Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2112/2023 06.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “2014- 2015-ci tədris ilində Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “Nəqliyyat” fakultəsinin bakalavr pilləsini “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisası üzrə bitirməsinə dair bakalavr diplomunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2014-2015-ci tədris ilində Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “Nəqliyyat” fakultəsinin bakalavr pilləsini “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisası üzrə bitirməsinə dair bakalavr diplomunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 2014-2015-ci tədris ilində Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “Nəqliyyat” fakültəsinin bakalavr pilləsini “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisası üzrə qiyabi şöbəsinin tam kursunu bitirmişdir. Bu barədə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti rektorunun və Tədris Metodiki İdarəsi rəisinin imzası ilə xx.xx.2021-ci il tarixli arayış verilib. İddiaçı təhsilini başa vurduqdan sonra ona ali təhsil diplomu verilməmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-29/2-11-47834/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, X2 tərəfindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qəbul olunmuş tələbələrin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Eyni zamanda mövcud elektron məlumat sistemlərində (Ali və Orta ixtisas Təhsili alt sistemi, X1 Məlumat Sistemi) də iddiaçı ilə bağlı məlumata rast gəlinməmişdir. Bu səbəbdən müraciətdə qaldırılan məsələyə baxılması üçün Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qanuni qəbul olunması (müvafiq razılıq məktubu əsasında köçürülməyiniz) və bu təhsil müəssisəsini bitirməsi barədə təsdiqedici sənədlərlə birlikdə (olduğu halda) yenidən Nazirliyə müraciət etməsi iddiaçıdan xahiş olunmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sistemində yaradılmış şəxsi kabinet vasitəsilə iş materiallarına etiraz ərizəsi əlavə etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçı öz ərizəsində tələbi onunla əsaslandırmışdır ki, o, 2015-ci ildə “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisası üzrə qiyabi şöbəsini bitirmişdir. Lakin iddiaçıya Universitet tərəfindən diplom verilməmişdir, səbəb kimi də Elm və Təhsil Nazirliyində iddiaçının adına diplom blankının verilməməsidir. İddiaçının qeyd etdiyi məsələ ilə bağlı bildirilir ki, bu şəxslər xarici dövlətlərin ali təhsil müəssisələrindən qanunsuz olaraq, yəni Təhsil Nazirliyinin razılığı olmadan Təfəkkür Universitetinə köçürüldüyündən, həmin şəxslərin adına diplom blankı verilməmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Bildirilir ki, Təhsil Nazirinin xx.xx.1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnaməyə görə ali məktəb tələbələri müəyyən şərtlər daxilində bir ali məktəbdən digər ali məktəbə, bir ixtisasdan digər ixtisasa köçürülə bilər. Lakin sonradan ali məktəblərin imtahan sessiyasının nəticələri göstərmişdir ki, köçürülən tələbələrin təhsil göstəriciləri digərlərin göstəricilərindən xeyli aşağıdır. Ona görə də “Ali təhsil müəssisələri tələbələrin köçürülmələrinin dayandırılması barədə” xx.xx.2001-ci il tarixli 96 saylı əmr imzalanmışdır. Sonradan Təhsil Nazirliyinə çox saylı müraciətlərin nəticəsində (yaşayış yerinin dəyişdirilməsi, xəstəlik, ailənin maddi vəziyyəti və s.) köçürmələrə zərurət yarandığını nəzərə alaraq, yuxarıda qeyd edilən əmrdə dəyişiklik edilməsi barədə təhsil naziri xx.xx.2002-ci il tarixli 80 nömrəli əmr imzalamışdır. Həmin əmrin İİİ-cü bəndinə görə, qeyri-dövlət müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülməsi Təhsil Nazirliyinin müvafiq razılığı olduğundan sonra aparılması öz əksini tapmışdır. Bu əmrin V-ci bəndinə görə, dövlət və qeyri-dövlət təhsil müəssisələrinin rəhbərləri əmri işdə rəhbər tutmaları tapşırılmışdır. Təhsil nazirinin təhsil müəssisələrinə ünvanladığı xx.xx.2007-ci il tarixli xx-xx-4368/17 saylı məktubuna əsasən yalnız tələbənin sənədləri (qiymət kitabçasından çıxarış; tələbənin xarici pasportunun surəti; təhsil aldığı ölkədə müvəqqəti pasport qeydiyyatı haqqında sənəd) Təhsil Nazirliyində araşdırılıb Nazirliyin müvafiq razılığı olduğu halda tələbənin köçürülməsinə baxıla bilərdi. Yuxarıda qeyd olunan normativ sənədlərə əsasən, köçürülmə zamanı yalnız tələbənin sənədləri Təhsil Nazirliyində araşdırılıb Nazirliyin müvafiq razılığı olduğu halda köçürülməli idi. Lakin iddia ərizəsindən görünür ki, iddiaçının köçürülməsi ilə bağlı sənədləri Təhsil Nazirliyində araşdırılmamış və Nazirliyin müvafiq razılığı olmadığı halda təhsil müəssisəsi tərəfindən rəsmiləşdirilmişdir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçıya diplomun verilməsi üçün heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Bildirilir ki, Universitet köçürməni qanunsuz həyata keçirmiş və təhsilalanlarla müqavilə bağlayaraq onların təhsil müəssisəsində oxumalarını təmin etmişdir. Yəni Universitet təhsilalanlarla müqavilə münasibətində olmuşdur. Ali təhsil müəssisəsinin tələbələrlə bağladıqları müqavilə şərtlərinə uyğun olaraq, təhsilini başa vuran məzunlara diplom blankının verilməsi öhdəliyi Universitetin Nizamnaməsinə uyğun olaraq bilavasitə müəssisənin funksiyasına aiddir. Belə ki, Universiteti bitirən şəxslərə diplom blankının verilməsi təhsil müəssisəsinin vəzifəsidir. Ali təhsil müəssisəsinin məzunlarının dövlət nümunəli təhsil sənədinin verilməsini Elm və Təhsil Nazirliyindən tələb etməsinin hüquqi əsası yoxdur. Fəaliyyətdə olan təhsil müəssisəsinin məzunlarına diplom blankının verilməsi Nazirliyin funksiyasına aid deyildir. Diplom blankının verilməsi ilə bağlı tələb bilavasitə təhsil müəssisəsinə qarşı yönəlməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nda qeyd edilir ki, ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında (ali təhsil müəssisələrinin və AMEA-nın ehtiyacları nəzərə alınmaqla) çap edilir. Diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-ya (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Diplom blankları Azərbaycan Respublikasının Təhsil Nazirliyində, ali təhsil müəssisələrində və AMEA-da ciddi hesabat sənədləri kimi saxlanılır. Diplomun müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanması və uçotunun aparılması işinin təşkili üçün ali təhsil müəssisələrinin rəhbərləri və AMEA-nın prezidenti məsuliyyət daşıyırlar. Diplomda məzunların təhsil aldığı ixtisasların adları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ixtisasların təsnifatına uyğun yazılır. Diplomun verilməsinin qeydiyyatı ayrıca kitabda aparılır, illər üzrə davam etdirilir və həmin kitab daimi olaraq ali təhsil müəssisəsində və AMEA-da saxlanılır. Diplomun müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyatı, saxlanması və uçotunun aparılması işinin təşkili üçün ali təhsil müəssisəsinin rəhbərləri məsuliyyət daşıdığından diplom blanklarının verilməsi ilə bağlı müvafiq tələb məzunlar tərəfindən Təhsil Nazirliyinə qarşı irəli sürülə bilməz. Belə ki, qanunvericiliyə uyğun olaraq, diplom blankları Təhsil Nazirliyi tərəfindən yalnız təhsil müəssisələrinə verilir. Universitetin hüquqi şəxs kimi fəaliyyətdə olmasını nəzərə alaraq və qanunvericliyə əsasən bu kateqoriyadan olan iddia tələbləri diplom verən ali təhsil müəssisəsinə qarşı irəli sürülməlidir. Cavabdeh etiraz məktubunda yuxarıda qeyd olunanları əsas gətirməklə iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: K2N012/013 nömrəli tələbə biletindən görünür ki, iddiaçı 2012-2013-cü illərdə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin 3-cü kursunda təhsil almışdır. Tələbə biletində həmçinin İddiaçı qiyabi təhsil alması, eləcə də “köç” qeydi aparılmışdır ki, buradan da görünür ki, iddiaçı başqa təhsil müəssisəsindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin 3-cü kursuna köçürülmüşdür. Həmçinin iddiaçı tərəfindən təqdim olunmuş kassa mədaxil qəbzlərindən də iddiaçının 1-ci və 2-ci kursda Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində ali təhsil almadığı müəyyən edilir. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin 163 nömrəli xx.xx.2021-ci il tarixli arayışından görünür ki, iddiaçı 2014-2015-ci tədris ilində Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “Nəqliyyat” fakültəsinin bakalavr pilləsini “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisası üzrə qiyabi şöbəsinin V kursunu tam bitirmişdir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və ədalətli həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 22.3. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 27.1. Təhsi müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir... 44.1. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir. 44.1-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təhsil qrantı proqramı üçün ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçim meyarlarını və bunların əsasında qrant alacaq şəxslərin siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyənləşdirir. 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə əlaqədar göstərilən xidmətlərə və həmin xidmətlərlə əlaqədar siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən digər xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqı ödənilir. 44.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna olmaqla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ yoxdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmişdir “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”a əsasən: 1.1. Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların (bundan sonra - tələbələrin) köçürülməsi, tələbələr sırasından xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar (bundan sonra - Qaydalar) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin 3.9-cu bəndinə uyğun hazırlanmış və tələbələrin bir ali təhsil müəssisəsindən və ya təhsil proqramından (ixtisasdan) digərinə köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi məsələlərini tənzimləyir. 1.2. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) şamil edilir... 1.8. Tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası (əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası istisna olmaqla) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra - qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Elm və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş və iddiaçının köçürüldüyü zaman qüvvədə olmuş “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə əsasən: 1.1. Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublika ərazisində yerləşən bütün ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyir. 1.2. Ali təhsil müəssisəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrlərini, kollegiyasının qərarlarını və bu Nümunəvi Nizamnaməni rəhbər tutur. 3.9. Təhsilalanların bir təhsil proqramından və ya bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, xaric edilməsi, akademik məzuniyyət verilməsi və ali təhsil müəssisəsinə bərpa olunması məsələləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydalarla tənzimlənir. İşin faktiki hallarına yuxarıda göstərilən qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə aşağıdakıları qeyd edir. Cavabdehin ali və orta ixtisas təhsilli müəssisələrin rəhbərlərinə ünvanlandığı xx.xx.2007-ci il tarixli, xx-xx-4368/17 saylı məktubunda bildirilmişdir ki, tələbələrin köçürülməsi prosesində şəffaflığı təmin etmək məqsədi ilə xarici ölkələrdə təhsil alan tələbələrin respublikanın ali məktəblərinə köçürülməsi və bərpası zamanı nazirliyin xx.xx.2002-ci il tarixli 80 №-li əmrinə, xx.xx.2004-cü il tarixli 46-03-274.16 №-li və xx.xx.2007-ci il tarixli 46-03-43 17 №-li təlimatı məktublarına və qüvvədə olan əsasnamənin tələblərinə ciddi əməl olunmalıdır. Eyni zamanda nazirliyin xx.xx.2007-ci il tarixli 46-03-43/17 №-li təlimat məktubuna uyğun olaraq köçürülmə və bərpa ilə bağlı rəhbərlik etdikləri ali məktəbə daxil olan ərizələrə qiymət kitabçasından çıxarışla yanaşı tələbənin xarici pasportunun surəti və təhsil aldığı ölkədə müvəqqəti pasport qeydiyyatı haqqında sənəd də əlavə olunmalıdır. Köçürülmə və bərpa məsələsinə yalnız göstərilən sənədlər təqdim olunduğu halda baxıla bilər. Cavabdehin xx.xx.2001-ci il tarixli, 96 saylı “Ali təhsil müəssisələri tələbələrin köçürülmələrinin dayandırılması barədə” əmrin birinci bəndinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaq bütün ali təhsil müəssisələrində tələbələrin bir ixtisasdan və ya tədris müəssisəsindən digərinə köçürülmələr müvəqqəti dayandırılmışdır. xx.xx.2007-ci il tarixli, xx-xx-4368/17 saylı məktubda istinad olunan xx.xx.2002-ci il tarixli “əmrdə qismən dəyişiklik haqqında” əmrin İ bəndinə əsasən xx.xx.2001-ci il tarixli, 96 saylı əmrin 1-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: “1.Tələbələrin qeyri-dövlət təhsil müəssisələrindən dövlət təhsil müəssisələrinə köçürülmələri müvəqqəti olaraq dayandırılsın.” Əmrin İİ bəndinə görə köçürülmələr zamanı ötən illərdə olduğu kimi kütləviliyə və subyektivliyə yol verilməməsini təmin etmək məqsədilə bir dövlət təhsil müəssisəsindən digərinə və ya eyni tədris müəssisəsi daxilində bir ixtisasdan başqasına, o cümlədən xarici ölkələrin dövlət ali təhsil müəssisələrindən köçürülmələr bu təhsil müəssisələrinin tabe olduqları nazirlik və təşkilatların müvafiq razılığı əsasında həyata keçirilməsi; əmrin İİİ bəndinə əsasən qeyri-dövlət təhsil müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülmələri Təhsil Nazirliyinin müvafiq razılığı olduqdan sonra aparılması nəzərdə tutulmuşdur. Əmrin V bəndinə əsasən dövlət və qeyri-dövlət təhsil müəssisələrinin rəhbərlərinə əmri işdə rəhbər tutulması göstərilmişdir. Cavabdehin bütün əmr və təlimat məktublarında qeyri-dövlət təhsil müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülmələrinin Təhsil Nazirliyinin müvafiq razılığı alındıqdan sonra aparılması nəzərdə tutulmuş, əmrdə həmçinin qeyri-dövlət təhsil müəssisələrinin rəhbərlərinə sözügedən əmrin işlərində rəhbər tutulması tapşırılmışdır. İddiaçı faktiki olaraq heç bir hüquqi əsas və Təhsil Nazirliyinin razılığı olmadığı halda sözügedən təhsil müəssisəsinə köçürülmüşdür ki, bu isə öz növbəsində onu dövlət nümunəli diplomla təmin olunmaq imkanından məhrum etmişdir. Bəhs olunanlara əsasən iddiaçıya dövlət nümunəli diplomum verilməsindən imtina olunması barədə cavabdehin hərəkəti qanuna uyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “2014- 2015-ci tədris ilində Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “Nəqliyyat” fakultəsinin bakalavr pilləsini “Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi” ixtisası üzrə bitirməsinə dair bakalavr diplomunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-2112/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2112/2023
06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver