Məhkəmə qərarları › İş №2-1(116)-2006/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2006/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2006/2022 26.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclas katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “dövlət qulluğuna görə təyin olunmuş aylıq pensiya məbləğinin 6 misli məbləğində birdəfəlik müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət qulluğuna görə təyin olunmuş aylıq pensiya məbləğinin 6 misli məbləğində birdəfəlik müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1957-ci il tarixdə Ucar rayonunun Lək kəndində anadan olmuş və hal-hazırda 65 yaşını keçmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində (2020-ci ilin 30 iyun tarixədək Nazirliyi yanında) Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin (2020-ci ilin 30 iyun tarixədək Dövlət Sosial Müdafiə Fondunun) Ucar rayon şöbəsinin direktoru və struktur dəyişiklərindən sonrakı müddətdə Ucar rayon qəbul şöbəsinin müdiri vəzifəsində işləmişdir. Dövlət Sosial Müdafiə Fondunun təkidi ilə 15 aprel 2022-ci il tarixli ərizəsi əsasında iddiaçı xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad olunmuşdur. İddiaçı işdən azad olunarkən cavabdehə hazırkı tələblə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli **********3 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.7-ci maddəsi ilə dövlət qulluqçularına pensiya təminatı verilir və həmin Qanunun 33.2-ci maddəsinə uyğun olaraq dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. İddiaçı işdən azad olunarkən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı X3 Filialının əməkdaşı olmuş və həmin vəzifə dövlət qulluğu vəzifəsi hesab olunmur. Bu səbəbdən “Dövlət qulluğu haqqında” qanunun 33.2-ci maddəsi yalnız dövlət qulluğu vəzifəsindən öz arzusu ilə işdən çıxmış şəxslərə aid olunduğundan iddiaçıya şamil olunmamışdır. Bununla əlaqədar iddiaçının 22 aprel 2022-ci il tarixli **********2 nömrəli xitam əmrində birdəfəlik haqqın ödənilməsi barədə qeyd olmamışdır. Ona görə də iddiaçıya ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın verilməsi mümkün olmamışdır. Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli **********4 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: “Dövlət qulluğu haqqında” Qanunun 33-cü maddəsində dövlət qulluğuna xitam verilməsinin qaydası tənzimləndmişdir. Qanunun 33.1.1-ci bəndinə əsasən dövlət qulluqçusunun öz arzusu dövlət qulluquna xitam verilmənin əsaslarından biri hesab olunur. Digər əsaslar sırasında həmçinin 33.1.12-ci bəndə görə dövlət qulluğunda olmanın yaş həddinə çatma qeyd olunmuşdur. Qanunun 32-1-ci maddəsində isə Dövlət qulluğunda imanın yaş həddi tənzimlənmişdir. Qeyd edilən maddənin 32-1.1-ci bəndinə əsasən dövlət qulluğunda olmanın yaş həddi 65-dir. Hazırkı məhkəmə araşdırmasının predmeti iddiaçıya “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsində nəzərdə tutulan məbləğin ödənilməsinin mümkün olub-olmamasıdır. Həmin maddəyə əsasən, “Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluqundan çıxdıqda, ona qanunvericiliyə uyqun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur”. Qeyd olunan Qanunun 33.2-ci maddəsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən xx.xx.2014 və xx.xx.2018-ci illərdə şərh verilmişdir. Həmin Qanunun 33.2-ci maddəsində nəzərdə tutulmuş birdəfəlik haqqın verilməsi də pensiyaya çıxan dövlət qulluqçusunun sosial vəziyyətinin yaxşılaşdırılmasına və layiqli həyat səviyyəsinin təmin edilməsinə yönəlmişdir. Bu maddədə təsbit olunmuş münasibətlər əmək hüquq münasibətlərinin bitəcəyi anda yaranır və işçinin pensiyaya çıxmasına həvəsləndirilməsi məqsədi daşıyır. Analoji işlər üzrə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(102)-285/2022 nömrəli qərarına əsasən iddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası hüququndan yararlanmaqla təqaüdə çıxsa da, işləməyə davam etməklə “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsi ilə nəzərdə tutulan hüququnu itirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin şərh edilməsinə dair” 2014-cü il 8 dekabr tarixli Qərarında qeyd etmişdir ki, bu Qanunun 33.2-ci maddəsi dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə məhz öz arzusu ilə dövlət qulluğundan çıxmasına həvəsləndirir, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır. X4 xüsusilə vurğulamışdır ki, qanunverici bu halda iki əsas şərti irəli sürür:

1. dövlət qulluqçusunun pensiya yaşına çatması;

2. öz arzusu ilə dövlət qulluğundan çıxması. Göstərilən maddənin məzmunundan da aydın olur ki, burada “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilən pensiya yaşı nəzərdə tutulur. Həmin maddəyə görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu maddənin “Qeyd” hissəsi nəzərə alınmaqla, kişilər üçün pensiya yaşı 63, qadınlar üçün isə hazırda 59,5 (bu yaş həddi 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır) yaş təşkil edir. “Dövlət qulluğu haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. Qanunun müvafiq normalarının qarşılıqlı təhlilindən də məlum olduğu kimi pensiyanın 6 misli məbləğində haqqın ödənilməsi üçün yuxarıda qeyd olunan hər iki şərt eyni vaxtda ödənilməlidir. Hazırkı iddia tələbi üzrə isə iddiaçıya həmin haqqın ödənilməsi qanunauyğun deyildir. Etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. İş materiallarında olan: Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********0 nömrəli arayışından görünür ki, iddiaçıya yaşa görə pensiya ödənilir. Cavabdehin etiraz məktubuna əlavə olunmuş iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı: xx.xx.2011-ci il tarixdə 09/11-310 nömrəli əmrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X2 Xidmətinin 16 saylı regionu üzrə X1 rəisi vəzifəsini icra etmişdir. xx.xx.2011-ci il tarixdə 09/11-743 nömrəli əmrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X1 16 nömrəli bölgə üzrə X1 rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixli **********9 nömrəli əmrlə “Dövlət qulluğu haqqında” AR Qanununun 29.2-ci maddəsinin ikinci hissəsinə əsasən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixli **********1 nömrəli əmrlə “Dövlət qulluğu haqqında” AR Qanununun 33.1.1-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2020-ci il tarixdə **********8 nömrəli əmrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon filialının direktoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə **********1 nömrəli əmrlə Fondun 12 saylı regional ərazi filialının Ucar rayon qəbul şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixdə **********1 nömrəli əmrlə Fondun 2 saylı X3 filialının Ucar rayon qəbul şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixdə **********2 nömrəli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. 7.1. Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır.

9. Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. 14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.1.2. dövlət orqanı ləğv edildikdə; 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; 33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; 33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; 33.1.7. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; 33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; 33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; 33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. 33.2. Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. 33.3. Dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər. İşin faktiki hallarına hüquqi qiymət verilməsi çərçivəsində məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə qəbul edilmiş “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 912 nömrəli fərmanının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi yaradılmış, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1077 nömrəli fərmanı ilə nizamnaməsi təsdiq edilmişdir. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. İddia ərizəsinə və işin faktiki hallarına əsasən müəyyən edilir ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixli **********1 nömrəli əmrlə “Dövlət qulluğu haqqında” AR Qanununun 33.1.1-ci maddəsinə əsasən xitam verilmiş, onunla yeni əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə **********8 nömrəli əmrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon filialının direktoru vəzifəsinə təyin edilməsi ilə bağlanmış, xx.xx.2020-ci il tarixdə **********1 nömrəli əmrlə Fondun 12 saylı regional ərazi filialının Ucar rayon qəbul şöbəsinin müdiri vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə **********1 nömrəli əmrlə isə Fondun 2 saylı X3 filialının Ucar rayon qəbul şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir. Yəni iddiaçı artıq yeni əmək müqaviləsi bağlanılan zaman dövlət qulluqçusu olmamış, onun əmək müqaviləsinə xitam verildiyi dövrdə publik hüquqi şəxsin işçisi olaraq dövlət qulluqçusu statusuna malik olmamışdır. İddiaçıya dövlət qulluqçusu qismində stajı nəzərə alınaraq əmək pensiyası təyin edilməsinə baxmayaraq, əmək müqaviləsinə xitam verilərkən onun dövlət qulluqçusu olmaması səbəbindən “Dövlət qulluğu haqqında” qanunla nəzərdə tutulmuş təminatlardan istifadə etmək hüququ yaranmamışdır. Belə ki, Qanunun 33.2-ci maddəsinə əsasən məhz dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Yəni şəxsin ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq alması üçün qanunvericiliklə müəyyən edilmiş zəruri şərt onun pensiya yaşına çatarkən dövlət qulluqçusu olması və dövlət qulluğundan çıxmasından ibarətdir. İddiaçı isə göstərilən tələblərə cavab verməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “dövlət qulluğuna görə təyin olunmuş aylıq pensiya məbləğinin 6 misli məbləğində birdəfəlik müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar