Məhkəmə qərarları › İş №2-1(116)-19/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-19/2024

15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-19/2024 15.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin **********158709 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin **********158709 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - cavabdehin **********158709 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən, vergi ödəyicisi İddiaçı gəlir vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2019-cu il üzrə 85102.38 (səksən beş min yüz iki manat, 38 qəpik) manat, 2020-ci il üzrə 311.99 (üç yüz on bir manat. 99 qəpik) manat və cəmi 85414.37(səksən beş min dörd yüz on dörd manat, 37 qəpik) manat azaldılmasına, əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2019-cu il ərzində 62326.07 (altmış iki min üç yüz iyirmi altı manat, 07 qəpik) manat və 2020-ci il ərzində 1221.66 manat ( min iki yüz iyirmi bir manat. 66 qəpik) manat, cəmi 63547.73 (altmış üç min beş yüz qırx yeddi manat, 73 qəpik) manat azaldılmasına, sadələşdirilmiş verginin hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2019-cu il ərzində 91.33 (doxsan bir manat, 33 qəpik) manat artıq hesablanmasına, MDSS - Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə hesablanmalı olan sığorta məbləğinin 180.00 (yüz səksən) manat azaldılmasına, ümumilikdə vergilərin 148962.10 (yüz qırx səkkiz min doqquz yüz altmış iki manat, on qəpik) manat azaldılmasına və yayındırılmasına, 91.33 (doxsan bir manat. 33 qəpik) manat vergilərin isə artıq hesablanmasına, nəticədə 148870.77 (yüz qırx səkkiz min səkkiz yüz yetmiş manat, yetmiş yeddi qəpik) manat vergilərin azaldılmasına, məcburi dövlət sosial sığorta haqlarının 180.00 (yüz səksən) manat azaldılmasına və yayındırılmasına yol verilmişdir. Cavabdehin **********158709 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə eyni zamanda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrinə əsasən eləcə də **********762700 saylı, Tələbnaməyə əsasən, İddiaçı aşağıdakı maliyyə sanksiyaları tətbiq edilmişdir. - əlavə hesablanmış vergilər və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları; 149050.77 (yüz qırx doqquz min əlli manat, 77 qəpik ) manat, - Vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta haqqında qanunvericliyin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları: 74691.06 (yetmiş dörd min altı yüz doxsan altı manat, 06 qəpik) manat. İddiaçı hesab edir ki, tətbiq olunmuş maliyyə sanksiyaları əsassızdır və aşağıdakı əsaslara görə ləğv edilməlidir. 10 saylı Ərazi Vergilər İdarəsi ilə "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkəti arasında bağlanmış müqaviləyə və ekspert ayrılması barədə 10 yanvar 2022-ci il tarixli, ********** 153396 saylı qərara əsasən səyyar vergi yoxlaması zamanı ortaya çıxan sualların aydınlaşdırılması üçün "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinə İddiaçı satdığı malların bazar qiymətinin miiəyyən edilməsi tapşırılmışdır. "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin eksperti tərəfindən 10 yanvar - 13 aprel 2022-ci il tarixlərində həyata keçirilən ekspertizanın nəticəsinə əsasən həm satılan meyvə-tərəvəz məhsullarının, həm də digər ərzaq məhsullarının ümumi dəyəri müəyyən edilmişdir. "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin 13 aprel 2022- ci il tarixli rəyinə əsasən, İddiaçı satdığı meyvə - tərəvəz məhsullarının manatla ƏDV-li ümumi dəyəri 3030791, 30 (üç milyon otuz min yeddi yüz doxsan bir manat, otuz qəpik ) manat müəyyən edilmişdir. “MBA LTD" MMC Konsaltinq və Qiymətləndirmə Şirkətinin 13 aprel 2022-ci il tarixli rəyinin İddiaçı satdığı meyvə - tərəvəz məhsullarının manatla ƏDV-li ümumi dəyəri 3030791,30 ( üç milyon otuz min yeddi yüz doxsan bir manat, otuz qəpik) manat müəyyən edilməsi hissəsi ilə iddiaçı razılaşmır, belə ki, ümumi məbləğ həddindən artıq şişirdilmişdir və bu rəy əsasında yazılmış maliyyə sanksiyaları əsassızdır. Ekspert rəyi İddiaçı satdığı meyvə - tərəvəz məhsullarının manatla ƏDV-li ümumi dəyəri 3030791,30 ( üç milyon otuz min yeddi yüz doxsan bir manat, otuz qəpik) manat müəyyən edilməsi hissəsində yanlışlığa yol vermişdir. Çünki ekspert aşağıda qeyd edilən vacib nüansları nəzərə almamışdır. Meyvə-tərəvəz ərzaq mallarının bazar qiyməti müəyyən edilən zaman nəzərə alınmalıdır ki, onların satıcı tərəfindən satılmağa başladığı ilk gün ilə növbəti günlər arasında qiymət fərqi olur. Belə ki, bu tip ərzaq malları satılan zaman ilk günə nisbətdə sonrakı günlərdə satıcı malı alıcılara daha aşağı qiymətlə təklif edir. Çünki müvafiq meyvətərəvəz növündən olan ərzaq malları ilkin təzəliyini və təravətini daha çox qoruya bilmir, qısa müddətdə xarab olma ehtimalları yüksək olur. Növbəti vacib məsələ isə odur ki, ekspert öz rəyində ekspertizanın 10 yanvar - 13 aprel 2022-ci il tarixlərində həyata keçirilməsini qeyd etsə də. bu müddətdə məsulların xarab olma ehtimalını, qiymətlərin enməsini nəzərə almadan əsassız şəkildə yüksək məbləğlər müəyyən etmişdir. Malların bazar qiyməti müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən amillərə aşağıdakılar aiddir: Mallara tələb və təklifin dəyişməsi; Malların keyfiyyətinin və digər istehlak göstəricilərinin səviyyəsi; Ekspert öz rəyində bu amilləri qeyd etsə də, tədqiqat aparılan zaman bu halları nəzərə almamışdır və vergi orqanı da əsassız bir rəy əsasında maliyyə sanksiyaları tətbiq etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021 -ci il tarixli **********151889 saylı qərarına əsasən İddiaçı (VÖEN-**********) Vergi Məcəlləsinin 38.3.8-cü maddəsinə əsasən (vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinədək olan dövrü əhatə edən vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın keçirilməsi 10 saylı Ərazi Vergilər İdarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin böyük DVM-i, 3-cü dərəcəli müfəttiş X4, böyük DVM, 2-ci dərəcəli müfəttiş X2 və DVM 3-cü dərəcəli müfəttiş X1 tapşırılmışdır. Vergi Məcəlləsinin 23-cü və 38-ci maddələrinə əsasən vergi ödəyicisi üzrə keçirilən səyyar vergi yoxlaması üzrə yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların,malların təqdim edilməsi ilə bağlı əməliyyatların yerinə yetirilməsi və təhviltəslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün müddətin artırılması zərurətini nəzərə alaraq xx.xx.2022-ci il tarixli **********153334 saylı qərar ilə səyyar vergi yoxlamasının müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək artırılmışdır. Səyyar vergi yoxlaması zamanı bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə (vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların bazar qiymətinin müəyyən edilməsi) üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə ekspert dəvət olunması zərurəti yaranmışdır. Odur ki, vergi ödəyicisinin satdığı malların bazar qiymətini müəyyən etmək üçün Vergi Məcəlləsinin 23-cü və 44-cü maddələrinə uyğun olaraq 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********153396 saylı ‘‘Ekspertin dəvət edilməsi haqqında Qərar”ına əsasən "xxxx" MMC-nin eksperti dəvət edildi. Ekspert Vergi Məcəlləsinin 44.2-ci maddəsinə uyğun olaraq müqavilə əsasında dəvət olunmuşdur. Ekspert tərəfindən xx.xx.2022-ci il tarixli **********165100 saylı rəy təqdim edilmişdir. Səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixli **********153618 saylı qərarla xx.xx.2022- ci il tarixdən xx.xx.2022-ci il tarixədək, 11,03.2022-ci il tarixli **********155317 saylı qərarla xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixli **********156221 saylı qərarla xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, ekspert tərəfindən rəy təqdim olunmadığına görə Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən (vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək) dayandırılmışdır.

1. Gəlir vergisinin yoxlanılması üzrə 2019-cu və 2020-ci illər üzrə gəlir vergisinin düzgünlüyü yoxlanıldı. Vergi ödəyicisi tərəfindən 2019-ci il üzrə gəlir vergisi bəyannaməsi Vergi Məcəlləsinin 149.2-ci maddəsində göstərilən müddətdə vergi orqanına təqdim edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2019-cu il üzrə gəlir vergisi bəyannaməsində gəlirlərin məbləği 2226325.08 manat, xərclərin məbləği 2223073.47 manat vergiyə cəlb olunan gəliri 3251.61 manat, gəlir vergisinin 650.32 manat olduğu göstərilmişdir. 2020-ci il üzrə gəlir vergisi bəyannaməsi vergi orqanına təqdim edilməmişdir. Lakin yoxlama zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2019-cu il gəlir vergisi bəyannaməsində vergiyə cəlb olunan ümumi gəlirlərin 346255.93 manat azaldıldığı, ümumi xərclərin isə 79255.96 manat artıq göstərildiyi aşkar edilmişdir. Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Eyni zamanda Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi ödəyicisinə sənədlərin təqdim edilməsi barədə tələbnamə təqdim edilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən yoxlamaya heç bir sənəd təqdim edilməmişdir. 2019 və 2020-ci il üzrə gəlir vergisinin yoxlanılması zamanı DVX-nin baza məlumatlarına əsasən vergi ödəyicisinin gəlir və xərcini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan səbəblərdən vergi ödəyicisinin gəlirlərinin müəyyən edilməsi üçün ekspert dəvət olunmuşdur və ekspert tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli **********165100 nömrəli rəyə əsasən vergi ödəyicisinin gəlirləri müəyyən edilmiş və şərti rentabellik norması əsasında onun ekspert tərəfindən müəyyən olunan ümumi gəliri Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları’na uyğun olaraq aşağıdakı şərti üsulla gəlirlər əsasında müəyyən edildi və həmin gəlirdən birbaşa vergi hesablandı. 2019- cu il üzrə : Cəmi gəlirlər - 2572581.01, Cəmi xərclər -2143817.51, Şərti rentabellik - 20% Gəlir - 428763.50, Gəlir vergisi -85752.70, 2020- ci il üzrə : Cəmi gəlirlər - 6786.98, cəmi xərclər -5227.03, Şərti rentabellik - 20%, Gəlir - 1559.95 Gəlir vergisi -311.99 Beləliklə 2019-cu ildə 428763.5 manat dövriyyənin, 85752.7 manat gəlir vergisi məbləğinin azaldıldığı və vergi odəyicisi tərəfindən həmin dövr üzrə hesablanmış 650.31 manat vergi məbləğini nəzərə alaraq ümumilikdə 85102.39 (85752.7-650.31) manat mənfəət vergisi hesablandı. Həmçinin Vergi məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50%-i miqdarında yəni 42577.19 manat maliyyə sanksiyası tətbiq olunması təklif olunur. 2020-ci ildə vergiyə cəlb olunan gəlirlərin 6786.98 manat azaldıldığı, xərclərin isə 5227.03 manat az göstərilməsi aşkar olundu. Beləliklə vergiyə cəlb olunan gəlirin 1559.95 manat, gəlir vergisi məbləğinin isə 311.99 manat olduğu aşkar olundu. Eyni zamanda yayındırılmış məbləğin 50%i miqdarında 155.99 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunur. Yekun olaraq 2019-cu və 2020-ci ildə 86064.69 manat vergi məbləği və eyni zamanda Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50%i yəni 43032.34 manat maliyyə sanksiyası tətbiq olunması təklif olunur.

2. ƏDV-nin hesablanmasının düzgünlüyünün yoxlanılması Yoxlamanın əhatə etdiyi dövrün ayrı-ayrı hesabat aylarında büdcəyə ödənilməli ƏDV- nin 63547.73 manat azaldılması müəyyən edildi. Fərqin yaranmasının səbəbi aşağıdakılar olmuşdur: Vergi ödəyicisi tərəfindən yoxlamaya heç bir sənəd təqdim edilməmişdir. Vergi ödəyicisinin aldığı mallar DVX-nin baza məlumatlarına əsasən müəyyən edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən malların hansı qiymətlərlə təqdim edildiyi barədə hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Vergi ödəyicisinin qeydiyyatda olan NKA-sı olmamış və ya hər hansı qaimə-faktura ilə malların təqdim edilməsi halına rast gəlinməmişdir. Bu səbəbdən alınmış malların satışı üzrə bazar qiymətinin müəyyən edilməsi üçün Vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 44-cü maddəsinə uyğun olaraq ekspert dəvət edilmişdir. Ekspert tərəfindən yoxlamaya təqdim edilən rəyə əsasən xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixə qədər təqdim etdiyi dövriyyə məbləği (2572581.01 manat) ilə vergi ödəyicisinin həmin dövr üzrə göstərdiyi dövriyyə (2226325.08 manat) arasında 346256.01 manat (25725xx.xx-2226325.08) fərq yaranmışdır. Həmin fərq vergi ödəyicisi tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində bəyan edilmiş dövriyyənin ümumi dövriyyədə xüsusi çəkisinə uyğun olaraq hesablanmışdır. Vergi ödəyicisi tərəfindən 2019-cu il Mart ayı üzrə 1711944.08 manat dövriyyə məbləği göstərilmişdir, lakin Mart ayı üzrə ekspertin rəyinə əsasən satılmış malların bazar qiymətinin dəyəri 1978199.35 manat (17119xx.xx/2226325.08*2572581.01) təşkil etdiyi müəyyən edilib ƏDV bəyannaməsinə əlavə edilmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu il Aprel ayı üzrə 425596.0 manat dövriyyə məbləği göstərilmişdir, lakin Aprel ayı üzrə ekspertin rəyinə əsasən satılmış malların bazar qiymətinin dəyəri 491788.10 manat (425596.0/2226325.08*2572581.01) təşkil etdiyi müəyyən edilib ƏDV bəyannaməsinə əlavə edilmişdir. Vergi ödəyicisi tərəfindən 2019-cu il May ayı üzrə 88785.0 manat dövriyyə məbləği göstərilmişdir, lakin May ayı üzrə ekspertin rəyinə əsasən satılmış malların bazar qiymətinin dəyəri 102593.55 manat (88785.0/2226325.08*2572581.01) təşkil etdiyi müəyyən edilib ƏDV bəyannaməsinə əlavə edilmişdir. Nəticədə vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə 62326.08 manat (346256.01*18%) ƏDV-nin az hesablandığı müəyyən olundu. Yoxlama ilə 62326.08 manat azaldılmış ƏDV məbləği hesablandı. Həmçinin Vergi məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50%-i miqdarında yəni 31163.04 manat (62326.08*50%) maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək 4717.54 manat məbləğində e-qaimə əldə edilmiş, lakin heç bir dövriyyə bəyan etməmişdir. Eyni zamanda 2020-ci il üzrə 509.7 manat məbləğində e-qaimə əldə etmiş lakin heç bir dövriyyə bəyan etməmişdir. Vergi ödəyicisi hər hansı bir mal qalığı olmaması haqqında izahat təqdim etmişdir. Nəticədə vergi ödəyicisində əksik gələn malları VM-nin 67.15-ci maddəsinə əsasən vergi ödəyicisinin ƏDV-nin ödəyicisi olduğu sonuncu aya dövriyyə kimi əlavə edilmişdir. Vergi ödəyicisi 2020-ci il Mart ayı ƏDV bəyannaməsində hesablamalı olduğu 1221.66 manat (6786.98*18%) əlavə dəyər vergisini az hesablamışdır və eyni zamanda 1221.66 manat kənarlaşmanın 50%-i məbləğində 610.83 manat maliyyə sanksiyası tətbiq olunması təklif olunur. Ümumilikdə yoxlamanın əhatə etdiyi dövr ərzində 63547.73 manat (62326.08+1221.66) ƏDV məbləği hesablandı. Həmçinin Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış 63547.73 manat vergi məbləğinin 50%-i miqdarında yəni 31773.43 manat maliyyə sanksiyası hesablanması təklif olunur.

3. Muzdla işləyənləri işə götürən sğortaedənlər hesabatlarının yoxlanılması üzrə Vergi ödəyicisinin yoxlanılan dövrdə 2019-cu ilin 2-ci rüb MDSS hesabatı üzrə 1-ci və 2-ci ayları üzrə MDSS hesablamışdır, lakin vergi ödəyicisi 3-cü ay üzrə MDSS hesablamamışdır. Eyni zamanda 2019-cu ilin 3-cü rübünün 1-ci ayında sahibkarlıq fəaliyyəti olmasına baxmayaraq həmin dövr üzrə müvafiq bəyannamə təqdim etməmişdir. Qeyd edilənləri nəzərə alaraq, 2019-cu ilin 2-ci rübünün 3-cü ayı üzrə 90 manat, 2019-cu ilin 3-cü rübünün 1-ci ayı üzrə 90 manat MDSS və eyni zamanda yayındırılmış məbləğin 50% məbləğində yəni 90 manat ((90+90)*50%) maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Eyni zamanda Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 2019-cu ilin 3-cü rübü üzrə MDSS hesabatını təqdim etmədiyinə görə 40,0 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur.

4. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin yoxlanılması. 2019- cu il üzrə təqdim olunmuş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrində verginin hesablanmasının düzgünlüyü yoxlanıldı. Yoxlamanın əhatə etdiyi dövrdə yoxlanan şəxsin işçisi olmamış və muzdlu işlə əlaqədar hər hansı əmək haqqı hesablamamışdır, Vergi Məcəlləsinin 98.2.1-98.2.7-ci mədələrində göstərilən muzdlu işlə əlaqədar digər ödəmələr verilməmişdir. Yoxlama ilə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin hesablanmasında heç bir kənarlaşma aşkar edilmədi.

5. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin yoxlanılması 2020-2021-ci il üzrə Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri yoxlanıldı. Həmin dövrlər üzrə bəyannamələr vergi ödəyicisi tərəfindən təqdim edilməmişdir. Vergi ödəyicisinin həmin dövrdə fəliyyətini dayandırdığı üçün Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanmasında heç bir kənarlaşma aşkar edilmədi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-1.3-cü və Azərbaycan Respublikası İnzibati icraat haqqında Qanunun 62.2-ci maddələrində göstərilmişdir ki, sənədlər elektron üsulla ödəyicinin elektron kabinetinə göndərildikdə elektron üsulla göndərildiyi göndən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Göstərilənləri nəzərə alaraq bildiririk ki, İddiaçı şikayətində göstəriyi dəlillər tam əsassızdır, heç bir hüquqi əsası yoxdur. Vergi orqanı səyyar vergi yoxlamasını Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və qüvvədə olan digər qanunvericilik aktlarının tələblərinə uyğun həyata keçirilməklə əlavə vergi hesablamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********158709 nömrəli qərar, **********154552 saylı səyyar vergi yoxlaması aktı, səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərar, xx.xx.2021-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış, ekspertizanın təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərar, sənədlərin və əşyaların götürülməsi haqqında xx.xx.2022-ci il tarixli qərar, səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında xx.xx.2022-ci il tarixli qərar, xx.xx.2022-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış, səyyar vergi yoxlamasının dayandırılması haqqında xx.xx.2022-ci il tarixli qərar, xx.xx.2022-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış, səyyar vergi yoxlamasının dayandırılması haqqında xx.xx.2022-ci il tarixli qərar, xx.xx.2022-ci il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış, fərdi sahibkarın vergi uçotunun ləğv edilməsi barədə ərizəsi.

Əsaslandırma hissəsi:

Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, xx.xx.2024-cü il tarixli ərizəsində məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddia “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində ... qaldırıla bilər. Mübahisələndirilən qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə iddiaçıya təqdim edilmiş, iddia ərizəsi isə məhkəməyə xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə göndərilmişdir. Odur ki, mübahisələndirmə haqqında iddianın müddətlə bağlı xüsusi mümkünlük şərtinə əməl olunmuşdur. Lakin, iddia qismən əsaslıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. ... 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar - kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Məhkəmə səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə vergi orqanlarının qəbul etdiyi qərarlarla bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Sözügedən qərar vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən edir. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaçıya məxsus təsərrüfat subyektində Vergi Məcəlləsinin 38.3.8-cü maddəsinə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2019cu il tarixdən xx.xx.2021-ci il tarixinədək olan dövrü əhatə edən vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin etmişdir. Növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsinə əsas fərdi sahibkarın vergi uçotunun ləğv edilməsi barədə ərizəsi olmuşdur. Yoxlama müddəti xx.xx.2021-xx.xx.2022 ci illərdə (46 gün – 30 iş günü), xx.xx.2022-xx.xx.2022-ci illərdə (42 gün – 31 iş günü) artırılmışdır. Eyni zamanda xx.xx.2022-xx.xx.2022 (20 gün – 15 iş günü), xx.xx.2022-xx.xx.2022 (27 gün – 16 iş günü), xx.xx.2022-xx.xx.2022 (21 gün – 15 iş günü)-ci il tarixlərdə yoxlama dayandırılmışdır. Yekun olaraq mübahisələndirilən qərar əsasında vergi orqanı ekspert rəyi əsasında satış üzrə bazar qiymətini müəyyən etmiş, ekspert rəyi ilə müəyyən edilmiş dövriyyə ilə vergi ödəyicisinin təqdim etdiyi dövriyyə arasında fərq yarandığından ƏDV-yə münasibətdə 2019-cu il üzrə 62326.08 manat az ƏDV-nin ödənilməsi müəyyən olunmuş və 31163.04 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 2020-cı il üzrə isə ƏDV-yə münasibətdə 1221.66 manat az ƏDV-nin ödənilməsi müəyyən olunmuş və 610.83 manat maliyyə sanksiyası tətbiq edilmişdir (cəmi: 63547,73 m. ƏDV + 31773,43 m. maliyyə sanksiyası=95321,16 manat). Gəlir vergisinə münasibətdə cavabdeh orqan 2019-cu il üzrə 85752,70 manat, 2020-ci il üzrə 311,99 manat vergi borcu olmaqla, cəmi 86064,69 manat gəlir vergisi və həmin məbləğə müvafiq olaraq 43032,34 manat məbləğində maliyyə sanksiyası hesablamışdır. Vergi ödəyicisinin yoxlanılan dövrdə 2019-cu ilin 2-ci rüb MDSS hesabatı üzrə 1-ci və 2-ci ayları üzrə MDSS hesablamış, lakin vergi ödəyicisi 3-cü ay üzrə MDSS hesablamamışdır. Eyni zamanda 2019-cu ilin 3-cü rübünün 1-ci ayında sahibkarlıq fəaliyyəti olmasına baxmayaraq, həmin dövr üzrə müvafiq bəyannamə təqdim etməmişdir. Odur ki, 2019-cu ilin 2-ci rübünün 3-cü ayı üzrə 90 manat, 2019-cu ilin 3-cü rübünün 1-ci ayı üzrə 90 manat MDSS və eyni zamanda yayındırılmış məbləğin 50% məbləğində yəni 90 manat ((90+90)*50%) maliyyə sanksiyası, eyni zamanda Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 2019-cu ilin 3-cü rübü üzrə MDSS hesabatını təqdim etmədiyinə görə 40,0 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. Beləliklə, yoxlama ilkin olaraq 30 gün müddətinə təyin edilmiş, 2 dəfə 30 (31) iş günü müddətinə uzadılmış, 46 gün müddətində isə dayandırılmışdır. Bütövlükdə yoxlama cəmi 106 iş gününü əhatə etmişdir. Halbuki, VM-nin 38.2-ci maddəsinin tələbinə görə səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Məhkəmə tərəfindən səyyar vergi yoxlamasının dayandırılması əsasları yoxlanılmış və müəyyən edilmişdir ki, dayandırılmanın əsası satılan malların bazar qiymətinin müəyyən edilməsi məqsədilə ekspertin dəvət edilməsi ilə bağlı olmuşdur. “Tənzimlənən qiymətlər haqqında” 30 may 2003-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, qanunverici bazar qiyməti dedikdə, ekspert rəyi ilə müəyyən olunan qiyməti deyil, tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunan qiyməti nəzərdə tutur və bazar münasibətləri iştirakçıları yalnız qiymətləri dövlət tərəfindən tənzimlənən malları müəyyən olunan qiymət əsasında realizə edə bilərlər. Qalan hallarda onlar satış qiymətini müəyyən etməkdə sərbəstdirlər. Real bazar qiyməti alıcının təklif etdiyi və satıcıya sərf edən qiymətdir. Yəni, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətidir. Qanunvericiliyin tələblərinə əsasən bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər. Lakin Vergi Məcəlləsinin 14.3-cü maddəsinin hazırkı iş üzrə səyyar vergi yoxlamasının keçirildiyi tarixdə qüvvə olmuş redaksiyasında bu hal yalnız aşağıdakılarla şərtləndirilmişdir: - barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda; - təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə; - 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, Vergi Məcəlləsinin 14.6.1-ci maddəsinin tələbləri, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zay olmadan əmələgələn itkilər nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə; - müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda; - daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh inzibati orqan vergilərin hesablanması zamanı bazar qiymətini nəzərə alması barədə gəldiyi nəticə Vergi Məcəlləsinin 14.3-cü maddəsinin tələblərinə zidd olmuş, malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilməməsi ilə bağlı müddəa bazar qiymətinin nəzərə alınması üçün qanunda nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, 9 dekabr 2022-ci il tarixli 677-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə yeni məzmunda 14.3.6-cı maddə (vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda)) əlavə edilmişdir. Lakin bu dəyişiklik 1 yanvar 2023-cü il tarixdən qüvvəyə mindiyinə görə hazırkı işə tətbiq edilməsi yolverilməzdir. Hazırkı iş üzrə səyyar vergi yoxlaması aparılarkən qüvvədə olan vergi qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisi tərəfindən malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə vergi orqanının Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğini hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 14-cü maddəsinə görə, Vergi orqanı ilk növbədə Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli və bu üsuldan istifadə etməklə qiymətin müəyyən olunması nəticə vermədiyi təqdirdə, bazar qiymətinin müəyyən edilməsi üçün növbəti mərhələyə keçməli idi. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 14-cü maddəsi ilə hər bir halda birbaşa ekspertiza təyin edilərək ekspert cəlb edilməsi tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli Qərarında qeyd edilir ki, Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin edilməklə müəyyən olunmalıdır. Odur ki, yoxlamanın 46 gün müddətində dayandırılmasının faktiki əsası qanunsuz olduğundan bütövlükdə yoxlamanın keçirildiyi müddət 90 gündən artıq olmuşdur. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin 2-ci hissəsində təsbit edilmiş həmin müddəaya görə səyyar vergi yoxlamasının keçirilməsi müddəti hər bir halda 90 gündən artıq ola bilməz, yəni 90 günlük yoxlama müddəti yoxlamanın başlandığı vaxtdan başa çatan vaxtadək olan müddəti ehtiva edir və ilkin 30 günlük yoxlama (icraat) müddəti də həmin 90 günlük müddətə daxildir. Vergi orqanı tərəfindən yuxarıda qeyd olunan tələblərə əməl edilməmiş, yoxlama başlanılan tarixdən ekspertizanın təyin olunması tarixinədək Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə malların bazar dəyərinin müəyyən edilməsi istiqamətində əsaslı tədbirlər görülməmiş, yalnız ekspert rəyindən yararlanmış, ekspert tərəfindən oferta kimi təqdim edilmiş məlumatlar əsasında verilmiş rəyi mötəbər sübut kimi qiymətləndirmiş, ekspert tərəfindən təqdim edilmiş qiymətlər əsasında satış dövriyyəsi müəyyən edərək həmin dövriyyədən əlavə vergi hesablamış, ekspert rəyi əsasında bazar qiymətini müəyyən etməklə gəldiyi nəticəni qeyd edilən həcmdə məhsulun daxildə satılmasını təsdiq edən hər hansı sübutla əsaslandırmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-228/2023 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş məlumatda bildirilmişdir ki, iş üzrə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli verilən ekspert vəsatətində İddiaçı fəaliyyəti üzrə səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə (xx.xx.2019xx.xx.2021-ci il üzrə) əldə etdiyi ümumi gəlirləri və gəlirləri ilə bağlı xərc sənədlərini təsdiq edən ilkin mühasibat sənədləri, yoxlama dövrü ərzində fiziki şəxs tərəfindən aparılan əməliyyatlarla bağlı qaimələr, vergi hesab fakturalar, ödəniş sənədləri, müqavilələr, vergi hesabatları, ƏDV depozit hesabından çıxarış, bəyannamələri, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərilən qiymətləndirilmiş malların elektron qaydada tərtib edilmiş cədvəlin təqdim edilməsi xahiş olunmuş, lakin, vəsatətədə qeyd edilən sənədlər təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimatın 3.2.3-cü bəndinə əsasən ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. İşin yuxarıda müəyyən edilmiş hallarından göründüyü kimi yoxlanılan dövr üzrə iddiçının ümumi gəlirlərinin və gəlirləri ilə bağlı xərc sənədlərini təsdiq edən ilkin mühasibat sənədləri və digər zəruri sənədlər mübahisələndirilən qərar qəbul edilərkən, o cümlədən iş üzrə ekspertiza tədqiqatı aparılarkən təqdim edilməmişdir. Bununla belə iddiaçı barəsində səyyar vergi yoxlaması keçirilən zaman qüvvədə olan vergi qanunvericiliyinin tələbləri cavabdeh inzibati orqan tərəfindən gözlənilməmiş, vergilərin hesablanması zamanı bazar qiymətinin nəzərə alınmalı olduğu hallar iddiaçı barəsində mövcud olmadığı halda, habelə, cavabdehin Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan əlaqəli məlumatlardan istifadə etmək hüququ olduğu halda, cavabdeh əsassız olaraq bazar qiymətinə istinad etmiş, bu zaman Vergi Məcəlləsinin 14.3-cü maddəsinin tələblərini pozmuş, birbaşa ekspertiza təyin etməklə bazar qiyməti əsasında satış dövriyyəsini müəyyən etməkdə səhvə yol vermişdir. Buna görə də, iddiaçı, ƏDV və gəlir vergisinə münasibətdə hesablanmış vergi borcunun ləğvini tələb etməkdə haqlı olmuşdur. Bununla belə mübahisələndirilən qərar - iddiaçının 2019-cu ilin 3-cü ay üzrə MDSS hesablanmamasına görə 90 manat, 2019-cu ilin 3-cü rübünün 1-ci ayında sahibkarlıq fəaliyyəti olmasına baxmayaraq, həmin dövr üzrə müvafiq bəyannamə təqdim etməməsinə görə 90 manat və eyni zamanda yayındırılmış məbləğin 50% məbləğində yəni 90 manat ((90+90)*50%) maliyyə sanksiyasının tətbiq edilməsi, eyni zamanda Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 2019-cu ilin 3-cü rübü üzrə MDSS hesabatını təqdim etmədiyinə görə 40,0 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində əsaslı olduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin **********158709 saylı, xx.xx.2022-ci il tarixli qərarı ƏDV (cəmi: 95321,16 manat) və gəlir vergisinin hesablanmasına (cəmi: 129097,03 manat) aid hissədə ləğv edilir. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar