Məhkəmə qərarları › İş №2-1(116)-1590/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-1590/2025

19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1590/2025 19.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçasında qeyd edilmiş, işlədiyi illəri dövlət qulluğuna aid staj kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı “əmək kitabçasında qeyd edilmiş, işlədiyi illəri dövlət qulluğuna aid staj kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanuna əsasən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdeh orqana müraciət edərək əmək pensiyasının təyin edilməsini xahiş etdi. Cavabdeh orqan imtina verərək bildirdi ki, dövlət qulluğu stajı 15 ildən az təşkil edir. İmtina məktubunu xx.xx.2024-cü il tarixdə almışdır. Cavabdeh orqan dövlət qulluğu stajını düzgün hesablamamış və onun verdiyi imtina qanunsuz və əsassızdır. Belə ki, cavabdeh dövlət qulluğu stajının 15 ildən az olduğunu yazıb lakin hansı təşkilatda işlədiyi stajı dövlət qulluğu hesab etdiyi və hansı təşkilatda olan stajın dövlət qulluğu hesab etmədiyini özünün imtina məktubunda qeyd etməmişdir. Əmək kitabçasına və digər sənədlərə əsasən dövlət qulluğunda olan stajı 15- ildən çox təşkil edir. Belə ki, xx.xx.2003-cü ildən 06.02,2015-dək= İİ il 9 ay təşkil edir. xx.xx.2015-ci ildən 01.11,2018-dək = 3 il 4 ay təşkil edir. Bunların cəmi isə 15 il 1 ay təşkil edir.İmtina əsassızdır. Cavabdehin məhkəməyə təqdim etdiyi etiraz məktubunda bildirilir ki, İddiaçı ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi xahişi ilə xx.xx.2024-cü il tarixli ərizə ilə inzibati orqana müraciət etmiş, ona cavabdehin xx.xx.2024-cü il tarixli 3- 17-1/2-X-255497/2024 nömrəli məktubu ilə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Həmin imtina məktubuna əsasən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən onun dövlət qulluğu stajı 15 ildən az təşkil etdiyindən İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Hesab edirik ki, İddiaçı iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Etirazın əsasları və tətbiq edilməli hüquq normaları: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7.1-ci maddəsinə əsasən dövlət orqanı - Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən. Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Qanunun 14.1-ci maddəsinə əsasən dövlət qulluqçusu - bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Dövlət qulluqçularının pensiya təminatı “Dövlət qulluğu haqqında" Qanunun 23.1-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) uyğun olaraq həyata keçirilir. Qanunun 20.1.7-ci maddəsinə əsasən şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya: • Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq inzibat və yardımçı vəzifələr tutmalı, yaxud; • 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da; • 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Qanunun 20.11-ci maddəsinin 1 və 2-ci bəndlərinə və “Dövlət qulluğu haqqında" Qanunun 23.2-ci maddəsinin məzmunundan görünür ki, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. 20 11 sabiq dövlət qulluqçularının əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: • 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; • 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ilı (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 23.2. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. Bildiririk ki, iddiaçı iddia ərizəsində dövlət qulluğu stajının 15 il 01 ay təşkil etdiyini qeyd edərək xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Əmlak Məsələləri Dövlət Komitəsi 17 saylı ərazi idarəsində işlədiyi dövrün dövlət qulluğu stajı kimi nəzərə alınmalı olduğu qənatindədir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətində İddiaçı xx.xx.2015-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi 17 saylı ərazi idarəsinə 3 ay müddətinə məsləhətçi vəzifəsinə təyin edildiyi (müsahibə və ya müsabiqə yolu ilə tutulduğu halda həmin tarixə qədər), xx.xx.2016-cı il tarixdə həmin idarədə öz xahişi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68- ci maddəsinə əsasən tutduğu vəzifədən azad edildiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək yuxarıda adı qeyd olunan idarədə müvafiq vəzifədə əmək qanunvericiliyinin normalarına əsasən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Qeyd edilənlərə əsasən iddiaçının xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək işlədiyi dövrlər dövlət qulluğu stajı kimi nəzərə alınması mümkün deyildir. Bununla da, işin faktiki halları və qanunverilik normaları nəzərə alınmaqla bildiririk ki. iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən İddiaçı dövlət qulluğu stajı 15 ildən az - 14 il 03 ay 06 gün (xx.xx.2003 xx.xx.2015-ci il və xx.xx.2016 - xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Beləliklə, İddiaçı dövlət qulluğu stajı 15 ildən az müddəti əhatə etdiyindən ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: • Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbi təmin olunmamışdır. • İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surəti. • Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş xx.xx.2015-ci il tarixli QK-203 nömrəli əmrin surəti. • Cavabdehin etiraz məktubu və ona əlavə edilmiş sənədlər. Əsaslandırma hissəsi: Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İşin mübahisəli halı iddiaçının dövlət qulluğu stajının müddəti ilə bağlıdır. İddiaçı iddia edir ki, onun dövlət qulluqçusu kimi stajı 15 il 01 ay təşkil etdiyi halda cavabdeh inzibati orqan bu halı nəzərə almamışdır. Bununla bağlı məhkəmə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi. Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Maddə 23.2-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); Qeyd olunan normalardan belə müəyyən olunur ki, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması aşağıdakılarla şərtləndirilmişdir: şəxsin qanunla müəyyən edilmiş qaydada dövlət qulluğuna qəbul edilərək inzibat və ya yardımçı vəzifələrdə işləməsi; 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməsi; 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etməsi. Hazırkı halda iddiaçının dövlət qulluğunda işlədiyi təsdiq olunsa da, lakin onun qulluq stajının 15 ildən az olması müəyyən edilir. Bu fakt iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli məktubunda da öz təstiqini taparaq, iddiaçının xx.xx.2015-xx.xx.2016-cı il tarixlərində müddətli əmək müqaviləsi üzrə işlədiyi məlum olur. Belə olan halda iddiaçının dövlət qulluğu stajı 15 ildən az olduğundan ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası əsaslı olmuşdur. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçasında qeyd edilmiş, işlədiyi illəri dövlət qulluğuna aid staj kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən, ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar