Məhkəmə qərarları › İş №2-1(116)-2031/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2031/2023

31.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2031/2023 31.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Komissiyasına qarşı “30 noyabr 2003-cü il tarixdə doğulmuş, oğlu X1 Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatlarda orqanizmin funksiyalarının pozulmasının 85-90 faiz qeyd olunması, əlilliyin müəyyən edilməsi barədə məlumat qrafasında isə İ dərəcəli əlillik sözlərinin qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Komissiyasına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “30 noyabr 2003-cü il tarixdə doğulmuş, oğlu X1 Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatlarda orqanizmin funksiyalarının pozulmasının 85-90 faiz qeyd olunması, əlilliyin müəyyən edilməsi barədə məlumat qrafasında isə İ dərəcəli əlillik sözlərinin qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İPM-nin 13cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Odur ki, cavabdeh orqanın adı düzgün qeyd edilməlidir. Qaldırılmış iddia tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia növü “mübahisələndirmə haqqında” iddiadır. Belə ki, Elariz Bayramova orqanizmin funksiyalarının pozulmasının 80 % müəyyən ediliyi və 2-ci dərəcəli əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh orqanın ilkin qərarı xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Həmin qərar qəbul edilənədək Elariz Bayramovun hüquqi sferasında dəyişikliyə səbəb olacaq hər hansı inzibati akt qəbul edilməmişdir. Odur ki, əlilliyin ilk dəfə təyin edilməsi ilə bağlı tələb “məcburetmə haqqında” iddia növü kimi nəzərdən keçirilsə də, təyin edilmiş əlilliklə bağlı inzibati aktın mübahisələndirilməsi “mübahisələndirmə haqqında” iddia növü kimi qəbul edilməlidir. Yəni, xx.xx.2022-ci il tarixli 2-ci dərəcəli əlilliyin təyini barədə qərar qəbul edildikdən sonra Elariz Bayramovun hüquqi statusu dəyişmiş, sözügedən qərar onun hüquqi sferasında dəyişikliyə səbəb olduğundan artıq həmin qərarın dəyişdirilməsi ilə bağlı tələbə “mübahisələndirmə haqqında” iddia növü kimi hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, iddiaçının hüquqi marağı xx.xx.2022-ci il tarixli 2-ci dərəcəli əlilliyin təyini barədə cavabdeh orqanın qəbul etdiyi inzibati aktın dəyişdirilməsinə, yəni orqanizmin funksiyalarının pozulmasının 85-90 fazi qeyd edilməklə 1-ci dərəcəli əlilliyin təyin edilməsinə nail olmaqdır. Mübahisələndırmə haqqında iddia ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İnzibatı Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçının təqdim etdiyi Tibbi Sosial Ekspert Komissiyasının imtina cavabının elektron sistemdən çap tarixi xx.xx.2023-cü il qeyd olunmuşdur. İddiaçı, hazırkı tələblə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etdiyindən məhkəmə hesab edir ki, İPM-nin 38.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülmüşdür. Bu isə iddianın mümkün sayılmaması üçün əsasdır. Həmçinin iddia ərizəsinə əlavə edilmiş, cavabdeh orqana müraciət ərizəsinin tarixindən də görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixdə mübahisələndirilən inzibati aktdan məlumatı var idi. Belə olan halda iddiaçı hazırda mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli inzibati aktı xx.xx.2023-cü il tarixədək mübahisələndirməli idi. Yuxarıda qeyd edilən müvafiq qərarın mübahisələndirilməsi üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətin buraxılması ilə bağlı məhkəmənin mövqeyinə münasibət bildirilməsi və müddətin buraxılmasının üzürlü səbəblərinə dair sübutların təqdim edilməsi üçün iddiaçıya 10 gün vaxt təyin edilmişdir. İddiaçı, məhkəmənin hüquqi yardım məktubunu xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə qəbul etmiş və ona verilmiş 10 gün müddət ərzində, yəni xx.xx.2023-cü il tarixədək məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməmişdir. Beləliklə, iddiaçı tərəfindən cavabdeh orqan dəqiqləşdirilməmiş və müddətin ötürülməsini üzürlü səbəblərinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Prosessual müddətin buraxıldığı təqdirdə onun bərpası imkanı Azərbaycan Respublikası İPM-nin aşağıdakı müddəalarında nəzərdə tutulmuşdur: - 24.1-ci maddəsinə əsasən, müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Qeyd olunan normalara əsasən, prosessual müddətlər buraxıldığı təqdirdə onların bərpa edilməsi imkanı nəzərdə tutulsa da, bunun üçün müddəti buraxmış şəxs müddətin onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. İddiaçı tərəfindən müddətin ötürülməsinin onun təqsiri olmadan baş verməsinə dair heç bir sübut təqdim olunmadığından, Məhkəmə İPM-nin 38.1-ci maddəsində müəyyən olunmuş mübahisələndirmə haqqında iddia növü üçün xarakterik olan 30 günlük iddia müddətinin iddiaçının təqsiri üzündən buraxılması və həmin müddətin bərpası üçün hər hansı üzürlü səbəbin olmaması qənaətinə gəlir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır; - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. - İPM-in 58.7-ci maddəsinin tələbinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Müddəaların tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28 dekabr 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 saylı qərarında məsələ aşağıdakı qaydada qiymət verilmişdir: - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır; - 2.2-ci bəndinə əsasən, işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratsa, sonuncu tərəfindən onun ləğvi (dəyişdirilməsi) ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl etməyərək qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etməmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Komissiyasına qarşı “30 noyabr 2003-cü il tarixdə doğulmuş, oğlunuz X1 Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatlarda orqanizmin funksiyalarının pozulmasının 85-90 faiz qeyd olunması, əlilliyin müəyyən edilməsi barədə məlumat qrafasında isə İ dərəcəli əlillik sözlərinin qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar