beynəlxalq status verilmişdir. İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan Qəbələ rayonu Mamaylı kəndində yerləşən 0,307 ha torpaq sahəsi, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 4,6529 ha torpaq sahəsinin 0,0187 ha hissəsi və Qəbələ rayonu Kürd kəndində yerləşən 1,237 ha torpaq sahəsinin 0,32 ha hissəsi “Qəbələ” X1 mövcud hüdudları daxilində yerləşir. Bununla bağlı İddiaçı MMC xx.xx.2021-ci il tarixli, 137/2021 saylı və xx.xx.2022-ci il tarixli, 002/2022 saylı məktubları ilə "xxxx" QSC-yə müraciət ünvanlamışdır. Müraciətlərə əsasən Qəbələ rayonu Mamaylı kəndində yerləşən 0,307 ha torpaq sahəsi, Qəbələ rayonu Mamaylı kəndində yerləşən 4,6529 ha torpaq sahəsinin 0,0187 ha hissəsi və Qəbələ rayonu Kürd kəndində yerləşən 1,237 ha torpaq sahəsinin 0,32 ha hissəsi “Qəbələ” X1 mövcud hüdudları daxilində yerləşdiyindən İddiaçı MMC "xxxx" QSC-dən kompensasiya ödənilməsini xahiş etmişdir. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 12/219 saylı məktubuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət olunduğu qeyd edilmişdir. Lakin xx.xx.2022-ci il tarixindən "xxxx" QSC hərəkətsizlik göstərərək İddiaçı MMC-yə hər hansı kompensasiya ödəməmişdir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən xx.xx.2022-ci il tarixli, **********72 saylı İddiaçı MMC-yə daxil olan məktubda limanın hüdudları daxilində qalmış ərazidən dövlət ehtiyacları üçün alqı-satqı edilmiş torpaq sahələrinə dair sənədlərin təhlil edilməsi və digər məsələlər araşdırılmaqda olduğu qeyd edilmişdir. İddiaçı MMC və "xxxx" MMC arasında AGC-010X/2022 saylı, xx.xx.2022-ci il tarixli torpaq sahələrinin qiymətləndirilməsi barədə Müqavilə bağlanılmışdır. Həmin Müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli 2 saylı Əlavəsinə əsasən xidmət haqqının ümumi məbləği 400 AZN olmaqla torpaq sahəsinin qiymətləndirilməsi keçirilmişdir. "xxxx" MMC-nin 0276/22/AGC/FS saylı, xx.xx.2022-ci il tarixli “Torpaq sahələrinin qiymətləndirilməsinə dair” Hesabatına əsasən Qəbələ rayonu, Mamaylı kəndində yerləşən torpaq sahəsinin bir sotu 60.0 AZN olmaqla, 0,31 ha torpaq sahəsi cəmi 1860,0 AZN qiymətləndirilmiş, Qəbələ rayonu, Kürd kəndində yerləşən torpaq sahəsinin bir sotu 70,0 AZN olmaqla, 0,32 ha torpaq sahəsi cəmi 2240,0 AZN qiymətləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli, 105 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinə əsasən cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Həmin Nizamnaməyə əsasən cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasında mülki aviasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsindən, Azərbaycan Respublikası əhalisinin və ölkə iqtisadiyyatının hava daşımalarına, aviasiya işlərinə və mülki aviasiya sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən ibarətdir. İddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid deyildir. Belə ki, iddianın məzmunundan da görünür ki, iddiaçının hüquqi marağı zəbt edilmiş torpaq sahələrinə görə kompensasiya almaqdan ibarətdir. Bununla bağlı yardım məktubda iddiaçının nəzərinə çatdırılmışdır ki, mübahisə inzibati məhkəmənin səlahiyyətlərinə aid deyil, bu səbəbdən həmin tələbə inzibati qaydada baxıla bilməz. İddiaçı arzuladığı məqsədə müvafiq iddia tələbini müəyyən edərək, mülki mühakimə icraatı qaydasında tələb etməklə nail ola bilər. İddia tələbinə inzibati mühakimə icraatı qaydasında baxıla bilməməsi səbəbindən mümkün sayılmamalı olduğundan hüquqi yardım məktubunda göstərilənlərə münasibət bildirməsi iddiaçıya təklif olunmuşdur. İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə hüquqi yardım məktubunda qeyd olunanlara dair münasibət bildirilməsi barədə məktub daxil olmuşdur. İddiaçı məktubunda qeyd etmişdir ki, təbii inhisarların ictimai məqbul davranışının təmin edilməsinin iki vasitəsi mümkündür: dövlət mülkiyyəti və dövlət tənzimlənməsi. “Təbii inhisarlar haqqında” Qanunun 6-cı maddəsinə uyğun olaraq təbii inhisar subyektlərinin fəaliyyəti dövlət tərəfindən tənzimlənir. Təbii inhisar subyekti ilk növbədə dövlətin suveren səlahiyyətlərini həyata keçirən orqan kimi çıxış edir. “İnzibati icraat haqqında” Qanunun 2.0 1-ci maddəsinə uyğun olaraq, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs inzibati orqandır. Dövlət tərəfindən təbii inhisar subyektlərinə inzibati aktlar qəbul etmək suveren səlahiyyətinin ötürülməsi, onların inzibati hüquq müstəvisində fəaliyyətlərini həyata keçirdikləri zaman inzibati orqan kimi çıxış etmələrinə əsas yaradır. İnzibati orqanların siyahısı “İnzibati orqanların təsnifatı”nda verilmişdir. Həmin Təsnifatda sadalanan inzibati orqanların siyahısı məhdudlaşdırıcı deyil. Belə ki, “İnzibati orqanların təsnifatı”nın V bəndinə əsasən “qanunvericiliyə uyğun olaraq inzibati akt qəbul etmək səlahiyyəti verilən digər inzibati orqanlar” inzibati orqan hesab edilir. Məhz bu normanın mahiyyətinə görə təbii inhisar müəssisələrinə həvalə edilən inzibati funksiyalar onları müəyyən münasibətlərdə inzibati orqan adlandırmağa əsas verir. Dövlət tərəfindən təbii inhisar müəssisələrinə publik xarakterli səlahiyyətlər də həvalə edilə bilər. Bu halda təbii inhisar müəssisəsi ilə digər subyektlərin münasibətləri hakimiyyət tabeçilik prinsipi üzərində qurulur. Eyni zamanda, təbii inhisar müəssisəsi publik maraqların təmin edilməsi ilə bağlı hər hansı bır subyektə məhdudlaşdırıcı təsir göstərə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda "xxxx" QSC inzibati orqan kimi nəzərdə tutulmamışdır. Lakin Azərbaycan Respublikasında mülki aviasiyadan istifadə etmək zəruri ictimai ehtiyacdır, onu təmin edən qurumlar isə ictimai xidməti həyata keçirən subyektlərdir. İctimai ehtiyacları ödəyən ictimai iaşə (elektrik, su. qaz, rabitə və s.) müəssisələri əksər hallarda təbii inhisar xarakteri daşıyırlar. Təbii inhisar müəssisələri bazara təklif etdikləri məhsulu aşağı istehsal xərcləri ilə əldə etməklə yanaşı, hamını həmin məhsulla əlçatan şərtlərlə, rəqabətsiz təmin etmək imkanına malikdirlər. Təbii inhisar müəssisələri sosial sifarişi və tələbatı rəqabətsiz təmin etdiklərinə görə dövlətin nəzarəti ilə tənzimlənən qaydada fəaliyyət göstərirlər. İddiaçı məktubunda iddianın mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir. Xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədirlər, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 15-ci bəndi ilə məhkəmələrə izah olunmuşdur ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İddia ərizəsindən də göründüyü kimi, mübahisənin predmeti cavabdehin ümumi (publik) hüquq sahəsindəki qərarı, hərəkəti və ya hərəkətsizliyi, qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirməsi və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etməsi ilə bağlı deyildir. İddia tələbi cavabdeh tərəfindən iddiaçıya kompensasiyanın ödənilməsi ilə bağlı olmaqla, mülki xarakter daşımaqdadır. Məhkəmə həmçinin iddiaçının ərizəsində "xxxx" QSC-nin təbii inhisar subyekti olması mövqeyi ilə razılaşmır, zəruri olaraq qeyd edir ki, "xxxx" QSC-nin fəaliyyəti onun təbii inhisar subyekti kimi nəzərə alınmasını istisna edir. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə məhkəmə tərəfindən iddiaçının dinlənilmək hüququ təmin edilmişdir. Məhkəmə işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının tövsiyəsinə uyğun olaraq iddiaçıya izah edir ki, o, hazırkı iddia tələbi ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edə bilər. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “cavabdehin zəbt etdiyi torpaq sahələrinə görə Qəbələ rayonu Mamaylı kəndində yerləşən torpaq sahəsinin bir sotu 60,0 AZN olmaqla və Qəbələ rayonu Kürd kəndində yerləşən torpaq sahəsinin bir sotu 70,0 AZN olmaqla, həmçinin İddiaçı MMC və "xxxx" MMC arasında AGC-010X/2022 saylı xx.xx.2022-ci il tarixli torpaq sahələrinin qiymətləndirilməsi barədə müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2022-ci il tarixli 2 saylı əlavəsinə əsasən xidmət haqqının ümumi məbləği 400 AZN olmaqla, cəmi 4.612 AZN İddiaçı MMC-yə kompensasiya şəklində ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-1537/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-1537/2022
12.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver