Məhkəmə qərarları › İş №2-1(116)-173/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-173/2023

28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-173/2023 28.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “AZ seriyalı 000735 nömrəli diplomun Dövlət nümunəli diplom kimi tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AZ seriyalı 000735 nömrəli Dövlət nümunəli diplom kimi tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, xx.xx.1974-cü il tarixdə Zaqatala rayonu Qımır kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Ali Tətbiqi X1 fakültəsinə daxil olmuşdur. xx.xx.1997-ci il tarixdə həmin kollecin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə tam kursunu bitirmişdir. Dövlət İxtisas Komissiyasının qərarı ilə iddiaçıya Azərbaycan dili, ədəbiyyatı və əlavə əmək müəllimi ixtisası verilmişdir. Bu barədə ona AZ seriyalı, 000735 nömrəli diplom təqdim edilmişdir. Həmin diplom Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir. Kolleci bitirdikdən sonra iddiaçı ixtisası üzrə əmək fəaliyyətinə başlamış, 2019-cu il tarixədək ixtisası üzrə işləmişdir. Bu fakt iddiaçıya məxsus əmək kitabçasında öz əksini tapmışdır. Lakin 2019-cu il tarixdə ona məxsus diplom dövlət nümunəli diplom olmadığından işdən azad edilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti cavablandırılmamışdır. Cavabdeh məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, iddia tələbinin hüquqi əsası olmadığından bu tələb təmin edilməməlidir. Belə ki, Nazirlik tərəfindən pedoqoji kollektivin təhsil sənədləri araşdırılmış və məlum olmuşdur ki, 1997-ci ildə X2 Kolleci tərəfindən iddiaçının adından yazılmış diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir. İddiaçı tərəfindən diplomun qanunsuz yolla əldə etməsi sübut edildiyindən, onun ali təhsil almadan pedaqoji fəaliyyətlə məşğul olması təhsil qanunvericiliyinə ziddiyyət təşkil edir. Belə ki, iddiaçı saxta sənəd təqdim etməklə ümumtəhsil məktəbində müəllim kimi işə qəbul edilmiş, fəaliyyəti dövründə təhsilalanların keyfiyyətli təhsil almaq hüquqlarının pozmuşdur. Nazirlik iddiaçının təhsil sənədini araşdırarkən onun dövlət nümunəli olmadığını müəyyənləşdirmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı tutduğu vəzifəyə təyin edilmə əsası olaraq, təhsil sənədi kimi təqdim etdiyi X2 Kollecini bitirməsi barədə verilən diplomun dövlət nümunəli olmadığı müvafiq araşdırma zamanı sübuta yetirmişdir. Eyni zamanda Nazirlik tərəfindən aparılmış araşdırmadan məlum olmuşdur ki, iddiaçı ali təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlarından kənar yolla qəbul olunmuş və buna görə də ona verilən diplom blankı Təhsil Nazirliyi tərəfindən sifariş verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 6.1-ci bəndinə əsasən təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi Komissiyanın əsas vəzifələrindən biridir. Hazırda qüvvədə olan “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə görə, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirir. İddiaçının X2 Kollecinə testdən kənar qəbul olunması təsdiq olunmuşdur. Təqdim olunmuş diplomların qanuni və ya qanunsuz olmasını müəyyən etmək səlahiyyəti bilavasitə Təhsil Nazirliyinə aid edilmişdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı və cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, müraciəti cavabsız saxlanılmış və sonra iddiaçı məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İddia ərizəsinə əlavə olunmuş: AZ seriyalı, 000735 nömrəli diplomun surətindən görünür ki, iddiaçı 1993-cü ildə Azərbaycan Ali Tətbiqi X1 fakültəsinə daxil olmuş və 1997-ci ildə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə tam kursu bitirmişdir. Diplomda qeyd olunur ki, Dövlət ixtisas komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə ona Azərbaycan dili, ədəbiyyat və əlavə əmək müəllimi ixtisası verilmişdir. 063111 nömrəli vəsiqənin surətindən görünür ki, iddiaçı xx.xx.2010-cu ildən xx.xx.2010-cu il tarixədək Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialında Azərbaycan dili və ədəbiyyatı üzrə tam kursu bitirmişdir. 0112787 nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2002-ci ildə “Ş.Qurbanov” adına 3 nömrəli orta məktəbə müvəqqəti olaraq əvəzçilik qaydasında müəllim qəbul olunmuş, xx.xx.2003-cü il tarixdən məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisası üzrə müəllim saxlanılmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-29/2-893/2023 nömrəli məktubunda qeyd olunur ki, həmin dövrdə qüvvədə olan “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun (7 oktyabr 1992-ci il tarixli) 8-ci maddəsinə əsasən, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət nümunəli sənəd verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsil Nazirliyi verir. Hazırkı iş üzrə iddiaçının adına yazılmış diplom blankının nümunəsi AR Nazirlər Kabineti tərəfindən təsdiq edilməmiş və iddiaçının bitirdiyi təhsil müəssisəsinin məzunlarına nazirlik tərəfindən diplom blankı sifariş verilməmiş, həmin nömrəli diplom “Tələbə-məzun” elektron informasiya sistemində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın 3.3-cü bəndinə əsasən, diplom blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində və ali təhsil müəssisələrində ciddi hesabat sənədləri kimi saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 noyabr 2015-ci il tarixli qərarında qeyd edilir ki, rəsmi sənəd-hüquqi əhəmiyyətli faktları müəyyən edən, dövlət tərəfindən səlahiyyət verilmiş hüquqi və (və ya) fiziki şəxslər tərəfindən tərtib və təsdiq edilən, qanunla müəyyən olunmuş formaya malik olan, qeydiyyat, ciddi hesabatlılıq və dövriyyədə nəzarət sistemi altına düşən sənəddir. Qeyd edilən müddəalardan göründüyü kimi, iddiaçının təqdim etdiyi diplom dövlət nümunəli təhsil sənədi olmadığından onun hüquqi əsası yoxdur. Lakin, buna baxmayaraq, iddiaçı özünə məxsus diplomu onun pedaqoji fəaliyyətlə məşğul olmasına hüquq verən sənəd kimi təqdim etmişdir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və ədalətli həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bu Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.29-cu maddəsinə əsasən kollec - orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən orta ixtisas təhsili müvafiq təhsil proqramları əsasında təşkil olunur. Orta ixtisas təhsili müəssisələrində tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Orta ixtisas təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi - diplom verilir. Qanununun 27.1-ci maddəsinə əsasən, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. Qanunun 27.2-ci maddəsində qeyd edilir ki, təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsasdır. Azərbaycan Respublikasının Təhsil nazirinin xx.xx.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş və xx.xx.2000-ci il tarixdə Ədliyyə Nazirliyində qeydə alınmış “Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimatın 1.4-cü bəndinə əsasən, təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamənin 8.26-cı bəndinə əsasən, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydasını müəyyənləşdirir, buraxılış kontigentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir. Normaların tələbindən də göründüyü kimi, təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsinin hazırlanması, onun verilmə qaydasının müəyyən edilməsi, buraxılış kontigentinin sayına uyğun təhsil müəssisələrinin dövlət təhsil sənədi blankları ilə təmin edilməsi birbaşa olaraq Təhsil Nazirliyini səlahiyyətlərinə aid edilmişdir. Təhsil Nazirliyinin birbaşa olaraq diskresion səlahiyyətləri çərçivəsinə aid olan məsələlərin həllində öz səlahiyyətləri çərçivəsində müvafiq araşdırma aparmaq səlahiyyətinə malikdir. Məhkəmə araşdırması ilə cavabdeh tərəfindən təqdim edilmiş məlumatlar əsasında müəyyən edilmişdir ki, iddiaçının adına yazılmış diplom blankının nümunəsi AR Nazirlər Kabineti tərəfindən təsdiq edilməmiş və iddiaçının bitirdiyi təhsil müəssisəsinin məzunlarına nazirlik tərəfindən diplom blankı sifariş verilməmiş, həmin nömrəli diplom “Tələblə-məzun” elektron informasiya sistemində qeydə alınmamışdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmənin araşdırması ilə sabit olur ki, iddiaçının diplomun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticəsinə iş üzrə riayət olunur, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtina etməsi qanunvericiliyə zidd olmamışdır (İPM- 73.1). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “AZ seriyalı 000735 nömrəli diplomun Dövlət nümunəli diplom kimi tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar