Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1707/2024 04.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2h Məzahir oğlunun iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının X6 Üzrə Dövlət Komitəsinin cavabdeh Zərdab şəhər “Cümə” məscidi dini icmasına qarşı “25 noyabr 2009-cu il tarixdə 100109A2-31 nömrəli şəhadətnamə ilə X6 üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınmış Zərdab şəhər “Cümə” məscidi dini icmasının ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “25 noyabr 2009-cu il tarixdə 100109A2-31 nömrəli şəhadətnamə ilə X6 üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınmış Zərdab şəhər “Cümə” məscidi dini icmasının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1707/2024 nömrəli qərardadı ilə Qafqaz Müsəlmanları İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Zərdab şəhər “Cümə” məscidi dini icması 25 noyabr 2009-cu il tarixdə 100109A2-31 nömrəli şəhadətnamə ilə X6 üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınmışdır.İddiaçı ərizəsini aşağıdakı kimi əsaslandırmışdır: “ Zərdab şəhər “Cümə" məscidi dini icması aşağıdakı əsaslara görə ləğv edilməlidir. Dini icma dövlət qeydiyyatından keçdiyi xx.xx.2009-cu il tarixindən etibarən Nizamnaməsinə uyğun fəaliyyət göstərməmişdir. Belə ki, Nizmanamənin 3.1-ci bəndində icmanın ali orqanı olan yığıncağın azı ayda bir dəfə çağırılmalı olduğu göstərilməsinə baxmayaraq bugünədək belə yığıncağın keçirilməsi qeydə alınmamışdır. Həmçinin, icma sədrinin illik hesabatlarının dinlənilməsi və qiymətləndirilməsi keçirilməmiş, icma təsisçilərinin arasında dəyişikliklərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblər yerinə yetirilməmişdir. İcmanın fəaliyyətsizliyi icmanın hüquqi ünvanı olan Zərdab şəhər “Cümə" məscidindəki dini duruma təsir göstərmiş, burada ibadət edən dini qruplar arasında dini dözümsüzlüyün, dini nifrət və düşmənçiliyin yaranmasına səbəb olmuşdur. Qeyd edilən halların aradan qaldırılması məqsədilə Dövlət Komitəsinin, Zərdab Rayon İcra Hakimiyyətinin nüməyəndələri və Zərdab Rayon Polis şöbəsinin əməkdaşları məsciddə olmuş, dindarlarla müzakirə aparmışlar. Həmin görüş zamanı məsciddə ibadət edən şəxslər biri-birilərinin ünvanına təhdid xarakterli və sərt fikirlər səsləndirməkdən çəkinməmişlər. Müzakirələr zamanı məsciddə ibadət edən dindarlar dini icmanın fəaliyyəti və tərkibindən şikayətçi olmuşlar. Cavabdeh və üçüncü şəxs iddiaya münasibətində bildirməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Zərdab şəhər “Cümə" məscidi dini icmasının dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;
2. Cavabdehin qeydiyyatına dair X3 reyestrindən çıxarış;
3. Zərdab şəhər “Cümə" məscidi dini icmasının təsisçiləri haqqında məlumat;
4. Zərdab şəhər “Cümə" məscidi dini icmasının nizamnaməsi;
5. Zərdab şəhər “Cümə" məscidi dini icmasının xx.xx.2023-cü il tarixli ümumi yığıcağının 4 saylı protokolu;
6. Zərdab şəhər “Cümə” məscidi dini icmasına göndərilmiş xx.xx.2022-ci il,xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarının təsdiq olumuş surəti;
7. Azərbaycan Respublikasının X6 Üzrə Dövlət Komitəsinin sədrinin xx.xx.2023cü il tarixli Əmri;
8. Zərdab şəhər “Cümə" məscidi dini icması barədə hazırlanmış arayışların surəti.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Zərdab şəhər “Cümə” məscidi dini icması 25 noyabr 2009-cu il tarixində müvafiq səlahiyyətli orqan Azərbaycan Respublikasının X6 üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Qeydiyyat üçün təqdim olunan sənədlərə əsasən dini icma 10 nəfər təsisçi tərəfindən yaradılmışdır. Qurumun dövlət qeydiyyatına alındığı tarixdə «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikası Qanununda dini icmanın təsisçilərinin sayına münasibətdə hər hansı tələb olmamışdır. Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli Qanunu ilə «Dini etiqad azadlığı haqqında» Qanunun 8-ci maddəsinin birinci hissəsinə bununla bağlı aşağıdakı məzmunda müvafiq müddəa əlavə edilmişdir: - Dini icma azı 50 nəfər yetkinlik yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən yaradılır. Azərbaycan Respublikası X6 üzrə Dövlət Komitəsinin Göyçay bölgə üzrə şöbəsi müxtəlif tarixlərdə Zərdab şəhər “Cümə” məscidi dini icmasına xəbərdarlıq məktubları ünvanlamışdır. Məktublarda dini icmanın 3 təsisçisinin vəfatı ilə bağlı təsisçilərin tərkibində dəyişiklik edilmədiyi qeyd olunmuş və müvafiq məlumatın Komitəyə təqdim olunmasının vacibliyi bildirilmişdir. Təqdim edilən “Ölüm haqqında Şəhadətnamə”lərdən görünür ki,dini icmanın təsis sənədlərindəki 10 təsisçidən üç şəxs vəfatı etmişdir.Bu barədə “Elektron məhkəmə” informasiya sistemindən də məlumatlar əldə edilmişdir. Məlum olmuşdur ki, təsisçilərdən 1937-ci il təvəllüdlü X1 10 dekabr 2021-ci il tarixində, 1938-ci il təvəllüdlü X2 9 noyabr 2013-cü il tarixində, 1931-ci il təvəllüdlü Babaşov Mirsəməd Məhəmməd oğlu isə 12 may 2023-cü il tarixində vəfat etmişdir. Zərdab şəhər “Cümə" məscidi dini icmasının Nizamnaməsinin 3.1-ci bəndində icmanın ali orqanı olan yığıncağın azı ayda bir dəfə çağırılmalı olduğu göstərilmişdir. Lakin,araşdırılan sənəd və məlumatlardan görünür ki, bu günədək belə yığıncağın keçirilməsi qeydə alınmamışdır. Həmçinin icma sədrinin illik hesabatlarının dinlənilməsi və qiymətləndirilməsi keçirilməmiş, icma təsisçilərinin arasında dəyişikliklərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblər yerinə yetirilməmişdir. İddiaçının bir ildən artıq müddət ərzində göndərmiş olduğu rəsmi xəbərdarlıqlara məhəl qoyulmamış,qanunun tələblərinə əsasən təsisçilərin əvəz edilməsinə dair hər hansı hərəkət edilməmişdir. Zərdab şəhər “Cümə" məscidi dini icmasının nümayəndəsi tərəfindən məhkəmə prosesi gedişində təqdim edilmiş xx.xx.2023-cü il tarixli ümumi yığıcağının 4 saylı protokolu təqdim edilmişdir.Lakin,həmin iclasın keçirilməsinə dair sübut təqdim edilməmiş,üzvlərinə dair sənədlər aşkar edilməmişdir. Göründüyü kimi cavabdehin icmaya təsisçilərin qəbul edilməsi barədə heç bir sənəd təqdim etməmiş, təsisçilərin sayının Qanunla müəyyən edilmiş sayda olmasını sübut edə bilməmişdir. Dini icma hazırda təsisçilər barədə qanunla tələb olunan yetərsaya malik deyildir. Odur ki,aşağıdakı normaları işin hallarına tərbiq edən məhkəmə hesab edir ki,iddia tələbi əsaslıdır. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Maddə 7. Dini qurumlar Dini mərkəz və idarələr, dini təhsil müəssisələri və dini icmalar, onların birlikləri dini qurumlardır. Dini qurumlar öz mərkəzi (idarələri) ilə təmsil olunurlar. Dini qurumlar bu Qanuna və təsdiq olunmuş nizamnamələrinə müvafiq surətdə fəaliyyət göstərirlər. Azərbaycan Respublikasında fəaliyyət göstərən islam dini qurumları Qafqaz Müsəlmanları İdarəsinə öz fəaliyyətləri haqqında hesabat təqdim edirlər. Maddə 8. Dini icma Dini icma dinə birlikdə ibadət etmək və digər dini tələbatı ödəmək məqsədilə eyni inzibati ərazi vahidi hüdudlarında yaşayan könüllülük əsasında birləşmiş yetkinlik yaşına çatmış dindar şəxslərin yerli dini qurumudur. Dini icma azı 50 (əlli) nəfər yetkinlik yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən yaradılır. Azərbaycan Respublikasında dini məsələlərdə islam dini icmaları Qafqaz Müsəlmanları idarəsinə tabedirlər, digər dini icmaların Azərbaycan Respublikasında və xaricdə fəaliyyət göstərən dini mərkəzlərə (idarələrə) tabe olmaq və tabeliyini dəyişdirmək hüququ vardır. Maddə 12. Dini qurumların dövlət qeydiyyatına alınması Bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və X3 reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. Dini icmalar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş məlumatlarda hüquqi ünvan kimi göstərilən dini ibadət yerlərində və ziyarətgahlarda həmin dini icmalara bu Qanunla müəyyən olunmuş qaydada din xadimi təyin edildikdən sonra dini fəaliyyət göstərə bilərlər. Dini qurumlar (dini icmalar bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş sənədlər nəzərə alınmaqla) dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təsis protokolu, nizamnaməsi, habelə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər sənədlər əlavə olunmuş ərizə ilə müraciət edir. Dini icmaların təqdim etdiyi ərizəyə onu təsis etmiş azı əlli nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri, habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar əlavə edilir. Müvafiq icra hakimiyyəti orqanı X3 qeydiyyatına alınmasını qanunvericiliklə müəyyən edilmiş müddətdə həyata keçirir. Dövlət qeydiyyatına alınmış dini qurum onun dövlət qeydiyyatına alınması üçün tələb olunan məlumatlarda və ya sənədlərdə hər hansı dəyişiklik olduqda, bu barədə 20 gün müddətində (bu Qanunun 9-1.4-cü maddəsi ilə müəyyən edilmiş hal nəzərə alınmaqla) müvafiq icra hakimiyyəti orqanına məlumat verməli və müvafiq dəyişikliyi təsdiq edən sənədləri həmin qaydada təqdim etməlidir. Bu Qanunun 1-ci maddəsinin üçüncü hissəsi nəzərə alınmaqla, dini qurumun dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 1) dini qurumun fəaliyyəti və ya qarşısına qoyduğu məqsədlər, yaxud təbliğ etdiyi dini təlimin mahiyyəti və əsas prinsipləri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olduqda; 2) yaradılan qurum dini qurum qismində tanınmadıqda; 3) təqdim olunmuş nizamnamə və digər sənədlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olduqda və ya onlarda əks olunmuş məlumatlar yanlış olduqda. Dövlət qeydiyyatına alınmasından imtina barədə dini quruma imtinaya əsas olmuş qanunvericiliyin müddəaları göstərilməklə məlumat verilir. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə dini qurumun dövlət qeydiyyatına alınmasından imtinaya yol verilmir. Maddə 12-1. Dini qurumun ləğv edilməsi Dini qurumlar aşağıdakı hallarda ləğv edilə bilər: 1) təsisçilərin və ya nizamnamə ilə buna vəkil edilmiş orqanın qərarı ilə; 2) müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə. Bu Qanunun 1-ci maddəsinin üçüncü hissəsi nəzərə alınmaqla, dini qurum məhkəmə qaydasında aşağıdakı əsaslarla ləğv edilə bilər: 1) dini qurum tərəfindən onun yaranma məqsədlərinə zidd olan fəaliyyətin həyata keçirilməsi;[48] 2) dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və ya düşmənçilik yaratmaq məqsədi ilə təbliğ edilməsi, dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur etmə, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinin (dini cərəyanın) yayılması və təbliğ edilməsi; 3) ictimai təhlükəsizliyin və ya ictimai qaydanın pozulması; 3-1) dini ekstremist fəaliyyətlə məşğul olma; 4) terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə, təxribata və ya zorakı cinayət əməllərinə yönəlmiş hərəkətlərin edilməsi; 5) dünyəvi təhsil alınmasına mane olma; 6) dini qurumun üzvlərinin və digər şəxslərin dini qurumun xeyrinə öz əmlakından imtina edilməsinə təhrik və ya məcbur etmə; 7) zor tətbiq etməklə və ya digər qanunsuz əməllərlə şəxsin dini qurumdan çıxmasına mane olma; 8) şəxsləri qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtina edilməsinə və digər qanunsuz hərəkətlərin edilməsinə təhrik etmə; 8-1) dini qurumun fəaliyyətində aşkar olunmuş qanun pozuntusunun aradan qaldırılmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yazılı tələbində qoyulmuş müddətdə qanun pozuntusunun aradan qaldırılmaması; 9) dövlət qeydiyyatına alınması üçün tələb olunan məlumatlarda və ya sənədlərdə edilmiş dəyişikliklər barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsinə dair həmin orqanın bir il ərzində iki yazılı tələbinə əməl olunmaması. Dini mərkəz və idarələr dini icmalar barədə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş məlumatlara malik olduqda, həmin dini icmaların təsisçilərinin tərkibinin dəyişdirilməsinin və ya icmanın ləğvinin zəruriliyi barədə müvafiq icra hakimiyyəti orqanının qarşısında vəsatət qaldırırlar. Dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan edilir. Dini qurum ləğv edildikdə, ləğv edilmiş dini qurumun əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması barədə məlumatlar (sənədlər) “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir. “Azərbaycan Respublikasının X6 üzrə Dövlət Komitəsi haqqında” Əsasnamə: 7.9-2. qanunda göstərilən əsaslar olduqda dini qurumun ləğv olunması barədə məhkəməyə müraciət edilməsi; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. 25 noyabr 2009-cu il tarixində 100109A2-31 nömrəli şəhadətnamə ilə X6 üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınmış Zərdab şəhər “Cümə” məscidi dini icması ləğv edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə