Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-1819/2025 01.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Agrostar Azerbaijan" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli **********189341 saylı “Vergi ödəyicisi və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında” qərarının ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli **********189341 saylı Vergi ödəyicisi və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2024-cü il tarixli **********183342 qərarı əsasında həmin idarənin əməkdaşları tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin əlavə dəyər vergisi üzrə 2021-ci il aprel – 2024-cü ilin mart aylarını,əmlak vergisi üzrə 2021-2024-cü illəri, sadələşdirilmiş vergi üzrə 2021-ci il 2-ci rüb – 2024-cü il 1-ci rübləri, torpaq vergisi üzrə 2021-2023-cü illəri,aksiz vergisi üzrə 2021-ci il aprel – 2024-cü ilin mart aylarını, mənfəət vergisi üzrə 2021-2023-cü illəriəhatə edən hesabat dövrləri yoxlanılmış və yoxlamanın nəticələrinə dair xx.xx.2024-cü il tarixli **********184984 saylı akt tərtib edilmişdir. Aktın nəticələri üzrə çıxarılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********189341 saylı qərarına əsasən, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 2022-ci ilin mənfəət vergisi üzrə 152587.68 manat əlavə hesablama aparılmış və 76293.84 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2023- cü ilin mənfəət vergisi üzrə 50035.75 manat əlavə hesablama aparılmış və 25017.88 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2022-ci ilin əlavə dəyər vergisi üzrə 5538.20 manat əlavə hesablama aparılmış və 2769.10 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2023-cü ilin əlavə dəyər vergisi üzrə 2307.84 manat əlavə hesablama aparılmış və 1153.92 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2024-cü ilin əlavə dəyər vergisi üzrə 363.09 manat əlavə hesablama aparılmış və 181.55 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2023-cü ilin əmlak vergisi üzrə 17.33 manat əlavə hesablama aparılmış və 8.67 manat maliyyə sanksiyası tətbiq edilmiş, ümumilikdə 210849.9 manat əlavə vergi hesablanmış və 105424.97 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda göstərilən səbəblərdən cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli **********189341 nömrəli qərarının ləğv edilməsini zəruri hesab edirəm. Akta görə əlavə dəyər vergisi üzrə cəmi 8209.13 manat, 2022-ci il üzrə 152587.68 manat, 2023-cü il üzrə 50035.75 manat mənfəət vergisi, 2023- cü il üzrə 8.67 manat əmlak vergisi,cəmi yoxlanılan dövr ərzində 210841.23 manat əlavə vergi hesablanmışdır. Səyyar vergi yoxlaması aktına və bununla bağlı digər sənədlərə nəzər yetirdikdə görünür ki, yoxlayıcı tərəfindən buna heç bir əsas olmadan, 2022 və 2023-cü illər üzrə gəlirdən çıxılan xərclər nəzərə alınmamış, nəticədə vergitutma obyekti artırılmış və 202623.43 manat mənfəətt vergisi hesablanmışdır. AR Vergi Məcəlləsinin104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir.Cavabdeh tərəfindən, iddiaçının hesablamalarının səhv olduğunu təsdiq edən əsaslı sübutlar aktda şərh edilməmiş, səyyar vergi yoxlamasının nəticələrinə dair qərar əsaslandırılmamış, cavabdehin formal mülahizələrinə əsaslanmışdır. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, 10 saylı ƏVİ-də qeydiyyatda olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə (VÖEN: **********) 09 dekabr 2024-cü il tarixli **********189341 saylı “Vergi ödəyicisi və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında” qərarla əlavə olaraq 210849.9 manat əlavə vergi hesablanmış və 105424,97 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Mənfəət vergisi bəyannamələri üzrə gəlirdən çıxılan xərclərin yoxlanılması zamanı bəzi xərclərin rəsmi sənədlərə uyğun gəlmədiyi halları aşkar edilmişdir. Belə ki, komisyon xərcləri, ezamiyyə xərcləri və nəqliyyat xərclərini təsdiq edən ilkin uçot sənədləri vergi ödəyicisi tərəfindən yoxlamaya tam təqdim edilməmişdir, malların maya dəyəri isə vergi ödəyicisinin material hesabatlarında qeyd edilmiş təqdim etdiyi malların maya dəyərinə uyğun olmamışdır. Bəyannamələrdə qeyd edilmiş gəlir məbləğləri rəsmi satış sənədləri ( elektron- qaimə faktura, yük-gömrük bəyannamələri, onlayn kassa məlumatları və vergi ödəyicisinin material hesabatları) əsasında müəyyən edilərək vergi ödəyicisi tərəfindən düzgün qeyd edilmədiyi müəyyən edilmişdir. ƏDV üzrə əvəzləşdirilən elektron-qaimə fakturalar vergi ödəyicisi tərəfindən düzgün qeyd edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 175.4-cü maddəsinin tələbləri pozularaq əvəzləşmə üzrə xüsusi çəki tətbiq edilmədən tam məbləğdə əvəzləşdirilmişdir. Eyni zamanda, ƏDV üzrə əvəzləşmənin vaxtı düzgün müəyyən edilmədiyi üçün bəzi aylarda ƏDV məbləğinin vaxtında ödənilmədiyi halları aşkar edilmişdir. Həmçinin, ƏDV üzrə Vergi Məcəlləsinin 159-cü maddəsinin tələbləri pozularaq vergitutma obyektinin düzgün müəyyən edilməməsi nəticəsində 2023-cü il üzrə ƏDV məbləğinin az hesablandığı aşkar edilmişdir. Əmlak vergisi üzrə Vergi Məcəlləsinin 197-ci maddəsinin tələbləri pozularaq vergitutma obyektinin düzgün müəyyən edilməməsinə görə əmlak vergisi məbləğinin büdcəyə az hesablandığı aşkar edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin gəlirlərinin və xərclərinin düzgünlüyünü müəyyən etmək üçün yoxlamaya təqdim edilmiş sənədlər və DVX baza məlumatlarına istinad edilmişdir. Vergi Məcəlləsinin 108.1-ci maddəsi əsas götürülməklə rəsmi sənədlərlə sübuta yetirilməyən, ilkin uçot sənədləri mövcud olmayan və vergi ödəyicisi tərəfindən əsaslandırılmayan xərclər yoxlama ilə nəzərə alınmamışdır və gəlirdən çıxılan xərclərə aid edilməmişdir. Mənfəət vergisi üzrə digər sətirlərdə qeyd edilmiş xərc maddələri ilkin uçot sənədləri, DVX baza məlumatları, bank çıxarışları və digər bəyannamə məlumatları ilə qarşılaşdırılaraq bəzi xərclərin artıq, bəzi xərclərin isə az göstərildiyi müəyyən edilmiş və yoxlama ilə düzəldilmişdir. Nəticədə, yoxlama ilə vergi ödəyicisi tərəfindən artıq hesablanmış vergilər azaldılmış, az hesablanmış vergilər bərpa edilmiş və azaldılmış vergi məbləğlərinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50 faiz maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama zamanı vergi ödəyicisinin gəlir və xərclərinin müəyyən edilməsi üçün DVX-nin baza məlumatları və vergi ödəyicisinin təqdim etdiyi sənədlər əsas götürülmüşdür. Yoxlama zamanı vergi ödəyicisinin təqdim etdiyi sənədlər ilə mənfəət vergisi bəyannaməsində göstərilmiş gəlir və xərclər arasında uyğunsuzluqlar aşkar edilmişdir. Həmçinin, bəzi xərcləri təsdiq edən ilkin uçot sənədləri vergi ödəyicisindən rəsmi qaydada tələb edilməyinə baxmayaraq yoxlamaya tam təqdim edilməmişdir. Nəticədə, vergi ödəyicisi tərəfindən mənfəət vergisi bəyannaməsində düzgün qeyd edilməmiş gəlir və xərc məbləğləri yoxlama ilə rəsmi qaydada tərtib edilmiş sənədlərə yenidən baxılaraq müəyyən edilmiş və vergi ödəyicisinin mənfəət vergisi üzrə 2022-ci ildə 152587,68 manat, 2023-cü ildə 50035,75 manat vergi məbləğini az hesabladığı müəyyən edilmişdir. Azaldılmış və ya yayındırılmış vergi məbləğinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50 faiz məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 175.4-cü maddəsinin tələblərinə əməl edilmədiyi halları aşkar edilmişdir. Belə ki, Yoxlanılan dövrdə vergi ödəyicisi tərəfindən vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparılmışdır. Vergi ödəyicisinin yoxlamaya təqdim etdiyi sənədlərə əsasən bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparılmadığı müəyyən edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 175.4-cü maddəsinin tələbləri nəzərə alınmadan əldə edilmiş mallar əvəzləşməyə təqdim edilərkən xüsusi çəki nəzərə alınmadan tam məbləğdə əvəzləşdirilmişdir. Həmçinin, vergi ödəyicisi Vergi Məcəlləsinin 175.1.1-ci maddəsinin tələblərini pozaraq alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin ödənildiyi aydan fərqli aylarda ƏDV məbləğlərini əvəzləşməyə təqdim etdiyi hallar aşkar edilmişdir. Nəticədə, yoxlama ilə Vergi Məcəlləsinin 175.4-cü maddəsi əsas götürülərək vergi ödəyicisinin artıq əvəzləşdirdiyi ƏDV məbləğlərinə xüsusi çəki tətbiq edilərək yoxlama dövrü üzrə 7705,12 manat ƏDV məbləğinin büdcəyə az hesablandığı aşkar edilmişdir. Bundan əlavə, vergi ödəyicisinin 2023-cü il dekabr ayında ƏDV-yə 18% dərəcə ilə cəlb edilən 2800,0 manat məbləğində elektron-qaimə faktura ilə rəsmiləşdirilmiş satış məbləğini ƏDV bəyannaməsində dövriyyədə göstərmədiyi aşkar edilmişdir. Beləliklə, 2023-cü il dekabr ayı üzrə 504,0 manat (2800*18%) ƏDV məbləğinin büdcəyə az hesablandığı müəyyən edilmişdir. Ümumi olaraq yoxlama dövrü üzrə 8209,12 (7705,12+504,0) manat ƏDV məbləğinin büdcəyə az hesablandığı aşkar edilmişdir. Azaldılmış və ya yayındırılmış vergi məbləğinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50 faiz məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisinin vergiyə cəlb edilən əmlakı Vergi Məcəlləsinin 197-ci maddəsinə əsasən müəyyən edilmişdir. Əmlak vergisi üzrə 2021-2023-cü il hesabat dövrləri yoxlanılmış və 2022 və 2023-cü illərdə vergi ödəyicisinin əmlak vergisinə cəlb edilən əmlakı olduğu müəyyən edilmişdir. İddiaçının qeyd etdiyi 2024-cü il yoxlama ilə əhatə edilən dövrə aid edilmədiyi üçün yoxlanılmamışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilən əmlak vergisi bəyannamələrində ilin əvvəlinə və sonuna qeyd edilmiş əmlakın məbləği göstəricilərinin faktiki olaraq il ərzində əldə edilmiş əmlak və ilin sonuna qalan əmlakın Vergi Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq amortizasiya hesablandıqdan sonra qalan əmlakın dəyərinə uyğun olmadığı müəyyən edilmişdir. Nəticədə, 2022-ci il üzrə əmlak vergisinin 14,32 manat artıq hesablandığı, 2023-cü il üzrə 17,33 manat az hesablandığı müəyyən edilmişdir. Azaldılmış və ya yayındırılmış vergi məbləğinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50 faiz məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. İddiaçı barəsində “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2024-cü il tarixli **********189341 nömrəli qərar;
2. **********184984 nömrəli Səyyar vergi yoxlanılması aktı.
3. Cavabdehin etiraz məktubu və ona əlavə olunan sənədlər. Əsaslandırma hissəsi:
Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formalhüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddihüquqi baxımdan qanunilik). İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh orqanın qərarı ilə onun subyektiv hüquqlarına birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********189341 nömrəli qərarını mübahisələndirmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixində verildiyindən və iddiaçının təqdim etdiyi sübutlara əsasən Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddət buraxılmamışdır. İddia mümkün iddiadır. Aşağıdakı normaları işin hallarına tətbiq edən məhkəmə hesab edir ki,iddia mahiyyət etibarı ilə əsaslıdır. Məhkəmə vurğulayır ki, VM-in 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin hüquq normasına ümumi şəkildə istinad edilməsi yolverilməzdir. Hazırkı iddia tələbinə əsasən mübahisələndirilən qərar əsasında iddiaçıya cəmi 210835,53 manat əlavə vergi hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən həmin məbləğin 50 faizi həcmində maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh inzibati orqanın iddiaçının fəaliyyəti üzrə səyyar vergi yoxlaması qanunla müəyyən edilmiş müddət kriteriyalarına formal riayət edilməklə aparılmışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsi səyyar vergi yoxlamasının 30 iş günündən artıq davam edə bilmədiyini və müstəsna hallarda əsaslandırılmış qərarla həmin müddətin 90 iş gününədək artırılmasının mümkünlüyünü nəzərdə tutur. Lakin hazırkı işin hallarından görünür ki, səyyar vergi yoxlaması 4 aydan artıq davam etmiş və bu müddət ərzində 5 dəfə “müddətin uzadılması barədə” qərarlar qəbul olunsa da, sözügedən qərarların qəbulunun zəruriliyi həmin qərarlarda, eləcə də yoxlama aktında və akt əsasında qəbul edilmiş qərarda heç bir tutarlı xüsusatla əsaslandırılmamışdır. Cavabdeh tərəfindən həmin qərarın qəbul edilməsini bir neçə əsasla izah etmişdir.Belə ki,cavabdeh vergi bəyannaməsi üzrə gəlirdən çıxılan xərclərin yoxlanılması zamanı bəzi xərclərin rəsmi sənədlərə uyğun olmadığını qeyd edir.Məsələn, 48990 manat nəqliyyat xərcini,habelə ezamiyyə xərcini təsdiq edən uçot sənədlərinin təqdim edilmədiyi aktda təsbit olunmuşdur. Məhkəmə cavabdehin həmin mövqeyini əsassız hesab edərək qeyd edir ki,iddiaçının təsərrüfat fəaliyyəti məhsulun birbaşa nəqliyyat və daşıma xərcləri olmadan mümkün deyildir. Nəzərə alınmalıdır ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur Cavabdeh inzibati orqan tərəfindən gəlidən çıxılan vergilər nəzərə alınmamış,vergitutma obyektinin artırılması nəticəsində əlavə vergi hesablanmışdır. Mənfəət vergisi ilə bağlı hesablamanın əsasları aşağıdakılardır: Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Cavabdeh etiraz məktubunda ƏDV məqsədləri üçün Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən vergitutma obyektinin düzgün müəyyən edilməsi üçün vergi ödəyicisinin elektron qaimə faktura ilə satış məlumatları, NKA-nın fiskal hesabatları, pərakəndə satış cədvəli, anbar hərəkəti məlumatları istifadə edildiyini, ƏDV bəyannamələrində bəyan edilən dövriyyə vergi ödəyicisinin təqdim etdiyi material hesabatları ilə müqayisədə fərqli olduöunu bildirmişdir.Lakin,cavabdeh tərəfindən tələbnamə təqdim edildikdən sonra iddiaçı tərəfindən xərclərə dair təqdim edilən sənədlər araşdırılmamış,nəticədə vergitutma obyekti düzgün müəyyənləşdirilməmişdir. Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. ... Maddə 15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: ... 15.1.8. vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək; 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək; ... Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: § nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; § səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. ... 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda - məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatla 175.4. Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDVnin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. İnzibati Prossesual Məcəllənin: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin “Agrostar Azerbaijan" Qapalı Səhmdar Cəmiyyəti barəsində qəbul etdiyi “Vergi ödəyicisi və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında” 09 dekabr 2024-cü il tarixli **********189341 nömrəli qərarı ləğv edilir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə